Məhkəmə qərarları › İş №e-2-1(112)-9108/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9108/2025

28.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9108/2025 28.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Resyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən miras əmlaka dair xx.xx.1997-ci il tarixdə vəfat etmiş, xx.xx.1929-cu il təvəllüdlü miras qoyan X4 adına tərtib edilmiş arayışın (forma 37) verilməsindən cavabdeh tərəfindən verilmiş 06 mart 2025-ci il tarixli 3-21-3-3/02- 9317/2025 reyestr və **********17 qeydiyyat nömrəli imtinasının qanunsuz hesab edilməsi və cavabdehin üzərinə qeyd olunan arayışın (forma 37) verilməsi öhdəliyi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “ünvan 2 ünvanında yerləşən 238 kv.m. torpaq sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X6 məxsus olması barədə arayışın İddiaçı verilməsi” kimi dəqiqləşdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, keçmiş Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin X2 Bürosu tərəfindən 1971-ci ilin oktyabr ayında verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyasına və qiymətləndirilməsinə aid pasport, texniki inventarlaşdırma kartoçkası, tikililərin sxeminə və Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 29 noyabr 2001-ci ildə tərtib edilmiş texniki pasport, kartoçka və sxemlərə əsasən Bakı şəhəri Nərimanov rayonu 15-ci Zavokzalnaya küçəsində yerləşən, 1963-cü ildə inşa edilmiş 19 saylı ev İddiaçı atası X6 mülkiyyətində olmuşdur. İddiaçı atası X7 20 may 1997-ci il tarixdə ölmüşdür. İddiaçı vərəsəlik işi ilə əlaqədar Bakı şəhəri 9 saylı notariat ofisinə müraciət edərək, miras qoyan xx.xx.1997-ci il tarixdə vəfat etmiş, xx.xx.1929-cu il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olmuş - X3 miras qalmış əmlaka (Bakı şəhəri, R.Şıxəliyev (keçmiş Zavokzalnaya küçəsi 15) küçəsi ev 19 və torpaq) vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bakı şəhəri 9 saylı notariat ofisi xx.xx.2025-ci il tarixli 347 saylı məktubu ilə İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək miras əmlak (ünvan 4 ünvanında yerləşən əmlak, miras qoyan xx.xx.1997-ci il tarixdə vəfat etmiş, xx.xx.1929-cu il təvəllüdlü, ünvan 5 ünvanında qeydiyyatda olmuş - X4 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə və "Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında" Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş arayışın (forma 37), Çıxarışı, üzərində məhdudiyyətin olub-olmaması barədə məlumatın (forma 1) verilməsini xahiş etmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsi tərəfindən 06 mart 2025-ci il tarixli 3-21-3-3/02-9317/2025 **********17 saylı məktubu ilə bildirilmişdir ki, "elektron kadastr məlumatlarına əsasən, qeyd olunan fərdi yaşayış evi söküldüyündən, həmçinin, fərdi yaşayış evinə dair İdarənin arxivində olan texniki pasportun baş planında göstərilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcud olduğundan texniki pasportun göstərilən əraziyə aid olub- olmamasını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, təqdim olunmuş notariat ofisinin məktubu ilə texniki pasport arasında hüquq sahibinin ata adında uyğunsuzluq mövcuddur. Belə ki, notariat ofisinin məktubunda ata adı "Yusuf" kimi, müqavilədə isə "Yusif" kimi qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir". İmtina məktubu 07 mart 2025-ci ildə iddiaçıya rəsmi qaydada təqdim edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsinin 06 mart 2025-ci il tarixli 3-21-3-3/02-9317/2025 **********17 nömrəli imtina məktubu qanunsuz və əsassız olduğundan bununla razılaşmır. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, İddiaçı mərhum atası X7 hələ sağlığında, yəni 1984-cü ildə evdə təmir-tikinti işləri aparılmış, evin mövcud olan bünövrəsi üzərində yeni tikillər inşa etdirmişlər. 1991-ci ilin fevral ayında evdə yanğın hadisəsi baş vermişdir. Yanğın hadisəsindən sonra yenidən tikinti və təmir işləri həyata keçirilmişdir. 20 may 1997-ci ildə X7 vəfat etmişdir. Atasının vəfatından sonra İddiaçı vərəsəliyi faktiki olaraq qəbul etməklə, həmin evdə yaşamağa davam etmişdir. İddiaçı tərəfindən miras əmlakın texniki pasportun baş planda göstərilən torpaq sahəsinin preimetrik ölçü və konfikrurasiyasının dəyişdirilməsi istiqamətində hər hansı bir təşəbbüs göstərilməmişdir. İmtina məktubunda göstərilən digər fakt, yəni, notariat ofisinin məktubu ilə texniki pasoport arasında hüquq sahibinin ata adında uyğunsuzluq mövcud olması ilə əlaqədar iddiaçı tərəfindən mərhum atasının ölüm haqqında şəhadətnaməsi qeydiyyat şöbəsindən təkrar alınmışdır və məlum olmuşdur ki, qeydiyyat şöbəsinin təqsiri üzündən əvvəlki ölüm haqqqında şəhadətnamədə “Yusif" adı səhvən “Yusuf” kimi göstərilmişdir. Təkrarən verilmiş ölüm haqqında şəhadətnamədə həmin nöqsan aradan qaldırılmışdır. Qeyd olunanlara əsasən imtina məktubu əsassız hesab edilməlidir.

4. Cavabdeh qurumun iddiaçıya ünvanlanan imtina məktubunda qeyd olunmuşdur ki, elektron kadastr məlumatlarına əsasən, qeyd olunan fərdi yaşayış evi söküldüyündən, həmçinin, fərdi yaşayış evinə dair İdarənin arxivində olan texniki pasportun baş planında göstərilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcud olduğundan texniki pasportun göstərilən əraziyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, təqdim olunmuş notariat ofisinin məktubu ilə texniki pasport arasında hüquq sahibinin ata adında uyğunsuzluq mövcuddur. Belə ki, notariat ofisinin məktubunda ata adı “Yusuf’ kimi, müqavilədə isə “Yusif kimi qeyd olunmuşdur.

5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya yazılı etiraza əsasən bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən, qeyd olunan fərdi yaşayış evi söküldüyündən, həmçinin fərdi yaşayış evinə dair İdarənin arxivində olan texniki pasportun baş planında göstərilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcud olduğundan texniki pasportun göstərilən əraziyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, təqdim olunmuş notariat ofisinin məktubu ilə texniki pasport arasında hüquq sahibinin ata adında uyğunsuzluq mövcuddur. Belə ki, notariat ofisinin məktubunda ata adı “Yusuf” kimi, texniki pasportda isə “Yusif” kimi qeyd olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul etməyinizi xahiş etmişdir

6. Məhkəmə sorğusu əsasında əldə edilmiş cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktında Bakı şəhəri Nərimanov rayonu 15-ci Zavokzalnaya 19 ünvanında yerləşən fərdi yaşayış hüquq müəyyənedici sənəd üzrə “A” tikililəri 2 otaq, faktiki “A” tikili sökülmüşdür. Ərazinin ümumi torpaq sahəsi: S=238 kv.metr. Mülkün faktiki vəziyyəti təqdim edilmiş t/pasporta uyğun deyil. Torpaq sahisinin perimetirik ölçülərində, konfiqurasiyasında və sahəsində kəskin fərqlər var bu səbəbdən ərazinin faktiki ümumi torpaq sahəsi 700 kv.m yaxındır. Ərazidə (torpaq sahəsinin) fiziki sərhədi olmayan 3 ədəd f/y evi mövcuddur və heç biri qeydiyyatdan keçməyib. İddiaçı istifadəsində olan y/sahəsi qardaşı ilə bir dam altında yerləşən yaşayış evinin bir hissəsidir, (qardaşının hissəsi təcrid edilərək ayrıca giriş-çıxışı və həyəti var), digər mülklərlə İddiaçı hissəsi arasında fiziki sərhəd yoxdur və həyətin 1-ədəd giriş-çıxışı var. İddiaçı şifahi məlumatına əsasən t/pasportda göstərilən “A” tikilisi (yaşayış evi) sökülmüşdür. Ərazidə aparılmış tikinti və torpaq sahəsindəki dəyişikliklər səbəbindən tikilinin və yerləşdiyi torpaq sahəsinin ilkin vəziyyətə uyğun yerləşmə mövqeyini təyin etmək mümkün deyil.

7. Ədliyyə Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2025ci il tarixli AZ-İİ seriyalı 403582 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X7 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir.

8. Keçmiş Azərbaycan SSR-i Kommunal Təsərrüfatı Nazirliyi X2 Bürosu tərəfindən 1971-ci il tarixdə tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda 15-ci Zavokzalnaya 19 ünvanında yerləşən evin sahibi kimi X8 qeyd edilmişdir.

9. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda qeyd edilmişdir ki, 15-ci Zavokzalnaya 19 ünvanında yerləşən evin sahibi kimi X7 qeyd edilmişdir.

10. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda qeyd edilmişdir ki, 15-ci Zavokzalnaya 19 ünvanında yerləşən evin sahibi kimi X7 qeyd edilmişdir.

11. Ədliyyə Nazirliyi Bakı şəhəri 9 saylı Notariat ofisinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, miras əmlak (ünvan 8 ünvanında yerləşən əmlak, miras qoyan xx.xx.1997-ci il tarixdə vəfat etmiş, xx.xx.1929-cu il təvəllüdlü, ünvan 5 ünvanında qeydiyyatda olmuş - X5 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında” Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş arayışı (forma 37), çıxarışı, üzərində məhdudiyyətin olub-olmaması barədə məlumat (forma 1) verilməsi xahiş olunmuşdur.

12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun olaraq izahat verməklə iddia tələbinə uyğun izahat verdi.

13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

14. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

15. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

16. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

18. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

19. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

20. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinə aid 238,3 kv.m torpaq sahəsinə dair keçmiş Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən X4 adına Texniki Pasport tərtib edilmişdir, həmin şəxs xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən cavabdehə məktub ünvanlanaraq sözügedən əmlaka dair ölmüş şəxsin adına hüquqmüəyyənedici sənəd verilməsi xahiş edilmişdir.

21. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.

24. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

25. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

27. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.

28. Cavabdehin dəlili ondan ibarətdir ki, qeyd olunan fərdi yaşayış evi söküldüyündən, həmçinin, fərdi yaşayış evinə dair İdarənin arxivində olan texniki pasportun baş planında göstərilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcud olduğundan texniki pasportun göstərilən əraziyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, təqdim olunmuş notariat ofisinin məktubu ilə texniki pasport arasında hüquq sahibinin ata adında uyğunsuzluq mövcuddur. Belə ki, notariat ofisinin məktubunda ata adı “Yusuf’ kimi, müqavilədə isə “Yusif kimi qeyd olunmuşdur.

29. Məhkəmə tərəfindən müəyyən edildi ki, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinə aid 238,3 kv.m torpaq sahəsinə dair X5 adına tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasport mövcuddur. Texniki pasporta əsasən torpaq sahəsinin cəmi ölçüsü 238,3 kv.m olaraq göstərilmiş və torpaq sahəsinin cizgisi təsvir olunmuşdur. Mübahisələndirilən torpaq sahəsi hazırda iddiaçının faktiki sahibliyindədir və torpaqla bağlı hər hansı mübahisə (üçüncü şəxslərin müraciəti) yoxdur.

30. Göründüyü kimi, iddiaçının mərhum atasına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”u verən orqan – Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi həmin dövrdə səlahiyyətli orqan olmuşdur. Belə olan halda iddiaçı torpaq sahəsi dair mülkiyyət hüquqlarının mərhum X6 məxsus olması barədə arayışın verilməsini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 439 saylı xx.xx.2015-ci il tarixli Fərmanının 1.11-ci bəndinə əsasən cavabdeh inzibati orqandan tələb etməkdə haqlı olmuşdur.

31. Məhkəmə hesab edir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasport torpaq sahəsinə iddiaçının mərhum atası hüququnu təsdiq edən ilkin sübutu təşkil edir.

32. Cavabdehin digər dəlili - notariat ofisinin məktubunda ata adı “Yusuf” kimi, müqavilədə isə “Yusif kimi qeyd edilməsi olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının mərhum atasının ölüm haqqında şəhadətnaməsi qeydiyyat şöbəsindən təkrar alınmışdır və məlum olmuşdur ki, əvvəlki ölüm haqqqında şəhadətnamədə “Yusif" adı səhvən “Yusuf” kimi göstərilmişdir. Təkrarən verilmiş ölüm haqqında şəhadətnamədə həmin nöqsan aradan qaldırılmışdır.

33. Odur ki, iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8.0.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.11-ci bəndinə əsasən sənəd təqdim edilmişdir.

34. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

35. Məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

36. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

37. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

38. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

39. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. ünvan 9 ünvanında yerləşən 238 kv.m. torpaq sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X6 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar