Məhkəmə qərarları › İş №e-2-1(112)-9122/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9122/2024

29.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9122/2024 29.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “qərarın ləğv edilməsi, əmək pensiyasından tutulmaların cavabdehə qadağan edilməsi və əmək pensiyasından artıq tutulmanın geri qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “qərarın ləğv edilməsi, iddiaçının əmək pensiyasından tutulmaların cavabdehə qadağan edilməsi və əmək pensiyasından artıq tutulmanın geri qaytarılması” tələbinə dair iddiası üzrə inzibati işə 29 iyul 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1958-ci il təvəllüdlür. xx.xx.1973-cü il tarixli əmək kitabçasına əsasən iddiaçı: 1968-ci ildən 1972-ci ilədək Bakı Dəniz Məktəbində təhsil almışdır (təhsil dövrü 1968ci ilin sentyabr ayında, 1972-ci ilin iyul ayı nəzərə alınaraq 4 il, 10 ay, 1 gün). xx.xx.1973-xx.xx.2000-ci il illərdə “Kaspiymornefteflot” İdarəsində, “Kaspomorneftqazprom” İdarəsində mexanik (4-cü, 3-cü və 2-ci dərəcəli) və baş mexanik vəzifələrində işləmişdir (27 il 6 ay 12 gün). xx.xx.2000-xx.xx.2009-cu illərdə “BUE Caspian LTD”şirkətində baş mexanik vəzifəsində işləmişdir (5 il 5 ay 12 gün-xx.xx.2006-cı il tarixədək). xx.xx.2009-xx.xx.2014-cü illərdə ARDNŞ-nin Baş Ofisində nəqliyyat şöbəsinin mühəndisi vəzifəsidə işləmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi tərəfindən iddiaçıya xx.xx.2008-ci il tarixdən 55 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Cavabdeh tərəfindən 3-17-1/3-3-2255/2023 №-li, xx.xx.2023-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarla iddiaçıya xx.xx.2010-cu il tarixdən (57 yaşdan) əmək pensiyası təyin edilmiş, pensiya məbləği 3256,37 manatdan 670,71 manata azaldılmışdır. İddiaçı pensiya məbləğində olan azalmaya aydınlıq gətirilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd etmişdir ki, araşdırma zamanı, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. Qanunun 27-ci maddəsinin 1 yanvar 2010-cu il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası pensiya sığorta kapitalına əsasən deyil, ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanırdı. Göstərilən tarixdən qanunvericiliyə edilmiş dəyişikliklə əlaqədar 1 yanvar 2010-cu il tarixindən sonra əmək pensiyasının məbləği toplanılan pensiya sığorta kapitalına (1 yanvar 2006-cı il tarixindən əvvəlki iş stajının da pensiya sığorta kapitalına şərti çevrilməsi aparılmaqla) əsasən redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, İddiaçı əmək pensiyası tərəflərindən aşağıdakı qaydada hesablanıb: Belə ki, İddiaçı pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 35 il 9 ay 20 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006cı il tarixinədək iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanın sığorta hissəsi 42,26 manat (35.80 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdirilib 65,50 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 11141,28 manat sığorta kapitalına uyğun 77,37 manat ( 11141,28:144) və 75 manat baza hissəsi əlavə edilərək xx.xx.2010-cu il tarixinə 217,87 manat (65,50+77,37+75) (indeksləşdirilərək xx.xx.2014-cü il tarixinə 1635,60 manat) məbləğində əmək pensiyası müəyyən edilib. Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesabanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Bununla əlaqədar olaraq, İddiaçı xx.xx.2014-cü il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış 6824,78 manat sığorta kapitaı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 103 aya (63 il-60 il 5 ay= 31 ay +(144ay-72 ay)) bölünməklə 66,26 manat (6824,78:103) qanuni əmək pensiyasını (261,50 manat) üzərinə əlavə edilərək 327,76 manat (261,50+66,26) (indeksləşdirilərək və Qanunun 26.4-cü maddəsinin tələbi nəzərə alınmaqla xx.xx.2023-cü il tarixinə 3256,37 manat)) artırılaraq İddiaçı ödənilib. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən İddiaçı son üç il üzrə 78562,47 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 78562,47 manat pul vəsaitinin 871,91 manat hissəsi xx.xx.2023-xx.xx.2024-cü l tarixləri arasındakı dövr ərzində əmək pensiyasından tutulub, qalıq artıq ödənilmiş 77690,56 manat pul vəsaiti isə hər ay 67,07 manat olmaqla hissə-hissə əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar İddiaçı əmək pensiyası xx.xx.2024-cü il tarixindən 745,83 manat təşkil edir. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-2255/2023 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi, iddiaçının əmək pensiyasından tutulmaların cavabdehə qadağan edilməsi və iddiaçının əmək pensiyasından artıq tutulmanın geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1997-ci il tarixədək tələb olunan güzəştli və ümumi iş stajını toplamışdır. Məhz bu səbəbdən cavabdeh orqan tərəfindən ona xx.xx.2008-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin, 2023-cü ilin mart ayından iddiaçıya heç bir məlumat verilmədən, Azərbaycan Respublikasə İPM-nin və İnzibati İcraat haqqında qanunun tələbləri pozulmaqla iddiaçıya xəbəri və məlumatı olmadan güzəştli şərtlərə görə əmək pensiyasının yenidən hesablanmaı barədə qərar qəbul edilmiş, lakin bu günədək həmin qərar iddiaçıya verilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozan cavabdeh orqan iddiaçıya hər hansı bir qərara təqdim etmədən, onun əmək pensiyasını azaltmış və əsassız olaraq ona sonrakı qanunvericiliyə istinad etməklə ona əmək pensiyasının 57 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixindən pensiyasını sığorta kapitalına əsasən təyin olunmalı qənaətinə gələrək son 3 il üzrə 78562,47 manat pul vəsaitinin artıq ödənildiyini müəyyən etmişlər. Bundan sonra isə cavabdeh orqan 78562,47 manatın 871.91 manat hissəini xx.xx.2023-xx.xx.2024 cü il ərzində əmək pensiyasından tutmuş, qalıq 77690.56 manat pul vəsaitini isə hər ay 67,07 manat olmaqla hissə-hissə əmək pensiyasından tutularaq büdcəyə bərpa etməyi qərarlaşdırmışdır. Qərarın təqdim olunması və bu qanunsuz qərarın ləğv olunması, hesablanmanın dayandırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq güzəştli şərtlərə görə 55 yaşdan əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana yazılı müraciət olunmuşdur. İddiaçının əmək pensiyası xx.xx.2024-cü il tarixindən 745,83 manat təşkil edir. Lakin cavabdeh orqan bu günədək qəbul etdiyi qərarı təqdim etməmişdir. Cavabdeh orqanın bu mövqeyi ilə razılaşmır hesab edir ki, cavabdeh orqan qanunsuz və əsassız olaraq iddiaçının hüquqlarını pozmuşdur. Cavabdeh orqanın qərarını qanunsuz və əsassız hesab edir. Qərar isə bizə təqdim olunmadığı üçün həmin qərarın tarixi və nömrəsini göstərə bilmir. Belə ki, yuxarıda qeyd olunan məlumatlar əsasında da müəyyən olunur ki, xx.xx.1997-ci il tarixdə iddiaçı ümumi 28 il 11 ay iş stajına malik olmuş və həmin stajın 24 il 7 aydan artıq müddətini güzəştli iş stajı təşkil etmişdir. İddia tələbinə etirazın əsasları: Cavabdeh tərəfindən iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur Həmçinin etirazda bildirilmişdir ki, araşdırma zamanı, xx.xx.2014-cü il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 4770,72 manat sığorta kapitalına uyğun İddiaçı əmək pensiyasının həmin tarixdən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, 4770,72 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 aya (144-72) bölünməklə 66,26 manat (4470,72:72) qanuni əmək pensiyasının (268,70 manat) üzərinə əlavə edilərək 334,96 manat (268,70+66,26) (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınaraq və indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 670,71 manat) ona ödənilməli olduğu halda, düzgün olmayan pensiya məbləği səhvən 1635,60 manata (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınaraq və indeksləşdirilərək xx.xx.2023cü il tarixinə 3256,37 manat)) artırılmaqla ona ödənilib. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, son üç il üzrə İddiaçı 78428,33 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin 78428,33 manat pul vəsaiti 2023-cü ilin aprel ayından etibarən hissə-hissə (67,07 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Aqasəf Xalfeyevin əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 745,83 manat təşkil edir. Sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli qərarı mübahisələndirir, lakin cavabdeh həmin qərarın iddiaçıya təqdim etməsinə dair sübut təqdim etmir. Mübahisələndirilən qərar məhkəmə sorğusuna əsasən məhkəmə iclasında təqdim edilmiş, iddiaçı bundan sonra dəqiqləşmə verərək qərarın tarixini və nömrəsini qeyd etməklə qərarı mübahisələndirmişdir. Cvabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda da, qeyd ediləön qərar (tarixi və nömrəsi) barədə iddiaçıya ümumiyyətlə məlumat verilməmişdir. Ona görə də, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına əsasən iddiaçıya xx.xx.2008-ci il tarixdən 55 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilmiş, lakin cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli qərarla iddiaçıya xx.xx.2010-cu il tarixdən, yəni 57 yaşından əmək pensiyası təyin edilmiş, pensiya məbləği 3256,37 manatdan 670,71 manata azaldılmışdır. Bundan sonra, iddiaçının pensiyasında artıq ödəmələrin tutulmasına başlanmışdır. Hazırda iddiaçı qeyd olunan qərarın ləğv edilməsini, əmək pensiyasından tutulmaların cavabdehə qadağan edilməsi və əmək pensiyasından artıq tutulmanın geri qaytarılmasını xahiş edir. Cavabdeh öz mövqeyini onunla əsaslandırır ki, iddiaçıya 55 yaşdan deyil, 57 yaşdan pensiya təyin edilməli idi. Çünki Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321- İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmış, 1 abqust 2000-ci il tarixindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 №-li Siyahı üzrə güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 57 yaş müəyyən edilmişdir. Buna görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 1 avqust 1997-ci il tarixinədək tələb olunan güzəştli və ümumi iş stajını topladıqda, lakin 55 yaş həddinə dəyişiklikdən sonra çatdıqda onlara həmin yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İddiaçı cavabdehin bu mövqeyini əsassız hesab edərək bildirir ki, tələb olunan stajı yaş həddində dəyişikliyin başlandığı xx.xx.1997-ci ilədək topladığından, yəni staja görə 55 yaşdan pensiya almaq hüququ yarandığından, yaş həddindəki dəyişiklik (ağırlaşdırıcı hal) ona münasibətdə tədbiq edilməməldir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh orqan inzibati icraatla bağlı qanunveriliyin tələblərini pozaraq, iddiaçıya münasibətdə əlaverişli inzbati aktı dəyişdirərkən (ləğv edərkən) iddiaçıya məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin edərək mülahizələrini dinləməmiş və yekunda qəbul etdiyi inzibati akt barədə iddiaçıya məlumat verməmişdir. Bundan başqa cavabdeh iddiaçı pensiyasından tutulmalar aparmaqda qanunvericliyin tələblərinə əməl etməmişdir. Belə ki, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən: 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Hazırkı işdə iddiaçının ona artıq ödənilmiş pensiyanın tutulması barədə razılığının olmaması işin mübahisələndirilməyən halıdır. Belə olan halda cavabdeh orqan artıq ödənildiyi hesab etdiyi məbləği öz təşəbbüsü ilə deyil, yalnız məhkəmədə müvafiq iddia qaldırmaqla nail ola bilərdi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Beləliklə, göründüyü kimi cavabdeh inzibati orqan istər “Əmək pensiyaları haqqında” Qanunun, istərsə də “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd edilən tələblərinə riayət etməmiş, iddiaçıya inzibati icraat barədə məlumat vermədən, inzibati icraatın aparılmasında onun iştirakını, dinlənilmə hüququnu təmin etmədən, artıq ödənildiyini iddia etdiyi pensiya məbləğinin geri qaytarılması barədə iddiaçının razılığını almadan iddiaçının pensiyasından faktiki olaraq tutulmalar həyata keçirilməsinə başlamışdır. Məhkəmə cavabdehin qərarını və həkətlərini həmçinin maddi hüququnun tətbiqi baxımından da əsassız hesab edir. Belə ki, 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarlarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Baxılan işdə iddiaçının 1.08.1997-ci ilədək ümumi və xüsusi stajının olması işin mübahisələndirilməyən halı olmaqla, iş materiallarında olan sənədlərlə müəyyən edilir. İş materiallarına əlavə edilmiş və Azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilmiş əmək kitabçasının surətinə əsasən müəyyən edilir ki, iddiaçının təhsil aldığı dövrlər də daxil olmaqla 1.08.1997-ci il tarixə qədər onun ümumi stajı 29 il, 4 ay, 24 gün təşkil edir. İddiaçı həmin dövrün 24 il, 6 ay, 23 gününu (xx.xx.1973-xx.xx.1997ci illər) Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısında nəzərdə tutulmuş güzəştli peşələrdə çalışmışdır. Cavabdeh də bu halı, yəni iddiaçının ümumi və güzəştli stajını mübahisələndirmir. Məhkəmə cavabdehin yaşla bağlı mövqeyini əsassız hesab edərək qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi, həmin Qanunun qüvvəyə mindiyi günədək, güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyaların yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməsi hüququnu tanımışdır. Belə olan halda, iddiaçının əgər xx.xx.1997-ci ilədək 25 il ümumi və 12 il 6 ay xüsusi stajı vardırsa, o zaman iddiaçının 55 yaşının sonradan, yəni qanunda müvafiq dəyişikliklərin edildiyi xx.xx.2000-ci ildən sonra tamam olması, onun qazanılmış hüququna təsir etməməlidir. Oxşar işlər üzrə, məhkəmə təcrübəsi də bu istiqamətdədir. Belə ki, 57 yaşdan pensiya təyin edilməsi üçün şəxsin xx.xx.2006-cı ilədək, ümumi və xüsusi stajının olması şərti ödənilikdə, şəxsin 57 yaşının xx.xx.2006-cı ildən sonra tamam olmasının, ona 57 yaşdan güzəştli şərtlərlə pensiya təyinatının aparılmasına təsir etmir. Qeyd olunanlara əsasən, iddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi əmək stajlarını xx.xx.1997-ci il tarixinədək topladığına görə ona əmək pensiyası 57 yaşdan deyil, əvvəllər qüvvədə olmuş Qanunun tələbləri ilə, yəni iddiaçının 55 yaşının tamam olduğu tarixdən təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1293/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadına məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi qərarlarda (o cümlədən, xx.xx.2019-cu il tarixli 2-1(102)-2641/2019 nömrəli, xx.xx.2023- cü il tarixli 2-1(102)-2023/2023 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarlarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi əmək stajlarını 01 avqust 1997-ci il tarixinədək topladığına görə, ona əmək pensiyası 52 yaşdan deyil, əvvəllər qüvvədə olmuş Qanunun tələbləri ilə, yəni iddiaçının 50 yaşının tamam olduğu tarixdən təyin edilməlidir. Hazırki iş üzrə iddiaçının ümumi iş stajı 32 il 3 ay 24 gün (01.01 2006-cı il tarıxinədək 28 il 3 ay 24 gün əmək stajı (xx.xx.1972-xx.xx.1974-cü il, xx.xx.1975- xx.xx.1982-ci il, xx.xx.1982- xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1991-ci il, xx.xx.1991- xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.2000- ci il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 4 il siğorta stajı), güzəştli iş stajı isə 11 il 5 ay 5 gün (xx.xx.1975-xx.xx.1982ci il, xx.xx.1986-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Beləliklə, iddiaçının 01 avqust 1997-ci il tarixində ümumi iş stajı, həqiqi hərbi xidmət illəri də daxil olmaqla 23 il 09 ay 21 gün təşkil etmiş və həmin staj illərinin 20 il 10 ay 08 gün müddətini güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahıya daxil olan işlərdə çalışmışdır. Qeyd edilməlidir ki, iddiaçının 01 avqust 1997-ci il tarixinədək azı 20 il ümumi və 1 saylı Siyahı üzrə 10 il xüsusi (güzəştli) iş stajına malik olmasını mübahisələndirmir. Bununla da, iddiaçının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin “a” bəndinə və “Əmək pensiyaları haqqında” Qanun 9.8-ci maddəsinə əsasən, 50 yaşı tamam olduğu 12 avqust 2003-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur”. Məhkəmə kollegiyasının qeyd edilən hüquqi mövqeyi hazırkı işə də aiddir. Belə ki, həmin işdə iddiaçının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahısı üzrə 50 yaşdan pensiya təyin edilməsi məsələsinə hüquqi qiymət vermişdir. Hazırkı işdə isə, hüququn tədbiqi ilə bağlı eyni yanaşma hazırkı mübahisəyə tədbiq edildikə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 2 nömrəli siyahı üzrə iddiaçıya 57 yaşdan deyil, 55 yaşda pensiya təyin edilməli idi. İddiaçıya 57 yaşdan pensiya təyin edilməsini məhkəmə əsassız hesab etdiyindən, tələbin digər hissələri də, yəni bu əsasla iddiaçının pensiyasından tutulmaların aparılmasının qadağan edilməsi və aparılmış tutulmaların geri qaytarılması barədə tələbləri də əsaslıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3- 17-1/3-3-2255/2023 nömrəli qərarı ləğv edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı əmək pensiyasından tutulmaların aparılması cavabdehə qadağan edilsin. İddiaçı əmək pensiyasından artıq tutulmuş pul vəsaitinin İddiaçı geri qaytarılması öhdəliyi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar