Məhkəmə qərarları › İş №e-2-1(112)-8879/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8879/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8879/2025 01.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasından tutulmaların dayandırılması və tutulan pul məbləğinin ona ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətləri qanunsuz hesab edilərək, əmək pensiyasına artıq ödənişlərin verilməsinə görə pensiyasından pulun tutulmasının dayandırılması və tutulan pulun məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1974-cü ildən əmək fəaliyyətinə başlamışdır. Bu müddət ərzində müxtəlif yerlərdə çalışmışdır. 22 oktyabr 2008-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətindən təqaüdə buraxılmışdır. Təqaüdə çıxandan sonra əmək fəaliyyətini davam etdirmişdir. 01 noyabr 2024-cü il tarixdə pensiya yaşı çatdığı üçün işdən azad olunmuşdur. Bundan sonra əmək pensiyasını yenidən hesablamaq üçün «DOST» Xidmətinə müraciət etmiş və ona 1.683,73 manat əmək pensiyası müəyyən edilmişdir. Lakin 2024-cü ilin dekabr ayı, 2025-ci ilin yanvar ayı üçün ona hər ay 1.515,41 manat pensiya verilmiş, yəni hər ay 168,32 manat əmək pensiyasından tutulmuşdur. Bununla əlaqədar olaraq o, «DOST» xidmətinə müraciət etmiş, orada ona bildirdilər ki, 2017-ci ildə ona artıq ödənişlər olmuş, bu səbəbdən pensiyasından həmin məbləğ tutulur və tutulmalar davam edəcək. Bununla əlaqədar olaraq pensiyasından hər ay tutulan pulun dayandırılmasını və tutulmuş pul məbləğinin qaytarılmasına dair ərizə ilə cavabdehə müraciət etmişdir. 12 mart 2025-ci il tarixli məktubu ilə ona bildirilmişdir ki, müraciəti aidiyyəti üzrə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Həmin məktub poçt vasitəsi ilə 19 mart 2025ci il tarixcdə təqdim edilmişdir. Lakin bu günə kimi müraciəti ilə bağlı ona heç bir cavab verilməmişdir. Əmək pensiyasına artıq ödənişlər cavabdehin təqsirindən olmuş və həmin məbləğin əmək pensiyasından tutulmasına tərəfindən razılıq verilməmişdir. Hesab edir ki, cavabdeh tərəfidən pensiyasından pulun tutulmasına dair hərəkətləri qanunsuzdur, pensiyasından pulun tutulması dayandırılmalıdır və tutulan pulməbləği cavabdeh tərəfindən ona qaytarılmalıdır. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz verərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2025-ci il tarixli 3-17-1/2-Ə-70320/2025 saylı məktubu ünvanlanmışdır. Belə ki, sonuncu xidmət keçdiyi orqan tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.14.1-cı maddəsinin 1 yanvar 2024-cü ıl tarixədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, İddiaçı 23 oktyabr 2008-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Eyni zamanda, xidmət etdiyi orqan tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda iddiaçının 17 mart 2023-cü ıl tarixdən yenidən həqiqi hərbi xidmətə qəbul olunduğu qeyd edilib. Müvafiq araşdırma ilə əlaqədar onun əmək pensiyası 1 avqust 2023- cü il tarixdən dayandırılıb. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı, İddiaçı əmək pensiyasının sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşına və təminat xərcliyinin artım hissəsinə tətbiq edilən faiz dərəcəsinə uyğun olaraq düzgün hesablanmadığı aşkar edilmişdir. Bununla əlaqədar, tərəflərindən verilmiş sorğuya cavab olaraq, iddiaçının sonuncu xidmət keçdiyi orqan tərəfindən təqdim edilmiş məlumat vərəqinə əsasən, əmək pensiyası sonuncu xidmət keçdiyi vəzifə üzrə təminat xərcliyinə (vəzifə maaşı 359,00 manat, rütbə maaşı 117,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşlarının 25 faizi miqdarında əlavə 119,00 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavə 89,75 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi 748,75 manat) və xidmət illərinə uyğun qaydada yenidən hesablanaraq 456,96 manat məbləğində müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 1 yanvar 2023cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin Qanunun 29.1-ci maddəsinə əsasən ümumi pensiya məbləğinin həmin tarixdən və növbəti dəfə 1 yanvar 2024-cü il tarixdən indeksləşdirilməsi nəticəsində İddiaçı əmək pensiyası 641,12 manat məbləğində müəyyən edilmişdir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar, son üç il müddət üçün iddiaçıya 16173,80 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin vəsait 2024-cü ilin dekabr ayından etibarən iddiaçının əmək pensiyasından hissə-hissə tutularaq büdcəyə bərpa edilir. İddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi 2 noyabr 2024-cü il tarixədək işlədiyi müddət ərzində topladığı pensiya sığorta kapitalına əsasən iddiaçının pensiyası həmin tarixdən yenidən hesablanaraq 1683.79 manat məbləğində müəyyən edilib. Əmək pensiyalarının cari il üzrə indeksləşdirilməsi ilə əlaqədar pensiyası 1820,19 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin mübahisələndirilməyən hallarına görə, iddiaçıya 23 oktyabr 2008-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçının pensiyasında tutulmalar aparılır. Cavabdeh bununla bağlı mövqeyini onunla əsaslandırmışdır ki, aparılmış araşdırma zamanı, iddiaçının əmək pensiyasının sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşına və təminat xərcliyinin artım hissəsinə tətbiq edilən faiz dərəcəsinə uyğun olaraq düzgün hesablanmadığı aşkar edilmişdir. Bununla əlaqədar, tərəflərindən verilmiş sorğuya cavab olaraq, iddiaçının sonuncu xidmət keçdiyi orqan tərəfindən təqdim edilmiş məlumat vərəqinə əsasən, əmək pensiyası sonuncu xidmət keçdiyi vəzifə üzrə təminat xərcliyinə (vəzifə maaşı 359,00 manat, rütbə maaşı 117,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşlarının 25 faizi miqdarında əlavə 119,00 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavə 89,75 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi 748,75 manat) və xidmət illərinə uyğun qaydada yenidən hesablanaraq 456,96 manat məbləğində müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin Qanunun 29.1-ci maddəsinə əsasən ümumi pensiya məbləğinin həmin tarixdən və növbəti dəfə 1 yanvar 2024-cü il tarixdən indeksləşdirilməsi nəticəsində İddiaçı əmək pensiyası 641,12 manat məbləğində müəyyən edilmişdir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar, son üç il müddət üçün iddiaçıya 16173,80 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin vəsait 2024-cü ilin dekabr ayından etibarən iddiaçının əmək pensiyasından hissə-hissə tutularaq büdcəyə bərpa edilir. İddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi 2 noyabr 2024-cü il tarixədək işlədiyi müddət ərzində topladığı pensiya sığorta kapitalına əsasən iddiaçının pensiyası həmin tarixdən yenidən hesablanaraq 1683.79 manat məbləğində müəyyən edilib. İddiaçı cavabdehin yenidən hesablama barədə qərarını qəbul edir və mübahisələndirmir. İddiaçının hazırkı iddianı irəli sürməkdə hüquqi marağı, əmək pensiyasına artıq ödənişlərin verilməsinə görə pensiyasından pulun tutulmasının dayandırılması və tutulan pulun məbləğinin ona ödənilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən: 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Hazırkı işdə iddiaçının ona artıq ödənilmiş pensiyanın tutulması barədə razılığının olmaması işin mübahisələndirilməyən halıdır. Belə olan halda cavabdeh orqan artıq ödənildiyi hesab etdiyi məbləği öz təşəbbüsü ilə deyil, yalnız məhkəmədə müvafiq iddia qaldırmaqla nail ola bilərdi. Lakin cavabdeh tərəfindən həmin tələbə riayət edilməmiş, razılıq olmamasına baxmayaraq məhkəmə qaydasında həll edilməli məsələ cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmiş, faktiki olaraq əvəzləşdirmə kimi pul məbləği tutulmuşdur. Qeyd edilməlidir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona mütəmadi ödənilən pul vəsaitinin azaldılacağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Baxılan işdə etimad hüququnu istisna edən Qanunu 67-ci maddəsində sadalanan hər hansı hallar müəyyən edilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının əmək pensiyasını yenidən hesablaması qanunsuz olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-51/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadında məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətini mümkünsüz hesab edərək qeyd etmişdir ki, “...Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-333/2023 saylı, 2-1(102)-2607/2023, 2-1(102)-715/2023 saylı, 2-1(102)-331/2024 saylı, 2-1(102)- 2734/2023 saylı və 2-1(102)- 885/2023 saylı il tarixli qərarları və 2-1(102)-2090/2024 saylı qərardadındakı formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. İnzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. 13. Nəzərə almaq lazımdır ki, eyni zamanda təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilibödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması əsaslarını müəyyən edir. Belə ki, artıq ödənilən əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur”. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı əmək pensiyasına artıq ödənişlərin verilməsinə görə pensiyasından pulun tutulmasının dayandırılması və tutulan pulun məbləğinin ona geri ödənilməsi öhdəliyi Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar