Məhkəmə qərarları › İş №e-2-1(112)-9108/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9108/2024

04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9108/2024 04.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı сavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinə qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı сavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı məhkəməyə müraciət edərək onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi öhdəliyinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsini əsl cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsi ilə əvəz edilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin (hakim Rəşad Məmmədov) e-2-2(115)-2575/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi təmin edilmiş, xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə 24562 manat 05 qəpik, İcbari Tibbi Sığorta Fonduna olan 2610 manat 13 qəpik olmaqla, ümumilikdə 27172 manat 18 qəpik məbləğində borc ödənilənədək "xxxx" MMC-nin (Vöen.T4********) icra orqanının rəhbəri İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Diqqətə çatdırmaq istəyir ki, İddiaçı öz ərizəsinə və "xxxx" MMC-nin təsisçisinin qərarına əsasən xx.xx.2023-cü il tarixindən "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) vəzifəsindən azad edilmiş və yeni qərara əsasən "xxxx" MMC-nin yeni direktoru (qanuni təmsilçi) X4 (Ş/V AZE № 08376715 ; Fin -0W7A1FW) təyin edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş hüquqi şəxslərin dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, **********206200 №-li Çıxarışdan da bu aydın şəkildə görünür. Yuxanda qeyd edilənləri, İddiaçı "xxxx" MMC-nin icra orqanının keçmiş rəhbəri kimi ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxdığını və AR Vergi Məcəlləsinin 24.1.2-1-ci (24.0.2-1) maddəsini nəzərə alaraq Gəncə Kommersiya Məhkəməsinin e-2- 2(115)-2575/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qoyulmuş "xxxx" MMC-nin icra orqanının keçmiş rəhbəri İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının ləğv edilməsi, 2 (iki) iş günü ərzində müvafiq qaydada məhkəməyə müraciət olunması və bununla bağlı lazımi tədbirlər görülməsi üçün xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət edilsə də heç bir tədbir görülməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə tərəfindən AVİS-sistemindən çıxarılmış elektron məktuba əsasən qətnamə üzrə borcun ödənilmədiyi əsas gətirilərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının ləğv edilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin imtina cavabından sonra tərəfindən Gəncə Kommersiya Məhkəməsinə İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının ləğv edilməsi tələbinə dair ərizə ilə müraciət olunmuş, lakin Gəncə Kommersiya Məhkəməsinin (hakim Gülnaz Quliyeva) e-2-2(115)-796/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən ərizənin icraata qəbul edilməsindən imtina olunmuş və inzibati məhkəməyə müraciət olunması izah olunmuşdur.

4. Cavabdeh iddia tələbinə olan etirazında qeyd etmişdir ki, vergi ödəyicisi kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə olan 27172,18 manat borcunun ödənilməsini təmin etmək üçün əvvəlki rəhbəri olan İddiaçı ölkədən getmək hüququ Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)- 2575/2022 saylı qətnaməsi ilə məhdudlaşdırılmışdır. İddiaçının icra orqanının rəhbəri olduğu hüquqi şəxs "xxxx" MMC-nin dövlət büdcəsinə olan 27172,18 manat borcuna görə üçün qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının ölkədən getmək hüququ məhdudlaşdırılmışdır, iddiaçı tərəfindən sonradan həmin hüquqi şəxsin icra orqanının rəhbərinin dəyişdiyi qeyd edilsə də, borc tam şəkildə ödənilməmişdir. Yəni, iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasına səbəb olmuş əsas hazırda aradan qalxmamışdır. Həmçinin, əlavə edirik ki, xüsusi mülkiyyətli hüquqi şəxsin icra orqanının rəhbəri dəyişdikdə borcun alınması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirlər (bildiriş, sərəncam, əmlakın siyahıya alınması, yeni təyin olunmuş rəhbərə məhdudiyyətin tətbiqi, cinayət xarakterli materialların aidiyyəti üzrə göndərilməsi və s.) görüldükdən sonra əvvəlki rəhbərin məhdudiyyəti aradan qaldırılır (əsas vergi borcu 50 000 manatdan yuxarı olan, barəsində vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ilə bağlı cinayət işi başlanan və riskli vergi ödəyiciləri istisna). "xxxx" MMC-nin (VÖEN: **********) cinayət tərkibi yaradan borcu olduğu üçün məhdudiyyətin götürülməsi məqsədəmüvafiq hesab edilmir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin məzmununa uyğun izahat verməklə onun təmin olunmasını xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

7. İddiaçı hazırda onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir.

8. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququna aid edilmişdir.

9. Həmin məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən, vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.

10. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 13 yanvar 2022-ci il tarixli F-5 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinin Əsasnaməsinin: 1.1.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) X3 Baş İdarəsi (bundan sonra – Baş idarə) hesablanmış vergilər, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları (bundan sonra – sığorta haqları), nəzarəti Dövlət Vergi Xidmətinə həvalə edilmiş dövlət torpaq icarə haqları (bundan sonra – torpaq icarə haqları), faizlər, tətbiq edilmiş maliyyə sanksiyaları və inzibati cərimələr, həmçinin qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlər üzrə dövlət büdcəsinə, habelə sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta fondlarına (bundan sonra – aidiyyəti fondlar) yaranmış borcların (bundan sonra – ismin müvafiq hallarında “borc”) alınması və təqdim edilməmiş bəyannamələrin (hesabatların) təqdim edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) bu Əsasnamə ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələri icra edən və hüquqları həyata keçirən və yurisdiksiyası bütün ölkə ərazisinə şamil edilən (bu Əsasnamənin 1.4-cü bəndinin xüsusiyyətləri nəzərə alınmaqla) Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumdur. 3.0. Baş idarə bu Əsasnamənin 2-ci hissəsi ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 3.0.11. Borclu vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı vergi ödəyicisinə öncə xəbərdarlığın göndərilməsini, daha sonra məhdudlaşdırılmanın həyata keçirilməsi məqsədilə məhkəməyə ərizə ilə müraciət etmək üçün vergi ödəyicisinin uçotda olduğu vergi orqanına sifarişin verilməsini (Rayon Vergilər Şöbələrinə münasibətdə onların təhkim olunduğu müvafiq ərazi vergilər baş idarələrinə və ərazi vergilər idarələrinə), ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəmə qərarları daxil olduqda həmin şəxsin ölkədən çıxışına məhdudiyyət tətbiq etmək üçün məlumatların müvafiq proqram təminatına daxil edilməsini, vergi ödəyicisinə məhdudiyyət barədə məlumatın göndərilməsini, məhdudiyyətə səbəb olmuş əsaslar aradan qalxdıqda həmin məhdudlaşdırılmanın götürülməsi ilə bağlı qərarların hazırlanmasını və müvafiq proqram təminatında məhdudlaşdırılmanın götürülməsini, vergi ödəyicisinə məhdudiyyətin götürülməsi barədə məlumatın və bu barədə qərarın göndərilməsini təmin etmək;

11. Hazırkı iddia məcburetmə haqqında iddia növünə aiddir.

12. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

13. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-2575/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ərizənin təmin edilməsi, xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə 24562 manat 05 qəpik, İcbari Tibbi Sığorta Fonduna olan 2610 manat 13 qəpik olmaqla, ümumilikdə 27172 manat 18 qəpik məbləğində borcu ödənilənədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) icra orqanının rəhbəri İddiaçı (doğulduğu tarix - xx xxxx 1982-ci il, doğulduğu yer - Azərbaycan, Kəlbəcər rayonu, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - 0YW1QH, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qət edilmişdir.

14. Bundan sonra Cəmiyyətdə rəhbər dəyişikliyi aparılaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş hüquqi şəxslərin dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, **********206200 №-li Çıxarışa əsasən X4 rəhbər təyin edilmişdir.

15. Vergi Məcəlləsinin yuxarıda istinad edilən 23.1.15-3-cü maddəsinin məzmunundan göründüyü kimi, qanunverici həmin normada təsbit olunan məhdudiyyət tədbirinin vergi ödəyicisi olan fiziki şəxsə və ya hüquqi şəxsin icra orqanının rəhbərinə münasibətdə tətbiqini nəzərdə tutur. İddiaçı barəsində məhdudiyyətin tətbiqi istinad edilən normanın digər dispozisiya şərtləri ilə yanaşı, iddiaçının vergi öhdəliyi olan hüquqi şəxsin icra orqanının rəhbəri olması şərtindən irəli gəlmişdir. İşdən göründüyü kimi, həmin şərt sonradan aradan qalxmışdır. Lakin cavabdeh inzibati orqan Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsindən irəli gələn (vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək) vəzifəsini icra etməkdən imtina etmiş, imtinanın əsası kimi, iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan halın aradan qalxmadığına əsaslanmışdır. İddiaçı haqlı olaraq qeyd edir ki, yuxarıda istinad edilən normanın məzmununa görə, məhdudiyyətin tətbiqi üçün 1) vergi ödəyicisinin dövlət büdcəsinə vaxtı ötməmiş vergi borcu olmalıdır; 2) vergi borcu vaxtında ödənilməməlidir; 3) hüquqi şəxsə münasibətdə çıxışına məhdudiyyət qoyulacaq şəxs - icra orqanının rəhbəri olmalıdır. Normada nəzərdə tutulan əsaslardan vergi orqanının imtina məktubunda istinad etdiyi şərt – vergi borcunun olması şərti aradan qalxmasa da, məhdudiyyətin tətbiq edilməli olduğu şəxs (hüquqi şəxsin icra orqanının rəhbəri) barədə şərt aradan qalxmışdır.

16. İşə əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində qeyd edilmişdir ki, işçi İddiaçı ilə işəgötürən "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir.

17. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlə Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş "xxxx" MMC-yə olan münasibətdə xx.xx.2023-cü il tarixə reyestrdən olan çıxarışında, həmin Cəmiyyətin əvvəlki qanuni təmsilçisi İddiaçı, hazırkı qanuni təmsilçi isə X4 olduğu qeyd edilmişdir.

18. Göründüyü kimi, İddiaçı ilə "xxxx" MMC arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş və "xxxx" MMC-nin hazırkı qanuni təmsilçisi X2r.

19. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsində təsbit olunmuş tələb (vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək) vergi orqanın diskresion səlahiyyəti yox, borcudur. Başqa sözlə, həmin normada nəzərdə tutulmuş şərtin baş verdiyi hər bir halda, vergi orqanı məhdudiyyətin götürülməsi barədə qərar qəbul etməlidir. Qüvvədə olan məhkəmə qərarına əsasən iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmış olması vəziyyəti iddiaçının zərərinə dəyişmir və cavabdeh Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsində təsbit olunmuş şərtin baş verdiyi halda iddiaçının xeyrinə əlverişli akt qəbul etmək vəzifəsindən azad etmir. Belə ki, iddiaçının tələbi hazırkı iş üzrə tərəflər arasında yaranan və davam edən inzibati hüquq münasibətlərindən irəli gəlir.

20. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

21. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar