Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8961/2024 09.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X7, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları. İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Yeni Ramana qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən 3”a” saylı fərdi yaşayış evinə dair hüququn vəfat etmiş X4 məxsus olması haqqında arayışın verilməsini xahiş etmişdir. Cavadeh xx.xx.2024-cü il tarixli məktub ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, təqdim olunmuş 1966-cı il tarixli alqı-satqı müqaviləsi ilə fərdi yaşayış evinə dair İdarənin arxivində mövcud olan texniki pasport arasında uyğunsuzluq mövcuddur. Belə ki, alqı-satqı müqaviləsində ünvan ev 3/2 kimi qeyd olunsa da, texniki pasport “3a” saylı evə dair tərtib olunmuşdur. Bundan başqa, elektron kadastr məlumatına əsasən texniki pasportla faktiki sahənin perimetrik ölçüləri və konfiqurasiyasında ciddi fərqlər və uyğunsuzluqlar mövcuddur. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yeni Ramana qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən 3”a” saylı fərdi yaşayış evinə dair hüququn vəfat etmiş X4 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yeni-Raman qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən 3 saylı fərdi yaşayış evi üzrə 03 yanvar 1966-ci il tarixdə X9 ilə X6 arasında 4 saylı Bakı Dövlət Notariat kontorunda alqı-satqı müqaviləsi bağlanmış, lakin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını əldə etmədən 1995-ci ildə vəfat etmişdir. İddiaçı ərindən qalmış miras evə vərəsəlik işinin açılması ilə əlaqədar Bakı şəhəri 4 saylı Notariat ofisinə müraciət etmişdir. Notariat ofisi tərəfindən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən İddiaçı hüququn vəfat etmiş şəxsə (X2) məxsus olması haqqında arayışın verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixli 58 saylı məktub ünvanlanmışdır. Həmin məktub və digər sənədlərlə birlikdə Əmlak Xidmətləri Məkana ərizə ilə müraciət etmiş, lakin ünvanlarda fəqlilik olduğundan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməyimi tövsiyyə etmişlər. Bundan sonra iddiaçı sözügedən inzibati orqana rəsmi ərizə ilə müraciət etmişdir. Ərizəsinə cavab olaraq xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilir ki, Bakı şəhəri, Yeni-Raman qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən 3 “a” saylı fərdi yaşayış evinə dair X8 adına texniki pasport aşkar olunmuşdur. Sözügedən fərdi yaşayış evinin X2 adına keçməsinə dair məlumat arxiv əsaslarında aşkar edilməmişdir. Bakı şəhəri, Yeni-Ramana qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən 3 saylı fərdi yaşayış evi üzrə 03 yanvar 1966-ci il tarixdə X9 ilə X6 arasında 4 saylı Bakı Dövlət Notariat kontorunda alqı-satqı müqaviləsi bağlanarkən texniki səhvə yol verildiyindən, evin ünvanı 3 “A” əvəzinə 3/2 qeyd olunmuş və bu səbəbdən də miras əmlakı adına rəsmiləşdirə bilmədiyi üçün faktın müəyyən olunması barədə məhkəməyə ərizə ilə müraciət etmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(007)-5762/2023 saylı qətnaməsi ilə ərizənin təmin edilməsi və xx.xx.1966-ci il tarixdə X10 ilə X6 arasında 4 saylı Bakı Dövlət Notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsi üzrə Bakı şəhəri, Yeni-Raman qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən 3 №-li fərdi yaşayış evinə dair aparılmış notariat əməliyyatının həmin ünvanda yerləşən 3"a” №-li evlə aparılması hüquqi faktın müəyyən edilməsi qət edilmişdir. Cavabdehin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim etdiyi iddiaya etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş və qeyd etmişdir ki, elektron kadastr məlumatına əsasən texniki pasportla faktiki sahənin perimetrik ölçüləri və konfiqurasiyasında ciddi fərqlər və uyğunsuzluqlar mövcuddur. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən xx.xx.2024-cü il tarixli yerli baxış zamanı müəyyən edilmişdir ki, fərdi yaşayış evinin ümumi sahəsinin faktiki ölçüsü 74.6 kv.m, torpaq sahəsinin isə texniki pasporta əsasən ölçüsü 484.5 kv.m olsa da, faktiki ölçüsü 0.0902 ha-dır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia mənzilə dair mülkiyyət hüququnun mərhuma məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: -0******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1939-cu il tarixdə doğulmuşdur, Bakı şəhəri, Ramana qəsəbəsi, Bünyatzadə küçəsi, ev 3-də qeydiyyatdadır. - 010176 №-li evlənmək haqqında şəhadətnaməyə əsasən Salnikova (Fesenko) X5 Yuriy Aleksandroviç ilə xx.xx.1963-cü il tarixdə evlənmişdir. - xx.xx.1966-ci il tarixdə 4 saylı Bakı Dövlət Notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, X10 Bakı şəhəri, Yeni-Raman qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən 3/2 №-li fərdi yaşayış evini ilə X4 satmışdır. -İİ-JQ seriyalı 417673 №-li ölüm haqqında şəhadətnaməyə əsasən X6 xx.xx.1995-ci il tarixdə ölmüşdür. -Bakı şəhəri 4 saylı Notariat ofisinin xüsusi notariusu Səbuhi Əliyev tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 58 №-li məktuba əsasən, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən İddiaçı hüququn ölmüş şəxsə (X2) məxsus olması haqqında arayışın verilməsi xahiş edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən, Bakı şəhəri, Yeni Ramana qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən 3”a” saylı fərdi yaşayış evinin qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən, Bakı şəhəri, Yeni Ramana qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən 3”a” saylı fərdi yaşayış evinə dair arxiv sənədləri təqdim olunmuşdur. Həmin sənədlərdən görünür ki: - Bakı şəhəri, Bünyatzadə küçəsində yerləşən 3-a saylı fərdi yaşayış evinə dair “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport” R.T.Asdiyanın adına tərtib olunmuşdur. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 5762/2023 nömrəli qətnaməsi ilə xx.xx.1966-ci il tarixdə X10 ilə X6 arasında 4 saylı Bakı Dövlət Notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsi üzrə Bakı şəhəri, Yeni-Raman qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən 3 №-li fərdi yaşayış evinə dair aparılmış notariat əməliyyatının həmin ünvanda yerləşən 3 "A” №-li evlə aparılması hüquqi faktı müəyyən edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 26 noyabr 2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, ərazidə bir ədəd birmərtəbəli fərdi yaşayış evi mövcuddur. Evin ümumi sahəsi 74.6 kv.m təşkil edir. Məlumat üçün qeyd edirik ki, idarənin arxivində fərdi yaşayış evinə dair texniki pasport olmadığından müqayisə aparmaq mümkün olmamışdır. İddiaçı hazırda Bakı şəhəri, Yeni Ramana qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən 3”a” saylı fərdi yaşayış evinə dair hüququn vəfat etmiş şəxsə X4 məxsus olması haqqında arayışın verilməsini xahiş edir, cavabdeh isə alqı-satqı müqaviləsi ilə fərdi yaşayış evinə dair İdarənin arxivində mövcud olan texniki pasport arasında uyğunsuzluğun və əmlakın göstəriciləri ilə fərqin olduğuna istinad edərək müraciəti təmin etməkdən imtina edir. Hazırki işin faktiki hallarından görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən iki əsas ilə imtina etmişdir:
1. Alqı-satqı müqaviləsi ilə fərdi yaşayış evinə dair İdarənin arxivində mövcud olan texniki pasport arasında fərdi yaşayış evinin nömrəsinə dair uyğunsuzluğun olması;
2. Əmlakın texniki göstəricilərinə (ölçüləri) dair uyğunsuzluğun olmasıdır. Məhkəmə cavabdehin imtina əsasının birinci hissəsinə münasibətdə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: -1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. İş materiallarında olan sənədlərdən də göründüyü kimi mübahisəli ünvanda yerləşən əmlaka dair ilkin olaraq digər şəxsin adına verilmiş texniki pasportun mövcud olduğu müəyyən edilmişdir. Daha sonra, fərdi yaşayış evinin ilkin mülkiyyətçisi olan Raya Aspiyan həmin əmlakı Yuriy Salnikova satmış və tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Doğrudur ki, təqdim olunmuş sənədlərdə fərdi yaşayış evinin nömrəsi “3”, “3a” və “3/2” kimi müxtəlif formalarda göstərilmişdir. Bununla belə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi həmin uyğunsuzluğu aradan qaldırmışdır. Qətnamədə tərəflərin alqı-satqı müqaviləsinin konkret olaraq 3A nömrəli fərdi yaşayış evinə dair bağlandığı hüquqi fakt kimi təsbit edilmişdir. Məhkəmə diqqətə çatdırır ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarında göstərilmişdir ki, “Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.” Hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi hüququn mühafizəsi və hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Hüquqi əhəmiyyətli fakt, qanunvericilikdə və ya müqavilələrdə tərəflərin hüquqlarının həyata keçirilməsi və ya müdafiəsi üçün əsas rol oynayan faktiki hallardır. Bu faktların məhkəmə qərarı ilə təsdiq edilməsi, hüquq münasibətlərinin hüquqi statusunu dəqiqləşdirərək mübahisələrin həllində əsas hüquqi vasitəyə çevrilir. Məhkəmə qətnaməsi vasitəsilə hüquqi faktların müəyyən edilməsi, tərəflərin niyyətlərinin və hüquq iradələrinin hüquqi təsirinin məhz konkret obyektə yönəldiyini təsdiqləyir. Beləliklə, hüquqi əhəmiyyətli faktların təsdiqi, mübahisəli əmlak və ya münasibətlər üzrə gələcəkdə yarana biləcək hüquqi qeyri-müəyyənliklərin qarşısını alaraq hüquqi sabitlik yaradır. Bununla bağlı əldə edilən hüquqi nəticələr göstərir ki, sənədlərdə nömrələmədə mövcud olan fərqliliklər əsaslı şəkildə hüquqi baxımdan təsirsiz sayılmalıdır. Belə ki, məhkəmə qətnaməsi ilə tərəflərin niyyətlərinin və iradələrin məhz 3A ünvanlı əmlak üzərində yönəldiyi birmənalı olaraq təsdiqlənmişdir. Məhkmə qətnaməsinin hüquqi qüvvəsi bu mübahisəli hüquqların yalnız 3 A ünvanı üzrə tətbiqini əsaslı edir. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin imtinasının birinci əsası formal xarakter daşıyır. Cavabdehin irəli sürdüyü ikinci imtina əsası ilə bağlı isə qeyd olunur ki, elektron kadastr məlumatına əsasən texniki pasportla faktiki sahənin perimetrik ölçüləri və konfiqurasiyasında ciddi fərqlər və uyğunsuzluqların mövcud olmasıda hazırki vəziyyəti iddiaçının ziyanına dəyişmir. Çünki, iddiaçı məhz hüquqmüəyyənedici sənədlər əsasında mərhumun qeydiyyatını həyata keçirməyə nail olmaq istəyir ki, onun hər hansı əlavə ölçülərə münasibətdə tələbi olmamışdır. Bundan əlavə, işdə olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli məktubdan görünür ki, Bünyatzadə küçəsində yerləşən 3”a” saylı evin A tikintisinə bitişik 22,4 kv.m yaşayış, 9,9 kv.m dəhliz, 7,8 kv.m daxili dəhliz, 6,6 kv.m anbar, 4 kv.m hamam tikilmişdir. Həyətdə 5,8 kv.m toyuq damı, 7 kv.m carhovuz tikilmişdir. Mülkün ümumi torpaq sahəsi 432,3 kv.m artırılmışdır. Həmin məktubla vətəndaşın əmlak üzərində ilkin hüququnun qeydiyyata alınması barədə sərəncam verilməsi xahiş olunmuşdur. Göründüyü kimi, səlahiyyətli orqan həmin məktubla dəyişiklikləri qəbul edib, qeydə alınmasını xahiş etmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin irəli sürüyü bu əsas da hazırki iddianın təminini istisna etmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı iş üzrə mövcud sənədlərə əsasən gözlənilən mülkiyyət hüquqları iddiaçı tərəfindən yox, mərhum X6 tərəfindən reallaşdırıla bilməmişdir. Mülkiyyət hüququnun qeydiyyata alınmasına əsaslar mövcud olsa da, yəni mövcud hüquqmüəyyənedici sənədlər olsa da, həmin hüququn reallaşdırılmasından əvvəl şəxsin ölümü təbii haldır ki, həmin hüququn itirilməsi əsası qismində çıxış etmir. Yuxarıda adıçəkilən Qanunun 22.2-ci maddəsində də müəyyən edilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi vərəsə kimi iddiaçı tərəfindən fərdi yaşayış evinin mərhuma məxsus olması haqqında arayışın qeydiyyat orqanına təqdim edilməsi hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın vərəsəliklə bağlı sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi əsası qismində çıxış edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz olmuşdur, buna görə də iddia tələbi təmin olunmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin olunsun. Bakı şəhəri, Yeni Ramana qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən 3 “a” saylı fərdi yaşayış evinə dair mülkiyyət hüququnun vəfat etmiş X4 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova