Məhkəmə qərarları › İş №e-2-1(112)-8935/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-8935/2024

12.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-8935/2024 12.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı inzibati şikayətə cavab verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının (tələbkarın) “İnzibati şikayət”inə münasibət bildirməməklə, şikayət üzrə müvafiq qərarın qəbul edilməsində və hal-hazıradək şikayətə cavab verilməsində göstərilən hərəkətsizliyin qanunsuz hesab edilməsi; “İnzibati şikayət”in araşdırılması və qanuna müvafiq qaydada müvafiq Qərarın qəbul edilməsi və iddiaçının (tələbkarın) “İnzibati şikayət”inə cavab verilməsi öhdəliyinin cavabdeh həvalə edilməsi barədə Qərar qəbul edilməsini; Cavabdehdən “İnzibati şikayət” üzrə aparılmış araşdırmaya dair sənədlərin təsdiq olunmuş surətlərinin; hazırkı mübahisəyə səbəb olan Bakı şəhəri Xətai rayon İcra şöbəsində aparılan icraat iş qovluğunun tələb olunmasına; AR DİN Baş Dövlət Yol Polis İdarəsindən-“MİTSUBİSHİ PAJERO” markalı 99KJ-846 dövlət nişanlı nəqliyyat vasitəsinin X2 adına aparılmış alqı-satqı müqaviləsinin və həmin nəqliyyat vasitəsi ilə bağlı X2 adından verilmiş etibarnamələrin təsdiq olunmuş sürətinin təqdim edilməsinə dair sorğu göndərilməsi barədə Qərardad qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ki, iddiaçı “İnzibati Şikayət”lə cavabdehə müraciət edərək, Azərbaycan RespublikasınınƏdliyyə Nazirliyi İcra Baş İdarəsi tərəfindən tələbkarın şikayət ərizəsinə münasibət bildirməməklə göstərilən hərəkətsizliyin qanunsuz hesab edilməsi; şikayət ərizəsinin araşdırılması və qanuna müvafiq qaydada və müddətdə müvafiq Qərarın qəbul edilməsi və tələbkarın Şikayətinə cavab verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə həvalə edilməsi barədə Qərar çıxarılmasını xahiş etmişdir. 1.1. Faktiki Əsas: Aşağıdakı sənədlər və sübutlar əlavə edilmişdir. 1.1.1.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2578/2022 nömrəli, xx.xx.2023-cü il tarixli İcra Vərəqəsi; Səbail rayon Məhkəməsinin 2(009)-85/2021 nömrəli, xx.xx.2021 il tarixli İcra Vərəqəsi, Nizami rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarı və borclunun “X4” mebel mağazasında olan 4 ədəd əmlak üzərinə həbsin qoyulmasına dair 20753 nömrəli, xx.xx.2021-ci il tarixli “Görülmüş tədbirlər haqqında” Məlumat; 1.1.2.Xətai rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarı Xətai rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli Təqdimatı və e18440\2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubu; Borclunun xx.xx.2023-cü il tarixli Ərizəsi və xx.xx.2023-cü il tarixli Əmək müqaviləsi bildirişi; 1.1.3. Nizami rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarı; 1.1.4.xx.xx.2021-ci il tarixli “Seçme Luxury”, xx.xx.2021-ci il tarixli “AKM Luxury” və xx.xx.2021-ci il tarixli “Vessev interior project”in məktubları. 1.1.5.Bakı Apellyasiya Məhkəməsinin 8(103)-38/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərardadı 1.2. Hüquqi Əsas: 1.2.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin 8.10-cu maddəsinə əsasən-məhkəmə qərarlarının icrasını təmin edilməsi Nazirliyin fəaliyyət istiqamətlərinə aiddir. 1.2.2. Həmin Əsasnamənin 9.56-cı maddəsinə əsasən- Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılmasını və onların qəbulunu təmin etmək, daxil olmuş müraciətlərə vaxtında, o cümlədən yaradılmış internet saytı vasitəsilə cavab vermək və qanunvericiliklə müəyyən edilmiş qaydada digər tədbirlər görmək -vəzifəsini yerinə yetirir. 1.3. QEYD. Həmin halı təsdiq edən “İnzibati Şikayət” və həmin Şikayətin cavabdeh tərəfindən alınmasını təsdiq edən poçt qəbizi əlavə edilir. 1.4. Cavabdehdən hal-hazıradək cavab alınmadığına görə məcbur qalıb məhkəməyə müraciət edirik. 2. Xüsusi olaraq qeyd olunmalıdır ki, iddiaçı “İnzibati Şikayət”i cavabdehə göndərməmişdən öncə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə və surəti Xətai rayon İcra şöbəsinə Şikayət Ərizəsi ilə müraciət edərək, Xətai rayon İcra şöbəsinin və həmin şöbənin icra məmuru Kəmalə Həsənovanın bilə-bilə qanunsuz hərəkətlərinin, o cümlədən təkləbkara qarşı açıq-aşkar qərəzli və süründürməçilik və borclu Həsənov Kamrana qarşı isə onun qanunsuz hərəkətlərinə əsassız üstünlük vermək mövqeyinin qarşısının alınmasında, eləcə də qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icra olunmasında 1 ildən artıq müddət ərzində göstərilən bilə-bilə qanunsuz hərəkətlərə və hərəkətsizliyə son qoyulmasında, eyni zamanda bu işdə qanunla müəyyən edilmiş vəzifə səlahiyyətlərini qərəzli olaraq yerinə yetirməyən təqsirli şəxslərin cəzalanmasında yardımçı olmağı və icra işinin qanunla müəyyən edilmiş qaydada və müddətdə başa çatdırılmasında köməklik göstərilməsini xahiş etmişdir. Məhz, həmin Şikayətə cavab verilmədiyindən, eləcə də iddiaçıya qarşı qərəzli və bilə-bilə qanunsuz hərəkətlər və hərəkətsizlik açıqaşkar davam etdirildiyindən, o cümlədən qanuni qüvvədə olan məhkəmə qətnaməsi qanunvericiliyin tələblərində nəzərdə tutulan qaydada və müddətdə icra olunmadığından, yuxarıda göstərilən “İnzibati Şikayət”lə cavabdehə müraciət olunmuşdur. 3. Məlumat üçün qeyd olunmalıdır ki, ilk dəfə xx.xx.2023-cü il tarixli Şikayət Ərizəsi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə müraciət edilmişdir. SƏBƏB: Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2(103)-2578/2022 nömrəli, xx.xx.2023-cü il tarixdə verilmiş İcra Vərəqəsi əsasında Xətai rayon İcra şöbəsininqanunsuz, qərəzli və süründürməçilik mövqeyi barədə, eyni zamanda Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(009)-85/2021 nömrəli, xx.xx.2021 il tarixli “İddianın təmini tədbiri barədə” Qərardadı və həmin Qərardad əsasında qətnamənin icrasının təmini üçün xx.xx.2021-ci il tarixdə borclu Kamran Həsənovun mülkiyyətində olan4 ədəd əmlak üzərinə həbs qoyulmasına dair Atkla bağlı açıq-aşkar qanunsuz hərəkətsizlik göstərilməsi olmuşdur. Eyni zamanda, həmin Şikayət Ərizəsində- Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənovaya edilmiş etirazın qəbul edilməsi və icra işlərinin davam etdirilməsi üçün müvafiq olaraq başqa icra məmurunun icraatına təqdim edilməsi; Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənovanın tələbkarın hüquqlarına qarşı bilə-bilə etdikləri qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə, onun barəsində qanunamüvafiq tədbirlər görülməsi və cəzalandırılması; borcluya aid icra işində olan sənədlərlə tanış olmağa və onlardan surət çıxarmağa görə yardım göstərilməsi və Tələbkarın nümayəndəsi və vəkili olaraq (Vəkil;ş\v AZE ********; FİN xxxxxxx) icra işləri barədə mövcud məlumatlarla tanış olmaq üçün “Elektron icra” informasiya sisteminə əlavə olunmasında köməklik göstərilməsi-xahiş olunmuşdur. Həmin Ərizəyə münasibət bildirilməmiş və iddiaçıya qarşı qərəzli və qanunsuz hərəkətlər (hərəkətsizlik) davam etdirilmişdir. 4. Açıq-aşkardır ki, iddiaçının İnzibati Şikayətinə cavab verməməklə (yəni münasibət bildirməməklə), eləcə də qanunvericiliyə müvafiq olaraq tədbirlər görməməklə, cavabdehin (o cümlədən Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin) qanunsuz və qərəzli hərəkətsizliyinin nəticəsidir ki, qanuni qüvvədə olan məhkəmə qətnaməsi hal-hazıradək Xətai rayon İcra şöbəsi tərəfindən icra olunmur və müfaviq tədbirlər görülmür. Ona görə də, Xətai rayon İcra şöbəsinin (o cümlədən həmin Şöbənin icra məmuru Kəmalə Həsənovanın) qanunsuz hərəkətlərinin (hərəkətsizliyinin) başlanılması və hazırda da davam edirilməsini xranoloji ardıcıllıqla aşağıdakı qaydada izah edirik. 4.1. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2578/2022 saylı mülki iş üzrə, xx.xx.2022-ci il tarixli Qətnaməsi Ali Məhkəmənin 2(102)- 4782/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmış; Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2(103)- 2578/2022 nömrəli, xx.xx.2023-cü il tarixdə İcra Vərəqəsi verilmiş və icrasıXətai rayon İcra şöbəsinə göndərilmiş; həmin İcra Vərəqəsi xx.xx.2023-cü il tarixdə EMİSvasitəsilə Xətai rayon İcra şöbəsinə təqdim olunsa da, icra məmuru Kəmalə Həsənova tərəfindən “İcraata başlamaq haqqında” Qərarxx.xx.2023-cü il tarixdə, yəni 29 gündən sonra tərtib edilmiş və xx.xx.2023-cü il tarixdə, yəni 33 gündən sonra elektron imza ilə təsdiqlənmiş; icra məmuruna, Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(009)- 85/2021 nömrəli, xx.xx.2021 il tarixli “İddianın təmini tədbiri barədə” Qərardadı, Nizami rayon İcra və Probasiya şöbəsinin Səbail rayon Məhkəməsinə ünvanlanmış 20753 nömrəli, xx.xx.2021-ci il tarixli “Görülmüş tədbirlər haqqında” Məlumatı və Aktı təqdim etməklə, qətnamənin icrasının təmini üçün xx.xx.2021-ci il tarixdə borclu Kamran Həsənovun mülkiyyətində olan4 ədəd əmlak üzərinə həbs qoyulması barədə dəfələrlə izahat verilməklə, borclu barəsində qanuna müfaviq tədbirlərin görülməsi xahiş edilsə də, icra məmuru həmin malların mövcud olmamsını və bu səbəbdən də borclu barəsində bu hal üzrə hər hansı bir tədbirin görülməsinin mümkün olmamasını bildirmiş; bundan sonra, İcra məmuru qanunvericiliyin normalarını rəhbər tutmaq əvəzinə, borclunun xahişini və təqdim etdiyi saxtalığı açıq-aşkar müəyyən edilən Arayışı rəhbər tutaraq, heç bir araşdırma aparmadan birbaşa “İcra sənədinin ərazi adiyyəti üzrə göndərilməsi barədə” xx.xx.2023-cü il tarixli qərar qəbul etmiş və icra işini Nərimanov rayon İcra Şöbəsinə göndərmiş; Bakı Apellyasiya Məhkəməsinin 8(103)-38/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərardadı ilə- “Bakı şəhəri Xətai rayon İcra şöbəsinin "İcra sənədinin ərazi adiyyəti üzrə göndərilməsi barədə" 21 sentyabr 2023-cü il tarixli qərarından tələbkar İddiaçı verdiyi şikayət təmin edilmiş. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin "İcra sənədinin ərazi adiyyəti üzrə göndərilməsi barədə" 21 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilmiş və icra sənədi Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qaytarılaraq həmin icra şöbəsində icra hərəkətləri davametdirilməsi qərara alınmışdır. 4.2.Xüsusi olaraq qeyd olunmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin 8(103)- 38/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərardadının16-cı bəndində göstərilir ki, “Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, icra məmuru tərəfindən "İcra sənədinin ərazi adiyyəti üzrə göndərilməsi barədə" qərar qəbul olunarkən yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmamış, yalnız arayışa istinad olunaraq işin aidiyyatı üzrə göndərilməsi qənaətinə gəlmişdir. Kollegiya qeyd edir ki, borcular tərəfindən təqdim olunmuş arayışa əsasən icra sənədinin aidiyyatı üzrə qənaətinə gəlinməsi icra sahəsində mənfi təcrübənin formalaşmasına, icra sənədlərinin qeyri – müəyyən müddətdə icrasız qalmağına səbəb ola bilər. Əgər hal – hazırda icra məmurunun gəldiyi qənaət əsaslı hesab olunarsa, bu zaman icra sənədinin göndərildiyi icra şöbəsində bir neçə ay icraat aparıldıqdan sonra borclu tərəfindən yeni bir arayışın təqdim olunması və yenidən aidiyyat üzrə başqa bir icra şöbəsinə göndərilməsi üçün əsas yaranır. Birinci instansiya məhkəməsi tərəfindən də yuxarıda qeyd olunan hallar araşdırılmamış və düzgün olmayan nəticəyə gəlinmişdir. Açıq-aşkardır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənovanın qəbul etdiyi “İcra sənədinin ərazi adiyyəti üzrə göndərilməsi barədə”xx.xx.2023-cü il tarixli Qərarın ləğv edilməsi halı onu sübut edir ki, həmin Qərar əsassız və qanunsuz olmuşdur İddiaçının nümayəndəsi və vəkili məhkəməyə elektron kabinet vasitəsi məktub göndərərək iddia tələbində göstərilənləri müdafiə etdiyini, hazırlıq iclasını iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və şifahi məhkəmə baxış iclasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə məktub göndərərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İnzibati iddialar üzrə iddianın mühüm mümkün şərtlərindən biri qaldırılmış iddiaya münasibətdə iddiaçının hüquqi marağının müəyyən olunmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçının hazırkı iddianı qaldırmaqda məqsədi cavabdeh tərəfindən inzibati şikayət üzrə qərarın qəbul edilməməsi ilə bağlıdır. İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə inzibati şikayətlə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən həmin inzibati şikayətə dair hər hansı qərar qəbul edilməsini əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı hazırkı tələbi ilə cavabdeh tərəfindən aparılan inzibati icraata müdaxilə edilməsi, inzibati icraatın aparılması ilə bağlı inzibati orqanın üzərinə hər hansı öhdəliklərin qoyulmasını xahiş edir. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciəti; Maddə 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən inzibati şikayətə dair hər hansı qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdeh inzibati orqan tərəfindən aparılan inzibati icraata məhkəmənin müdaxilə etməsi olardı. Göründüyü kimi, iddiaçının çatmaq istədiyi hüquqi marağı məhkəmə tərəfindən inzibati orqana inzibati icraatın aparılması ilə bağlı müdaxilə edilməsi barədə qərarın çıxarılması ilə bağlıdır. Lakin inzibati prosessual qanunvericilikdə və “İnzibati icraat haqqında” qanunda məhkəmənin aparılan inzibati icraata müdaxiləsi nəzərdə tutulmamışdır. Əks yanaşma hakimiyyət bölgüsü prinsipinə zidd olmaqla məhkəmənin inzibati orqanın yerini almasına gətirib çıxarmış olar. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə tərəfindən cavabdehə sorğu göndərilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 24 iyun 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X1 Ədliyyə Nazirliyinə daxil olmuşxx.xx.2023-cü il tarixli müraciətinə İcra baş idarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 3-16-4/3-S-11092/6-2023 saylı məktub ilə cavab verilmişdir. Nizami rayon icra şöbəsi tərəfindən şikayətçiyə icra işi barədə xx.xx.2023-cü il tarixli, 17/xx-xx-22602/23-1740 saylı məktubla cavab verilmiş, Xətai rayon icra şöbəsi tərəfindən isə şikayətçinin nümayəndəsi ilə əlaqə saxlanılaraq icra işi barədə ətraflı şəkildə məlumat verilmiş və icra işinin materiallarının surətləri təqdim edilmişdir. Həmçinin vətəndaşın İcra baş idarəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli oxşar məzmunlu şikayətinə xx.xx.2024-cü il tarixli, 3-16-4/2-S-5247/3-6/2024 saylı məktubla müvafiq cavab verilmişdir. Göründüyü kimi, iddiaçının müraciəti ilə bağlı məsələ həllini tapmışdır. Digər tərəfdən oxşas iş üzrə iddiaçının Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iddiası üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1522/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası qerd etmişdir ki, “…kassasiya məhkəməsi analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, xx.xx.2023-cü il tarixli, 2-1(102)-1243/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2- 1(102)-1168/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-2323/2023 nömrəli; xx.xx.2023-cü il tarixli, 2-1(102)-2466/2023 nömrəli; xx.xx.2023-cü il tarixli, 2-1(102)- 2552/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-2342/2023 nömrəli qərarlarda) aşkar və birmənalı şəkildə qeyd edilmişdir ki, mülki mübahisənin gedişində çıxarılmış məhkəmə qətnaməsinin əsasında verilmiş icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər, o cümlədən hərəkətsizliklər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Mülki məhkəmə aktının icrası ilə bağlı icra icraatının gedişində icra məmurunun qərar və hərəkətlərinin, eləcə də hərəkətsizliyinin mübahisələndirilməsi həmin məhkəmə aktının icrasına nəzarət edən məhkəməyə şikayət vermək hüququndan istifadə etməklə reallaşdırılmalıdır”. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayıla bilməz. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar