Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8844/2025 19.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Üçüncü şəxsin nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra struktur dəyişikliyi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə) (üçüncü şəxslər: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və X2) qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra struktur dəyişikliyi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə) qarşı “çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (zəruri cəlbetmə). Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (zəruri cəlbetmə). İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 600 kv.m olan 2/188 saylı bağ sahəsi “Bahar” bağçılıq yoldaşlıq təsərrfatının İdarə Heyətinin 16 aprel 1995-ci il tarixli 10 saylı Protokoluna əsasən iddiaçının adına rəsmiləşdirilmiş və bunun əsasında üzvlük kitabçası və digər sənədlər iddiaçıya təqdim edilmişdir. Eyni zamanda “SOCAR”ın Arxiv İdarəsi tərəfindən təqdim edilən 05 dekabr 2024-cü il tarixli arxiv arayışına əsasən iddiaçının adı üzvlərin siyahısında aşkar olunmuşdur. Daha sonra iddiaçı sözügedən bağ sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaq üçün ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina olunaraq bildirilmişdir ki, İdarənin arxivində mövcud olan bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Həmçinin, göstərilən torpaq sahəsi “Bahar” bağçılıq-yoldaşlığına ayrılmış ərazilərin hüdudlarından kənarda yerləşir və sahənin bir hissəsinə dair İdarəyə digər fiziki şəxsin müraciəti daxil olmuşdur.Bundan başqa, İdarənin arxiv məlumatlarına əsasən “2/188” nömrəli torpaq sahəsi eyni bağçılıq-yoldaşlıq təsərrüfatı nəzdində digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq özgəninkiləşdirilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Belə ki, sözügedən torpaq sahəsi uzun müddətdir ki, iddiaçının qanuni olaraq sahiblik və istifadəsindədir, bütün lazımı hasarlama və mərzçəkmə işləri aparılmışdır. Mülkiyyətdə olan torpaq sahəsinin iddiaçının iradəsindən hər hansı əlaqəsi olmayan hansısa sxematik xəritəyə uyğun gəlməməsi və ya ayrıc aktından kənarda yerləşməsi iddiaçının vəzifəsi deyil və qeyd olunan halın aradan qaldırılması cavabdeh orqanın vəzifəsidir. Əgər cavabdeh orqan imtinasında haqlıdırsa o zaman hər iki tərəfdən qonşuluqda olan və eyni bağçılığa aid bağ sahələrinə eyni məzmunlu sənədlər əsasında müxtəlif vaxtlarda reyestrdən çıxarışlar verə bilməzdi. Qeyd olunanlardan da göründüyü kimi cavabdehin imtinası tamamilə formal xarakterlidir, heç bir hüquqi və məntiqi əsası yoxdur. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, İdarənin arxivində mövcud olan bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Bundan başqa, faktiki göstərilən torpaq sahəsi “Bahar” bağçılıq-yoldaşlığına ayrılmış ərazilərin hüdudlarından kənarda yerləşir və sahənin bir hissəsinə dair İdarəyə digər fiziki şəxs – X1 müraciəti daxil olmuşdur. Həmçinin İdarənin arxiv məlumatlarına əsasən “2/188” nömrəli torpaq sahəsi eyni bağçılıq-yoldaşlıq təsərrüfatı nəzdində digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq özgəninkiləşdirilmişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının idarə heyətinin xx.xx.1995-ci il tarixli, 10 №-li protokoluna əsasəna xx.xx.1988-ci il tarixli, 9 saylı protokolla Ş.M.Əliyevə verilmiş 2/188 saylı bağ sahələri ərazisinə əsasn onun adı siyahıdan çıxarılmış, adına yazılmış üzvlük kitabçası hüquqi qüvvəsini itirmiş, 2/188 saylı bağ sahəsi X5 təhkim olunmuşdur. Üzvlük kitabçasından görünür ki, 2/188 saylı bağ sahəsi iddiaçıya təhkim olunmuşdur. SOCAR tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 600 kv.m torpaq sahəsinin X5 ayrılması barədə məlumat siyahının 204-cü sətrində göstərilmişdir. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və etirazda göstərilən məzmunda cavab verilərək müraciətinin təminindən imtina olunmuşdur. SOCAR tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, mövcud olan ilkin siyahıda 600 kv.m torpaq sahəsinin X6 ayrılması barədə məlumat mövcuddur. Cavabdeh tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən qonşuluqda **********82-11301 və **********54-11301 reyestr nömrəli daşınmaz əmlaklar qeydiyyata alınmışdır. Digər şəxsin ********* və ********** nömrəli müraciətlər daxil olmuşdur. Qeydiyyata alınmış 2/188 saylı bağ sahəsi ilə iddia olunan ərazi arasında 150 m məsafə var. Sorğuya əlavə olunmuş sənədlərdən görünür ki: -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, “Bahar” b/y-nın 2/126 nömrəli bağ sahəsi üzərində X1 xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır; (Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2242/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən) -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, “Bahar” b/y-nın 188X saylı bağ sahəsi üzərində X3 xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır; -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, “Bahar” b/y-nın 2/70 saylı bağ sahəsi üzərində X8 xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, torpaq sahəsi sənəd üzrə 0.06 ha olsa da, faktiki olaraq hasardaxili 0.0617 ha təşkil edir (17 kv.m artıqdır). Bağ sahəsinin naturada yerləşməsi bağçılıq-yoldaşlığın bölgü sxeminə uyğun gəlmir. Vahid elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi “Bahar” bağçılıq yoldaşlığına ayrılmış ərazilərin hüdudlarından kənarda yerləşir. Sahədən təqribi 40.0 m məsafədə ləğv olunmuş quyu məlumatı mövcuddur. İdarənin arxiv məlumatlarına əsasən bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Bundan əlavə “2/188” nömrəli torpaq sahəsi eyni bağçılıq-yoldaşlıq təsərrüfatı nəzdində digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq özgəninkiləşdirilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.10-2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun:
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Məhkəmə qeyd edir ki, iddiaçının torpaq sahəsi bağçılıq-yoldaşlıq tərəfindən verilmiş protokoldan çıxarış, üzvlük kitabçası əsasında ayrılmış, buna da texniki sənəddə də iddiaçıya ayrılan bağ sahəsinə dair ad və digər aidiyyəti rekvizitlər öz əksini tapmışdır. Baxmayaraq ki, cavabdeh iddiaçının adının İdarənin arxivində saxlanılan bağçılıq yoldaşlığı tərəfindən tərtib edilmiş üzvlərin siyahısında mövcud olmamasına istinad edir, məhkəmə müəyyən edir ki, cavabdehin istinad etdiyi həmin siyahı 1988-ci ilə aid olub, iddiaçının torpaq sahəsi əldə etməsindən xeyli əvvəl tərtib edilmişdir. Halbuki, iddia olunan torpaq sahəsi iddiaçıya H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq yoldaşlığı təsərrüfatının idarə heyətinin xx.xx.1995-ci il tarixli, 10 nömrəli protokoluna əsasən təhkim olunmuşdur. Bu baxımdan, daha əvvəlki tarixə aid edilmiş üzvlər siyahısında iddiaçının adının yer almaması hüquqi cəhətdən təbii və qaçılmazdır. Üzvlərin yenilənmiş siyahısının sonradan tərtib edilməməsi və ya müvafiq arxiv sənədlərinə daxil edilməməsi iddiaçının iradəsindən asılı olmayan, onun davranışı və ya hərəkətsizliyi ilə şərtlənməyən, habelə onun hüquqi məsuliyyət dairəsinə aid edilməyən bir hal kimi qiymətləndirilməlidir. Bu səbəbdən, qeyd olunan hal iddiaçının torpaq sahəsinə dair əldə etdiyi hüquqların etibarlılığını şübhə altına almaq üçün hüquqi əsas kimi qəbul edilə bilməz. Üzvlərin siyahısında olmama ilə bağlı, ümumiyyətlə onun da qeyd edilməsi zəruridir ki, hər bir halda həmin imtina əsasının mülkiyyət hüququna müdaxiləsi legitim xarakterindən uzaqdır. Ali Məhkəmənin 2-1(102)-726/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməməsi barədə imtina əsası qanunvericiliyin tələblərinə uyğun hesab edilməmişdir. Bundan başqa Ali Məhkəmənin 2-1(102)-2260/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Suraxanı rayonunun Hövsan qəsəbəsindəki bağlar sahəsindəki “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlığı idarə heyətinin yığıncağının xx.xx.1999-cu il tarixli protokoluna əsasən ümumi sahəsi 0,05 ha olan N-14 saylı bağ iddiaçıya ayrılmış sahəyə dair hüquqla bağlı hər hansı bir mübahisələndirilən hal aşkar olunmamış, iddiaçı torpaq sahəsinin onun qanuni istifadəsində olduğuna dair qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədləri cavabdeh inzibati orqana təqdim etmişdir. “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlığı idarə heyətinin yığıncağının xx.xx.1999-cu il tarixli protokolu yuxarıda qeyd edilən Qanunun 8.0.7-ci maddəsində göstərilən sənədlərə aid edildiyindən, cavabdeh inzibati orqanın formal mülahizələrə əsaslanan dəlillərə istinad etməklə qanunvericiliklə səlahiyyətlərinə və funksiyalarına aid edilmiş məsələnin həllindən imtina etməsi ilə bağlı hərəkəti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci və 15-ci maddələrinin tələblərinə cavab vermədiyindən əsassız hesab edilir. Qeyd olunan protokol hal-hazırda ləğv edilməmiş və tərəflər üçün hüquqi nəticələr yaratmaqla öz hüquqi qüvvəsini saxlayır.“ Ali Məhkəmənin 2-1(102)-2016/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında, həmçinin Ali Məhkəmə 2-1(102)-321/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020ci il tarixli qərarında da müəyyən qədər işin halları olsa da oxşar mövqedən çıxış etmişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, həmin sənədlər isə qərarda (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi) istinad olunan norma anlamında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslara aiddir. İş üzrə materiallardan hüquqmüəyyənedici sənəd olan həmin hüquqmüəyyənedici və texniki sənədin hər hansı qaydada mübahisələndirildiyi, ləğv edildiyi və geri çağırıldığı yaxud da etibarsız sayıldığı görünmür. Yəni həmin sənədlər öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənədlər yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə onların məzmununa bağlıdır və onlara uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Digər tərəfdən isə qeyd olunmalıdır ki, məhkəmə tərəfindən əlavə araşdırmanın aparılması məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) müvafiq sorğu göndərilmiş, həmin sorğuya cavab olaraq təqdim edilmiş məktub və ona əlavə olunmuş sənədlərlə H.Z.Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin nəzdində fəaliyyət göstərən “Bahar” bağçılıq-təsərrüfatının üzvlərinə dair siyahı məhkəməyə təqdim edilmişdir. Təqdim olunmuş sənədlərdən görünür ki, ilkin siyahıda 2/188 nömrəli bağ sahəsinin əvvəlki istifadəçisi kimi X4 adı qeyd edilmiş, sonradan yenilənmiş siyahıda isə həmin torpaq sahəsi üzrə iddiaçının adı göstərilmişdir. Beləliklə, yenilənmiş üzvlük siyahısının cavabdeh İdarənin arxivində saxlanılmaması faktı onun hüquqi əhəmiyyətini aradan qaldırmır, çünki qeyd olunan siyahı aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin arxivində mövcuddur və müvafiq qaydada saxlanılır. Həmin siyahıdan aydın şəkildə müəyyən edilir ki, iddiaçı H.Z.Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin nəzdində fəaliyyət göstərən “Bahar” bağçılıq-təsərrüfatının üzvü olmuş və torpaq sahəsi ona təhkim edilmişdir. Cavabdehin digər imtina dəlili torpaq sahəsinin bağçılıq-yoldaşlığa ayrılmış ayrıc aktından kənar yerləşməsi ilə əlaqədardır ki, məhkəmə hesab edir ki, mövcud inzibati praktikada tez-tez rastlanan həmin imtina əsası kompleks qiymətləndirmə tələb edir ki, məhkəmə hesab edir ki, iddiaçının xeyrinə olan işin digər faktiki halları nəzərə alınmadan belə, hər bir halda ayrıc aktından kənar olmaqla bağlı imtina dəlili mülkiyyət hüququnun realizəsinə maneə təşkil etmir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-301/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətindəki dəlillərlə bağlı vurğulayır ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxivində “Avtonəqliyyattexnika” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında A.Qədimlinin adına 27 deyil 22 saylı bağ sahəsinin ayrılmasının qeyd olunması, həmçinin həmin bağ sahəsinin elektron kadastr məlumatlarına əsasən digər bağçılıq-yoldaşlığının – “Avtomobil Nəqliyyat Nazirliyi” təsərrüfatının ayrıc aktının daxilində yerləşməsi iddiaçının təqsiri deyil və qeyd edilən hallar torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasına maneə ola bilməz. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-360/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı, 2-1(102)-778/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı, 2-1(102)-1508/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı, 2- 1(102)-1904/2020 saylı iş üzrə xx.xx.2020-cü il qərarında da ayrıc aktına münasibətdə oxşar mövqedən çıxış edilmişdir. Lakin, məhkəmə hesab edir ki, hazırkı iş üzrə ayrıc aktından kənarda olmaya münasibətdə işin digər faktiki halları nəzərə alınmaqla qiymətləndirmə zəruridir. Belə ki, cavabdeh iddia olunan torpaq sahəsinin ayrıc aktından kənar olduğuna iddia etsə də, aparılmış araşdırma nəticəsində iddia olunan torpaq sahəsinin qonşuluğunda yerləşən sahələr üzərində digər şəxslərin mülkiyyət hüquqlarının qeydiyyatı həyata keçirilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə, Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Qeyd olunmalıdır ki, 2-1(102)-1842/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarında da qeyd edildiyi kimi iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdurmu, yoxsa iddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal və ya hallar vardır? İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-560/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da qeyd edilmişdir ki, nəzərə almaq lazımdır ki, inzibati orqan, bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Analoji mövqe 2-1(102)-557/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarında və 2-1(102)-472/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarında da təkrarlanmışdır. Məhkəmə qeyd olunan tələbləri əsas götürməklə hesab edir ki, iddiaçıya münasibətdə bərabər rəftar müəyyən edilməməkdədir. Belə ki, işin faktiki halları ilə də müəyyən edilir ki, ayrıc aktından kənarda iddiaçının qonşuluğunda yerləşən torpaq sahələrinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması həyata keçirilmişdir ki, iddiaçıya münasibətdə fərqi rəftarın qanuniliyi müəyyən edilməməkdədir. Cavabdehin digər imtina əsası onunla bağlıdır ki, iddia olunan sahənin bir hissəsinə dair İdarəyə digər fiziki şəxs - X1 müraciəti daxil olmuşdur. Məhkəmə qeyd edir ki, göstərilən hal hazırkı iddianın təmin edilməsini istisna etmir. Belə ki, adıçəkilən şəxs H.Z.Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin nəzdində fəaliyyət göstərmiş “Bahar” bağçılıq-təsərrüfatının üzvü olmuş və ona 2/126 nömrəli bağ sahəsi təhkim edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2242/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə həmin bağ sahəsinə münasibətdə X1 mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması təmin edilmişdir. Eyni zamanda, qeyd olunan məhkəmə icraatı çərçivəsində 2/126 nömrəli bağ sahəsinin hər hansı digər bağ sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Bu halda Məhkəmə hesab edir ki, cavabdehin istinad etdiyi bu hal hazırki iddianın təminini istisna etmir. Eyni zamanda Məhkəmə qeyd edir ki, cavabdeh “2/188” nömrəli torpaq sahəsinin eyni bağçılıq-yoldaşlıq təsərrüfatı nəzdində digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını bildirsə də, iddia olunan hər iki torpaq sahəsinin üst-üstə düşməsi halı müəyyən olunmur, cavabdehin özü də üst-üstə düşmənin naturada olduğunu bildirmir. Bunun tam əksinə cavabdeh iddia olunan torpaq sahəsi ilə mülkiyyət hüquqlarının qeydiyyata alınmış torpaq sahəsi arasındaki məsafənin 150 metr olduğunu müvafiq sorğuya cavab məktubu ilə təsdiq etmişdir. Rekvizit baxımından eyni nömrəli bağ sahəsinin digər şəxsin adına dövlət qeydiyyatına alınması isə, faktiki yerləşmə yeri fərqli olan, lakin nömrələnmə baxımından eyni “2/188” nömrəli torpaq sahəsinin iddiaçıya ayrılmasını istisna etmir və bu hal iddiaçının hüquqlarını təkzib edən sübut kimi qiymətləndirilə bilməz. Bu səbəbdən də Məhkəmə hesab edir ki, imtina həmin hissədə də əsassızdır. Məhkəmə, torpaq sahəsinin təqribi 40.0 m məsafədə ləğv olunmuş quyuya münasibətdə bildirir ki, bu hal vətəndaşın mülkiyyət hüquqlarının reallaşdırılmasına maneə yarada bilməz. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci bəndinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Həmin maddənin 3-cü bəndinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunun əlavəsindən görünür ki, neftqazçıxarma sənayesi (magistral neft-qaz boru kəmərlərini daxil etməklə) və geoloji kəşfiyyat işləri təhlükə potensiallı istehsal obyektlərinin sırasına aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın 3.3-cü bəndinə görə əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Neftqazçıxarma sənayesi obyektlərindən yaşayış binalarına, fərdi yaşayış evlərinə, yataqxanalara, ictimai və inzibati binalara, müvəqqəti salınmış qəsəbələrə qədər minimum məsafə 75 m olmalıdır. Normaların məzmunundan göründüyü kimi, təhlükə potensiallı istehsal obyektlər sırasına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət edilməklə istifadə oluna bilər. Ali Məhkəmənin 2-1(102)-1221/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024 tarixli qərarında qeyd edilir ki, Dövlət Neft Şirkətinin istinad etdiyi Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi haqqında Saziş iddiaçıya torpaq sahəsi ayrılmasından uzun müddət sonra bağlanmaqla iddiaçının torpaq sahəsindən istifadə hüququnu məhdudlaşdıra bilməz. Eləcə də, Ali Məhkəmənin 2-1(102)-1837/2025 saylı 21 iyun 2025-ci il tarixli qərardadında, 2-1(102)-1097/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadında, 2-1(102)- 1042/2025 saylı iş üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardadında, 2-1(102)- 1478/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadında oxşar mövqedən çıxış edilmişdir. Adıçəkilən son qərardaddda da iş üzrə qeyd edildiyi kimi iddia olunan torpaq sahəsinin Saziş hüdudları daxilində və ləğv edilmiş neft quyusunun mühafizə zonası daxilində yerləşir. Lakin torpaq sahəsinin ləğv olunmuş neft-qaz quyusunun mühafizə zonasında yerləşməsi istənilən halda vətəndaşın mülkiyyət hüquqlarının reallaşdırılmasına maneə yarada bilməz. Göründüyü kimi, neft quyusunun mövcud olduğu ərazilərdə mülkiyyət hüququnun tanınmalı olması barədə mövqe göstərilir ki, hazırkı iş üzrə işin faktiki halları baxımından hər hansı fərqli yanaşmanın tətbiqinə zərurət yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Belə ki, mötəbərliyi şübhə doğurmayan protokoldan çıxarış, üzvlük kitabçasının qüvvədə olması, torpaq sahəsinin faktiki istifadəsi, bərabərlik hüququnun tətbiqi zərurəti nəzərə alınmaqla mülkiyyət hüquqlarının mövcudluğu iş materialları ilə öz təsdiqini tapmaqdadır. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci , 69-cu , 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 600 kv.m olan 2/188 saylı bağ sahəsi üzərində İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair reyestrdən çıxarışın (elektron) və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov