Məhkəmə qərarları › İş №e-2-1(112)-8898/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-8898/2024

20.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-8898/2024 20.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “vergi məsuliyyətinə cəlb edilmə haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli **********9457 nömrəli və xx.xx.2024-cü il tarixli **********209 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, müəssisə xx.xx.2023-cü il tarixində dövlət qeydiyyatına alınmış, 2023-cü ilin noyabr ayından etibarən fəaliyyətə başlamışdır. Müəssisə mikrosahibkarlıq subyekti statusunda olmaqla sadələşdirilmiş verginin ödəyicisidir. Əsas fəaliyyət sahəsi ətriyyat və kosmetika mallarının pərakəndə qaydada əhaliyə satılmasıdır. Vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq müəssisənin işçiləri ilə əmək müqaviləsi imzalanmış, mağazada nağd pul hesablaşmalarının aparılması üçün nəzarət-kassa aparatı quraşdırılmış, mallar elektron qaimə faktura əsasında əldə edilmiş və qanunvericiliyin bütün digər tələblərinə əməl edilmişdir. Hər hansı hüquqi əsas olmadan Bakı şəhəri X4 və Uçotun Təşkili Baş idarəsinin (bundan sonra cavabdeh) xx.xx.2023-cü il tarixli **********9457 nömrəli qərarına əsasən müəssisədə X4 həyata keçirilmiş, yoxlamanın predmetini nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsinə nəzarət təşkil etmişdi. Nəticədə müəssisə barəsində əsassız olaraq xx.xx.2024-cü il tarixli, **********209 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərar qəbul edilmiş və müəssisəyə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdi. Aşağıda qeyd edilən hüquqi əsaslara görə cavabdehin xx.xx.2023-cü il tarixli **********9457 nömrəli və xx.xx.2024-cü il tarixli **********209 nömrəli qərarları tamamilə qanunsuzdur və bu səbəbdən ləğv edilməlidir. İlk növbədə qeyd edilir ki, vergi yoxlaması ilə bağlı qərarlar, aktlar və reyestrdən çıxarışlar yoxlama zamanı iddiaçıya təqdim edilməmiş və yalnız onlayn qaydada cavabdeh tərəfindən sonradan iddiaçıya göndərilmişdi. Yoxlama zamanı cavabdehin işçisi yalnız özünün xidməti vəsiqəsini göstərmiş, vergi yoxlaması barədə qərar və yoxlamaların reyestrindən çıxarış iddiaçıya təqdim edilməmişdi. Eyni zamanda yoxlama nəticəsinə dair akt da iddiaçının məlumatı olmadan tərtib edilmiş və həmin akta iddiaçının qeydlərinin əlavə edilməsi üçün şərait yaradılmamışdı. Nəzərə alınmalıdır ki, X4nin həyata keçirilməsi üçün hüquqi əsaslar AR VM-nin 50.2-ci maddəsində konkret olaraq göstərilmişdi. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli KY242089260 yoxlamaların vahid reyestrindən Çıxarışa əsasən vergi nəzarətinin keçirilməsi üçün əsas olaraq cavabdeh AR VM-nin 50.2.2-ci maddəsini (vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar) qeyd etmişdi. Lakin buna baxmayaraq müəssisə tərəfindən vergi qanunvericiliyin pozulması hallan baş vermədiyi halda müəssisədə cavabdehin yoxlama keçirməsi hər hansı hüquqi əsasın olmadığına dəlalət edir. Yəni yoxlama qərarını qəbul etmiş cavabdeh belə qərarın qəbuluna əsas olan mənbəyi bəlli mənbələrdən əldə etdiyi məlumatların nədən ibarət olmasını qərarda göstərməmiş və bu hala dair hər hansı sübutu iddiaçıya təqdim etməmişdir. Cavabdehin əsas hüquqlarından biri vergi ödəyicilərində vergi nəzarəti tədbirlərinin həyata keçirilməsidir, lakin bu hüquqlar kortəbii şəkildə öz mülahizəsinə əsasən deyil, məhz vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslar rəhbər tutulmaqla həyata keçirilə bilər. Bundan başqa Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2024-cü il tarixli **********171000 nömrəli əmri ilə təsdiq edilmiş "Dövlət vergi orqanları tərəfindən operativ vergi və digər nəzarət tədbirlərinin həyata keçirilməsi Qaydalarının" 1.5.2-ci bəndinə əsasən vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar dedikdə, ümumilikdə, doqquz istiqamət üzrə əldə edilən məlumatlar nəzərdə tutulur. Lakin hazırkı yoxlama qərarı qəbul edilərkən hansı məlumatların rəhbər tutulması məlum deyil və belə məlumatlar yoxlama keçirilməsi barədə qərarda da göstərilməmişdi. Beləliklə, xx.xx.2023-cü il tarixli **********9457 nömrəli qərar vergi qanunvericiliyində müəyyən edilmiş hüquqi əsaslar olmadan sadəcə cavabdehin şəxsi mülahizəsinə əsasən qəbul edildiyi üçün tamamilə qanunsuzdur və bu səbəbdən ləğv edilməlidir. Eyni zamanda cavabdehin xx.xx.2024-cü il tarixli **********209 nömrəli qərarı da maddi hüquq normalarının tələblərinin pozulması nəticəsində qəbul edildiyi üçün tamamilə qanunsuzdur. Belə ki, cavabdeh tərəfindən nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında tərtib edilmiş xx.xx.2024-cü İl tarixli DVX 035476 nömrəli aktda qeyd edilənlər tamamilə yalandı. Bəhs edilən aktda qeyd edilmişdir ki, guya xx.xx.2024-cü il tarixində saat 13:08-də müəssisəyə məxsus mağazada müştəri tərəfindən 1 ədəd dodaq boyası ( pomada) üçün 0.50 qəpik vəsait ödənilmişdi. Bu zaman müştərinin ödədiyi həmin məbləğ NKA-da mədaxil olunmamış və müştəriyə çek təqdim edilməmişdi. Bu baxımdan qeyd edilir ki, aktda qeyd edilən saatın radəsi qaralama ilə düzəlişə məruz qalmışdı. Ümumiyyətlə, aktda qeyd edilən saatda mağazada heç bir müştəri olmamış, digər tərəfdən aktda konkret müştəridən bəhs edilsə də, onun kimliyi barədə hər hansı məlumatlar aktda öz əksini tapmamışdır. Bu da aktın qanunsuz tərtib edildiyini göstərir. Bununla yanaşı guya aktın imzalanmasından iddiaçının imtina etməsi barədə qeyd edilənlər də tamamilə yalandır. Belə ki, cavabdehin əməkdaşları mağazada olan zaman yalnız müəssisənin satıcı əməkdaşı orada olmuşdur. Müəssisənin direktoru xidməti fəaliyyəti (yeni malların araşdırılması məqsədilə) ilə əlaqədar olaraq mağazadan kənarda olmuşdu. Bu zaman mağazanın yerləşdiyi əraziyə təsadüf nəticəsində yaxın məsafədə olan müəssisənin təsisçisi (sahibi) X1 zəngi əsasında mağazaya yaxınlaşmışdır. Həmin zaman satıcının verdiyi məlumata və sənədə əsasən təsisçi cavabdehin əməkdaşına hər hansı qanun pozuntusu olmadığını bildirmiş və müştərilərdən alınan məbləğlərin hər zaman və tam məbləğdə NKA-na mədaxil edildiyini bildirmişdi. Həmçinin, alınmış mallara görə NKA çekini götürməyən və tələb etməyən müştərilərin çekləri isə mağazadakı NKA-nın aşağı hissəsində yerləşdirilmiş zibil qutusuna atıldığı satıcı tərəfindən cavabdehin əməkdaşının diqqətinə çatdırılmışdır. Bu səbəbdən cavabdehin əməkdaşına məhz hansı mala dair çekin tələb edildiyi barədə sual verilmiş ona satıcı tərəfindən ən yaxın tarixə aid çeklərin məlumatları təqdim edilmiş və tələb edilən çeklərin həm zibil qutusundan, həm də çekin surətinin NKA-nin yaddaşından əldə edilə biləcəyi cavabdehin əməkdaşının diqqətinə çatdırılmışdı. Lakin cavabdehin əməkdaşının məqsədi müəssisəyə qanunsuz maliyyə sanksiyasının yazılması olduğuna görə heç bir suala cavab verməmiş, istəyinin hansı çeklə bağlı olduğunu bildirməmiş və satıcını aldararaq onun diqqətinin yayınmasından istifadə etməklə satıcının razılığı və məlumatı olmadan daha əvvəlki tarixdə NKA-ya mədaxil edilmiş dodaq boyasına dair 0.50 qəpik məbləği özbaşına və qanunsuz olaraq yenidən NKA-ya mədaxil etmişdi. Bununla da guya mədaxilin bərpa edildiyini iddia etmişdi. Bu faktlar yoxlama aktı iddiaçıya onlayn qaydada göndərildikdən sonra məlum olmuşdur. Daha sonra hadisə yerinə müəssisənin təsisçisi gəlmiş və satıcının verdiyi məlumata istinadən cavabdehin əməkdaşlarına pozuntunun olmaması barədə narazılığını bildirmişdi. Həmin görüş zamanı hər hansı akt tərtib edilməmiş, ona və ya satıcıya təqdim edilməmişdir. Əgər təqdim edilsəydi , onlar hansı çekdən və ya müştəridən bəhs edildiyindən məlumatlı olar, aktın qanunsuz olması barədə həmin aktda xüsusi qeydlərini əlavə edərdilər. Lakin bu zaman aktın mötəbərsizliyi sübut olunacağına görə onlara hər hansı akt təqdim edilməmiş və aktda qeydlər aparmağa imkan yaradılmamışdır. Nəticədə, aktın hansı şəraitdə və nə vaxt tərtib edildiyi iddiaçıya məlum olmamışdır. Buna baxmayaraq bir müddət sonra akt, yoxlama qərarı və yoxlamaların vahid reyestrindən çıxarış onlayn şəkildə müəssisənin vergi kabinetinə göndərimişdi. Bu zaman iddiaçı aktın mövcudluğundan xəbər tutmuşdur. Bu səbəbdən iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli **********583200 nömrəli məktub göndərilmiş və pozuntular əks etdirilməklə aktın qanunsuzluğu bir daha cavabdehin diqqətinə çatdırılmış, lakin müraciət üzrə hər hansı araşdırma aparılmamışdır. Buna baxmayaraq hər hansı təqsiri olmadan və pozuntuya yol verilmədiyinə baxmayaraq cavabdeh tərəfindən barə qanunsuz olaraq xx.xx.2024-cü il tarixli, **********209 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərar qəbul edilmişdi. Həmçinin qeyd edilir ki, AR VM-in 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri öz əksini tapmalıdır. Lakin mübahisələndirilən qərarda iddiaçının dəlillərinə dair hər hansı münasibət də bildirilməmişdir. Bununla da maddi hüquq normalarının tələbləri pozulmuşdur. Qeyd edilən hüquqi əsaslarla yanaşı iddiaçının qanunsuz hərəkətlərə yol verməsinin ağlabatan məntiqi əsasları da mövcud olmalıdır. Nəzərə alınsa ki , müəssisə əldə edilmiş gəlirindən məhz 2 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi ödəyir, belə olan halda tətbiq edilmiş 1000 manat maliyyə sanksiyasını gəlirin məbləği nisbəti ilə şərti müqayisə edilsə, bu 50.000 manat məbləğində əldə edilmiş gəlirə görə ödənilən sadələşdirilmiş verginin məbləğinə bərabərdi. Bu baxımdan qeyd edilir ki, şəhərin mərkəzindən kənarda yerləşən, az istehlakçıya xidmət edən, ümumi sahəsi 15-20 kv.m sahəyə malik olan və cəmi 5 ay ərzində fəaliyyət göstərməyə başlayan bir mağaza üçün 50.000 manat gəlirin əidə edilməsi absurd məsələdir. Başqa sözlə, malların dəyərini NKA-ya mədaxil etməməklə vergi ödəyicisinin 2 faiz vergini ödəmək istəməməsi və bunun əvəzində illərlə əldə edə bilməyəcək gəlirin vergisi məbləğində maliyyə sanksiyasına məruz qalmasını arzu etməsi reallıqdan kənardı və heç bir sağlam məntiqə sığmır. Yəni, maliyyə sanksiyası qərəzli olaraq iddiaçıya tətbiq edilib və dövlət büdcəsi adı ilə vergi ödəyicisi artıq vergi yükünə məruz qalmışdır. Belə qanunsuz hərəkət mikrosahibkar olaraq sahibkarlıq fəaliyyətini iflic vəziyyətinə salıb. Beləliklə, hər hansı pozuntuya yol verilməsi faktını və vergi ödəyicisinin təqsirini sübut edən hallar, habelə vergi yoxlamasının həyata keçirilməsini zəruri edən vergi qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olmadan cavabdeh tərəfindən müəssisə barəsində qanunsuz və əsassız qərarlar qəbul edilmişdir. Bu səbəbdən mübahisələndirilən qərarlar məhkəmə qaydasında ləğv edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********9457 nömrəli “X4nin həyata keçirilməsi haqqında” Qərarına əsasən İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ŞTQ, Almaz İldırım (Şüvəlan qəsəbəsi) 30 ünvanında yerləşən obyektdə xx.xx.2024-cü il tarixdə saat 13:08-də keçirilmiş X4 tədbiri zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilmişdir. Belə ki, müştəri tərəfindən alınan 1 (bir) ədəd dodaq nəmləndiricisinə görə ödənilmiş 0,5 (əlli) qəpik pul vəsaitinin kassaya mədaxil olunmadığı, müştəriyə kassa çeki təqdim edilmədiyi aşkar edilmiş, uçotdan yayındırılmış məbləğ X4ni həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən saat 13:15-də 5 saylı çeklə NKA-nın fiskal yaddaşına bərpa olunaraq “X” hesabatı alınmışdır. Eyni zamanda bərpa çekində nağd pul vəsaitinin və müştəriyə qaytarılan qalıq nağd pul vəsaitinin göstərilmədiyi müəyyən edilmişdir. Hansı ki, Vergi Məcəlləsinin 50.8-ci maddəsinin 50.8.10-cu və 50.8.11-ci yarımbəndlərinə əsasən ödənilmiş məbləğ və müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə) nəzarət-kassa aparatının çeklərində əks olunmalıdır. X4 zamanı vergi ödəyicisi iştirak etməmiş, X4 nəticəsində xx.xx.2024-cü il tarixli DVX seriyalı 035476 nömrəli akt tərtib edilmiş, özünü hüquqi şəxsin təsisçisi kimi təqdim edən X3 hüquqi şəxsin rəhbəri barədə məlumat verməkdən, qərar və tərtib olunmuş aktla tanış olub imzalamaqdan imtina etmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2024-cü il tarixli **********7209 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 1000 (min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə xx.xx.2024-cü il tarixli **********083200 nömrəli məktubla vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmişdir.Beləliklə, X4 tədbiri hər hansı prosessual pozuntuya yol vermədən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada həyata keçirilmişdir. İddiaçının ləğv edilməsini xahiş etdiyi xx.xx.2024-cü il tarixli **********9457 nömrəli “X4nin həyata keçirilməsi haqqında” Qərara münasibətdə isə bidirilir ki, iddia tələbi bu hissədə mümkün hesab edilməməlidir. Belə ki, sözügedən qərar iddiaçı üçün heç bir hüquqi nəticə yaratmadığından müstəqil inzibati akt kimi məhkəmə qaydasında mübahisələndirilə bilməz. Məhkəmə ilk növbədə qeyd edir ki, məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili cavabdehin “X4 keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********9457 nömrəli qərarının tarixinin səhvən xx.xx.2023-cü il kimi qeyd edilməsini texniki xəta kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə göstərilənlərə əsasən qərarın tarixinin yanlış göstərilməsini formal xəta kimi nəzərə almış və iddianın dəqiqləşdirilməsinə zərurət görməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib iddia tələbinin cavabdehin “X4nin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********9457 nömrəli qərarın ləğv edilməsi hissəsində mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və tərəflərin fikri dinlənilmişdir. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini olduğu kimi müdafiə edərək iddia tələbinin tam şəkildə təmin olunmasını xahiş etdi. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin qeyd olunan hissədə mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia cavabdeh vergi orqanının İddiaçı MMC-də “X4nin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********9457 nömrəli qərarının ləğv edilməsi hissəsində mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (1.1-2.1-ci bəndlər). İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırkı ərizəyə inzibati məhkəmə məhkəmə qaydasında baxılmalı olmaması iddianın əsaslılığının araşdırılmasına imkan vermir. Qeyd olunan müddəalar onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; -2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; -2.0.9. aralıq inzibati akt - konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən akt. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X4ni keçirmək vergi orqanının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin: -50.3-cü maddəsinə əsasən, X4 vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə X4 ilə əhatə olunmalı olan məsələ (məsələlər), X4nin müddəti və X4ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -50.6-cı maddəsinə əsasən, X4nin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. X4 tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39 –49-cu maddələrinin müddəaları tətbiq edilir. -49.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. -49.3-cü maddəsinə əsasən, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə çıxarılmış qərar əsasında 10 gündən gec olmayaraq vergi ödəyicisinə vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə göndərilir Məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi “X4nin həyata keçirilməsi haqqında” qərar inzibati akt hesab edilə bilməz. Çünki, yuxarıda istinad olunan inzibati icraat haqqında qanunverciliyin normalarından göründüyü kimi, inzibati akt müəyyən tələblərə cavab verməlidir. Başqa sözlə, həmin akt publik hüquq sahəsinə aid olan müəyyən məsələni nizama salmalı və ya həll etməli, eyni zamanda da ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalıdır. X4nin keçirilməsi haqqında qərar isə bu xüsusiyyətlərə malik olmadığından inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi yolverilməzdir. Bu mənada ki, sözügedən qərar cavabdeh vergi orqanı tərəfindən qəbul edilərək X4nin həyata keçirilməsini nizama salan, lakin vergi ödəyicisi üçün hər hansı hüquqi nəticə yaratmamış konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı aralıq inzibati aktdır. Mübahisələndirilən qərarın qəbul edilməsi iddiaçının hüquqi vəziyyətini dəyişdirməmiş, onun üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Belə ki, X4nin həyata keçirilməsi vergi orqanının Vergi Məcəlləsi ilə müəyyən edilmiş diskresion səlahiyyətinə aid edilir və həmin qərarın qəbulu vergi ödəyicisi üçün hər hansı hüquqi nəticə yaratmır. X4nin keçirilməsi nəticəsində Vergi Məcəlləsinin 49.1-ci maddəsi ilə qəbul edilmiş qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaradır və həmin icraatın gedişində qəbul edilən yeganə inzibati akt X4nin nəticələri üzrə qəbul edilən qərardır. X4nin keçirilməsi nəticəsində qəbul edilən məhz VM-in 49.1-ci maddəsində qeyd edilən qərarlar, barəsində yoxlama aparılan şəxs üçün hüquqi nəticələrə səbəb olduğundan inzibati akt hesab olunur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinin İddiaçı MMC-də “X4nin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********9457 nömrəli qərarının ləğv edilməsi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar