Məhkəmə qərarları › İş №e-2-1(112)-8883/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-8883/2024

06.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-8883/2024 06.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “qərarın ləğv edilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Təhsildə Keyfiyyət Təminatı agentliyin xx.xx.2023 tarixli NA00013500 Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə qərarının ləğv edilməsini və diplomumun müvafiq qanunvericiliyə uyğun olaraq tanınmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2014-cü il tarixli 1710 nömrəli əmrə əsasən Xarkov Aviasiya Universitetinin Maliyyə və Kredit fakultəsinə qəbul olmuşdur. İddiaçı 2015-2017-ci illlərdə, universitet rəhbərliyinin xx.xx.2015 tarixli 1713 nömrəli əmri əsasında təhsilini qiyabi formada davam etdirmişdir. Həmin müddət iddiaçının təhsilinin 2 və 3- cü kurslarını əhatə etmişdir. Universitet rəhbərliyinin 15 sentyabr 2017-ci tarixli 1742 nömrəli əmri ilə iddiaçı təhsilini əyani formada davam etdirmişdir. Xarkov Aviasiya Universitetinin xx.xx.2018-ci il tarixli 857 nömrəli əmri ilə iddiaçının “Maliyyə və kredit” ixtisasında “Bakalavr” ali təhsil dərəcəsinin olması təsdiqlənmişdir. İddiaçıya ali təhsilini təsdiq edən 169023 nömrəli diplom və 19106125 nömrəli diploma əlavə təqdim edilmişdir. İddiaçı Təhsil Nazirliyi Təhsildə Keyfiyyət təminatı Agentliyinə (bundan sonra cavabdeh) xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının Azərbaycan Respublikası daxilində tanınması üçün müraciət edərək, xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2023 tarixli NA00013500 nömrəli qərarı əsasən, iddiaçının xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınması müraciətindən imtina edilmişdir. Qərarın əsası kimi ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. İddiaçı 30 iyun 2023-cü ildə Təhsil Nazirliyi Təhsildə Keyfiyyət təminatı Agentliyininn Apellyasiya Komissiyasına şikayət verərək, xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmaması barədə xx.xx.2023 tarixli NA00013500 nömrəli qərarın ləğv olunmasını xahiş etmişdir. Şikayətə əsası kimi, Xarkov Aviasiya Universitetinin xx.xx.2023-cü il tarixli arxiv arayışı qeyd edilmişdir.Həmin arayışa əsasən iddiaçı 2015-2017-ci illlərdə, universitet rəhbərliyinin xx.xx.2015 tarixli 1713 nömrəli əmri əsasında təhsilini qiyabi formada davam etdirmişdir. Kvalivifikasiya müddətinin yarısından az olması iddiaçının qiyabi formada təhsil almasından asılıdır. Qeyd olunanlara əsasən, “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qərarının 3.10.1 və 4.1.4-cü bəndləri sırf əyani təhsillə bağlı müddəalara aid olduğundan iddiaçıya şamil edilməməlidir. Bununla birlikdə,iddiaçının iddiaçının təhsil aldığı müddət ərzində Ukrayna Respublikası ərazisinə giriş-çıxışlarını xarici pasportunda qeyd edilmiş ştamplar da təsdiq edir. Şikayətin verilməsindən ümumilkdə 6 aydan çox müddət keçmiş olmasına baxmayaraq Təhsil Nazirliyi Təhsildə Keyfiyyət təminatı Agentliyininn Apellyasiya Komissiyasından hər hansı bir cavab gəlməmişdir.

3. Təhsildə Keyfiyyət Təminatı agentliyin xx.xx.2023 tarixli NA00013500 Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə qərarı ilə ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir.

4. Ukraynanın Təhsil və Elm Mazirliyi M.Y.Jukovski adına milli aerokosmik universiteti “X1”nun xx.xx.2023-cü il tarixli 100-AD/925.23 nömrəli arxiv arayışından görünür ki, M.Y. Jukovski adına Milli Aerokosmik Universiteti “X1”nun rektorluğu bildirir ki, xx.xx.1997-ci il təvəllüdlü İddiaçı həqiqətən də 2014-cü ildə “Maliyyə və kredit” hazırlıq istiqaməti üzrə İqtisadiyyat və Menecment fakültəsinin əyani şöbəsinin 1-ci kursuna daxil olmuşdur (xx.xx.2014- cü il tarixli №1710-yn Əmr); 2015-ci ildə öz istəyinə əsasən İqtisadiyyat və Menecment fakültəsinin əyani şöbəsinin 2-ci kursundan çıxmışdır (xx.xx.2015-ci il tarixli №1686-yn Əmr); 2015-ci ildə “Maliyyə və kredit” hazırlıq istiqaməti üzrə İqtisadiyyat və Menecment fakültəsinin qiyabi şöbəsinin 2-ci kursuna bərpa olunmuşdur (xx.xx.2015-ci il tarixli, №1713-yn Əmr); 2016-cı ildə İqtisadiyyat və Menecment fakültəsinin qiyabi təhsil formasının 2- ci kursundan 3-cü kursuna keçmişdir (xx.xx.2016-cı il tarixli, №1219-yn Əmr); 2017-ci ildə İqtisadiyyat və Menecment fakültəsinin qiyabi təhsil formasının 3- cü kursundan 4-cü kursuna keçmişdir (xx.xx.2017-ci il tarixli, №1333-yn Əmr); 2017-ci ildə İqtisadiyyat və Menecment fakültəsinin qiyabi təhsil formasının 4- cü kursundan əyani təhsil formasına keçmişdir (xx.xx.2017-ci il tarixli №1742- yn Əmr); xx.xx.2018-ci ildə təhsilin başa çatması ilə əlaqədar olaraq universitetdən çıxmışdır, “Maliyyə və kredit” ixtisası üzrə “Bakalavr” ali təhsil tərəcəsi almışdır (xx.xx.2018-ci il tarixli, N2857- yn Əmr). xx.xx.2018-ci il tarixli B18№ 169023 bakalavr diplomu və №19106125 diploma əlavə almışdır.

5. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə Nazim oğlu ərizə ilə (elektron məhkəmə sistemi vasitəsilə) məhkəməyə müraciət edərək, işin geri götürülməsi zərurətinin yarandığını bildirərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.

II. İddianın geri götürülmüş sayılması

6. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.

7. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

8. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).

9. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

10. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.

11. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.

M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından

12. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

13. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

14. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

15. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır... ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir... ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

16. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) və ya iddianın baxılmamış saxlanmasına dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.

17. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın əsaslılığını yoxlamaq zərurəti mövcud deyildir.

18. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.

19. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia geri çağırılmış hesab edilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar