Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-897/2024 27.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti işə cəlb edilməklə “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2, 3-cü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti işə cəlb edilməklə “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Əzizbəyov (indiki Xəzər) X5 İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 12 saylı sərəncamı ilə ona fərdi ev tikintisi üçün ayrılmış 800 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əzizbəyov (indiki Xəzər) X5 İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli, 12 saylı sərəncamı ilə Buzovna qəsəbəsi, 54 nömrəli sahədə ona fərdi ev tikintisi üçün 800 kv.metr torpaq sahəsi ayrılmışdır. Ona fərdi ev tikintisi üçün ayrılmış torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının 03 dekabr 2012-ci il tarixli, C-55/2-091/2 saylı məktubu ilə ona təqdim edilmişdir. Həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən çıxarış alınması üçün 10 fevral 2022-ci il tarixdə cavabdehə müraciət etmişdir. Müraciətinə cavab olaraq həmin ərazinin Azərbaycan Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş torpaqlara aid olduğu bildirilmiş və ərizənin təmin edilməsindən imtina edilmişdir. Bildirir ki, 1992-ci il tarixdən o, həmin torpaq sahəsində ev inşa etmiş və hazırda ailə üzvləri ilə birgə həmin torpaq sahəsində inşa edilmiş evdə yaşayır. Həmin torpaq sahəsi ona həmin vaxt sözügedən sahəni vətəndaşların istifadəsinə vermək səlahiyyəti olan X4 Soveti İcraiyyə Komitəsi tərəfindən verilmişdir. Hesab edir ki, cavabdeh əsassız olaraq X4 Soveti İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli, 12 saylı sərəncamı ilə Buzovna qəsəbəsi, 54 nömrəli sahədə ona fərdi ev tikintisi üçün ayrılmış 800 kv.metr torpaq sahəsinə dair onun mülkiyyət hüquqlarını qeydə almaqdan və mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə çıxarış verməkdən imtina etmişdir. İlk növbədə onu qeyd edir ki, sözügedən torpaq sahəsinin fərdi ev tikintisi üçün istifadə ayrılması həmin vaxt tam qanuni əsaslarla müvafiq səlahiyyəti olan X4 Soveti İcraiyyə Komitəsi tərəfindən həyata keçirilmişdir. Torpaq sahəsi X4 Soveti İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli, 12 saylı sərəncamı ilə ayrıldığı halda Azərbaycan Dövlət Neft Şirkəti Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il Fərmanı ilə X3 və X1 bazasında yaradılmışdır. Belə olduğu halda təbii sual yaranır ki, onun qanuni istifadəsinə verilmiş torpaq sahəsi orada fərdi yaşayış evi tikib yaşadığı halda ona torpaq sahəsi ayrılan zaman, ümumiyyətlə, mövcud olmayan, sonradan yaradılmış bir quruma necə və hansı əsaslarla verilə bilər. Bununla yanaşı cavabdeh tərəfindən həmin ərazinin hansı mötəbər sənəd, hansı dövlət orqanının aktı əsasında Azərbaycan Dövlət Neft Şirkətinə verilməsi barədə heç bir məlumat verilməmişdir. Buna görə də, hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır.
3. Məhkəmənin e-2-1(112)-7437/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iş üzrə üçüncü şəxs qismində cəlb edilmişlər.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı müvafiq tələblə xx.xx.2019-cu il və xx.xx.2023-cü il tarixli ərizələr ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. Bundan əlavə, təqdim edilən qərarda düzəlişlər mövcuddur və düzəlişlər səlahiyyətli qurum tərəfindən təsdiq edilməmişdir. Bu səbəblərdən ərizənin icrası idarə tərəfindən mümkün olmamışdır və iddiaçıya xx.xx.2020-ci il tarixli, **********56 nömrəli və xx.xx.2023-cü il tarixli, **********44 nömrəli cavab məktubları ünvanlanmışdır.
6. 3-cü şəxs tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı fərdi evin tikilməsi üçün çıxarışın verilməsinə dair müraciət etdiyi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 54 nömrəli sahədə 800 kv.m torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İB-nin daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir. Həmçinin, həmin torpaq sahəsi ilə ləğv olunmuş 38 saylı neft-qaz quyusunun 11 metrlik, 501 saylı neft-qaz quyusunun 26 metrlik və 941 saylı neft-qaz quyusunun 31 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
9. Şifahi məhkəmə baxışı iclasında iştirak edən 3-ü şəxsin nümayəndəsi və vəkili etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
10. Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən xx.xx.2019-cu il tarixli C-114-112 nömrəli məktubla təqdim edilmiş Əzizbəyov rayon X5 İcraiyyə Komitəsinin 1990-cı il tarixli 12 nömrəli qərarının təsdiqlənmiş surətinə əsasən İddiaçı Buzovna qəsəbəsində 54 nömrəli sahədə fərdi ev tikmək üçün 800 kv.m torpaq sahəsi ayrılmışdır.
11. Xəzər rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbə nümayəndəsi tərəfindən Buzovna qəsəbəsində İddiaçı ayrılmış 54 nömrəli torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı təsdiq edilmişdir.
12. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-C-0021-8/2023 **********44 nömrəli məktubla imtina edilərək bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir.
13. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-42205/2023 **********05 nömrəli məktubla mütəxəssis rəyi təqdim edilmişdir. Mütəxəssis rəyinə əsasən göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxilində 950.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə bütövlükdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir.
14. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-6265/2024 **********65 nömrəli məktubla bildirilmişdir ki, torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ayrılması barədə hüquqmüəyyənedici sənədlər və ayrıc aktı İdarənin arxivində aşkar edilməmişdir. Sorğu ilə əlaqədar iddia olunan torpaq sahəsinin ətrafında və qonşuluğunda yerləşən torpaq sahələrinə dair verilmiş çıxarışların və onların verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri həmin sahənin ilkin mülkiyyətçilərinə Əzizbəyov (indiki Xəzə) rayon İcra Hakimiyyətinin sərəncamları əsasında ayrılmış torpaq sahələridir.
15. 3-cü şəxs tərəfindən məhkəməyə “Azneft” İB-nin “H.Z.Tağıyev” adına NQÇİnin (Maştağa-Buzovna yatağı) daimi istifadəsində olan torpaq sahələrinin 1:5000 miqyasında topoqrafik planı məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
16. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
17. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
19. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
20. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
21. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
22. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:
23. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsin İ və V hissələrinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 10. Hüquqi dövlətin ümumi prinsipləri 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
26. İşin hallarından göründüyü kimi, Əzizbəyov rayon X5 İcraiyyə Komitəsinin 1990-cı il tarixli 12 nömrəli qərarının təsdiqlənmiş surətinə əsasən İddiaçı Buzovna qəsəbəsində 54 nömrəli sahədə fərdi ev tikmək üçün 800 kv.m torpaq sahəsi ayrılmışdır. Xəzər rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbə nümayəndəsi tərəfindən Buzovna qəsəbəsində İddiaçı ayrılmış 54 nömrəli torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı təsdiq edilmişdir. İddiaçı həmin torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması barədə sərəncamın qanuniliyi mübahisələndirilməmiş, yalnız torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olması əsası ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
27. Məhkəmə cavabdehin həmin dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş iddiaçının qonşuluğunda yerləşən torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş analoji çıxarışlara və həmin çıxarışların verilməsinə əsas olmuş sənədlərə əsasən müəyyən edilmişdir ki, qonşuluqda yerləşən həmin torpaq sahələri də, öz ilkin mülkiyyətçisinə, iddiaçıya ayrıldığı kimi İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən ayrılmışdır və həmin torpaq sahəsinə dair hüquqlar artıq daşınmaz əmlakın dövlət dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışlar verilmişdir. Belə olan təqdirdə, iddiaçıya münasibətdə fərqli hüquqi mövqeyinin sərgilənməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbləri baxımından bərabərlik hüququnun pozulması kimi qiymətləndirilməlidir.
28. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir.
29. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
32. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Əzizbəyov rayon X5 İcraiyyə Komitəsinin 13 yun 1990-cı il tarixli 12 nömrəli qərarı əsasında İddiaçı Buzovna qəsəbəsində 54 nömrəli sahədə fərdi ev tikmək üçün ayrılmış 800 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının qeydiyyata alınması və buna dair reyestrdən müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva