Məhkəmə qərarları › İş №e-2-1(112)-9139/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9139/2025

02.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9139/2025 02.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X5 Baş İdarəsinə qarşı “ölkədən getmək hüququna qoyulmuş məhdudlaşdırmanın götürülməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X5 Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun artıq "xxxx" Mənzil Tikinti Kooperativinin icra orqanının rəhbəri olmadığını və eləcə də Kooperativin dövlət büdcəsinə olan borcunun ödənilməsi barədə tədbir görmək səlahiyyətinin də olmamasını nəzərə alaraq, ölkədən getmək hüququna qoyulmuş məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü ildən xx.xx.2024cü il tarixinə qədər "xxxx" Mənzil Tikinti Kooperativinin sədri vəzifəsində çalışmışdır. "xxxx" Mənzil Tikinti Kooperativinin dövlət büdcəsinə küllü miqdarda borcunun olması səbəbindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi kooperativin sədrinin, yəni iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bununla bağlı Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçının ölkədən çıxışına müvəqqəti olaraq qadağa qoyulmuşdur. 2024-cü ilin avqust ayında iddiaçı kooperativin ümumi yığıncağına müraciət edərək səhhətinin pisləşməsi ilə əlaqədar sədr vəzifəsindən azad olunmağını xahiş etmişdir. Kooperativin 31 avqust 2024-cü il tarixində keçirilən ümumi yığıncağının qərarı ilə o, kooperativin sədri vəzifəsindən azad edilmişdir. Hal-hazırda Kooperativin sədri X3r. İddiaçının tutduğu vəzifədən azad olunmağına səbəb səhhətində yaranan problemlər olmuşdur. Belə ki, bir neçə il bundan öncə o, Türkiyə Respublikasında açıq ürək əməliyyatı keçirmişdir. Hazırda səhhətində yaranan proplemlərin də həmin xəstəliklə əlaqəli olması səbəbindən müalicə üçün Türkiyəyə getmək zərurəti yaranmışdır. İddiaçı vergi orqanlarına bir neçə dəfə yazılı müraciət edərək üzərinə qoyulmuş məhdudiyyətin götürülməsini xahiş etmişdir. Lakin, üzərində olan məhdudiyyət götürülməmişdir. Məhdudiyyət üçün əsas olan borc məbləği iddiaçı Kooperativə sədr seçilməmişdən əvvəl yaranmışdır və məhkəmə qərarı ilə təmin edilmişdir. Onun Kooperativin sədri vəzifəsini icra etdiyi dövrdə dövlət büdcəsinə yaranmış 11000 manat borcun ödənilməsi tərəfindən təmin edilmişdir. Buna baxmayaraq müraciətlərinə cavabdeh tərəfindən müsbət cavab ala bilməmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" MTK-nın əvvəlki rəhbəri olan İddiaçı ölkədən getmək hüququ Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-1219/2024 nömrəli qətnaməsinə əsasən məhdudlaşdırılmışdır. Belə ola halda iddiaçı ölkədən çıxışına məhdudiyyət qoyulması ilə razılaşmadığı təqdirdə Bakı Kommersiya Məhkəməsinin qeyd olunan qətnaməsindən yuxarı instansiya məhkəməsinə şikayət verməlidir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1219/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1219/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ərizəçi Azərbaycan Republikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi təmin edilmişdir. Bakı Kommersiya Məhkəməsinin məhkəmə sorğusuna 01 may 2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1219/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dərhal qüvvəyə minmişdir. "xxxx" MTK-nın payçılarının növbədənkənar yığıncağının 10 iyul 2023-cü il tarixli qərarı ilə iddiaçı kooperativin qanuni təmsilçisi və sədri vəzifəsinə təyin edilmişdir. "xxxx" MTK payçılarının növbədənkənar yığıncağının 31 avqust 2024-cü il tarixli qərarı ilə iddiaçı kooperativin sədri vəzifəsindən azad edilmişdir. X1 qanuni təmsilçilik funksiyasına malik yeni sədri seçilmişdir. Cavabdehin 5 fevral 2025-ci il tarixli iddiaçının müraciətinə cavab məktubunda göstərilmişdir ki, "xxxx" MTK-nın vergilər üzrə 71159,63 manat, məcburi dövlət sosisal sığorta haqları üzrə 3766,01 manat, işsizlikdən sığorta haqları üzrə 150,64 manat, icbari tibbi sığorta haqları üzrə 495,52 manat olmaqla ümumilikdə 75571,80 manat borcu əsas götürülərək vergi orqanı tərəfindən hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xx.xx.2023-cü il tarixli ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmiş və həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-2(113)-1219/2024 nömrəli qətnaməsi ilə vergi orqanının ərizəsi təmin edilərək iddiaçının ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxmamışdır. Əsaslar aradan qalxdıqdan sonra ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılrnasının götürülməsi məsələsinə baxılacaqdır. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində onun ölkədən getmək hüququna qoyulmuş məhdudlaşdırmanın götürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndində göstərilmişdir ki, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinə (bundan sonra – Vergi Məcəlləsi) əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir (16.1.1). Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur (77.1). Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir (77.3). Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir (78.1). Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir (23.1.15-3). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir (355-5.1). İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir (355-7.3). Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır (355-7.4). Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsində “vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək” vergi orqanlarının vəzifələrindən biri kimi təsbit edilmişdir. İş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1219/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ərizəçi Azərbaycan Republikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi təmin edilmiş, qətnamə dərhal qüvvəyə minmişdir. İddiaçı hazırkı iddia tələbində onun ölkədən getmək hüququna qoyulmuş məhdudlaşdırmanın götürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Bu zaman iddiaçı "Cənub Mənzil Tikinti" Kooperativinin icra orqanının rəhbəri olmadığına əsaslanır. Araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı 10 iyul 2023-cü il tarixdə "xxxx" MTK-nın qanuni təmsilçisi və sədri vəzifəsinə təyin edilmiş, 31 avqust 2024-cü il tarixdə isə kooperativin sədri vəzifəsindən azad edilmişdir. Yəni, hal-hazırda o, "xxxx" MTK icra orqanının rəhbəri deyil. Məhkəmə qeyd edir ki, iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasına əsas olan hallar aradan qalxmışdır. Belə ki, o rəhbəri olmadığı bir hüquqi şəxsin vergi borcuna görə məsuliyyət daşıya bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının ölkədən getmək hüququna qoyulmuş məhdudlaşdırmanın götürülməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ölkədən getmək hüququna qoyulmuş məhdudlaşdırmanın götürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X5 Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar