Məhkəmə qərarları › İş №e-2-1(112)-9150/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9150/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9150/2025 24.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İ.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları massivi ərazisində yerləşən 2917a nömrəli bağ sahəsi üzərində hüquqların miras qoyan X6 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə müvafiq qərar qəbul edilməsi barədə iddia tələb ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən “2917a” saylı bağ sahəsi X6 məxsus olmuşdur. X9 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. O vəfat etdikdən sonra “2917a” saylı bağ sahəsi onun vərəsəsi iddiaçı Xəlilova X1 və istifadəsinə keçmişdir. Həmin sahə hazırda da iddiaçının sahiblik və istifadəsindədir. İddiaçı vərəsəlik şəhadətnaməsinin alınması məqsədilə 14 saylı notariat kontoruna müraciət etmişdir. 14 saylı Notariat Kontorunun 15 noyabr 2024-cü il tarixli 3990 №-li məktubla Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə aşağıdakı məzmunda müraciət etmişdir: "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2025-ci il tarixli 319 saylı qərarı ilə təsdiq edilmiş "Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimatın" 7-ci bəndinə əsasən, X4 adına 37 saylı arayışın və ya texniki pasportun verilməsi üçün İddiaçı miras qoyanın vərəsəsi olması barədə məlumat məktubu təqdim etmişdir". İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları massivi ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqların miras qoyan X6 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən (37 saylı) arayışın verilməsi məqsədilə (müvafiq sənədləri də əlavə etməklə) ********** saylı ərizəyə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçının ərizəsinə Reyestr Xidməti tərəfindən baxılmış və xx.xx.2014-cü il tarixli 3-21-3-30/2-51380/**********651380 saylı bildirişlə müvafiq arayış verilməmiş və bunu aşağıdakı kimi əsaslandırmışdır: "Müraciətinizlə əlaqədar bildiririk ki, elektron kadastr məlumatlarına əsasən ümumi ərazidə hasarlanma bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmamışdır. Belə ki, göstərilən bağ sahəsinin bir hissəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış bağ sahəsinin ərazisinə uyğun gəlir". Bundan sonra ərizəçi İddiaçı torpaq sahəsinin reyestr xidmətində olan sxematik xəritəyə uyğun aparılması məqsədilə reyestr xidmətindən mütəxəssisin göstərişinə əsasən hasarlama yeri (yəni dəyişiklik edilərək digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış bağ sahəsinin ərazisinə uyğun gələn hissədə) dəyişdirilmiş və həmin hissədə hasarın yeri iddiaçının faktiki sahibliyində olan sahəyə uyğun yenidən çəkilmişdir. Bundan sonra İddiaçı müvafiq notariat kontoruna aşağıdakı məzmunda ərizə yazdırır: "Bildirirəm ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, "2917A" nömrəli bağ sahəsi ünvanında yerləşən torpaq sahəsinə dair sənəd üzrə göstərilən 1200 kv.m torpaq sahəsinin azaldılaraq faktiki sahəyə uyğun 1110 kv.m hissəsinə çıxarış və texniki pasportun verilməsinə etiraz etmirəm, razıyam. Ərizə mənim sözlərim əsasında yazıldı və yazılanları öz imzamla təsdiq edirəm". İddiaçı daha sonra Bakı şəhəri, Sabunçu rayonu Ləhiş bağları massivi ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqların miras qoyan X6 məxsus olması barədə arayışın verilməsi üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı ərazi İdarəsinə ********** nömrəli xx.xx.2025-ci il tarixli yeni müraciət etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi 20 fevral 2025-ci il tarixli 3-21-3-30/2-17-0029-35/**********607089 saylı cavab məktubu ilə bağ sahəsinin miras qoyan X6 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verməmiş və öz imtinasının əsası kimi qeyd etmişdir ki, "Müraciətimlə əlaqədar olaraq bildirir ki, torpaq sahəsinin yerləşdiyi ümumi ərazidə hasarlanma İdarənin arxivində olan bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir və sxematik xəritəyə əsasən göstərilən sahənin bir hissəsi digər bağların ərazisidir. Bundan başqa təqdim edilmiş sənədlər surətidir və Bakı şəhər XDS İKnin (indiki BŞİH) xx.xx.1991-ci il tarixli 10/517 №-li qərarında torpaq sahəsi barədə məlumat qeyd olunmamışdır". Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinin 20 fevral 2025-ci il tarixli qərarı aşağıda qeyd edilənlərə əsasən əsassız və qanunsuzdur: göründüyü kimi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinin cavabı eyni məzmunludur. Yuxarıda da qeyd etdiyimiz kimi 1 saylı Ərazi İdarəsinə təkrar müraciət edilərkən artıq reyestr xidmətində olan sxematik xəritəyə uyğun aparılması məqsədilə reyestr xidmətindən mütəxəssisin göstərişinə əsasən hasarlamada müvafiq dəyişiklik (dəyişiklik edilərək digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış bağ sahəsinin ərazisinə uyğun gələn hissədə) azaldılmış və yenidən hasarlanma işləri aparılmışdır. İkinci dəfə (********** nömrə ilə) xx.xx.2025-ci il tarixli müraciət ilə yenidən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi əraziyə gəlmiş, iştirakımızla ölçü içləri aparmış və yeni hasarlanmadan sonra İdarənin arxivində olan bağların bölgüsünə dair sxematik xəritə ilə uyğun olduğunu təsdiq etmişdir. İddiaçı ikinci dəfə müraciət edərkən hasarlamada olan dəyişikliklərə uyğun olaraq faktiki sahibliyində qalan 1110 kv.m-lik sahəyə çıxarış verilməsi ilə bağlı müraciət etmişdir. Müvafiq arayışın verilməsindən imtinanın əsası kimi qeyd edilir ki, guya sənədlər surətidir və Bakı şəhər XDS İK-nin (indiki BŞİH) xx.xx.1991-ci il tarixli 10/517 №-li qərarında torpaq sahəsi barədə məlumat qeyd olunmamışdır. Bununla bağlı bildir ki, sənədlərin əsli və arxivi mövcuddur. Mərhum X4 adına verilmiş 33 nömrəli orderdən aşkar şəkildə qeyd edilmişdir ki, ona ayrılmış torpaq sahəsi 0,12 ha olmuşdur. Bu onu göstərir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı ərazi İdarəsi tərəfindən ərizəyə səthi və formal yanaşılmışdır. Təqdim etdiyimiz sənədlər və işin halları bir daha deməyə əsas verir ki, cavabdeh qurumun Bakı şəhəri, Sabunçu rayonu Ləhiş bağları massivi ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqların miras qoyan X6 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi ilə bağlı 20 fevral 2025-ci il tarixli imtinası əsassız və qanunsuzdur. Odur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları massivi ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqların miras qoyan X6 məxsus olması barədə müvafiq arayış verilməlidir.

3. Cavabdehin iddiaçıya olan imtina məktubunda qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən, ümumi ərazidə hasarlanma bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmamışdır. Belə ki, göstərilən bağ sahəsinin bir hissəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış bağ sahəsinin ərazisinə uyğun gəlir.

4. Cavabdehin iddiaya dair yazılı etirazını onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin yerləşdiyi ümumi ərazidə hasarlanma İdarənin arxivində olan bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir və sxematik xəritəyə əsasən göstərilən sahənin bir hissəsi digər bağların (2916 saylı bağ və bölünənlər, həmçinin bağlar arası yol) ərazisidir. Bundan başqa, təqdim olunmuş sənədlər surətdir və Bakı şəhər XDS İK-nın (indiki BŞİH) xx.xx.1991-ci il tarixli, 10/517 №-li qərarının arxiv arayışında torpaq sahəsi barədə məlumat qeyd olunmamışdır. Bundan əlavə idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman sahənin sənəd üzrə ölçüsünün 1200 kv.m qeyd edilsə də, faktiki 1110.0 kv.m təşkil etdiyi məlum olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə sorğusu əsasında əldə edilmiş Bakı şəhər keçmiş X2 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 10/517 nömrəli qərarının 1 saylı əlavəsi olan 229 nömrəli Ləhiş bağtikinti kooperativi üzvlərinin siyahısının bəndində X9 adı 33-cü sırada olduğu qeyd edilmişdir.

6. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Ədliyyə Nazirliyi Bakı şəhəri 14 Saylı notariat ofisinin cavabdehə ünvanlandığı xx.xx.2024-cü il tarixli 3990 nömrəli məktubunda qeyd edilmişdir ki, X3 (d/t:xx.xx.1902) qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsilə bağlı Bakı şəhəri 14 saylı notariat ofisinə müraciət daxil olmuşdur. X4 xx.xx.1994-cü il tarixdə vəfat etməsi və vərəsələrin dairəsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 319 saylı qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqlann dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, hüquqlara və onların məhdudlaşdınlmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci bəndinə əsasən X4 adına 37 saylı arayışın və ya texniki pasportun verilməsi üçün İddiaçı miras qoyanın vərəsəsi olması barədə məlumat məktubu təqdim edilir.

7. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan SSR-i Bakı şəhər keçmiş X2 İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X7 bağlar sahəsindəki 229 nömrəli kooperativinin 33 nömrəli orderində qeyd edilmişdir ki, Bakı şəhər keçmiş X2 İcraiyyə Komitəsinin xx.xx.1191-ci il tarixli 10/517 nömrəli qərarına əsasən ƏliƏşrəfzadə Nurcahana 229 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 2917a nömrəli bağ sahəsi ayrılmışdır.

8. Cavabdehin məhkəməyə təqdim etdiyi daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Ləhiş bağ massivi 2917a saylı (BTK 229) torpaq sahəsinə baxış keçirilmiş, həmin torpaq sahəsinin faktiki ölçüləri 1.111 kv.m təşkil edir, bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb, darvaza yoxdur, giriş sərbəstdir. Göstərilən bağ sahəsinin 2 tərəfi qonşu hasar, 2 tərəfi isə 4 daş hündürlüyündə hasar daxilindədir. Darvaza yoxdur. Sahədə tikili yoxdur. Hasar daxilində olan 1.200.0 kv.m sahənin bir hissəsi qonşu sahə kimi qeydiyyatdan keçib, həmin hissə çıxıldıqda sahə 1.111.0 kv.m qalır.

9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə etdi.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cababdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

12. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

13. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

15. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

16. İddia mümkündür.

İİİ.Məhkəmənin mövqeyi

17. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhər keçmiş X2 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 10/517 nömrəli qərarına əsasən Əli Əşrəf-zadə Nurcahana 229 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 2917a nömrəli bağ sahəsi ayrılmışdır. X9 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. ünvan 3 ünvanlanaraq sözügedən əmlaka dair ölmüş şəxsin adına hüquqmüəyyənedici sənəd verilməsi xahiş edilmişdir.

18. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.

21. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

22. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

23. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

24. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

25. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

26. Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

28. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

29. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

30. Cavabdehin imtina və etirazında göstərdiyi əsas dəlili ondan ibarətdir ki, torpaq sahəsinin yerləşdiyi ümumi ərazidə hasarlanma İdarənin arxivində olan bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir və sxematik xəritəyə əsasən göstərilən sahənin bir hissəsi digər bağların (2916 saylı bağ və bölünənlər, həmçinin bağlar arası yol) ərazisidir, sahənin sənəd üzrə ölçüsü 1200 kv.m qeyd edilsə də, faktiki 1110.0 kv.m təşkil etdiyi məlum olmuşdur.

31. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının arxiv çıxarışına əsasən, Bakı şəhər keçmiş X2 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 10/517 nömrəli qərarının 1 saylı əlavəsi olan 229 nömrəli Ləhiş bağ-tikinti kooperativi üzvlərinin siyahısında ƏliƏşrəfzadə Nurcahanın adı 33-cü sırada qeyd edilmişdir.

32. Bununla yanaşı qeyd edilməlidir ki, məhkəmə sorğusu nəticəsində əldə olunan bağ sahələrinin sxematik xəritəsinin və qonşuluqda yerləşən bağ sahələrinin ortofotosunun qarşılaşdırılması zamanı iddiaçının faktiki istifadəsində olan bağ sahəsinin “2917a” saylı bağ sahəsinə uyğunluğu müəyyən olunur.

33. İnzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü verilməlidir.

34. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

35. Məhkəmə cavabdehin təqdim olunmuş sənədlərin surət olması və Bakı şəhər XDS İK-nın (indiki BŞİH) xx.xx.1991-ci il tarixli, 10/517 №-li qərarının arxiv arayışında torpaq sahəsi barədə məlumatın qeyd olunmaması dəlilinə münasibətdə qeyd edir ki, orderin əsli iddiaçıdadır, sözügedən orderdə qeyd edilmişdir ki, Bakı şəhər keçmiş X2 İcraiyyə Komitəsinin xx.xx.1191-ci il tarixli 10/517 nömrəli qərarına əsasən ƏliƏşrəfzadə Nurcahana 229 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 2917a nömrəli bağ sahəsi ayrılmışdır.

36. Məhkəmə cavabdehin digər dəlili - sahənin sənəd üzrə ölçüsünün 1200 kv.m qeyd edilsə də, faktiki 1110.0 kv.m təşkil etməsinə münasibətdə qeyd edir ki, iddiaçı faktiki sahəyə hüquqların qeydiyyatını xahiş edir.

37. Məhkəmə cavabdeh imtina və etirazında göstərdiyi əsaslar ilə bağlı öz hüquqi mövqeyini bildirərək qeyd etməyi zəruri hesab edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Hazırkı işin halları üzrə mərhum ƏliƏşrəfzadə Nurcahanın qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun məxsus olmasına dair arayışın verilməsindən imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.

38. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuni hesab edilə bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

39. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

40. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

41. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

42. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları massivi ərazisində yerləşən 2917a nömrəli bağ sahəsinə dair mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar