Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9148/2025 10.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və plan-ölçü sənədinin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Bakı şəhəri Binəqdi rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli 584 saylı Sərəncamına əsasən İddiaçı Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində ayrılmış 600 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququ üzrə çıxarışın və plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli Sərəncamı ilə X3 Xocəsən qəsəbəsi ərazisində 600, 00 kv.m torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsi notarial qaydada qarşılıqlı razılığa əsasən Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli 584 saylı Sərəncamına əsasən üçün İddiaçı adına sənədləşdirilmiş və fərdi yaşayış evi tikintisinə icazə verilmişdir. Sərəncam verilsə də, torpağın cizgisi verilməmişdir. Ona görə də ayrılmış torpağa dair cizginin verilməsi üçün cavabdeh orqana müraciət edilmiş lakin cavabdeh orqan tərəfindən hərəkətsizlik nümayiş etdirilmişdir. Bundan sonra iddiaçı cizginin verilməsi üçün iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin 20 dekabr 2023-cü il tarixli, 2-1(112)-12280/2023 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2-1(103)-1817/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 2747/2024 saylı Qərarı ilə kassasiya şikayəti oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu səbəbindən mümkün sayılmamışdır. Daha sonra qərar icra olunması üçün Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə göndərilmiş və iddiaçıya 600 kv.m torpaq sahəsinə dair cizgi verilmişdir. İddiaçı hüquqmüəyyənedici sənədlərlə cavabdehə müraciət etmiş, ona imtina məktubu ilə bildirilmişdir ki, iddiaçıya verilən xx.xx.2002-ci il tarixli sərəncamla torpaq sahəsinin ayrılması xx.xx.2001-ci il tarixdən yerli icra hakimiyyətlərinin səlahiyyətləri xaricindədir. Yerləşmə cizgisi ilə faktiki sahə arasında perimetrik ölçü, konfiqurasiya fərqinin mövcud olduğu və kadastr məlumatına əsasən torpaq sahəsi AR DNŞ-nın istifadəsinə verilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuzdur.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı “Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli 584 saylı Sərəncamına əsasən İddiaçı Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində ayrılmış 600 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququ üzrə çıxarışın və plan və ölçünün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********86 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilmiş Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 584 saylı Sərəncamı xx.xx.2002-ci il tarixlidir. Belə ki, xx.xx.2001-ci il tarixindən sonra torpaq sahəsinin ayrılması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri xaricindədir. Bundan başqa, təqdim olunmuş yerləşmə cizgisi ilə faktiki sahə arasında perimetrik ölçü, konfiqurasiya fərqi mövcuddur və sahə İdarənin elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş kontrakt ərazidə yerləşir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən, 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Həmçinin, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə xx.xx.2007-ci il tarixdə edilmiş dəyişikliyə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin - dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul etməyinizi xahiş edilir.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, təqdim edilmiş Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 584 saylı Sərəncamı xx.xx.2002-ci il tarixlidir. Belə ki, xx.xx.2001-ci il tarixindən sonra torpaq sahəsinin ayrılması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri xaricindədir. Bundan başqa, təqdim olunmuş yerləşmə cizgisi ilə faktiki sahə arasında perimetrik ölçü, konfiqurasiya fərqi mövcuddur və sahə İdarənin elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş kontrakt ərazidə yerləşir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən, 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001 -ci il yanvarın 1-dən etibarən həyata keçirir. Həmçinin, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə xx.xx.2007-ci il tarixdə edilmiş dəyişikliyə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
5. Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli 584 nömrəli Sərəncamına əsasən Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 2201 saylı, 30.12.200-ci il tarixli sərəncamı ilə Xocasən qəsəbəsində vət. X3 ayrılmış 600,0 kv.m torpaq sahəsi vət. İddiaçı adına keçirilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2747/2024 nömrəli xx.xx.2024-cü tarixli Qərardadında qeyd olunmuşdur:
2. Bakı İnzibati Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2-1(112)-12280/2023 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı Bakı şəhəri Binəqədi RİH-in 11 iyun 2002-ci il tarixli 584 nömrəli sərəncamı ilə Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində ayrılmış 600 kv.m torpaq sahəsinə dair cizginin tərtib edilərək verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi RİH-in üzərinə qoyulması qərara alınmışdır.
3. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 iyun 2024-cü il tarixli, 2- 1(103)-1817/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2747/2024 nömrəli xx.xx.2024-cü tarixli Qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 iyun 2024-cü il tarixli, 2-1(103)-1817/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir.
7. Bakı şəhəri Binəqədi RİH tərəfindən tərtib olunmuş “Sulu-təpə qəsəbəsi Xələtli küçəsində X2 ayrılmış 600 kv.m torpaq sahəsinin Cizgisi” iş materiallarına əlavə olunmuşdur.
8. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) Aktına əsasən faktiki olaraq göstərilən torpaq sahəsi mişar daş hasar və üzərindəki mövcud tikililərin çöl divarları ilə sərhədlənib. Faktiki olaraq göstərilən torpaq sahəsi üzərində bir ədəd 2 mərtəbəli yaşayış evi, bir ədəd 1 mərtəbəli yaşayış evi və hin mövcuddur.
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
10. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
11. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
12. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
13. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
14. İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı ünvan 1 ünvanda yerləşən 871 kv.m torpaq sahəsi üzərində icarə hüququnun qeydiyyata alınmasını tələb etmişdir.
15. X6 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
16. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
17. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
18. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
19. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X1 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).
20. X9 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
22. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
23. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
24. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
26. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
27. Məhkəmə ilk növbədə müəyyən edir: - Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli 584 nömrəli Sərəncamına əsasən Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 2201 saylı, 30.12.200-ci il tarixli sərəncamı ilə Xocasən qəsəbəsində vət. X3 ayrılmış 600,0 kv.m torpaq sahəsi vət. İddiaçı adına keçirilmişdir. - Bakı İnzibati Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2-1(112)-12280/2023 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı Bakı şəhəri Binəqədi RİH-in 11 iyun 2002-ci il tarixli 584 nömrəli sərəncamı ilə Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində ayrılmış 600 kv.m torpaq sahəsinə dair cizginin tərtib edilərək verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi RİH-in üzərinə qoyulması qərara alınmışdır. - Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 iyun 2024-cü il tarixli, 2- 1(103)-1817/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2747/2024 nömrəli xx.xx.2024-cü tarixli Qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 iyun 2024-cü il tarixli, 2-1(103)-1817/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. - Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən tərtib olunmuş “Sulu-təpə qəsəbəsi Xələtli küçəsində X2 ayrılmış 600 kv.m torpaq sahəsinin Cizgisi” iş materiallarına əlavə olunmuşdur (Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir). - Odur ki, torpaq sahəsinin ayrılması prosesi tamamlanmışdır.
28. Məhkəmə hesab edir, Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2002ci il tarixli 584 nömrəli Sərəncamı Bakı şəhəri Binəqədi RİH tərəfindən tərtib olunmuş “Sulu-təpə qəsəbəsi Xələtli küçəsində X2 ayrılmış 600 kv.m torpaq sahəsinin Cizgisi” ilə tamamlanmaqla İddiaçı torpaq sahəsinə icarə hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir.
29. Məhkəmə nəzərə alır ki, Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli 584 nömrəli Sərəncamı ilə torpaq sahəsi iddiaçıya ayrılmış və Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən həmin torpaq sahəsinin yerləşmə sxemi təsdiq edilmişdir. Odur ki, torpaq sahəsinin ayrılması prosesi tamamlanmışdır. Torpaq sahəsi faktiki olaraq iddiaçının sahibliyində və istifadəsindədir, torpaq sahəsi ilə bağlı hər hansı mübahisə mövcud deyil və torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil.
30. Cavabdeh orqan imtinanın əsası olaraq qeyd etmişdir ki, təqdim olunmuş yerləşmə cizgisi ilə faktiki sahə arasında perimetrik ölçü, konfiqurasiya fərqi mövcuddur və sahə İdarənin elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş kontrakt ərazidə yerləşir.
31. Məhkəmə nəzərə alır ki, torpaq sahəsinə dair yerləşmə cizgisi Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Bakı İnzibati Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2- 1(112)-12280/2023 saylı qərarı (Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 iyun 2024-cü il tarixli, 2-1(103)-1817/2024 nömrəli qərarı ilə qüvvədə qalmışdır) əsasında tərtib olunmuş və təsdiqlənmişdir. Eyni zamanda cavabdeh orqan imtinanın dəlili kimi göstərilən faktı təsdiqləyən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
32. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə icarə hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.
33. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X9 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.
34. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
35. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
36. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
37. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
38. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli 584 nömrəli Sərəncamına əsasən ayrılmış Bakı şəhəri, Sulu-təpə qəsəbəsi, Xələtli küçəsində yerləşən 600 kv.m olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva