Məhkəmə qərarları › İş №e-2-1(112)-9025/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9025/2023

08.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9025/2023 08.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yeni texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilə dair, həmçinin mənzilin tərkib hissəsinə daxil olan bütün sahələr əks olunmaqla onun faktiki vəziyyətinə uyğun texniki pasportun tərtib olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, cavabdehin sözügedən mənzilə dair texniki sənədlərin hazırlanmasından imtinasının əsassız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 9 saylı mənzil onun mülkiyyətindədir. O, həmin mənzildə qeydiyyatda olmaqla yaşayır. Sözügedən mənzilə dair texniki pasportun tərtib edilməsi ilə bağlı ərizə ilə müraciətinə cavabdeh tərəfindən imtina verilmiş, ərizəsi təmin edilməmişdir. Cavabdehin imtinası qanuna ziddir və onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdehin onun mülkiyyətçisi olduğu daşınmaz əmlakın texniki pasportunu, plan çizgisini tərtib etməkdən imtina etməsi tamamilə qanusuzdur. Cavabdeh ödənişli əsaslarla mərzçəkmə və texniki inventarlaşdırma işləri həyata keçirir və bu işlərin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir. Göstərdiyi texniki inventarlaşdırma xidməti barədə cavabdeh qurumun internet saytındakı məlumatlarında aşağıdakılar qeyd olunur: “Daşınmaz əmlakın texniki inventarlaşdırma işlərinin aparılmasının əsas məqsədi daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini, tərkibini müəyyən etmək və texniki sənədləri hazırlamaqdır. İnventarlaşdırma işlərinin aparılması nəticəsində daşınmaz əmlakın texniki pasportu tərtib edilir. Texniki inventarlaşdırma işləri hüquqi və fiziki şəxslərin, bələdiyyələrin, dövlət müəssisə və təşkilatlarının müraciəti əsasında Əmlak Xidmətləri Məkanında və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində aparılır. Bununla yanaşı, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən inventarlaşdırma xidməti elektron formada da göstərilir. Bu xidmətdən onlayn istifadə etmək istəyən şəxslər Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalına (e-emdk.gov.az) daxil olaraq 3-cü bölmədəki xidməti seçə bilər. Xidmətin göstərilməsi barədə qərar qəbul edildikdən sonra ərazi idarəsinin mühəndis-inventarlaşdırıcısı tərəfindən arxivdə yoxlama, çöl-ölçmə işi, mərzçəkmə, kameral nəzarət həyata keçirilir. Nəticədə isə daşınmaz əmlaka dair hazırlanmış texniki sənədlər (texniki pasport və ya torpaq sahəsinin planı və ölçüsü) poçt vasitəsilə və ya birbaşa istifadəçiyə təqdim edilir.” O ərizə ilə müraciət etdikdən sonra cavabdeh qurumun mühəndis-inventarlaşdırıcısı onun mənzilinə şəxsən gəlmiş, üzərində daşıdığı xüsusi texniki cihazla ölçmə işləri aparmış, çöl-ölçmə işi, mərzçəkmə, kameral nəzarət həyata keçirmiş, ətraflı məlumat toplamış, mənzilin içəridən və bayırdan, eləcə də binanın iç tərəfindən və bayır tərəfindən fotoşəkillər çəkmişdir. Nəticədə isə daşınmaz əmlaka dair texniki sənədlər (texniki pasport) hazırlanmalı və ona təqdim edilməli idi. Lakin təqdim olunmadı, bundan imtina olunmuşdur. Mövcud qanunvericiliyə görə hazırda daşınmaz əmlaka dair tərtib edilən texniki pasport, plan cizgi mülkiyyət hüququnu təsdiq edən sənəd sayılmır, daşınmaz əmlakın texniki inventarlaşdırma işlərinin aparılmasının əsas məqsədi daşınmaz əmlak obyektinin, mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini, tərkibini müəyyən etmək və texniki sənədləri hazırlamaqdır. Odur ki, iddiaçının mülkiyyətində olan mənzilin də mövcudluğu, faktiki vəziyyəti, texniki göstəriciləri, tərkibi müəyyən edilməli və texniki sənədləri tərtib edilməlidir. Cavabdehin bundan imtinası qanuna ziddir. Cavabdehin imtinasına əsas kimi göstərdiyi sənəd üzrə sahə ilə faktiki sahə arasında uyğunsuzluq olması, eləcə də sahənin bir hissəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməsi texniki pasportun tərtib edilməsindən imtina üçün əsas deyildir. Texniki sənədlərin hazırlanması məqsədlərindən biri elə daşınmaz əmlak obyektinin faktiki vəziyyətinin müəyyən edilməsidir. Buna görə də mənzilin faktiki vəziyyətini, tərkibini, texniki göstəricilərini özündə əks etdirən texniki pasport tərtib olunmalıdır. Hazırlanan texniki pasportda qeydiyyatdan keçməmiş sahələr göstərilə bilər, qeyd oluna bilər, bu barədə məlumat yer ala bilər. Buna mənim etirazım yoxdur. Lakin bu səbəblə texniki sənədlərin hazırlanmasından imtina edilə bilməz. Bunun heç bir qanuni əsası yoxdur. Mənzil 7 saylı binada yerləşir, bina monolit binadır, öz ilkin vəziyyətindədir, orada yeni bir tikili aparılmamışdır. Mənzildə sənəd üzrə bir otaq bir yardımçı tikili vardır, lakin faktiki olaraq iki otaq və iki yardımçı tikili mövcuddur. Onlar ailə üzvləri ilə birlikdə 20 ildən artıqdır ki, orada yaşayırlar. Mənzil əvvəl yaxın qohumularının adına olmuş, daha sonra iddiaçının adına keçirilmişdir. Binadakı mənzillər həmişə eyni faktiki vəziyyətdə olmuşdur, sadəcə zaman-zaman təmir işləri aparılmışdır. Sözügedən mənzilin faktiki vəziyyətini əks etdirən texniki sənədlərin hazırlanmasından imtina edilməsi üçün cavabdeh heç bir əsaslı səbəb göstərə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, sənəd üzrə sahə ilə faktiki sahə arasında uyğunsuzluq mövcuddur. Həmçinin iddiaçı tərəfindən göstərilən sahə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İddiaçı tərəfindən həmin sahəyə dair sənəd təqdim edilmədiyindən texniki pasportun tərtib edilməsi tərəfimizdən mümkün olmamış və bu barədə iddiaçıya **********61 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal- məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşı nmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilə dair 10.4 kv.m və 7.3 kv.m sahələr də əlavə olunmaqla ümumi sahəsi 47.9 kv.m yaşayış sahəsi 30.4 kv.m üzrə yeni texniki pasportun tərtib olunaraq verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********41 nömrəli məktubu ilə təqdim olunmuş sənədlərdən görünür ki: -Yasamal Rayon İcra Hakimiyyətinin 23 may 2003-cü il tarixli 003572 nömrəli Xidməti Orderinə əsasən ünvan 3, 1 otaqlı, 20 kv.m ölçüdə mənzil Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli qərarı ilə X3 verilmişdir - Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 18 nömrəli sərəncamında qeyd olunmuşdur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-2851/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 7 ünvanına dair X5 ilə icarə müqaviləsinin bağlanması vəzifəsi Yasamal rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Qeyd olunanları nəzərə alaraq Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 7 ünvanına dair X5 ilə daimi icarə müqaviləsi bağlanılması qərara alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqnıda daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanındakı mənzil 30.2 kv.m ölçüdə X2 adına xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** nömrəsi altında qeydiyyata alınmışdır. -xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X5 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 30.2 kv.m olan mənzilin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsini alıcı İddiaçı mülkiyyətinə verir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqnıda daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında 30.2 kv.m ölçüdə 9 nömrəli mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** nömrəsi altında qeydiyyata alınmışdır. - Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********20 nömrəli məktubu ilə təqdim olunmuş X2 adına xx.xx.2020-ci il tarixdə tərtib edilmiş və İddiaçı adına tərtib edilmiş texniki pasportların surətlərinə əsasən ünvan 1 ünvanında yerləşən mənzilin ümumi sahəsi 30.2 kv.m, yaşayış sahəsi 20,0 kv.m, dəhliz-mətbəx 7.2 kv.m, sanitar qovşaq 3.0 kv.m təşkil edir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********37 nömrəli məktubu ilə təqdim olunmuş 18 mart 2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən torpaq sahəsi 1/3 mərtəbəli hüquqmüəyyənedici sənəd üzrə 1 otaq yaşayış sahəsi 20.0 kv.m, ümumi sahəsi 30.2, faktiki sahəsi 2 otaq, yaşayış sahəsi 30.4 kv.m, ümumi sahəsi 47.9 kv.m. Ərizəçi texniki pasportun dəyişdirilərək yenisi ilə əvəz olunmasını və qeydiyyatdan keçirilməyən sahələrin qeydiyyata salınmasını tələb edir. Məlumat üçün faktiki vəziyyətə uyğun tərtib olunmuş plan akta əlavə olundu. 5 saylı yerləşgə gözəllik salonu kimi istifadə olunur. 4 saylı yerləşgə otaq kimi istifadə olunur. X= 400851, Y= 4469560. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********91 nömrəli məktubu ilə təqdim olunmuş ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilin texniki vəziyyətini əks etdirən yerləşmə planından görünür ki, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 7, mənzil 9-un qeydiyyatdan keçməyən sahəsi 10.4, pilləkən və meydançanın altındakı sahə 7.3 təşkil edir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının nümayəndəsi və vəkili Vəkil ünvanladığı xx.xx.2023-cü il tarixli, **********61 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilə dair texniki pasportun tərtib edilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, sənəd üzrə sahə ilə faktiki sahə arasında uyğunsuzluq mövcuddur. Həmçinin tərəfinizdən göstərilən sahə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi üçün texniki pasportun tərtib edilməsi tərəfimizdən mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, məhkəməyə inzibati orqanın müraciətin təminindən imtinaya dair cavab məktubunu təqdim etmişdir. İddia mahiyyət üzrə əsassızdır. İşin hallarından müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən 1 otaqlı, sahəsi 20 kv.m ölçüdə 9 nömrəli mənzil Yasamal Rayon İcra Hakimiyyətinin 23 may 2003-cü il tarixli 003572 nömrəli xidməti orderinə əsasən ilkin olaraq X2 istifadəsinə verilmiş, daha sonra həmin mənzilə dair Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 18 nömrəli sərəncamı ilə X5 ilə daimi icarə müqaviləsi bağlanılmış, mənzil xx.xx.2020-ci il tarixdə ümumi sahəsi 30.0 kv.m olmaqla X2 adına özəlləşmişdir. X2 adına tərtib edilmiş mənzilə dair texniki pasportda mənzilin yaşayış sahəsi 1 otaq olmaqla 20.0 kv.m, dəhliz-mətbəx 7.2 kv.m, sanitar qovşaq 3.0 kv.m olmaqla ümumi sahəsi 30.0 kv.m göstərilmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 mənzili ümumi sahəsi 30.2 kv.m olmaqla İddiaçı satmış, həmin mənzil 30.2 kv.m ölçüdə İddiaçı adına xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış və həmin ölçüdə iddiaçının adna texniki pasport tərtib edilmişdir. Hazırkı iş üzrə iddiaçı mülkiyyətində olan mənzilin faktiki vəziyyətinə uyğun yeni texniki pasportun tərtib edilməsini mübahisələndirir. Belə ki, iddiaçının hüquqmüəyyənedici sənəd üzrə mülkiyyətində 1 otaq 20.0 kv.m, ümumi sahə 30.2 kv.m sahə olsa da faktiki olaraq istifadəsində 2 otaq olmaqla 30.4 kv.m, ümumi isə 47.9 kv.m sahə vardır. İddiaçı mülkiyyət hüququ qeydə alınmış 30.2 kv.m-dən əlavə olaraq qeydiyyatdan keçməyən 10.4 kv.m ölçüdə 1 otaq və 7.3 kv.m ölçüdə pilləkən və meydança altındakı sahənin texniki pasportuna əlavə edilərək mənzilin ümumilikdə 47.9 kv.m ölçüdə texniki pasportunun tərtib edilməsini xahiş edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Prezidentinin ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 10 avqust 2004-cü il tarixli 113 nömrəli Fərmanının 4.2.8-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. -8-ci maddəsinə görə vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. -9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatına alınması hüquqməüyyənedici sənədlər əsasında, həmin sənədlərdən birinin qeydiyyat orqanına təqdim edilməsi ilə aparılır. Dövlət mənzil fondunun balansında olan mənzillərin özəlləşdirilməsi üçün tələb olunan mənzilə dair hüquqmüəyyənedici sənədlər- mənzil fondunun mülkiyyətçisi olan yerli icra hakimiyyəti orqanının həmin mənzilə dair sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsindən ibarətdir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindəki qeydlərlə yanaşı həm də həmin əmlakın naturada faktiki vəziyyətini əks etdirən texniki sənədi-texniki pasportun tərtib edilməsini ehtiva edir. Başqa sözlə, mənzilə mülkiyyət hüququnun qeydiyyatı həmin mənzilin texniki göstəricilərini əks etdirən texniki pasport tərtib edilmədən mümkün deyildir. Texniki pasport və mülkiyyət hüququnun qeydiyyatına vahid anlamda yanaşılır. Əmlakın naturadakı vəziyyətini göstərən texniki pasport olmadan mülkiyyət hüququnun qeydiyyatı, hüququn qeydiyyatı aparılmadan isə texniki pasportun tərtib edilməsi əhəmiyyətsizdir. Dolayısı ilə, hüququn qeydiyyatı hüquqmüəyyənedici sənəd əsasında aparılmalı, texniki pasport da məhz hüquqmüəyyənedici sənədlərdə olan texniki göstəricilərə uyğun əmlaka dair tərtib edilməlidir. Təsadüfi deyildir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsi hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair hüquqmüəyyənedici sənədlə bərabər həm də həmin əmlakın texniki göstəricilərini, konret olaraq mənzilə münasibədə ölçüsü, otaqların sayı, yaşayış sahələri və yaşayış sahələri hesab olunmayan hissələrin yerləşmə planını özündə əks etdirən texniki pasportun qeydiyyat orqanına təqdim edilməsini zəruri sayır. Hazırkı işin hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən 9 saylı mənzil, onun yerləşdiyi bina Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olmuş, həmin mənzil dövlət mənzil fonduna aid mənzil olmaqla 2020-ci ildə xüsusi mülkiyyətə özəlləşmişdir. Mənzilin ilkin hüquqmüəyyəndici sənədlərində-Ysamal rayon İcra Hakimiyyəti tərəfindən verilmiş order, sərəncam, Yasamal MKTB-nin arayışında mənzil 1 otaq, yaşayış sahəsi 20.0 kv.m olaraq qeyd edilmiş, mənzilin həmin ölçüdə yaşayış otağı və yaşayış sahəsi hesab olunmayan mətbəx-dəhliz, sanitar qovşaq da daxil olmaqla ümumi sahəsi 30.2 kv.m ölçüdə qeydiyyata alınmış və həmin ölçüdə mənzilə dair texniki pasport tərtib edilmişdir. İddiaçı hazırkı halda texniki pasporta salınmasını istədiyi, iddia etdiyi əlavə sahələr- 10.4 kv.m ölçüdə əlavə1 otaq və 7.3 kv.m ölçüdə pilləkən və meydança altındakı sahə olmaqla, ümumilikdə 17.7 kv.m sahə ilə bağlıdır ki, qeyd edilən sahələrə dair qanunla sadalanan hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Yuxarıda da qeyd edildiyi kimi mənzilə dair hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçülərdə texniki pasport tərtib edilmiş, lakin iddia olunan və hazırda iddiaçının faktiki istifadəsində olan, hələ də dövlət mənzil fonduna aid əlavə sahələr ilə bağlı balansaxlayıcının hüquqmüəyyənedici sənədləri hesab olunan order, sərəncam, kirayə müqaviləsi təqdim edilməmişdir. İddiaçının mülkiyyətində olan əmlakla bağlı hüquqmüəyyəndici sənədlərə uyğun tərtib edilmiş texniki pasportu var. Hazırkı halda iddiaçının iddia üzrə əlavə sahənin mülkiyyətində olan mənzilin yerləşmə sxeminə daxil edilməsinə nail olması isə əlavə sahəyə olan hüququnun “legitimləşdirməsi” qənaətinə gəlməyi də istisna etmir. Beləliklə, iddia olunan sahələr iddiaçının faktiki istifadəsində olmuş olsa da hüquqmüəyyənedici sənəd üzrə qanuni istifadəsində deyildir. Qanuni istifadədə olmayan əmlaka (sahəyə) dair isə texniki pasportun tərtibi yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırda iddiaçı onun mülkiyyətinə verilmiş sahədən artıq ölçüdə sahəni zəbt etmiş, lakin həmin sahə ilə bağlı hüquqları təsdiq edən hər hansı bir sənəd təqdim etməmişdir ki, bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən verilmiş imtina onun hüquqlarının pozulması kimi qiymətləndirilməməli və bu əsasdan iddia tələbi təmin edilməməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra əlavə sahə ilə bağlı hüquqlarını təsdiq edən yeni sübutlara əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yeni texniki pasportun verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar