Məhkəmə qərarları › İş №e-2-1(112)-9128/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-9128/2024

21.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-9128/2024 21.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “elektrik qurğusunun balansa qəbul edilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hal-hazırda sahibsiz olan, təhlükə potensiallı və dövlət əhəmiyyətli tikinti obyekti hesab olunan 762 saylı Tansformator Məntəqəsi (qısa TM-si) qurğusunun "xxxx" ASC-nin balansına, yaxud idarəçiliyinə, sahibliyinə və sərəncamına qəbul edilməsi, İdarəçilik və kommunal xidmətlər göstərdiyi Nərimanov rayonu, İ.Dadaşov küçəsində yerləşən 48 və 50 saylı çoxmənzilli yaşayış kompleksi binalarında ümumi məqsədlərə - pilləkənlərin və həyətlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaların yalnız bunlar üçün xüsusi və ayrıca olaraq quraşdırılmış fərdi elektrik sayğacları vasitəsilə aparılmasına, İddiaçı MMMC istehlakçı ilə təchizatçı Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsi arasında elektrik enerjisi alqı-satqısı sərhədlərinin müəyyən edilməsinə və 762 saylı TM-si qurğusunun alçaq gərginlik tərəfinin (çıxışının) sərhəd olaraq təyin edilməsinə, ümumi məqsədlər üçün (pilləkənlərin və həyətlərin işıqlandırılması, liftlərin, nasosların işləməsi və s.) alınacaq elektrik enerjisinə görə hesablaşmaların alçaq gərginlik tərəfində quraşdırılacaq sayğac vasitəsilə aparılmasına, elektrik enerjisi itkilərinə (texnoloji sərfiyyata) görə İddiaçı MMMC-dən əlavə ödəniş tutulmamasına, "xxxx" ASC üzərinə İddiaçı MMMC ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanması, müqavilədə İddiaçı MMMC-yə buraxılacaq illik elektrik enerjisinin miqdarının 130000kvs.-150000kvts. miqdarında müəyyən edilməsi öhdəliyinin qoyulmasına, "xxxx" ASC üzərinə İddiaçı MMMC-nin adına yeni istehlakçı kodunun verilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, İddiaçı (bundan sonra İddiaçı MMMC) Nərimanov rayonu, İ.Dadaşov küçəsində yerləşən 48 və 50 saylı çoxmənzilli yaşayış binası kompleksi sakinlərinin bina kompleksini birgə idarə etmək və birgə idarəçilikdən irəli gələn məsələlərin birgə operativ həlli üçün qurmuş olduqları qeyri-kommersiya hüquqi şəxsidir. Cəmiyyət 12 fevral 2019-cu ildə dövlət qeydiyyatına alınmışdır. Buna qədər bina kompleksində kommunal xidmət və idarəçilik məsələləri xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmış, 1999-2002-ci illərdə həmin yaşayış kompleksinin tikintisini aparmış "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən həyata keçirilirdi. "xxxx" Mənzil-Tikinti Kooperativi (bundan sonra "xxxx"MTK) Nərimanov rayonu, İ.Dadaşov küçəsində yerləşən, kompleks şəklində olan 48 və 50 saylı binaların tikintisini həyata keçirmək üçün qurulmuşdu. 2002-ci il tarixdə bina istismara verildikdən və sakinlər tərəfindən binanın tərkib hissələri olan mənzillər və qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüquqları əldə edildikdən sonra MTK faktiki olaraq öz fəaliyyətini başa vurmuşdur. Həmin tarixdən MTK yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin ümumi mülkiyyətində olan əmlakın idarə edilməsini, istismarını, bu əmlaka sahibliyin və ondan istifadənin təmin edilməsini həyata keçirirdi. 2020-ci ilin may ayının 6-da "xxxx" MTK rəsmi qaydada ləğv edilmiş, onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilmiş, həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatından çıxarılmışdır. Bu barədə iddiaçıya AR Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin X1 Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə “Kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında” **********06 nömrəli bildiriş təqdim edilmişdir. Hazırda iddiaçının birgə idarəçiliyini həyata keçirdiyi bina kompleksi 232 mənzil, bir neçə qeyri-yaşayış sahəsindən ibarətdir. Mənzillər və qeyriyaşayış sahələri xüsusi mülkiyyət hüququ əsasında ayrı-ayrı fiziki şəxslərə məxsusdurlar. Bina kompleksinin elektik təchizatı xətləri 682 saylı yarımstansiyadan gələn elektrik şəbəkəsinə qoşulmuşdur. Bina kompleksinin qoşulduğu şəbəkənin enerjitəchizatı müəssisəsi "xxxx" ASC, cəmiyyətin ərazi üzrə struktur orqanı isə Nərimanov rayonu Enerji Təchizatı və Satışı İdarəsidir (bundan sonra Nərimanov rayonu ETS İdarəsi). 682 saylı yarımstansiya ilə bina kompleksinin şəbəkə bağlantısı birləşdirici kabeldən və bina kompleksinin həyətində olan transformator məntəqəsindən ibarətdir. Belə ki, 682 saylı yarımstansiyadan kabellərlə ötürülən elektrik gücü və gərginliyi bina kompleksinin həyətində yerləşən 762 saylı Transformator Məntəqəsinə (bundan sonra “762 saylı TM” adlandırılacaqdır) daxil olaraq burada yüksək gərginlikdən aşağı gərginliyə transformasiya olunur və buradan da abonentlərə paylanır. 762 saylı TM qurğusu (qanunvericiliyə əsasən elektrik qurğusu - elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması üçün lazım olan avadanlıq və onlara aid tikililərdir) keçmiş "xxxx" MTK tərəfindən 1999-2002-ci il tarixlərdə tikilərək və avadanlıqlarla təchiz edilərək müvafiq razılıqlar əsasında istifadəyə verilmişdir. Hal-hazırda da bina kompleksinin elektrik təchizatı həmin 762 saylı TM-dəki elektrik avadanlıqları vasitəsilə həyata keçirilməkdədir. 762 saylı TM-nin ərazisi və tikilisi, dövlət qeydiyyatı ləğv edilənə kimi "xxxx" MTK-nın mülkiyyətində, avadanlıqları isə balansında olmuşdu. Qurğunun istismarı və qurğuya xidmət olunması, istifadə ilə bağlı xərclər və təmir xərcləri, ehtiyat hissələrinin alınması xərcləri, zərurət hallarında texniki-usta heyətlərinin cəlb olunması ilə bağlı xərclər keçmiş "xxxx" MTK tərəfindən qarşılanırdı. Bina kompleksi elektrik təchizatı ilə təmin edildiyi vaxtdan abonentlər sayğaclarla təmin edilmiş, enerjitəchizatçı müəssisələrlə (ayrı-ayrı vaxtlarda müxtəlif müəssisələr olmuşdur) hesablaşmalar və ödəmələr sayğacların göstəriciləri vasitəsilə həyata keçirilmişdi. Bina kompleksindəki əhali və qeyri-əhalidən ibarət abonentlərə elektrik enerjisi satışını "xxxx" ASC-nin Nərimanov rayonu ETS İdarəsi həyata keçirir. 2009-cu il tarixdə 48 və 50 saylı yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları "xxxx"MTK-nın vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində - pilləkən meydançalarında elektrik lövhələr içərisində quraşdırılmışdır. Bina kompleksində olan qeyri-əhali istehlakçıları da enerjitəchizat müəssisəsi kimi "xxxx" ASC Nərimanov rayonu ETS İdarəsi birbaşa münasibətdədirlər və hesablaşmalar da bu obyektlərdə quraşdırılmış sayğacların göstəriciləri üzrə aparılır. Binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinin hesablanması üçün isə həmin qurğulara sayğaclar quraşdırılmışdır və bu sərfə görə aylıq ödəmələri keçən ilə kimi "xxxx" MTK həyata keçirirdi. Bununla belə, enerjitəchizat müəssisəsi ("xxxx" ASC) bina kompleksindəki istehlakçılara elektrik enerjisini birbaşa (vasitəçisiz) satmasına və hesablaşmaları istehlakçıların obyektlərində quraşdırdığı sayğaclarla aparmasına baxmayaraq, xx.xx.2009-cu il tarixdə itkilərin qarşısının alınması adı ilə 762 saylı TM-də məntəqənin elektrik qurğusunun girişində (yüksək gərginlikli giriş xəttində) əlavə hesablaşma balans sayğacı quraşdırmışdır. Əslində MTK əsas istehlakçı olmadığı halda həmin zaman sözügedən sayğacın 762 saylı TM-nin girişində quraşdırılması ilə əsas istehlakçı vəziyyətinə salınmışdı. Halbuki, keçmiş "xxxx" MTK bina kompleksinin ümumi mülkiyyətdə və ümumi istifadədə olan əmlakının idarəetməsini həyata keçirirdi, yalnız bina kompleksində olan pilləkənlərın işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə sərf olunan elektrik enerjisinə görə ödənişləri isə əhalidən kooperativ xidmətə görə yığdığı dövriyyə ödənişlərindən ödəyirdi. "xxxx" ASC isə yüksək gərginlikli giriş xəttində quraşdırılmış hesablaşma balans sayğacı əsasında texnoloji itkiləri də "xxxx" MTK-dan tələb edirmiş, lakin, tərəflər arasında uzun illər ərzində gedən məhkəmə çəkişmələri əsasında yekun məhkəmə aktı ilə qərara alınmışdır ki, bu itkilərə görə "xxxx"MTK məsuliyyət daşımır. Cavabdeh iddiaya yazılı etirazı məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 13 və 14-cü bəndinə əsasən:

13. Qanunvericiliklə onlara inzibati akt qəbul etmək, eləcə də ümumi (publik) hüquq sahəsində hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı faktiki xarakterli hərəkətlər etmək səlahiyyətinin verildiyi konkret hallar istisna olmaqla, təbii inhisar subyektləri “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan sayılmırlar.

14. Təbii inhisar subyektləri dövlət və ictimai maraqları təmin etməyə yönəlmiş fəaliyyətlərin həyata keçirilməsi ilə əlaqədar həm onların fəaliyyətinin dövlət tənzimlənməsini həyata keçirən orqanlarla (rəqabət orqanı, Tarif (qiymət) Şurası və digər tənzimləyici qurumlar), həm də təsərrüfat subyektləri və istehlakçılarla münasibətlərə daxil olurlar. Buna görə, məhkəmələr ilk növbədə, təbii inhisar subyektlərinin iştirakçısı olduğu mübahisələrin qeyd edilən iki kateqoriya münasibətlərdən məhz hansının çərçivəsində yarandığını aydınlaşdırmalıdırlar. Təbii inhisarları tənzimləyən orqanlarla təbii inhisar subyektlərinin daxil olduqları münasibətlər ümumi hüquq sahəsinə aid olduğundan belə münasibətlərdən yaranan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Çünki təbii inhisar fəaliyyətinin dövlət tənzimlənməsi ilə bağlı qərarların qəbul olunması, hərəkət və ya hərəkətsizliyin edilməsi publik maraqlar naminə hakimiyyət səlahiyyətlərinin icrası qaydasında həyata keçirilən, eləcə də ünvanlandığı təbii inhisar subyektləri barəsində hüquqi nəticələr yaradan fəaliyyətdir. Müvafiq olaraq belə fəaliyyətin həyata keçirilməsi nəticəsində hüquqlarının pozulduğunu iddia edən təbii inhisar subyektləri tərəfindən təbii inhisarları tənzimləyən orqanlara qarşı qaldırılmış iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Təbii inhisar subyektlərinin təsərrüfat subyektləri və istehlakçılarla daxil olduqları münasibətlər (təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması və s.) isə konkret subyektlərə təbii inhisar fəaliyyətinə aid edilmiş sahələr üzrə məhsulun satışı və ya xidmətlərin təqdim edilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla son nəticədə mülki-hüquqi xarakter daşıyır. Həmin münasibətlər xüsusi hüquq rejiminə tabe edildiyinə görə, bununla bağlı yaranmış mübahisələr inzibati hüquq sahəsində yaranmış münasibətlər kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. Göründüyü kimi, Plenum Qərarına əsasən təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması ilə bağlı münasibətlər təbii inhisar fəaliyyətinə aid edilmiş sahələr üzrə məhsulun satışı və ya xidmətlərin təqdim edilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla mülki-hüquqi xarakterə malikdir və bu münasibətlərlə bağlı yaranmış mübahisələrə inzibati deyil, ümumi məhkəmədə baxılmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçının hazırkı tələbi də onunla cavabdeh arasında yaranmış elektrik enerjisinin satcısı ilə alıcısı arasında olan münasibətlərdən irəli gəlməklə, inzibati deyil, mülki-hüquqi xarakterə malikdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının istehlak münasibətlərindən irəli gələn hazırkı iddiası inzibati mübahisə hesab olunmadığından inzibati məhkəmə icraatında baxıla bilməz. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 15.1-ci maddəsində göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (Qərar 15.2-ci bənd). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (Qərar 15.3-cü bənd). Qeyd edilənlərə əsasən məhkəmə iddianın məhkəmə aidiyyəti üzrə göndərilməsinin inzibati məhkəmə icraatında mümkünsüzlüyünü bildirməklə yanaşı iddiaçıya izah edir ki, onun hazırkı tələblə mülki mühakimə icraatı qaydasında aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ saxlanılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar