Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9095/2025 15.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. müəyyən etdi: İddiaçı MMC cavabdeh Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək cavabdehin 22 aprel 2025-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddianın məzmunundan görünür ki, iddiaçı barəsində nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında akt tərtib edilmiş, müəssisəyə 1000 manat maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Maliyyə sanksiyası AR VM-nin 58.7-ci maddəsi ilə bağlı olmuşdur. İddiaçı qeyd edir ki, sanksiyanın ləğv edilməsi barədə vergi orqanına müraciət və şikayətlər edilmiş, hər hansı nəticə əldə edilməmişdir. Etiraz onunla əsaslandırılır ki, iddiaçıda əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması fakti aşkar edilərək rəsmiləşdirilmiş, müştəri tərəfindən alınmış gül buketlərinə görə ödənilən 300 manat məbləğin kassa aparatının fiskal yaddaşına daxil edilmədiyi müəyyən edilmişdir. Həmin məbləğ vergi orqanı tərəfindən bərpa edilmişdir. Hər hansı səbəb göstərilmədən rəhbər tərəfindən akt imza edilməmişdir. Qərar və müvafiq çıxarışla tanış olunmuş, imza ilə təsdiq edilmiş, lakin möhürün olmaması səbəbindən sənədlərin üzərinə möhürün vurulması mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, iddiaçının obyektində X3nin həyata keçirilməsi reyestrdə qeydiyyata alınmışdır. X3nin keçirilməsi haqqında qərardan görünür ki, iddiaçının obyektində X3nin keçirilməsi və yoxlamada iştirak edəcək şəxslərin dairəsi müəyyən edilmişdir. Aktda qeyd edilmişdir ki, 300 manat məbləğində pul vəsaitinin NKA-nın fiskal yaddaşına daxil edilmədiyi aşkar edilmişdir. Müvafiq qərar və çıxarışla cəmiyyətin rəhbəri tanış olmuş, möhürün onda olmaması səbəbindən möhür vurulmamışdır. Eləcə də, hər hansı əsaslı səbəb göstərmədən aktı imza etmədən və bir nüsxəsini almaqdan imtina etdi. Protokoldan və video materialdan görünür ki, vergi yoxlaması audio-video vasitəsi ilə qeydə alınmışdır. 07 mart 2025-ci il tarixli qəbzdə qeyd edilmişdir ki, R.Süleymanov adlı şəxs tərəfindən 300 AZN məbləğində gül həmin şəxs tərəfindən götürüləcəkdir. Mübahisələndirilən qərardan görünür ki, əhali ilə pul hesablaşma qaydalarının pozulması ilə əlaqədar iddiaçıya 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. 13 iyun 2025-ci il tarixli ərizədə qeyd edilir ki, 300 manat məbləğin iddiaçı müəssisə ilə hər hansı əlaqəsi olmamış, müəssisə satışı instagram səhifəsi üzəridən həyata keçirmiş, satış məbləği mövcud olmamışdır. Həmin ünvanda digər sahibkar X2 fəaliyyət göstərir. Ona aid kassa satış əməliyyatı iddiaçıya tətbiq edilib. Məhkəmə hesab edir ki, qərarın ləğvinə dair iddia əsaslıdır. Bununla əlaqədar, aşağıdakıların qeyd edilməsi zəruridir: 50.1. X3 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; -50.4. X3 vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. X3ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarətkassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Mübahisələndirilən qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydaları pozulmuşdur. Yuxarıda adıçəkilən Məcəllənin 53-cü və 54-cü maddələrinin və yuxarıda adıçəkilən 58-ci maddəsinin tələbləri də nəzərə alınmaqla hazırkı halda müəyyən edilməli məsələ iddiaçının təqsirli hərəkətləri nəticəsində həqiqətən də əhali ilə pul hesablaşmalarının aparılması qaydaları pozulub-pozulmaması ilə bağlıdır. Belə ki, Adıçəkilən Məcəllənin: 53.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 54.0. Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması; 54.0.3. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması; 54.0.4. vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması. Göstərilən normalar nəzərə alınmaqla, məhkəmə hesab edir ki, əhalli ilə pul hesablaşma qaydalarının pozulmasına dair iddiaçının təqsiri müəyyən edilməmiş, vergi orqanı həmin təqsirin mövcudluğunu müəyyən etmədən VM-nin 58.7.1-ci maddəsinə istinadən qərar qəbul etmişdir. Məhkəmə, bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, AR VM-nin 58.7.1-ci maddənin tətbiqi baxımından iddiaçı ilə əməliyyat apardığı qeyd edilən şəxsin-müştərinin kimliyi müəyyən olunmalı, izahatının alınması və s barədə tədbir görülməli, həmin şəxsin iştirakı ilə inzibati icraat aparılmalı, həqiqətən də əhali ilə pul hesablaşma qaydalarının pozuntusu, yəni gül buketinin alınması, lakin alqı-satqıya dair məbləğin ödənişi zamanı əhali ilə pul hesablaşma qaydasının pozuntusu müəyyən edilirsə məsuliyyətə cəlb edilmə barədə qərar qəbul edilməli idi. Hazırkı işin faktiki hallarından isə görünür ki, əhali ilə pul hesablaşma qaydalarının pozuntusuna əsas olan sənəd hər hansı imza rekviziti olmayan, “R.Süleymanov adlı şəxs tərəfindən 300 AZN məbləğində gül həmin şəxs tərəfindən götürüləcəkdir” qeydi olan qəbzdir. Həmin qəbzdən isə görünür ki, Raul Süleymanov adlı şəxsin kim olması, həqiqətən də belə bir şəxsin mövcud olması, həqiqətən də 300 AZN ödənişin etməsi barədə hər hansı araşdırma aparılmamışdır. Qeyd olunur ki, inzibati icraatı əvəz etməsə belə, inzibati məhkəmə icraatı zamanı, həmin qəbzdə olan mobil nömrə ilə də məhkəmə əlaqə saxlamağa çalışmış, onun izahatının alınması üçün tədbir görməyə çalışsa da, həmin şəxsin mövcudluğu, məhkəmə araşdırılmasına cəlb edilməsi də mümkün olmamışdır. Göründüyü kimi kimliyi müəyyən edilməyən şəxs adından 300 AZN-lik ödənişlə bağlı hər hansı təsdiqlənmə olmayan qəbzə istinadən vergi orqanı tərəfindən məsuliyyətə cəlb edilmə barədə qərar qəbul edilmiş, buna dair inzibati icraat aparılmışdır ki, məhkəmə hesab edir ki, mötəbərliyi müəyyən edilməyən tək həmin sübuta əsaslanmaqla məsuliyyətin müəyyən edilməsi istisna edilməlidir. Bununla bağlı qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Ali Məhkəmənin 2-1(102)-817/2025 saylı iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, vergi orqanının əməkdaşları tərəfindən tərtib edilmiş aktda kassa əməliyyat çekinin təqdim olunmadığı güman edilən müştərinin məlumatları əks olunmamış, konkret hansı müştəriyə xidmət göstərildiyi qeyd edilməmişdir. Eyni zamanda xidmət göstərilən şəxsdən izahat alınması və akta onun imza etməsi vergi orqanının əməkdaşları tərəfindən təmin edilməmiş, beləliklə vergi orqanının gəldiyi nəticə aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir. Belə olan halda, vergi orqanının aktında qeyd olunan halların sübuta yetirilməməsi aktın mötəbərliyini şübhə altına almağa əsas verir. İnzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğu halda, cavabdeh iddiaçıya maliyyə sanksiyası tətbiq etdiyi zamanı obyektiv həqiqəti əks etdirən halların nəzərə alındığını sübuta yetirməmiş, bununla da qanunsuz inzibati akt qəbul etmişdir. Eləcə də digər bir 2-1(102)-1442/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarda da qeyd edilmişdir ki, vergi orqanı əməkdaşları tərəfindən tərtib edilmiş aktda alıcının kimliyi, alınan malların pul məbləğinin kimin tərəfindən ödənilməsi qeyd edilməmişdir. Qeyd olunan hallar barədə cavabdeh tərəfindən mötəbər sübutlar təqdim edilməmişdir. Yuxarıda göstərilən formalaşmış məhkəmə təcrübəsinin hazırkı işin faktiki hallarına tətbiqi baxımından qeyd edilməsi zəruridir ki, vergi orqanının əməkdaşları tərəfindən tərtib edilmiş aktda kassa əməliyyat çekinin təqdim olunmadığı güman edilən müştərinin məlumatları əks olunmamış, konkret hansı müştəriyə xidmət göstərildiyi qeyd edilməmişdir. Eyni zamanda xidmət göstərilən şəxsdən izahat alınması və akta onun imza etməsi vergi orqanının əməkdaşları tərəfindən təmin edilməmiş, beləliklə vergi orqanının gəldiyi nəticə aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir. Belə olan halda, vergi orqanının aktında qeyd olunan halların sübuta yetirilməməsi aktın mötəbərliyini şübhə altına almağa əsas verir. Hazırkı işdə də vergi orqanı əməkdaşları tərəfindən tərtib edilmiş aktda alıcının kimliyi, alınan malların pul məbləğinin kimin tərəfindən ödənilməsi qeyd edilməmişdir. Nəzərə alınmalıdır ki, təkcə Raul Süleymanov adının qeyd edilməsi, müştərinin kimliyinin müəyyən edilməsi anlamına gəlməməkdədir. Göstərilən formalı qəbz şəxsin məsuliyyətə cəlb edilməsi üçün aparılacaq əlavə araşdırmanın gedişində mötəbərliyi digər sübutlarla təsdiq edildiyi halda istinad edilməsi mümkün sübut qismində müəyyən edilə bilər ki, təkcə həmin qəbzin mövcudluğu məsuliyyətə cəlb edilməsinə şəxsin əsas vermir. Nə qədər ki, iddiaçının həmin pozuntunun mövcud olması barədə izahatı mövcud deyildir, eləcə də qəbzdə qeyd edilən şəxsin izahatı, həmin ehtimal edilən əməliyyata dair izahatı alınmamış, məsuliyyət müəyyən edən hal mövcuddursa buna dair əlavə araşdırma aparılmamışdır, hazırkı sənədə istinadla təqsirin mövcudluğunun müəyyən edilməsindən məhkəmə hesab edir ki, söhbət gedə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı MMC barəsində cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 22 aprel 2024-cü il tarixli **********5344 saylı qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №e-2-1(112)-9095/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9095/2025
15.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver