Məhkəmə qərarları › İş №e-2-1(112)-9131/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9131/2021

26.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9131/2021 26.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X19 şəxsin xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filalının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X19 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının 80 %-i məbləğində hesablanaraq yaranmış fərqin mərhumun oğluna ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək ailə başçısını itirməyə görə əmək pensiyasının 80 %-i məbləğində hesablanaraq yaranmış fərqin 24.01.2014-cü il təvəllüdlü oğlu X9 ödənilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, 21 yanvar 2021-ci il tarixdə əri X16 vəfat etmişdir. İddiaçı əri ilə 16 mart 2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 24 yanvar 2014-cü il təvəllüdlü oğlu X14 dünyaya gəlmişdir. İddiaçı 27.04.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X19 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək oğlu X21 oğluna ailə başçısını itirməyə görə pensiya təyin edilməsini xahiş etmişdir və ona 21.01.2021-ci il tarixdən pensiya təyin edilmişdir. Bundan sonra o Filiala 29 may 2021-ci il tarixdə müraciət edərək təyin edilmiş pensiyanın mərhumun əmək haqqısının 1/3 hissəsi qədər deyil, 80%-i məbləğində təyin edilməsini xahiş etmişdir. Filialın 22.07.2021-ci il tarixli, **********5 saylı cavab məktubu ilə iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, İddiaçı ödənilməli olan əmək pensiyasının 80 faizinin (713,04 manat) 1/3 hissəsi (mərhumun atası və anasının əmək pensiyası hüququ olduğundan) yəni 237,68 manat məbləğində əmək pensiyası təyin edilərək müvafiq kart hesabına köçürülür. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuzdur.

3. Cavabdeh qurum tərəfindən iddiaçıya ünvanlanmış 22.07.2021-ci il tarixli ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması haqqında imtina olunması haqqında məktubda bildirilir ki, iddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün 27 aprel 2021-ci il tarixində Mərkəzi Filiala müraciət etmişdir və 21 yanvar 2021-ci il tarixdən (mərhum həyat yoldaşı X11 vəfat etdiyi tarix) İlə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Həmçinin bildirilir ki, mərhum X11 vaxtilə qulluq keçdiyi vəzifə maaşı 1020,00 manat, qulluq stajına görə əlavəsi 229,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 100,00 manat, mükafatlarla müavinatların cəminə görə əlavəsi 340,00 manat, digər növ əlavəsi 41,18 manat olmaqla orta aylıq əmək haqqısı 1730,68 manat təşkil etmişdir. Bununla əlaqədar mərhuma ödənilməli olan əmək pensiyası "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 20.11.2-ci maddəsinə əsasən 15 il 6 ay 6 gün qulluq stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (1730,68 manat) 51,50 faizi-891,30 manat məbləğində hesablanmışdır. Sözügedən Qanunun 20.13-cü maddəsinə əsasən sabiq dövlət qulluqçusunun ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvlərinə qulluq stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə sözügedən Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir. Bununla əlaqədar İddiaçı mərhuma ödənilməli olan əmək pensiyasının (891,30 manat) 80 faizinin (713,04 manat) 1/3 hissəsi (mərhumun atası və anasının əmək pensiyası hüququ olduğundan) yəni 237,68 manat məbləğində əmək pensiyası təyin edilərək müvafiq kart hesabına köçürülür.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı 4 iyun 2021-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəfimizdən aparılmış inzibati icraat tədbirləri nəticəsində bildiririk ki, İddiaçı (övladı X8 görə) sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün 27 aprel 2021-ci il tarixində Mərkəzi Filiala müraciət etmişdir. Bununla əlaqədar İddiaçı 21 yanvar 2021-ci il tarixindən (mərhum həyat yoldaşı X11 vəfat etdiyi tarix) ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda bildirilmişdir ki, mərhum X11 vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1020,00 manat, qulluq stajına görə əlavəsi 229,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 100,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 340,00 manat, digər növ əlavəsi 41,18 manat olmaqla orta aylıq əmək haqqısı 1730,68 manat təşkil etmişdir. Bununla əlaqədar mərhuma ödənilməli olan əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə əsasən 15 il 6 ay 6 gün qulluq stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (1730,68 manat) 51,50 faizi-891,30 manat məbləğində hesablanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 20.13-cü maddəsinə əsasən sabiq dövlət qulluqçusunun ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvlərinə qulluq stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə sözügedən Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir. Bununla əlaqədar İddiaçı mərhuma ödənilməli olan əmək pensiyasının (891,30 manat) 80 faizinin (713,04 manat) üçdə bir hissəsi (mərhumun atası X4 və anası X2 əmək pensiyası hüququ olduğundan), yəni 237,68 manat məbləğində əmək pensiyası təyin edilərək müvafiq kart hesabına köçürülür.

5. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

7. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

8. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

9. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

10. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

11. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

12. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

13. İddiaçının oğluna ailə başçısının itirməsinə görə pensiyanın yenidən hesablanmasından imtina edilmişdir. Odur ki, bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.

14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X19 şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəasi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X19 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X19 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutlan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qullluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.

15. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

17. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

18. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

19. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

20. Nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən, X17 ilə İddiaçı arasında nikah 16.03.2013-cü ildə qeydə alınmışdır.

21. Doğum haqqında şəhadətnamədən görünür ki, 24.01.2014-cü il təvəllüdlü X5 atası X17, anası İddiaçıdır.

22. Ölüm haqqında şəhadətnamədən görünür ki, 05.02.1979-cu il təvəllüdlü X6 21.01.2021-ci il tarixdə vəfat etmişdir.

23. X10 əmək kitabçasından görünür ki, 15.05.2004-cü il tarixdən əmək fəaliyyətinə başlamışdır. 04.11.2004-cü il tarixdən 21.01.2021-ci il tarixinədək İqtisadi İnkişaf Nazirliyində dövlət qulluğunda işləmişdir.

24. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 1 saylı DOST Mərkəzindən verilmiş 14.10.2021-ci il tarixli **********2 saylı arayışdan müəyyən edilir ki, mərhumun atası X12 711, 19 manat yaşa görə əmək pensiyası alır.

25. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 1 saylı DOST Mərkəzindən verilmiş 14.10.2021-ci il tarixli arayışa əsasən müəyyən edilir ki, mərhumun anası X3 259,78 manat yaşa görə əmək pensiyası alır.

26. 53 saylı notarius tərəfindən təqdim edilmiş notariat işindən müəyyən edilir ki, arvadı Əliyev aytən Mirəli qızı, oğlu X14, atası X12, anası X3 mərhum X10 vərəsələrdir. Qeyd edilən notariat işindən görünür ki, mərhumun atası X12 21.01.2021-ci ildə ölmüş X7 mirasın ona çatası hissəsindən imtina edir. Qeyd edilən notariat işindən görünür ki, mərhumun anası X3 21.01.2021-ci ildə ölmüş X7 mirasın ona çatası hissəsindən imtina edir.

27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunundan: 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur.

28. Cavabdeh qurum tərəfindən verilən imtina onunla əsaslandırılmışdır ki, mərhumun atası və anası da vərəsə olduğu üçün mərhumun əmək haqqının 80 faizinin üçdə biri atası və anasının da ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ var, ona görə də iddiaçıya tələb etdiyi məbləğdə pensiya hesablana bilməsi mümkün olmamışdır.

29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunundan: 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. 31.3. Təyinat aparıldıqdan sonra növbəti ayın 1-dən əmək pensiyaları məbləğinin ödənilməsi üçün əmək pensiyası təyin edən orqan tərəfindən müvafiq tapşırıq verilir. 20.13. Bu qanunun 20.1.8-ci və 20.1.10-cu maddələrində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş dövlət qulluqçusunun (bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulan şəxsin) qulluq stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir.

30. Mülki Məcəllənin 1257.1-ci maddəsinə əsasən, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir.

31. İş materialları ilə müəyyən edilir ki, mərhumun valideynləri mirasın qəbulundan imtina etmişlər. Məhkəmə hesab edir ki, mərhum X10 valideynlərinin də ailə başçısını itirməyə görə pensiya təyin edilməsi hüququ və bununla bağlı “qanuni gözləntisi” olmuş olsa da belə, nə qədər ki, onlar pensiyanın verilməsi ilə bağlı pensiya təyin edən orqana müraciət etməyiblər, onların bu hüququ təsdiq edilə bilməzdi. Belə ki, mərhum X10 valideynlərinə öz arzuları ilə bir pensiya - yaşa görə əmək pensiyası təyin edilmişdir və həmin şəxslər hazırda yaşa görə əmək pensiyası alırlar.

32. Odur ki, məhkəmə cavabdehin imtinasının iddiaçının qanunla qorunan hüquqlarını pozduğunu müəyyən edir.

33. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

34. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. 24.01.2014-cü il təvəllüdlü X9 ailə başçısını itirməyə görə təyin edilmiş pensiyanın yenidən hesablanaraq vəfat etmiş X10 dövlət qulluqçusu kimi almalı olduğu əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarında müəyyən edilməsi və yaranmış pensiya məbləği fərqinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X19 Şəxsin xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar