Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8969/2025 04.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində cəlb edilməklə) “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 4 sentyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 52 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Qum adası” X2 İdarəsinin xx.xx.2003-cü il tarixli, 01-7/510 saylı müraciətini nəzərə alaraq, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli, 156 saylı sərəncamı ilə Suraxanı rayonu, Zığ qəsəbəsinin cənub hissəsində kollektiv bağçılıq təsərrüfatı yaratmaq üçün ayrılmış əraziyə, əlavə olaraq 3,5 ha torpaq sahəsi, icarə əsasında istifadəyə verilmişdir. İddiaçı (bundan sonra – iddiaçı) Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 11 fevral 2025-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməyərək bildirmişdir ki, təqdim edilmiş sənədlər surəidir. Bundan başqa, idarənin arxiv məlumatlarına əsasən “Qum adası" DQll-nin “Günəşli” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısı idarənin arxivində aşkar olunmamışdır. Həmçinin təqdim edilmiş sənədlərdə torpaq sahəsinin ölçüsü göstərilməmişdir. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən “291” saylı 0,0534 ha olan torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2005-ci il tarixində "Qum adası" DQİİ-nin müdriyyətinin, HİK-nin və “Günəşli” bağçılıq Təsərüffatının İdarə heyətinin birgə iclasının 7 (yeddi} saylı Protokoluna əsasən ona 5 (beş) nəfər ailə üzvü olmaqla Bakı şəhəri, Suraxanı rayonu. Zığ qəsəbəsində 291 № li sahə istifadəsinə verilmişdir. Artıq 18 (on səkkiz) ildir ki, istifadəsinə ayrılmış 291 №li torpaq sahəsindən istifadə edir. Lakin, xx.xx.2005-ci il tarixli təsərüffata üzvlük vəsiqəsində, 291 №li torpaq sahəsinin ayrılması barədə xx.xx.2005-ci il tarixli 7saylı protokolunda eyniləşdirmə məlumatları olan adı və soyadı səhv olaraq qeyd edilmişdir. Belə ki, AR vətəndaşının şəxsiyyət vəsiqəsində adı “Fətdah” soyadı isə “Məhəmmədfətdah” oğlu kimi qeyd edilsə də - xx.xx.2005-ci il tarixli təsərüffata üzvlük vəsiqəsində isə səhv olaraq “Fəttah”, soyadı isə “Məhəmmədfateh” oğlu kimi qeyd olunmuşdur. 291 № li torpaq sahəsinin ayrılması barədə xx.xx.2005-ci ii tarixli 7-saylı protokolunda adı səhv olaraq “Fəttah” soyadı isə səhv olaraq “Məmmədfateh” oğlu kimi qeyd edilməsi hal-hazırda ciddi problemlər yaradır. Belə ki, bu səhvlik daha dəqiq desə 291 №li torpaq sahəsinin ilkin qeydiyyata alınması ilə bağlı aidiyyatı quruma müraciəti zamanı qeyd edilən torpaq sahəsinin ona aid olmasını müəyyənləşdirə bilmir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur. Əlavə olaraq qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən sahə bağçılıq-yoldaşlıq təsərrüfatlarına ayrılmış ərazilərin ayrıcından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Eləcə də torpaq sahəsi tamamilə qaz xəttinin mühafizə zolağı daxilindədir. İddia ərizəsində qeydiyyata alınması xahiş olunan torpaq sahəsinin ölçüsü 3,5 ha qeyd edilsə də, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı faktiki torpaq sahəsinin ölçüsünün 0,0534 ha olduğu müəyyən edilmişdir. Üçüncü şəxs iddia tələbinə qarşı yazılı münasibətini təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X1 Limited” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Bu səbəbdən, həmçinin qanuvericiliyin tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Bundan başqa, Qaz İxrac idarəsi Abşeron MQKS-ə məxsus “Qum adası-Bayramzadə İEM (D 530 mm, yerüstü, Layihə təzyiqi 1.2 MPa (12 kqq/kv. sm) istifadəyə verildiyi tarix 2000/2014) yüksək təzyiqli qaz kəmərinin mühafizə zolağına düşür (tam olaraq) və qaz kəməri torpaq sahəsindən 19 m məsafədən keçir (Buffer-50m). "Azəriqaz" İB-nin balansında olan “Qum adası-Qazanlar QPS (Ağ şəhər)” (D 530 mm, yerüstü, Layihə təzyiqi 1.2 MPa (12 kqq/kv. sm) istifadəyə verildiyi tarix 1963/2012) yüksək təzyiqli qaz kəmərinin mühafizə zolağına düşür (Tam olaraq) və qaz kəməri torpaq sahəsindən 18 m məsafədən keçir (Buffer- 50m). Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Hazırkı iddia tələbində iddiaçının hüquqi marağı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən “291” saylı 0,0534 ha olan torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasına yönəlmişdir. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir: 1) təqdim edilmiş sənədlər surətdir; 2) idarənin arxiv məlumatlarına əsasən “Qum adası" DQll-nin “Günəşli” bağçılıqyoldaşlıq təsərrüfatı üzvlərinin siyahısı idarənin arxivində aşkar olunmamışdır; 3) təqdim edilmiş sənədlərdə torpaq sahəsinin ölçüsü göstərilməmişdir. 4) elektron kadastr məlumatlarına əsasən göstərilən sahə bağçılıq-yoldaşlıq təsərrüfatlarına ayrılmış ərazilərin ayrıcından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. 5) torpaq sahəsi tamamilə qaz xəttinin mühafizə zolağı daxilindədir. Məhkəmə hesab edir ki, cavabdehin imtina dəlilləri əsaslıdır və iddia tələbi rədd ediıməlidir. Belə ki, hazırkı iddianın növü öhdəliyin icrası haqqında iddiadır və iddia tələbinin əsaslılığının yoxlanılması üçün ilk növbədə tələbin qanuni əsası müəyyən edilməlidir. İddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1. və 139-1.1.7-ci və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0 və 8.0.7-ci maddələri təşkil edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı hüquqmüəyyənedici sənəd kimi, “Qum adası” DQİİ-nin müdriyyətinin, HİK-nin və “Günəşli” bağçılıq təsərrüfatının idarə heyətinin xx.xx.2005-ci il tarixli birgə iclasının 7 saylı protokoldan çıxarışın və üzvlük kitabçasını surətini təqdim edir. İddiaçı cavabdeh İdarəyə müraciət edərkən həmin sənədlərin surətlərini təqdim etmiş və cavabdeh imtina məktubunda bu halı qeyd etmişdir. İddiaçı iddia ərizəsində bu hala münasibət bildirməməklə hüquqmüəyyənedici kimi istinad etdiyi sənədlərin əslini və ya lazımı qaydada təsdiq edilmiş surətini məhkəməyə də təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Cavabdeh, İdarənin arxiv məlumatlarına əsasən “Qum adası" DQll-nin “Günəşli” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısı idarənin arxivində aşkar olunmadığını qeyd edir və iddiaçının təqdim etdiyi sənədlərin surət olmasını bildirir. Belə olan olan halda, iddiaçının hüquqmüəyyənedici sənədlərin mötəbərliliyini cavabdeh şübhə altına alır. İddiaçı isə, mötəbər hüquqmüəyyənedici sənədə malik olması ilə bağlı sübutları məhkəməyə təqdim etməli olduğu halda, bunu etməmişdir. Həmçinin iş materiallarında olan və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş SOCAR-ın xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Baş Ofisin Mərkəzi Arxivində saxlanılan sənədlər arasında iddiaçıya “Günəşli” bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən torpaq sahəsinin ayrılmasına dair sənəd aşkar edilməmişdir. Göründüyü kimi, iddiaçı bağ sahəsinə dair mötəbər hüquqmüəyyənedici sənədə malik olmasını sübuta yetirə bilmir. Məhkəmə qeyd edir ki, iddiaçı torpaq sahəsinə mötəbər sənəd təqdim etsə belə, iddia tələbinin təmin olunması üçün əsas yoxdur. Belə ki, cavabdehin digər dəlili ondan ibarətdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatlarına ayrılmış ərazilərin ayrıcından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kolllegiyasının 2- 1(102)-2201/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli qərarında (məhkəmə təcrübəsinin vahidliyi baxımından 3 ulduzla işarələnmiş qərar) qeyd edilmişdir ki, “...bağ-torpaq sahəsinə dair hüquqların qeydiyyata alınması ilə bağlı işlərə baxılarkən, cavabdeh mübahisələndirilən torpaq sahəsinin bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktına və bölgü sxeminə əsasən ayrılan ərazidən kənarda yerləşməsi barədə dəlilə istinad edirsə, sözügedən ayrıc aktını və bölgü sxemini, eləcə də onlara əsaslanan kənarda yerləşməyə dair müvafiq sübutları təqdim etmək öhdəliyi daşıyır. Öz növbəsində, məhkəmələr həmin mübahisəli hal üzrə nəticəyə, qeyd edilən sənədlər və sübutları işdəki digər sübutlarla əlaqəli, birgə və məcmu halda tədqiq etməklə gəlməlidirlər. Bağ-torpaq sahəsinə dair hüquqların qeydiyyata alınması ilə bağlı mübahisələrə baxılarkən cavabdeh məhz ayrıc aktı və bölgü sxeminə istinadla mübahisəli torpaq sahəsinin bağçılığa ayrılan ərazinin hüdudlarından kənarda yerləşdiyini bildirdikdə və həmin sənədləri təqdim etdikdə, ayrıc aktı və bölgü sxeminin məlumatlarının nəzərə alınmadığı tədqiqat nəticəsi iş üzrə mübahisələndirilən halların mötəbər qaydada müəyyənləşdirilməsi kimi qəbul edilə bilməz. Bağ-torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasına dair tələbin təmin edilməsi mübahisəli torpaq sahəsinin bağçılığa ayrılmış ərazinin daxilində yerləşməsinə dair faktiki halın müəyyən olunmasından asılıdır”. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən məhkəməyə “Günəşli” bağçılıqyoldaşlıq təsərrüfatına ayrılmış torpaqların ayrıc aktı, iddiaçının iddia etdiyi torpaq sahəsinin koordinatları, həmçinin həm iddia edilən torpaq sahəsinin həm də, “Günəşli” bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılmış torpaqların yerləşməsini müəyyən etməyə imkan verən ortofoto görüntüsü təqdim edilmişdir. Ortofoto görüntüsündən müəyyən edilir ki, iddia edilən torpaq sahəsi “Günəşli” bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılmış torpaqların ayrıc tamamilə kənarda yerləşir. Bundan başqa torpaq sahəsinin yüksək təzyiqli qaz kəmərinin mühafizə zolağına yerləşməsi təhlükə potensiallı ərazi baxımından da iddiaçının tələbinin təmin edilməsini istisna edir. Üçüncü şəxs iddia tələbinə verdiyi etiraz ərizəsində mübahisəli torpaq sahəsi Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X1 Limited” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Bu səbəbdən, həmçinin qanuvericiliyin tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Bundan başqa, Qaz İxrac idarəsi Abşeron MQKS-ə məxsus “Qum adası-Bayramzadə İEM (D 530 mm, yerüstü, Layihə təzyiqi 1.2 MPa (12 kqq/kv. sm) istifadəyə verildiyi tarix 2000/2014) yüksək təzyiqli qaz kəmərinin mühafizə zolağına düşür (tam olaraq) və qaz kəməri torpaq sahəsindən 19 m məsafədən keçir (Buffer-50m). "Azəriqaz" İB-nin balansında olan “Qum adası-Qazanlar QPS (Ağ şəhər)” (D 530 mm, yerüstü, Layihə təzyiqi 1.2 MPa (12 kqq/kv. sm) istifadəyə verildiyi tarix 1963/2012) yüksək təzyiqli qaz kəmərinin mühafizə zolağına düşür (Tam olaraq) və qaz kəməri torpaq sahəsindən 18 m məsafədən keçdiyini (Buffer- 50m) bildirmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” qaydaları: 2.7. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı iddia etdiyi torpaq sahəsinə dair mötəbər hüquqmüəyyənedici sənədə malik olmadığından, həmçinin torpaq sahəsi bağçılığın ayrıc aktında kənarda və qaz kəmərinin mühafizə zolağında yelrəşdiyindən cavabdehin imtinası əsaslı və qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə uyğundur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. “Torpaq islahatı haqqında qanunun” 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Torpaq Məcəlləsinin 10-cu maddəsinin 1, 4 və 5-ci bəndlərinə əsasən, torpaqların məqsədli təyinatı - torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndi). Torpaq Məcəlləsinin 82-ci maddəsinə görə isə torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; ... İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-8969/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8969/2025
04.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver