Məhkəmə qərarları › İş №e-2-1(112)-8895/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8895/2024

12.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8895/2024 12.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödəmənin qaytarılmasına dair rəy verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil. Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" 2018” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödəmənin qaytarılmasına dair rəy verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə xx.xx.2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: "xxxx" 2018” Məhdud Məsuliyyətli Cəmiyyəti ********** VÖEN-lə qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. xx.xx.2024-cü il tarixinə "xxxx" 2018” Məhdud Məsuliyyətli Cəmiyyəti 166.528,51 manat əlavə dəyər vergisi qismində artıq ödəmə etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə 166.528,51 manat artıq ödənilmiş vergilərin qaytarılması ilə bağlı ərizə ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh həmin məktuba cavab olaraq iddiaçıya ünvanladığı məktubda göstərmişdir ki, "... Sizin artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə daxil olmuş müraciətinizə (AVİS qeydiyyatı:xx.xx.2024 tarixli, **********00300 nömrəli) Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər İdarəsinin Proqnoz göstəricilərinin icrasına nəzarət idarəsinin Vergi və sosial sığorta ödənişlərinin təhlili şöbəsi tərəfindən baxılır. Müraciətinizlə əlaqədar əlavə araşdırmaların aparılmasına zərurət yarandığı üçün araşdırma müddəti “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddəsinin tələblərinə əsasən uzadılmışdır. Müraciətinizə baxılmasının nəticəsi barədə Sizə qanunvericiliklə müəyyən olunmuş nüddətdə cavab veriləcəkdir”. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC tərəfindən artıq ödənilmiş 166528,51 manat vergi məbləğinin qaytarılması barədə rəy tərtib edərək AR Maliyyə Nazirliyinə göndərilməsi və artıq ödənimiş həmin məbləğ qaytarılanadək gecikdirilmiş hər bir gün üçün 0,1% məbləğində vəsaitin iddiaçıya ödənilməsi xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, MMC tərəfindən artıq ödəmə olmuşdur. MMC-nin hesabında olan artıq ödənilmiş vəsaitin yaranmasına səbəb müəssisənin xx.xx.2018-ci il tarixindən xx.xx.2019cu il tarixləri arasında elektron qaimə əsasında müxtəlif malların alınmasına görə həmin mallara görə müəssisələrə malın dəyərinin ödənilməsi zamanı ödənilən Əlavə dəyər vergisinin və həmin ödənilən məbləğin əvəzləşdirilərək müəssisənin şəxsi hesab vərəqəsində artıq ödəmənin yaranmasına səbəb olmuşdur. Müəssisə qeyd olunan dövr ərzində aldığı malları müqavilə əsasında xx.xx.2018-ci il tarixindən - xx.xx.2019 cu il tarixləri arasında AZMANN GmBH şirkətinə ixrac etmişdir. AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1053/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə hazırki cavabdehin əassasız vergi sanksiyasına dair qərarının ləğv edilmiş, cavabdeh artıq ödəmə yaranmasını təsbit etmişdir. Hazırda artıq ödəmə 166528,51 manat təşkil edir. MMC-yə aid şəxsi vərəqədə də bu öz əksini tapmışdır. Tərəflərindən təsbit edilmiş artıq ödənişin qaytarılmasına dair cavabdehə müraciət etsələr də, cavabdeh heç bir əsas olmadan müraciətlərinə müsbət cavab verməyərək əsassız olaraq araşdırma aparıldığını bildirmişdir. Halbuki hər hansı bir araşdırma yoxdur, bundan əlavə yuxarıda qeyd edilən məhkəmə baxışları zamanı artıq ödəmələrin yaranma səbəbləri uzun müddətli araşdırma mövzusu olmuşdur. Bir sözlə, yuxarıda qeyd edilənlər və digər xüsusatları nəzərə alaraq dəfələrlə müraciət etməklərinə baxmayaraq cavabdeh buna dair hər hansı bir tədbir görməmiş və artıq ödənilmiş vəsaitin qaytarılmasını təmin etməmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair vəsatətlə məhkəməyə müraciət edərək iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı vergi orqanına artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə xx.xx.2024-cü il tarixində **********003000 nömrəli ərizə ilə müraciət etmiş, həmin müraciətlə bağlı xx.xx.2024-cü il tarixli **********096000 nömrəli məktubla qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmanın aparılması barədə məlumat verilmişdir. İddiaçıya artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair rəyin verilməsindən imtina barədə cavab verilməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı əlavə olaraq bildirir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçıya xx.xx.2024-cü il tarixdə cavab verərək müracitənin araşdırıldığını bildirmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, sonra isə xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında cavabdehin nümayəndəsi araşdırmanın davam etdiyini bildirmişdir. Göründüyü kimi, iddiaçının müraciətindən 7 aya yaxın müddət keçməsinə baxmayaraq cavabdeh araşdırma aparılması adı ilə formal mülahizəyə istinad edərək iddiaçının müraciətini təmin etməkdən yayınır. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılması nəzərdə tutulmuşdur. Məhkəmə bu halı cavabdehin artıq ödəmənin qaytarılmasından imtina hərəkəti kimi qəbul edir və məhz bu əsasla iddianın mümkün sayılmaması barədə cavabdehin vəsatətini əsassız hesab edir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən halıdır ki, vergi ödyicisi "xxxx" 2018” Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsi hesab vərəqində 166.528,51 manat artıq ödənilmiş vəsait olmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə artıq ödənilmiş vəsaitin geri qaytarılması barədə cavabdehə müraciət etmiş, cavabdeh isə müraciətlə əlaqədar əlavə araşdırmaların aparılmasına zərurət yarandığı üçün araşdırma müddətinin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddəsinin tələblərinə əsasən uzadıldığını bildirsə də, həmin maddədə nəzərdə tutulmuş müddətdə (30 iş günü) iddiaçının müraciətinə heç bir münasiubət bildirməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -15.1-ci maddəsinə görə vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: 15.1.4. artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək. - 24.0-cı maddəsinə görə vergi orqanları: 24.0.10. vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludur. - 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. - 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. - 4.1-ci bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.3-1. Rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlərin vergi ödəyicisinin borcu olmadığı halda 20 gün ərzində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. -4.2-ci bəndinə əsasən vergi orqanları artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.2.4. büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. 4.9. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. 4.10. Vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə tərtib olunmuş rəyin (4 nömrəli əlavə) 2 (iki) nüsxəsi, yazılı ərizənin surəti və ya bu Qaydaların 4.1.3-cü yarımbəndinə uyğun olaraq tərtib edilmiş elektron ərizənin, habelə şəxsi vərəqədən çıxarışın “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun surətləri vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş halda 12 gün, 4.8-ci bəndin ikinci cümləsində nəzərdə tutulmuş halda isə 3 (üç) ay müddətində vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların Bakı şəhərindəki qurumları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların yerli qurumları tərəfindən artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına müvafiq olaraq kağız daşıyıcıda və ya elektron formada (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) və 1 (bir) nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 (bir) nüsxəsi isə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. -6.1-ci bəndinə görə vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. -6.2-ci bəndinə görə vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndinin və 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya faiz ödənilmir. Göstərilən normaların məzmunundan aydın olur ki, artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququ, həmin məbləğlərin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək isə vergi orqanlarının vəzifələridir. Hazırki işin faktiki hallarından göründüyü kimi iddiaçı tərəfindən vergilər üzrə artıq ödənilmiş pul vəsaitinin və həmin məbləğ geri qaytarılacağı günədək gecikdirilən hər gün üçün vergi ödəyicisinə 0.1 faiz məbləğinin ödənilməsini tələb edir. Məhkəmə bildirir ki, hal-hazırda qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə görə artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə rəy tərtib etmək vergi orqanının səlahiyyətləri çərçivəsindədir. Hazırda iddiaçının tələbi məhz 166.528,51 manat pul vəsaitinin geri qaytarılması və artıq ödənimiş həmin məbləğ qaytarılanadək gecikdirilmiş hər bir gün üçün 0,1% məbləğində vəsaitin ödənilməsidir . Beləliklə, hazırkı halda vergi ödəyicisi tərəfindən artıq vergi məbləğinin ödənilməsi sübut olunduğundan iddia tələbi 166.528,51 manat pul vəsaitinin geri qaytarılması hissəsində əsaslıdır. Cavabdeh isə həmin ödəməni qaytarmaqdan imtina edərək öz vəzifələrinin icrasından yayınmış, bununla da iddiaçının hüquqlarını pozmuşdur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-236/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququ, həmin məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək isə vergi orqanlarının vəzifələridir. Hazırkı halda iddiaçı tərəfindən artıq vergi məbləğinin ödənilməsi sübut olunduğundan iddia tələbi əsaslıdır. Cavabdeh isə həmin ödəməni qaytarmaqdan imtina edərək öz vəzifələrinin icrasında yayınmış, bununla da iddiaçının hüquqlarını pozmuşdur.” Kassasiya instansiya məhkəməsinin eyni mövqeyi həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-38/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında da əks olunmuşdur. Belə ki, həmin qərarda qeyd olunmuşdur ki, “Hazırkı mübahisəyə münasibətdə qeyd olunmalıdır ki, artıq ödənilmiş vergi borcunun qaytarılması barədə rəy verilməsi ilə bağlı iddiaçının dəfələrlə edilən müraciətlərinə cavabdeh tərəfindən ərizənin düzgün tərtib olunmaması, vergi orqanının adının və ödəmə tarixinin düzgün göstərilməməsi şəklində verilən cavablar inzibati orqan tərəfindən həmin müraciətlər üzrə lazımi icraatın və obyektiv araşdırmanın aparılmadığını, “İnzibati icraat haqqında” Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş inzibati orqanın yardım etmək vəzifəsinin müvafiq qaydada yerinə yetirilmədiyini göstərir.” Beləliklə də, məhkəmə araşdırması ilə sabit olur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair öhdəliyin icrası haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin büdcəyə artıq ödəmələrin yazılı ərizəsinə əsasən vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə rəyin tərtib edilməsindən imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-in 14.2-ci maddəsi), cavabdehə Vergi Məcəlləsinin və “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın müvafiq müddəaları ilə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası mahiyyətcə qanunazidd olmuş və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur, imtina mövcud inzibati praktikaya uyğun olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə də mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri) Lakin məhkəmə hesab edir ki, iddia tələbi 0,1% pulun ödənilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, tələbin həmin hissəsi üzrə iddiaçı artıq ödəmənin geri qaytarılması barədə ərizə təqdim edilən tarixdən artıq ödəmənin geri qaytarılması tarixinədək gecikdirilən hər gün üçün müvafiq məbləğin 0,1 % məbləğinin ödənilməsini xahiş edir. Göründüyü kimi, tələbin həmin hissəsi qeyri-müəyyəndir. Çünki artıq ödəmənin hansı tarixdə geri qaytarılacağı qeyri-müəyyən olduğundan, hansı tarixdə, hansı məbləğdə gecikdirilən faiz məbləğinin tutulmasının (hesablanmasının) hazırda qeyri-müəyyən olması gələcəkədə qərarın icrasının çətinləşdirən və ya qeyrimümkün edən haldır. Məhkəmə qeyd edir ki, Məcəllənin normasına əsasən gecikdirilən hər gün üçün vergi ödəyicisinə 0.1 faiz məbləğin ödənilməsini tələb etmək hüququ, vergi orqanı tərəfindən iddiaçının müraciətinə vaxtında reaksiya verməsi və artıq ödəmənin qaytarılmasın vaxtında qaytarılmamasına görə, vergi ödəyicisnin uğradığı itkilərin kompensasiyası, eyni zamanda cavabdehin qanunsuz hərəkətinə qanunveriliyin tətbiqi etdiyi cərimə məbləğidir. Lakin artıq ödəmənin gec qaytarılması nəticəsində, əsas məbləğin gecikməsinə görə faiz məbləği əsas məbləğə bərabər və ya ondan artıq olmamalı, həmçinin iddiaçının əsassız olaraq artıq məbləğ hesabına zənginləşməsinə, eyni zamanda dövlət büdcəsinin əlavə itkilərə məruz qalmasına səbəb olmamalıdır. Nəzərə alınmalıdır ki, dövlət büdcəsinin formalaşamasının əsas mənbəyi vergi tutulmaları hesabına yaranır. Odur ki, məhkəmə 0.1 faiz məbləğinin tutulması hissəsində iddianın qismən təmin edilməsi və həmin məbləğin məhkəmə qərarı çıxarılan dövrə qədər tutulması qənaətinə gəlir. Məhkəmə qərarından sonra qeyri müəyyyən zamanda qaytarılacaq məbləğlə bağlı qeyri müəyyən məbləğdə tələbin təmin edilməsini əsaslı hesab etmir. Məhkəmə icraatında olan analoji işlər üzrə məhkəmə qərarlarının həmin hissələrədə icrasında çətinliklər yaranmaqla, məhkəmə qərarlarına izah verilməsinə, məcburi icra tədbirlərinin görülməsinə dair əlavə məhkəmə çəkişmələrinin yaranmasına səbəb olur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 4 № li Qərarının 5-ci bəndinə görə. məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə artıq ödənilən 166.528,51 manat pul vəsaitinin və iş üzrə məhkəmə qərarı qəbul edilən günədək, yəni xx.xx.2024-cü il tarixədək gecikdirilmiş hər bir gün üçün 0,1% məbləğində vəsaitin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə geri qaytarılması barədə rəy verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar