Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8965/2025 21.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı üçüncü şəxslər X10, X2 və X9 “yaşayış sahəsindən qeydiyyatdan çıxarma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Nizami rayon Polis İdarəsinə qarşı (X10, X2 və X9 üçüncü şəxs qismində cəlb edilməklə) “yaşayış sahəsindən qeydiyyatdan çıxarma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 21 avqust 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikasının "xxxx" MMC tərəfindən tərtib edilmiş, inventarlaşdırma tarixi xx.xx.2019-cu il olan, Fiziki və hüquqi şəxslərin mülkiyyətində və ya istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaq sahəsinin inventarlaşdırılmasına dair Hesabat cədvəlinə əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 86.0 kv.m., torpağın sahəsi 127.0 kv.m., inventar dəyəri 32500 (otuz iki min beş yüz) manat təşkil edən yaşayış evi İddiaçı (bundan sonra – iddiaçı) sahibliyi və istifadəsindədir. Azərbaycan Respublikasının "xxxx" MMC tərəfindən tikinti və torpaq sahəsinin baş planı, mədaxil qəbzləri tərtib edilərək iddiaçıya verilmişdir. xx.xx.2019-cu il tarixli Akta əsasən, X10 özünə məxsus ünvan 2 ünvanda yerləşən 1,204 sotra ümumi sahəsi 76,3 kv.m. olan 3 otaqlı evini 55500 (əlli beş min beş yüz) manat müqabilində İddiaçı satmış, imzası ilə iddiaçıdan 55000 manat pul adığını təsdiq etmişdir. Alıcı – iddiaçı, satıcı – X10, şahidlər: X2 və X3 imzaları ilə aktı təsdiq etmişlər. "xxxx" ASC Nizami rayon Sukanal İdarəsinin rəisi İntiqam Kərimov ilə iddiaçı “Su təchizatı və tullantı suları haqqında” Qanununa və “Sudan istifadə Qaydaları”na uyğun olaraq, xx.xx.2019-cu il tarixli müqavilə bağlamışlar. “Azəriqaz” İB ilə iddiaçı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AKX-00638xx/xx-2019 nömrəli, xx.xx.2019-cu il tarixli Müqavilə bağlamışdır. "xxxx" ASC-nin AB 014389 nömrəli Arayışına əsasən, ünvan 3 ünvanında yerləşən mənzil üçün iddiaçının xx.xx.2019-cu il tarixə Azəriqaz ASC-yə elektrik enerjisindən borcu yoxdur. Daxili İşlər Nazirliyinin "Yaşayış yeri üzrə qeydiyyat haqqında" xx.xx.2024-cü il tarixli, ******* №-li arayışına əsasən X10, X2 və X9 (bundan sonra – üçüncü şəxslər) həmin mənzildə qeydiyyatdadırlar. İddiaçı üçüncü şəxslərin həmin fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubu ilə iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İddiaçının əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 44/4 saylı evdən maraqlı şəxslər X10, X2 və X4 qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsi ünvanında yerləşən 44/4 saylı evi cavabdeh X5 almışdır. İddiaçı Könül Abbas'ova tərəfindən aldığı evə dair bütün kommunal ödənişlər (işıq, qaz, su) adma keçirilmiş, bu günə kimi tərəfindən ödənilmiş, aldığı vaxtdan da o, həmin evdə yaşayır və evdə təmir işləri aparmışdır. Lakin evin keçmiş mülkiyyətçisi ailə üzvləri ilə birlikdə iddiaçının mülkiyyətdə olan evdən qeydiyyafdan çıxmamışdırlar. Maraqlı şəxslərin formal qeydiyyatına görə iddiaçının mülkiyyətində olan mənzilin üzərində sərəncam verə bilmir, mənzilini bağışlamaq, satmaq, girov qoymaq və s. kimi əqdləri həyata keçirilməsi hüquqlarından süni surətdə məhrum edilmişdir. Hazırda iddiaçının maraqlı olan şəxləri ilə heç bir əlaqəsi yoxdur. İddiaçı evdən kənar şəxslərin qeydiyyatdan çıxarılmasına dair ərizə ilə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə müraciət etmiş, lakin cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 05 mart 2025-ci il tarixli, 3-13-52/2-A-7672/25 №-li məktubu ilə maraqlı şəxslərin qeydiyyatdan çıxarılmasından imtina vermiş və bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Həmin məktub poçt vasitəsi ilə 13 mart 2025-ci il tarixdə təqdim edilmişdir. Hesab edirlər ki, cavabdeh tərəfindən verilmiş imtina məktubu əsassızdır. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Üçüncü şəxslərdən X10 və X1 məhkəmə iclasının vaxtı və yeri barədə SMS bildiriş göndərilsə də, onlar məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Mülki prossual Məcəllənin 135.7-ci maddəsinə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Digər üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə hər hansı məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının fərdi yaşayış evinə mülkiyyət hüququ qeydə alınmasa da, o həmin evə sahiblik və istifadə edən şəxs kimi hazırkı iddianı irəli sürməkdə subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektv hüquq üç elemenin məcmusu kimi qiymtələndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir Hazırkı halda iddiaçının subyektiv hüququ faktiki olaraq sahibliyində olan daşınmaz əmlaka sahiblik hüququna dair qanundan irəli gəlir. Belə ki, iddiaçı fərdi yaşayış evinə görə faktiki olaraq üçüncü şəxslərin əvəzinə də kommunal xidmətlər ödəmək məcburiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 159. Əşyaya sahiblik Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. ... Maddə 164. Sahibliyin müdafiəsi 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Maddə 165. Sahibliyin pozulması 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Həmin ev iddiaçının sahiblik və istifadəsindədir və üçüncü şəxslər həmin evdə pasport qeydiyyatındadırlar. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı üçüncü şəxslərin həmin evdən pasport qeydiyyatından çıxarılmasına yönəlmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Hazırkı iş üzrə müəyyən edilir ki, üçüncü şəxslər faktiki yaşamadığı və istifadə hüququ olmadığı iddiaçının istifadəsi və sahibliyində olan fərdi yaşayış evində qeydiyyatdadırlar. Belə ki, iş matereallarında olan Nizami rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba əsasən, həmin ünvanda iddiaçı sözügedən ünvanda tək yaşayır. Üçüncü şəxslər həmin evdə yaşamırlar. Həmçinin məhkəmə araşdırmasa zamanı Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubuna əsasən, X10 xx.xx.2014-cü il tarixdən, X2 xx.xx.2014-cü il tarixdən, X9 xx.xx.2014-cü il tarixdən hal-hazıradək sözügedən ünvanda yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Aktdan görünür ki, iddiaçı həmin evi X5 almışdır və hazırda həmin ev iddiaçının sahibliyindədir. Həmçinin iş matereallarında olan kommunal qəbzləri və bildirişlərindən müəyyən edilir ki, sözügedən yaşayış evi iddiaçının istifadəsindədir. Göründüyü kimi fərdi yaşayış evi iddiaçının sahibliyi və istifadəsindədir, lakin həmin evdə evin keçmiş sahibi və ailə üzvləri olan üçüncü şəxlər qeydiyyatdadırlar. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, üçüncü şəxslərin mübahisəli fətdi yaşayış evinin pasport qeydiyyatından çıxarılması öhdəliyi cavabdehə həvalə edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında mənzilə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Konkret bu halda, “qanunun keyfiyyəti” ilə bağlı məsələdən söz edilə bilər. Belə ki, qanun yaşayış sahəsinə köçmək üçün özünə məxsus ayrıca müstəqil hüquqi əsası olmayan şəxsin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyata alınmasını mümkün hesab etdiyi halda, yenə həmin kateqoriyaya aid şəxslərin yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanını da nəzərdə tutmalıdır. Bu, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsinin tələbindən irəli gəlir. Həmin maddəyə görə normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibət) əsaslanmalıdır. Bu halda, vətəndaşa yaşayış sahəsi verən şəxsin mənafeyinə bərabər münasibət göstərilməmiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin qanun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcə də müvafiq şəxs üçün “çatımlı” olmalı və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda “öncədən görmək” mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. Beləliklə, ümumi hüquqi tənzimləmə sistemində müəyyənlik, hüquq normalarının anlaşıqlı, aydın və proqnozlaşdırıla bilən olması, onların tənzimlədikləri sahələrdə ardıcıl şəkildə bərabər mənafelərə bərabər münasibətə əsaslanmaları xüsusi əhəmiyyət kəsb edir. Qanunvericilik tənzimləmələrinin göstərilən tələblərə uyğun həyata keçirilməsi hüququn aliliyinin ayrılmaz elementi olaraq həm qanunvericilik, həm də hüquq tətbiqetmə fəaliyyətində insan hüquqlarının səmərəli müdafiəsinin təmin olunması üçün zəmanət yaradır. Ona görə də, hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün isə hüquq normaları yuxarıda da qeyd edildiyi kimi anlaşıqlı, aydın və proqnozlaşdırıla bilən olmalı və ardıcıl şəkildə bərabər mənafelərə bərabər münasibətə əsaslanmalıdırlar. Göstərilənləri nəzərə alaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin tələbi əsasında yaşayış sahəsinə münasibətdə hər hansı əmlak hüquqlarının sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması həmin qanunvericilik tənzimləməsinin hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyinə dəlalət edir. Bu halda, “qanunun keyfiyyəti” ilə bağlı həmin qüsur məhkəmə təcrübəsində formalaşdırılan təfsir vasitəsilə aradan qaldırılmalıdır. Bu mənada, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın vətəndaşlar üçün yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla mülkiyyətçinin tələbi əsasında yaşayış sahəsinə münasibətdə hər hansı əmlak hüquqlarının sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Bununla bağlı həmçinin qeyd olunmalıdır ki, həmin şəxslərin qeydiyyatdan çıxarılmaları onlar üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onların yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə qeydiyyata alına bilərlər. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. X10, X2 və X4 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-8965/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8965/2025
21.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver