Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8964/2025 05.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və plan-ölçünün verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində ona ayrılmış “164” saylı ölçüsü 527 kv.m olan bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə İddiaçı müvafiq Çıxarış və texniki pasportun verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İddiaçının nümayəndəsi (vəkili) tərəfindən xx.xx.2025-ci il tarixli ərizə ilə iddia tələbi “Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində ona ayrılmış “164” saylı ölçüsü 527 kv.m olan bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə İddiaçı çıxarış və plan-ölçünün verilməsi” kimi dəqiqləşdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər X5 İcraiyyə Komitəsinin 10/369 nömrəli 22 sentyabr 1989-cu il tarixli qərarı ilə Türkan qəsəbəsində “Bakıelektropribor” İB-nə hazırkı hüquqi varisi "xxxx" ASC-nə 12,45 ha bağ sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları sxemi tərtib edilərək İdarə tərəfindən təsdiq edilmişdir. Qərarla ayrılan torpaq sahəsi Birliyin 200 (iki yüz) nəfər işçisi arasında bölünmüş və həmin siyahıda olan şəxslərin həmin vaxt əksəriyyəti erməni millətindən olan şəxslər olmuşdur. Məlum hadisələrlə əlaqədar ermənilər ölkəni tərk edəndən sonra siyahıda olan köçüb gedən ermənilərin əvəzinə Birliyin digər işçilərinin əlavə edilməsi qərara alınmışdır. Belə ki, “Çinar" X4 birliyinin 07 oktyabr 1997-ci il tarixli yığıncağının qərarı ilə ölçüsü 527 kv.m olan “164” saylı torpaq sahəsi İddiaçı bağ sahəsi kimi verilmişdir. Həmin torpaq sahəsinə dair ona həm də bağçının üzvülük kitabçası da verilmişdir. Göstərilən vaxtdan da həmin torpaq sahəsi onun sahiblik və istifadəsindədir. Tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində ona ayrılmış “164” saylı, ölçüsü 527 kv.m olan bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə ona müvafiq Çıxarış və texniki pasportun verilməsinin təmin edilməsi xahiş edilmişdir. Lakin müraciətinə xx.xx.2025-ci il tarixli cavab məktubu ilə təmamilə əsassız cavab verilərək, qanunsuz olaraq ərizəsi təmin edilməmişdir. Hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən müraciətimin təmin edilməməsi təmamilə əsassızdır və bu onun Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə qorunan hüquqlarımın pozulmasına gətirib çıxarır. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, hesab edir ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində ona ayrılmış “164’' saylı, ölçüsü 527 kv.m olan bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə ona müvafiq Çıxarış və texniki pasportun verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair müvafiq qərar qəbul edilməlidir.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, idarənin arxiv məlumatlarına əsasən bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında adı, həmçinin idarənin arxiv qovluğunda bölgü sxemi aşkar olunmamışdır. Bundan başqa, təqdim edilmiş üzvlük kitabçasında bağın nömrəsi qeyd olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasının imtina edilmişdir.
5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı “Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində ona ayrılmış “164” saylı, ölçüsü 527 kv.m olan bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə İddiaçı müvafiq Çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********37 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin arxiv məlumatlarına əsasən bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı, həmçinin idarənin arxiv qovluğunda bölgü sxemi aşkar olunmamışdır. Bundan başqa, təqdim edilmiş üzvlük kitabçasında bağın nömrəsi qeyd olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1 -ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
6. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli sənəd surətinin təqdim edilməsi barədə məktuba əsasən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş müayinə aktının və “Çinar” bağçılıq yoldaşlığına aid sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir: - xx.xx.2025-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətlərini əks etdirən müayinə (baxış) aktına əsasən bağ sahəsinin torpaq sahəsi 0,0527 ha-dır. Sərhədləri iki tərəfdən qonşu hasarlarla ayrılıb, digər iki tərəfdən isə döngə nöqtəsinə mişar daşları qoyulub, döngə nöqtələrinin araları isə şərtidir. Tikili yoxdur, arxiv şöbəsi tərəfindən baxılması məqsədə uyğundur.
7. “Çinar” X4 birliyinin 07 oktyabr 1997-ci il tarixli yığıncağının 4 №-li protokolundan çıxarışda qeyd edilmişdir ki, Bakı şəhəri X5 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 10/369 №-li qərarına əsasən Bakı şəhəri Əzizbəyov rayonu Türkan qəsəbsi ərazisində əmək kollektivinə bağçılıq yoldaşlığı üçün torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində “Bakıelektrikməişətcihazqayırma” İstehsalat Birliyinin 200 nəfərlik kollektivinin yoldaşlıq bağçılığı təsərrüfatının üzvü X2 torpaq sahəsi ayrılmışdır. X3 1990-cı ildə respublikanı tərk edərək getdiyinə görə həmin torpaq sahəsi uzun müddət baxımsız qalmışdır. Bu səbəbdən də həmin sahə kollektivinin üzvü İddiaçı sahəsi 527 kv.m olan 164 saylı sahə bağ sahəsi kimi verilmişdir.
8. Bakı şəhəri XDS İK-nin xx.xx.1989-cu il tarixli 10/369 nömrəli qərarı ilə Xəzər (Əzizbəyov) rayonu, Türkan qəsəbəsində “Bakelektrobıtpribor” İB-nin əmək kollektivinə bağçılıq yoldaşlığına ayrılmış 12,45 ha torpaq sahəsinin bölgü sxemi iş materiallarına əlavə edilmişdir.
9. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
10. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
11. İddia tələbi plan və ölçü sənədinin tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.
12. “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinə əsasən “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilmişdir.
13. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
14. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
15. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
16. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
17. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
18. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
19. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
20. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
22. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
23. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
24. X6 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
25. X6 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
26. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində ona ayrılmış “164” saylı ölçüsü 527 kv.m olan bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsini tələb etmişdir.
27. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - “Çinar” bağçılıq yoldaşlığın üzvlərinin siyahısında 30-cu sırada X1 adı qeyd olunmuşdur. - “Çinar” X4 birliyinin 07 oktyabr 1997-ci il tarixli yığıncağının 4 №-li protokolundan çıxarışda qeyd edilmişdir ki, Bakı şəhəri X5 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 10/369 №-li qərarına əsasən Bakı şəhəri Əzizbəyov rayonu Türkan qəsəbsi ərazisində əmək kollektivinə bağçılıq yoldaşlığı üçün torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində “Bakıelektrikməişətcihazqayırma” İstehsalat Birliyinin 200 nəfərlik kollektivinin yoldaşlıq bağçılığı təsərrüfatının üzvü X2 torpaq sahəsi ayrılmışdır. X3 1990-cı ildə respublikanı tərk edərək getdiyinə görə həmin torpaq sahəsi uzun müddət baxımsız qalmışdır. Bu səbəbdən də həmin sahə kollektivinin üzvü İddiaçı sahəsi 527 kv.m olan 164 saylı sahə bağ sahəsi kimi verilmişdir. - Bakı şəhəri XDS İK-nin xx.xx.1989-cu il tarixli 10/369 nömrəli qərarı ilə Xəzər (Əzizbəyov) rayonu, Türkan qəsəbəsində “Bakelektrobıtpribor” İB-nin əmək kollektivinə bağçılıq yoldaşlığına ayrılmış 12,45 ha torpaq sahəsinin bölgü sxemi iş materiallarına əlavə edilmişdir. - xx.xx.2025-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətlərini əks etdirən müayinə (baxış) aktına əsasən bağ sahəsinin torpaq sahəsi 0,0527 ha-dır. Sərhədləri iki tərəfdən qonşu hasarlarla ayrılıb, digər iki tərəfdən isə döngə nöqtəsinə mişar daşları qoyulub, döngə nöqtələrinin araları isə şərtidir. Tikili yoxdur, arxiv şöbəsi tərəfindən baxılması məqsədə uyğundur.
28. Odur ki, məhkəmə hesab edir ki, “Çinar” X4 birliyinin 07 oktyabr 1997-ci il tarixli yığıncağının 4 №-li protokolundan çıxarış iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir.
29. Cavabdeh imtinanın dəlili olaraq bildirmişdir ki, idarənin arxiv məlumatlarına əsasən bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı, həmçinin idarənin arxiv qovluğunda bölgü sxemi aşkar olunmamışdır. Bundan başqa, təqdim edilmiş üzvlük kitabçasında bağın nömrəsi qeyd olunmamışdır.
30. Məhkəmə bununla bağlı müəyyən edir ki, iddiaçı “Çinar” X4 Birliyinin üzvü olmuşdur (üzvlük kitabçasının surəti iş materiallarında mövcuddur) və üzvlərin iclasından protokoldan çıxarış mövcuddur. Faktiki olaraq torpaq hazırda “Çinar” X4 Birliyi tərəfindən iddiaçıya ayrılmış və hazırda onun istifadəsindədir. Torpaqla bağlı hər hansı mübahisə yoxdur. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən bağ sahəsi ilkin olaraq X2 (bağçılıqyoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında adı mövcuddur) ayrılmışdır. X3 1990-cı ildə respublikanı tərk etdiyi üçün həmin torpaq sahəsi uzun müddət baxımsız qalması səbəbi ilə həmin sahə kollektivinin üzvü İddiaçı sahəsi 527 kv.m olan 164 saylı sahə bağ sahəsi kimi verilmişdir.
31. Məhkəmə hesab edir ki, 1988-1989-cu il tarixli məlum hadisələrdən sonra erməni əsilli X1 ölkəni tərk etməsi işin mübahisəsiz halıdır.
32. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var və cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
33. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
34. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
35. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. “Çinar” X4 Birliyinin üzvü kimi İddiaçı ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən ölçüsü 527 kv.m olan 164 saylı torpaq sahəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, adına çıxarışın və plan ölçü sənədinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva