Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8956/2023 19.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili X1, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 13 mart 2023-cü il tarixli, **********930000 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ********** qeydiyyat nömrəsi (VÖEN) əsasında fərdi sahibkar kimi dövlət qeydiyyatına durmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 13 mart 2023-cü il tarixli, **********930000 nömrəli qərarına əsasən fərdi sahibkar İddiaçı kameral qaydada əlavə vergilər hesablanmışdır. Qərarda qeyd edilir ki, guya vergi nəzarəti tədbirləri zamanı iddiaçının fəaliyyətilə əlaqədar elektron yaddaş qurğusunda olan məlumatlara əsasən aparılmış araşdırma zamanı 2021-ci ilin aprel-2021-ci ilin dekabr ayları üzrə hesablanmalı dövriyyə məbləği 3054524,20 manat (ƏDV ilə birlikdə), 2022-ci ilin yanvar-2022-ci ilin oktyabr ayları üzrə hesablanmalı dövriyyə məbləği 4 017 215,02 manat (ƏDV ilə birlikdə), cəmi 7 071 739,22 manat (ƏDV ilə birlikdə) olmalı halda, iddiaçı tərəfindən müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 392155,67 manat (ƏDV-siz) əks etdirilmiş, nəticədə artan yekunla 2022-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsi üzrə (7 071 739,22/1,18 - 392 155,67)*18%= 1.008.151,86 manat ƏDV məbləğinin büdcədən yayındırılması halı yaranmışdır. İddiaçı hesab edir ki, vergilər qanunsuz hesablandığından, qərarı və həmin qərarla ona əlavə hesablanan vergi və maliyyə sanksiyaları məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, mübahisələndirlən qərarda qeyd edilən hallar həqiqətə uyğun deyil, vergi orqanının 13 mart 2023-cü il tarixli, **********930000 nömrəli qərarında cavabdeh tərəfindən istinad edilən sübutlar iddiaçının faktiki vəziyyətini olduğu kimi əks etdirmir, cavabdeh tərəfindən tətbiq edilən sübutlar qanunsuzdur, istinad edilən mənbə mötəbər, təkzibolunmazlıq və əsaslı şübhədənkənar sübut meyarına cavab vermir. İddiaçı Vergi Məcəlləsinin 3.8-ci və 53.3-cü, İPM-in 32-ci və 70.1-ci maddələrinə istinad edərək iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətdə (etirazda) bildirmişdir ki, aşağıda göstərilənlərə əsasən, iddia tələbi ilə razılaşmır və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş edir. Belə ki, vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar elektron yaddaş qurğusunda olan məlumatlar aşkarlanmış, həmin məlumatlara əsasən, aparılmış araşdırma zamanı 2021-ci ilin aprel-2021-ci ilin dekabr ayları üzrə hesablanmalı dövriyyə məbləği 3054524,20 manat (ƏDV ilə birlikdə), 2022-ci ilin yanvar-2022-ci ilin oktyabr ayları üzrə hesablanmalı dövriyyə məbləği 4017215,02 manat (ƏDV ilə birlikdə), cəmi 7071739,22 manat (ƏDV ilə birlikdə) olmalı olduğu halda, vergi ödəyicisi tərəfindən müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 392155,67 manat (ƏDV-siz) dövriyyə məbləği əks etdirilmiş, nəticədə artan yekunla 2022-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsi üçün (7071739,22/1,18- 392155,67)*18% = 1008151,86 manat ƏDV məbləğinin büdcədən yayındırılması halı yaranmışdır. Etiraza əlavə edilmiş 2021-2022-ci illər üzrə satış dövriyyəsini əks etdirən sənədlər İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 tərəfindən imzalanmış və qeyd aparılmışdır ki, “Cədvəl üzrə göstərilmiş rəqəmlər bizə məxsus kompüterdən götürülüb və mağazanın sahibkarlıq fəaliyyətini əks etdirir”. Həmçinin, təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBCJ seriyalı 998155 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Mühafizə İdarəsinə (VÖEN:**********) 15,25 manat, EBCL seriyalı 114654 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN:**********) 34,98 manat, EBCK seriyalı 464719 nömrdli elektron qaimə-fakturası (VHF-si) üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN:**********) 2,88 manat, ümumilikdə, 53,11 manat ƏDV məbləği ödənilməsə də, həmin elektron qaimə-fakturalar (VHF-si) üzrə əvəzləşdirmə aparılması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar xx.xx.2023-cü il tarixli **********268900 nömrəli və xx.xx.2023-cü il tarixli **********229400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmişdir. Lakin vergi ödəyicisi kənarlaşmanı aradan qaldırılmaqla cari vergi bəyannaməsi təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci ilin dekabr ayının əlavə dəyər vergisi bəyannaməsi üzrə 1008204,97 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2023-cü il tarixli **********930000 nömrəli və xx.xx.2023-cü il tarixli **********076300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. Lakin vergi ödəyicisi kənarlaşmanı aradan qaldırmaqla cari vergi bəyannaməsi təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrini əsasən kameral vergi yoxlaması ilə 2022-ci ilin dekabr ayının əlavə dəyər vergisi bəyannaməsi üzrə 1008204,97 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2023-cü il tarixli **********930000 nömrəli və xx.xx.2023-cü il tarixli **********076300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar göndərilmişdir. Cavabdeh AR Konstitusiyasının 73-cü, Vergi Məcəlləsinin 23.1.1ci, 24.1.1-ci, 37.1-ci, 37.3-cü və 94.0.2-ci maddələrinə, İPM-in 58.7-ci və MPM-in 76.1-ci maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəf sonradan iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********076300 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı mahiyyətcə vahid vergi yoxlamasını mübahisələndirdiyindən və ilkin qərarın ləğv edilməsi üçün prosessual müddətə riayət etməklə iddia qaldırdığından, beləliklə də digər aktın mübahisələndirilməsi müddəti buraxılmadığından məhkəmənin müvafiq qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Belə ki, İPM-in 54.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində və iddianın dəyişdirilməsinə dair ərizədə göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 mağazada fəhlə olaraq çalışdığını, müəyyən vaxtlarda malların çatdırılma xidmətini həyata keçirdiyini, mağazada məsul şəxs olmadığını, yoxlama günü vergi ödəyicisinin xahişi ilə operativ vergi nəzarətinin həyata keçirilməsində iştirak etdiyini, bu məqsədlə vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə ona etibarnamə verildiyi, vergi ödəyicisinin dövriyyə məlumatlarını bilmədiyini, operativ vergi nəzarəti tədbiri zamanı vergi əməkdaşlarının ona təqdim etdiyi sənədlərdə göstərdikləri yerlərə imza atdığını və onların dedikləri sözləri yazdığını, lakin mahiyyətini anlamadığını, vergi orqanının əməkdaşları tərəfindən hər hansı təzyiqə məruz qalmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında 15 fevral 2023-cü il tarixli məktubdan görünür ki, vergi nəzarəti tədbirləri zamanı iddiaçının fəaliyyətilə əlaqədar elektron yaddaş qurğusunda olan məlumatlara əsasən aparılmış araşdırma zamanı 2021-ci ilin aprel-2021-ci ilin dekabr ayları üzrə hesablanmalı dövriyyə məbləği 3054524,20 manat (ƏDV ilə birlikdə), 2022-ci ilin yanvar-2022-ci ilin oktyabr ayları üzrə hesablanmalı dövriyyə məbləği 4017215,02 manat (ƏDV ilə birlikdə), cəmi 7071739,22 manat (ƏDV ilə birlikdə) olmalı halda, tərəfinizdən müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 392155,67 manat (ƏDV-siz) əks etdirilmiş, nəticədə artan yekunla 2022-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsi üçün (7071739,22/1,18-392155,67)*18%=1008151,86 manat ƏDV məbləğinin büdcədən yayındırılması halının yarandığı qeyd olunaraq müvafiq hesabat dövrləri üzrə dəqiqləşdirilmiş ƏDV bəyannamələri, qeyd olunanlarla bağlı müvafiq izahat məktubu; gəlirlərin tərkib bölgüsü barədə excel cədvəl məlumatı; kassa çıxarış (Z hesabatlar); bank hesabından çıxarışlar; ayrı-ayrı mallar üzrə tətbiq edilmiş ticarət əlavəsi barədə məlumatın təqdim edilməsi iddiaçıdan tələb edilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-ci il tarixli **********930000 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanılması barədə” Qərarın surətindən görünür ki, vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar elektron yaddaş qurğusunda olan məlumatlara əsasən aparılmış araşdırma zamanı 2021-ci ilin aprel-2021-ci ilin dekabr ayları üzrə hesablanmalı dövriyyə məbləğinin 3054524,20 manat (ƏDV ilə birlikdə), 2022-ci ilin yanvar-2022-ci ilin oktyabr ayları üzrə hesablanmalı dövriyyə məbləğinin 4017215,02 manat (ƏDV ilə birlikdə), cəmi 7071739,22 manat (ƏDV ilə birlikdə) olmalı olduğu halda, vergi ödəyicisi tərəfindən müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 392155,67 manat (ƏDV-siz) əks etdirilmiş, nəticədə artan yekunla 2022-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsi üçün (7071739,22/1,18-392155,67)*18%= 1.008151,86 manat ƏDV məbləği büdcədən yayındırılması halı yarandığından 2022-ci ilin dekabr ayı üzrə 1008151,86 manat əlavə vergi məbləği hesablanmışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-ci il tarixli **********076300 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanılması barədə” Qərarın surətindən görünür ki, bu qərara əsasən əvvəl qəbul edilmiş xx.xx.2023-ci il tarixli **********930000 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanılması barədə” Qərar ləğv edilmiş, “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubuna münasibət bildirilərək, vergi ödəyicisinə 2022-ci ilin dekabr ayı üzrə 1007772,07 manat əlavə vergi (ƏDV) məbləği hesablanmışdır. -Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında 30 noyabr 2022-ci il tarixli **********72222 №li qərarından görünür ki, vergi ödəyicisinə məxsus obyektdə aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı oian malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır. -Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında 30 noyabr 2022-ci il tarixli **********7230 №li qərardan görünür ki, vergi ödəyicisi İddiaçı “Nəzarət kitabçası”, şəxsiyyət vəsiqəsinin surəti, fəaliyyətini həyata keçirdiyi obyekt barədə mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədləri, gəlir və xərcin uçotuna dair mühasibatlıq sənədləri, alkoqollu içkilərin və tütün məmulatının alış mənbələrini və qiymətlərinin əks etdirən (təsdiq edən) sənədlər, həmin sənədlərin elektron daşıyıcıda surətləri, kompüter prosessorlarının, noutbukların, fiziki şəxslərlə bağlanmış əmək müqaviləsi bildirişlərinin ƏƏSMN-nin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatlar, xidmət müqavilələri, digər zəruri sənədlər və əşyalar götürülməsi həyata keçirilməsi qərara alınmışdır. -30 noyabr 2022-ci il tarixli DVX005982 nömrəli protokoldan görünür ki, vergi ödəyicisinin obyektindən etibarnamənin surəti, 2021-2022-ci illər üzrə satış dövriyyəsi və flash kart (yaddaş kartı) götürülmüşdür. -xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən X2 bir il müddətinə onu təmsil etmək səlahiyyəti verilmişdir. Elektron yaddaş qurğusundan əldə edildiyi bildirilən 2021-2022-ci illər üzrə satış dövriyyəsini əks etdirən cədvəllər kağız daşıyıcıda cavabdeh tərəfindən etiraza əlavə edilmişdir. Vergi orqanı tərəfindən tərtib edilmiş 2021-2022-ci illər üzrə satış dövriyyəsini əks etdirən cədvəl İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 tərəfindən imzalanmış və “Cədvəl üzrə göstərilmiş rəqəmlər bizə məxsus kompüterdən götürülüb və mağazanın sahibkarlıq fəaliyyətini əks etdirir” qeydi aparılmışdır. İddiaçı tərəfindən Dövlət Vergi Xidmətinə aşağıdakı məzmunda şikayət edilmişdir: “Bildirirəm ki, mənə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani 3105-ci məhəllə, Dərnəgül Qəsəbəsi ünvanında yerləşən 30 kv.metr satış sahəsi olan pərakəndə satış obyektində xx.xx.2022-ci il tarixdə İN yanında DVX-nin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları tərəfindən operativ vergi nəzarəti həyata keçirilmişdir. Keçirilən tədbirlər zamanı həmin vaxtda obyektdə olan, lakin mənim sahibkarlıq fəaliyyətimə və subyektimə bilavasitə aidiyyəti olmayan kompyuterdən məlumatlar götürülmüşdür. Kompüterdə olan məlumatların mənim fəaliyyətimlə əlaqədar olmaması barədə tərəfimizdən vergi nəzarətini həyata keçirən əməkdaşlara verilən izahatda da qeyd edilmişdir. Yoxlamadan sonra, yəni xx.xx.2022-ci il tarixində məni (səlahiyyətli nümayəndəmi) İN yanında DVX-nin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə dəvət edərək yoxlamanın nəticəsi olaraq gəlir vergisi üzrə 32000.0 manat verginin hesablanması bildirilmişdir. Həmin məbləğlə razılığımız olmasa da, vergi orqanları ilə münasibəti üstün tutaraq həmin məbləğin yarısının ödəmək, yəni 15000 manat ödənişə razılıq verilmişdir. Bu ödənişlə bağlı bir müddət gözləməyimiz tövsiyə olunmuş və bununla bağlı əlavə məlumat veriləcəyi bildirilmişdir. Lakin 13 mart 2023-cü il tarixində **********930000 saylı qərarla 2022-ci ilin dekabr ayı üzrə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 1008151.86 manat əlavə olaraq ƏDV məbləği hesablanaraq şəxsi vərəqəmə vurulmuşdur. Həmin kameral verginin səbəbi kimi isə "vergi tədbirləri zamanı fəaliyyətinizlə əlaqədar elektron yaddaş qurğusunda olan məlumatlara əsasən aparılmış araşdırma nəticəsində" göstərilmişdir, yəni mənə əlavə hesablanmış vergi obyektimdə aşkar olunmuş kompyuterdən alınmış məlumatlar əsasında hesablanmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, obyektin yerləşdiyi ərazi, ölçüsü və digər satış üçün əsas götürülən şərtləri nəzərə alaraq həmin obyektdə tərəfimizdən göstərilən satış dövriyyəsinin həcmi qeyri realdır. Bundan başqa, verginin hesablanmasını həyata keçirdiyiniz yaddaş qurğusunun məlumatlarına əsasən məlumatların götürüldüyü tarixə həmin qurğuda 353000 manat dəyərində mal qalığının olduğu göstərilir ki, bu da yoxlama aparan əməkdaşların vizual aşkar etdikləri və foto ilə çəkdikləri foto şəkillərə əsasən həmin obyektdə cəmi təqribən 50000 manat dəyərində mal qalığının olduğu müəyyən edilmişdir. Digər tərəfdən həmin obyektdə 353000 manat dəyəyərində olan malların fiziki yerləşdirilməsi mümkün deyil. Eyni zamanda qeyd etmək istəyirəm ki, elektron yaddaş qurğusundan götürülən məlumatlar əsasında satış dövriyyəsi kimi və nəzarət tədbiri zamanı təkcə obyektdə olduğuna görə bizə aid edildiyi iddia olunan məbləğdən hesablanmış vergi hər hansı rəsmi və qeyri rəsmi dəlillərlə əsaslandırılmamışdır. Belə ki, həmin malların mənbəyi araşdırılmamış, kimlərə və hansı formada satılması müəyyənləşdirilməmişdir. Həmçinin həmin malların alışı və satışını sübut edə biləcək tərəflər araşdırılmadan və izahatları alınmadan, eyni zamanda alqı-satqı əməliyyatları üçün əsas verən hər hansı sənədlər əldə edilmədən aparılmışdır. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, bu qaydada verginin hesablanmasını əsassız sayırıq və bir daha bu məsələnin tam araşdırılmasını, araşdırılmanı mənim və ya mənim nümayəndəmin iştirakı ilə aparılmasını və nəticədə həmin verginin ləgv edilməsini sizdən xahiş edirəm.” Məhkəmə mübahisənin mahiyyəti ilə bağlı ilk növbədə bildirir ki, vergi orqanı tərəfindən 30 noyabr 2022-ci il tarixli **********72222 №li qərara əsasən təyin edilmiş operativ vergi nəzarəti tədbiri aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı oian malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları İlə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələlərini əhatə etdiyi halda, tədbiri həyata keçirən vergi orqanı tədbirin əhatə etdiyi məsələlərə aidiyyəti olmayan sənədlərin, o cümlədən elektron yaddaş qurğusunda məlumatların götürülməsini həyata keçirmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X hissəsinə əsasən, dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Birbaşa qüvvədə olan həmin normaya əsasən, Konstitusiyanın 71-ci maddəsinin İX hissəsinin nəzərdə tutduğu şəxslərdən fərqli olaraq dövlət orqanları,həmin orqanların vəzifəli şəxslərinin timsalında, yalnız o fəaliyyəti həyata keçirə və yalnız o hərəkətləri icra edə bilərlər ki (həm də müəyyən edilmiş qaydada və hüdudlarda), bunlar qanunda bilavasitə nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarından biri kimi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 50.3-cü maddəsinin tələbinə görə, operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinin tələbinə görə isə operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Beləliklə, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X hissəsinin və Vergi Məcəlləsinin 50.3-cü maddəsinin tələbləri nəzərə alındıqda, operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsinin həmin yoxlama ilə bağlı fəaliyyət həddi qərarla müəyyən edilmiş hüdudlarla məhdudlaşır. Vergi Məcəlləsinin 50.4-cü maddəsinin tələbi də (Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarının vergi ödəyicisinə dərhal təqdim edilməsi) vergi ödəyicisinin hüquqlarının qorunmasına xidmət edir. Başqa sözlə, qanunun tələbinə görə, vergi ödəyicisi yoxlamanın ərazisi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) barədə məlumatlı olmalı, yoxlamada iştirakını və özünün müdafiəsini qərarla müəyyən edilən şərtlərə (tələblərə) uyğun qurmaq imkanına malik olmalıdır. Belə ki, qanunverici vergi sisteminin sahibkarlıq və investisiya fəaliyyətinin təşviqinə xidmət etməli olduğunu rəhbər tutaraq vergi yoxlamalarının hədlərini, qaydalarını və müddətini Vergi Məcəlləsində dəqiq müəyyən etmişdir. Vergi yoxlamasına dair qərarlar da “yoxlamaların vahid məlumat reyestri”ndə məhz həmin məzmunda qeydə alınırlar. Bu xüsusda həmçinin qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin 43.5-ci maddəsinə əsasən səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Belə olan halda operativ vergi nəzarəti zamanı cavabdeh vergi orqanı vergi qanunvericiliyinin tələblərini pozaraq iddiaçıdan tədbirin predmetinə aid və zəruri olmayan sənədləri, eləcə də elektron yaddaş qurğusunu götürmüş və bunun zəruri olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə və görülmüş tədbirlərin səbəbini əsaslandıra bilməmişdir. Vergi yoxlamasına aid edilən istənilən hərəkət isə qanunla müəyyən edilmiş qaydada və hədlərdə icra olunmalıdır. Həmin qaydaların və hədlərin xaricində aparılan vergi yoxlaması və onun nəticələri qanunsuzdur. Həmçinin məhkəmə qeyd etməyi zəruri bilir ki, İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh iddiaçının elektron yaddaş qurğusunda mövcud olan məlumatlar əsasında dövriyyəsinin bəyan ediləndən daha artıq olması qənaətinə gəlmiş, başqa sözlə, bu əsasla mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə çalışmışdır. Lakin cavabdehin istinad etdiyi sənədlərin mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, inzibati qanunvericiliyin tələbi baxımından vergi orqanının inzibati icraat zamanı (bu halda səyyar vergi yoxlamasının aparılması və müvafiq qərar qəbul edilməsi zamanı) işin hallarını obyektiv araşdırmağa borcludur (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“İnzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi). Hazırkı halda cavabdeh tərəfindən götürülmüş və iş materiallarına kağız daşıyıcıda əlavə edilmiş, elektron yaddaş qurğusundakı məlumatlara nəzər yetirdikdə müəyyən olunur ki, həmin sənədlərdə vergi ödəyicisinə dair heç bir məlumat, həmçinin malın təqdim edildiyi şəxslərə dair hər hansı rekvizitlər mövcud deyildir. Bundan əlavə, həmin sənədlərdə müəyyən rəqəmlər sadalanmış, bu rəqəmlərlə riyazi əməliyyatlar aparılmışdır, lakin qeyd olunan məlumatlar konkret hansı dövr üzrə real satış dövriyyəsini əks etdirdiyini müəyyən etməyə imkan vermir. Belə ki, bəhsolunan məlumatlardan iddiaçının həqiqətən hər hansı əməliyyat aparmasını (məsələn, alqı-satqı, təhvil təslim və s.), orada göstərilən rəqəmlərin pul vahidini ifadə etməsi, əgər edirsə həmin vəsaitin faktiki olaraq daxil olmasını müəyyən etmək qeyri-mümkündür. Belə olan halda, iddiaçının satış dövriyyəsinin necə hesablanması ilə bağlı sual ortaya çıxır. İş materiallarında isə iddiaçının real dövriyyəsinin hesablanması qaydasına (konkret sübutlara istinad etməklə) dair hər hansı məlumat yoxdur. Kameral vergi yoxlamasındakı qeyd olunan məlumatları da təhlil etdikdə görünür ki, qərarda cavabdeh hesablamanın riyazi əsasını konkret mötəbər sübutlara istinadla göstərməmişdir. Halbuki, cavabdeh inzibati orqan vergi qanunvericiliyinin göstərişlərinə uyğun olaraq yoxlama zamanı elektron yaddaş qurğusundakı məlumatlarla kifayətlənməməli, həmin məlumatların həqiqiliyi istiqamətində əlavə araşdırma aparmalı (məsələn, alıcıları müəyyən etmək, izahat almaq, operativ vergi nəzarəti imkanlarından istifadə etməklə, nümunə olaraq, xronometraj metodu ilə müşahidə apara və s.), başqa sözlə, iddiaçının real satış dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar təqdim etməli idi. Lakin cavabdeh inzibati orqan bunu etməyərək, sadə riyazi hesablamaları özündə əks etdirən məlumatalara istinad etməklə, əlavə araşdırma aparmadan, apardığı hesablamanı əsaslandırmadan, beləliklə də, mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtləri sübuta yetirmədən qərar qəbul etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıdan götürülmüş elektron yaddaş qurğusunda məlumatların emal edilməsi xüsusi bilik tələb edən sahə olduğu halda, vergi orqanı həmin prosesi hər hansı mütəxəssisin iştirakı olmadan həyata keçirmiş və buna dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir ki, bu da emal prosesinin və həmin prosesin sonunda əldə edilmiş məlumatların obyektivliyini şübhə altına alır. Belə ki, həmin elektron qurğuda olan məlumatlarla bağlı olaraq proqram təminatının baza məlumatlarının açıq olub–olmaması, mühafizə ilə təmin edilib-edilməməsi, məlumatlara istənilən formada dəyişiklik edilib-edilməməsi imkanı və s. müəyyən olunmalıdır ki, həmin məlumatlar mötəbər sübutlar hesab edilsin. Bundan başqa, Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini 67-ci maddədə göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin cavabdeh iddiaçının vergisini müəyyən edərkən Vergi Məcəlləsinin 67- ci maddəsinin ona verdiyi imkanlardan istifadə etməsinə dair hər hansı sübut təqdim etməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma verməmişdir. Cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.1.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla əlavə vergi öhdəliyinin hesablanması qanuni sayıla bilməz. Belə ki, məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən vergilərin hesablanması zamanı qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran elektron daşıyıcı məlumatlarından (“qara mühasibatlıq” sənədlərindən) istifadə edilmişdir. Halbuki, “Mühasibat uçotu haqqında” Qanunun 2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması zamanı qanuni yolla əldə edilmiş elektron fayllar – cədvəllər ilkin uçot sənədi hesab edilir. Sözügedən Qanunda qeyd olunduğu kimi elektron daşıyıcılarda olan təsdiqedici məlumatlar da ilkin uçot sənədi hesab edilmişdir. Mübahisələndirilən elektron daşıyıcıdakı fayllarda olan cədvəl məlumatlarında təsbit olunan kəmiyyət göstəricilərinin isə hansı ilkin sənədlər (idxal sənədləri, alqı-satqı aktları, elektron qaimə fakturalar, yükdaşıma sənədləri, ödəniş sənədləri, sair xərc sənədləri) əsasında əldə olunduğu qeyri-müəyyəndir. Vergi orqanı vergilərin hesablanması zamanı əlaqəli məlumat qismində yalnız rəsmi sənədlərdən, Vergi Məcəlləsi, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, qanunvericiliyin tələblərini pozaraq əlavə araşdırma aparmadan mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə etmişdir ki, bu da nəticədə iddiaçıya əsassız və qanunsuz əlavə vergi məbləğinin hesablanmasına əsas olmuşdur. Beləliklə göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı iddia tələbi əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçının barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********076300 nömrəli qərar ləğv edilməlidir. İPM-in 68.1 -ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********076300 nömrəli qərar ləğv edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №e-2-1(112)-8956/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8956/2023
19.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver