Məhkəmə qərarları › İş №e-2-1(112)-9109/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9109/2024

27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9109/2024 27.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan ünvan 1 ünvanında yerləşən 0.08 ha torpaq sahəsinə dair plan-ölçü və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin 15 avqust 1997-ci il tarixli 1085 nömrəli Sərəncamına əsasən mərhum, həyat yoldaşı X2 istifadəsinə 800 kv.metr torpaq sahəsi verilmişdir. Həmin torpağa dair sərəncamın arxivdə mövcudluğu barədə məlumatları əldə etmişdir. Hazırda torpaq sahəsi ünvan 2ndə hasara alınmış və daimi istifadəsindədir. Həmin torpaq sahəsinə plan-ölçünün və çıxarışın verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Resyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuşdur. Lakin cavabdeh imtina məktubu ilə müraciətinin təmin olunmaması barədə cavab verilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası əsassızdır. Belə ki, tərəfindən mövcud torpaq sahəsinə dair bütün hüquqmüəyyənedici sənədlər ərizəyə əlavə edilmiş və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Belə olan halda imtinanın verilməsi iddiaçının hüquqlarını kobud şəkildə pozur. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «Şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Göründüyü kimi, Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında özbaşına tikilinin dövlət orqanları tərəfindən tikinti aparılarkən qarşısının alınmaması və uzun müddət həmin tikilinin mövcudluğuna susması, tikilinin sökülməsi ilə bağlı hər hansı tədbir görməməsi, tikili və tikinti aparmış şəxsin mülkiyyət hüququnun tanınması kimi qiymətləndirmişdir.

3. Cavabdehin iddiaçının müraciətinə imtina məktubu onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim edilməmişdir. Bundan əlavə, torpaq sahəsinin sənəd üzrə sahesi 800 kv m qeyd edilsə də, faktiki 754 kv.m təşkil edir.

4. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim edilməmişdir. Bundan əlavə, torpaq sahəsinin sənəd üzrə sahəsi 800 kv.m qeyd edilsə də, faktiki 754 kv.m təşkil edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul etməyinizi xahiş edirik.

5. X6 Filialı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin15 avqust 1997-ci il tarixli 1085 nömrəli Sərəncamından görünür ki, X2 istifadəsinə 800 kv.metr torpaq sahəsi verilmişdir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazı müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İddianın növü və mümkünlüyü

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

11. İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

12. İddiaçının tələbi çıxarışın verilməsi ilə bağlıdır.

13. Məhkəmə hesab edir ki, iddiaçının hüquqi mövqeyi Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin 15 avqust 1997-ci il tarixli 1085 nömrəli sərəncamına əsasən ayrılmış 800 kv.metr torpaq sahəsinin iddiaçının mərhum həyat yoldaşı X3 mülkiyyət hüququ üzrə məxsus olması barədə dövlət reyestrindən arayışın verilməsində ifadə olunur. Bu səbəbdən də məhkəmə iddia tələbinə torpaq sahəsinin iddiaçının mərhum həyat yoldaşına mülkiyyət hüququ üzrə məxsus olması barədə dövlət reyestrindən arayışın verilməsi kimi baxır.

14. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

15. İddia mümkündür.

Məhkəmənin mövqeyi

16. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir; 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd; 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.1-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir.

18. X6 Filialı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin 15 avqust 1997-ci il tarixli 1085 nömrəli Sərəncamından görünür ki, X2 istifadəsinə 800 kv.metr torpaq sahəsi ayrılmışdır, lakin məhkəmə iş materiallarını nəzərdən keçirərkən X3 ayrılmış torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən hər hansı bir mötəbər sənədin (yerləşmə cizgisi) işə əlavə edilmədiyini müəyyən etmişdir.

19. İş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının mərhum həyat yoldaşı ünvan 2 ünvanında yerləşən 0.08 ha torpaq sahəsinə dair plan-ölçü və çıxarışın verilməsindən imtinaya səbəb də məhz həmin torpaq sahəsinə dair onun yerləşmə cizgisinin iddiaçı tərəfindən təqdim edilmədiyi halı olmuşdur.

20. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin 15 avqust 1997-ci il tarixli 1085 nömrəli Sərəncamına əsasən ayrılmış 800 kv.metr torpaq sahəsinin iddiaçının mərhum həyat yoldaşına məxsus olması barədə dövlət reyestrindən arayışın verilməsi üçün həmin torpaq sahəsinin təsdiqlənmiş cizgisinin təqdim edilməsi zəruridir. Belə ki, torpaq sahəsinə hüquqların qeydiyyata alınması üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi torpaq sahəsinin cizgisinin ərizəyə əlavə edilməsini birbaşa nəzərdə tutur.

21. Bu səbəbdən də torpaq sahəsinin səlahiyyətli qurum tərəfindən təsdiqlənmiş cizgisinin təqdim edilmədiyi təqdirdə, həmin torpaq sahəsinə hüquq qeydiyyata alına bilməz.

22. Bu baxımdan məhkəmə cavabdehin iddiaçıya aid tələblərin təmin edilməsindən imtinanı əsaslı hesab edir.

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

24. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. İddia əsassız olduğundan rədd edilməlidir.

25. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar