Məhkəmə qərarları › İş №e-2-1(112)-9160/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9160/2021

10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9160/2021 10.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək onun 57 yaşı tamam olan tarixdən, yəni 10.06.2016-cı ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-1081/2021 nömrəli, 29.06.2021-ci il tarixli qərardadı ilə inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İnzibati iş Bakı İnzibati Məhkəməsinə 05.08.2021-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1959-cu ildə anadan olmuş, 01.09.1977-ci il tarixdən 20.07.1978-ci il tarixədək Sumqayıt şəhər 7 nömrəli texniki peşə məktəbində “quraşdırıcı çilingər” ixtisası üzrə təhsil almış, 09.08.1978-ci il tarixdən “Poladkonstruksiya” Tikinti Quraşdırma İdarəsində əmək fəaliyyətinə başlamış və 19.11.1978-ci il tarixədək 3 dərəcəli quraşdırıcı işləmişdir. İddiaçı 1978-ci ilin oktyabr ayından 1980-ci ilin noyabr ayına qədər hərbi xidmətdə olmuşdur. İddiaçı 21.01.1981-ci il tarixində yenidən “Poladkonstruksiya” Tikinti Quraşdırma İdarəsində 3-cü dərəcəli quraşdırıcı peşəsinə işə qəbul edilmişdir və 26.01.2004-cü ilədək həmin yerdə müxtəlif peşələrdə işləmişdir. İddiaçı 26.01.2004-cü il tarixdə 5-ci dərəcəli quraşdırıcı peşəsində işdən azad edilmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 23.02.2021-ci il tarixdə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh 01.04.2021-ci il tarixli cavab məktubu ilə ona imtina cavabı verərək bildirmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir, təqdim etdiyi sənədlərə əsasən onun 01.01.2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan azdır. Cavabdeh orqanın gəldiyi nəticə qanunsuz və əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixli redaksiyasının 9.1-ci maddəsinə əsasən kişilər 57 yaşına çatdıqda və 25 il ümumi, 12 il 6 ay xüsusi sığorta stajına malik olduqda onlar güzəştli şərtlərlə pensiya hüququ əldə edirlər. İddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il redaksiyasına əsasən 57 yaşdan pensiya hüququ əldə etməsi üçün həmin 01.07.2017-ci il tarixinədək 25 il ümumi sığorta stajını tamamlaması lazımdır. "xxxx" ASC tərəfindən təqdim edilmiş 19.02.2021-ci il tarixli 025 nömrəli arayışdan məlum olur ki, İddiaçı 09.08.1978-19.11.1978, 21.01.1981-01.09.1998, 01.06.2002-01.06.2003, 01.11.2003-26.01.2004-cü il tarixlərdə tam iş günü Polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı işləmişdir. İddiaçı 01.09.1998- 31.05.2002, 01.06.2003-31.10.2003-cü il tarixlərdə ödənişsiz məzuniyyətdə olmuşdur. "xxxx" ASC tərəfindən təqdim edilmiş 19.02.2021-ci il tarixli 026 nömrəli arayışdan və İddiaçı əmək kitabçasından məlum olur ki, iddiaçının 01.07.2017-ci ilədək 38 il 8 ay 20 gün əmək stajı olmuşdur. Həmin sığorta stajının 23 il 3 ay 16 günü əmək şəraiti zərərli və ağır olan işlərdən yaranmışdır. Hal-hazırda iddiaçının ümumi əmək stajı 42 il 4 ay 16 gündür. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 36600,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18619,98 manat təşkil edir. Əlavə olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezdentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. İddiaçı nümayəndəsi və vəkili Vəkil 10.12.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni 10.06.2016-cı ildən güzəştli şrətlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyini üçün cavabdehə müraciət etdiyi tarixdən əvvəlki 3 ilin pensiyasının ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş H3 № ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı 26.10.1978-ci il tarixdə hərbi xidmətə qəbul edilmiş, 24.11.1980-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. İş materiallarında olan 533 nömrəli, 24.07.1978-ci il tarixli diplomun surətinə əsasən İddiaçı 01.09.1977-ci ildən 20.07.1978-cı ilədək Sumqayıt şəhər 7 №-li Texniki peşə məktəbində quraşdırıcı çilingər ixtisası üzrə təhsil almışdır. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ИТ-İ № ******* nömrəli, 15.08.1978ci il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı 09.08.1978-ci ildə (əmr № 201, 08.08.1978-ci il) Baş Quraşdırma İdarəsi xüsusi qurğuların quraşdırılması Azərbaycan TQİ “Stalkonstruksiyası” (polad konstruksiya) 1 saylı sahəyə sənaye binalarının və qurğularının tikintisinə polad və dəmir/beton konstruksiyaların quraşdırılması üzrə 3-cü dərəcəli montajçı (quraşdırıcı) vəzifəsinə qəbul edilmiş, 19.11.1978-ci ildə (əmr № 274, 20.10.1978 ci il) işdən azad edilmişdir. 21.01.1981-ci ildə (əmr № 8 k, 20.01.1981-ci il) Azərbaycan SSR xüsusi qurğuların quraşdırılması Azərbaycan TQİ “Stalkonstruksiyası” (polad konstruksiya) sənaye binalarının və qurğularının tikintisinə polad və dəmir/beton konstruksiyaların quraşdırılması üzrə 3-cü dərəcə üzrə montajçı (quraşdırıcı) vəzifəsinə qəbul edilmiş, 08.12.1981-ci ildə (əmr № 167 k, 09.12.1981-ci il) polad və dəmir/beton konstruksiyaların quraşdırılması üzrə 4-cü dərəcə təyin edilmiş, 01.02.1988-ci ildə (əmr № 23 k, 01.02.1988-ci il) polad və dəmir/beton konstruksiyaların quraşdırılması üzrə 3-cü dərəcə təyin edilmiş, 01.02.1992-ci ildə (əmr № 29 k, 01.02.1992-ci il) 4-cü dərəcəli montajçı təyin edilmiş, 01.12.1995-ci ildə 5-ci dərəcəli montajçı vəzifəsinə keçirilmiş, 26.01.2004-cü ildə (əmr № 4, 26.01.2004-cü il) öz xahişi ilə işdən azad edilmişdir. 03.01.2005-ci ildə (əmr № 01 k, 03.01.2005-ci il) “Bakı mexanizasiya nəqliyyat” ATSC-də Dəmir kəsici işinə qəbul edilmiş, 28.12.2007-ci ildə (əmr № 03 k, 28.12.2007-ci il) öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. 05.01.2008-ci ildə (əmr № 62 k, 05.01.2008-ci il) "xxxx" MMC-də Cəmiyyətin sexinə quraşdırıcı çilingər işinə qəbul edilmiş, 17.02.2021-ci ildə (əmr № 31 k, 17.02.2021-ci il) işdən azad edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nin verdiyi 25.08.2021-ci il tarixli, 42 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı işlədiyi vəzifənin kodu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il tarixli 320 saylı qərarına 2 №-li əlavədə göstərilmişdir: 2290000a-14612 - polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılarıdır. Əmək kitabçasına əsasən işə qəbul və işdən çıxma vaxtları: işə qəbul və çıxma: 09.08.1978 - 26.10.1978, işə qəbul və çıxma: 21.01.1981 - 26.01.2004; ödənişsiz məzuniyyət vaxtları: 01.09.1998 - 31.05.2002-ci illər, 01.06.2003 - 31.10.2003-cü illər. Əlavə əmək məzuniyyəti və əmək haqqına əlavə olmamışdır. Həmin məktuba əlavə edilmiş "xxxx" ASC-nin arayışında qeyd edilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, o, Sumqayıt Poladkonstruksiya Quraşdırma ASC-də 09.08.1978- 19.11.1978, 21.01.1981-01.09.1998, 01.06.2002-01.06.2003, 01.11.2003-26.01.2004-cü il tarixlərdə tam iş günü, Polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı işləmişdir. 01.09.1998-31.05.2002, 01.06.2003-31.10.2003-cü il tarixlərdə ödənişsiz məzuniyyətdə olmuşdur. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarının 2 saylı əlavəsinin XXVİİ bəndinin 2290000а-14612 şifrinə əsasən Polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılara güzəştli şərtlərlə pensiya təmin etmək hüququ verir. Həmin məktuba əlavə edilmiş "xxxx" ASC-nin arayışında qeyd edilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, o, həqiqətən “Poladkonstruksiya” TQİ-də 09.08.1978 (əmr 201, 08.08.78)-19.11.1978-ci il tarixlərdə polad və dəmir beton konstruksiyaların Quraşdırılması üzrə 3 dərəcəli quraşdırıcı işləmişdir. 20.10.1978-ci il tarixli 274 saylı əmrə əsasən işdən azad olunmuşdur. 21.01.1981 (əmr 8k, 20.01.1981)-08.12.1981-ci il tarixlərdə 3 dərəcəli quraşdırıcı, 08.12.1981 (əmr 167k, 09.12.81)-01.02.1988-ci il tarixlərdə 4 dərəcəli quraşdırıcı, 01.02.1988 (əmr 23k, 01.02.88)-01.02.1992-ci il tarixlərdə 3 dərəcəli quraşdırıcı, 01.02.1992 (əmr 29k, 01.02.92)-01.12.1995-ci il tarixlərdə 4 dərəcəli quraşdırıcı, 01.12.1995 (əmr 117, 01.12.95)-26.01.2004-cü il tarixlərdə 5 dərəcəli quraşdırıcı işləmişdir. 26.01.2004-cü il tarixli 04 saylı əmrə əsasən işdən azad olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən 27.10.2021-ci il tarixli, **********5 nömrəli məktubla Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində “Statistika” bölümündə 2006-2021-ci illər üzrə sığortaolunan, İddiaçı (SSN: **********411) ödənilmiş məcburi dövlət sosial sığorta haqlarını özündə əks etdirən məlumatlar təqdim edilmişdir. Həmin məlumatlardan görünür ki, İddiaçı "xxxx" ASC-də 01.01.2006-01.01.2008-ci illərdə hesablanmış əmək haqqı 1680,00 manat, ödənilmiş məcburi dövlət sosial sığorta haqları 420,00 manat ödənilmişdir. "xxxx" MMC-də 01.07.2009-01.10.2009, 01.01.2020-01.04.2020, 01.07.2020-01.03.2021-ci illərdə hesablanmış əmək haqqı 2910,56 manat, məcburi dövlət sosial sığorta haqları 611,05 manat ödənilmişdir. Sığorta edən İddiaçı 01.02.2017-01.04.2017, 01.07.2017-01.07.2018ci il tarixdə ödənilmiş məcburi dövlət sosial sığorta haqları 307,44 manat ödənilmişdir. Sığortaolunanın hesabı haqqında məlumata əsasən S.A.A: İddiaçı, dövr: yanvar 2006-mart 2021-ci il, cəmi gəlir: 6298,56, cəmi hesablanmış: 1455,08, cəmi ödənilmiş 1360,05 manat olmuşdur. Sığortaolunanın ödənişləri cədvəlinə əsasən yanvar 2006dekabr 2006, yanvar 2007-dekabr 2007, iyul, avqust və sentyabr 2009, fevral 2017-dekabr 2017, yanvar 2018-iyun 2018, yanvar 2020-dekabr 2020, yanvar-fevral 2021-ci illərdə sığorta ödənişləri olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 01.04.2021-ci il tarixli, **********9 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 36600,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18619,98 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezdentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Beləliklə, işin hallarından müəyyən olunur ki, İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının pensiya təminatına əsas vermədiyini bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia, həmçinin mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi qüvvədə olan qanunvericiliyə əsasən kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün aşağıdakı şərtlərin hamısının birlikdə olması tələb olunur: 1. 60 yaşın tamam olması; 2. azı 25 il sığorta stajına malik olması; 3. 25 il sığorta stajının azı 12 il 06 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması və 4. fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İşdən görünür ki, iddiaçı ona 60 yaşdan deyil, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində və 01.07.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulurdu. İşin hallarını hər iki qanunvericiliyə uyğun olaraq yoxladıqda aydın olur ki, iddiaçının 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ yaranmasa da (bunun üçün iddiaçının 01.01.2006-cı il tarixədək 12 il 06 aydan az olmayan xüsusi staja və 25 ildən az olmayan ümumi staja malik olması tələb olunsa da, onun həmin tarixə cəmi 23 il 20 gün ümumi stajı olmuşdur), “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndinə görə 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. 01.01.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı 01.01.2017-ci il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin 57 yaş həddinə çatmalıdır ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla 57 yaşını 10.06.2016-cı il tarixdə tamamlamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Məhkəmə qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İşdən görünür ki, iddiaçının yuxarıda qeyd olunan təhsil barədə sənədinə əsasən 01.09.1977-20.07.1978-ci il tarixədək təhsil dövrü 10 ay 20 gün təşkil edir. Eyni zamanda hərbi biletin surətinə əsasən iddiaçının 09.08.1978 - 26.10.1978-ci ilədək olan əmək fəaliyyəti dövrü 02 ay 19 gün, 26.10.1978 - 24.11.1980-ci ilədək olan hərbi xidmət dövrü 02 il 01 ay təşkil edir. İddiaçı 21.01.1981 - 26.01.2004-cü ilədək fasiləsiz əmək fəaliyyəti dövründə 01.09.1998 - 31.05.2002-ci illər və 01.06.2003 - 31.10.2003-cü illərdə ödənişsiz məzuniyyətlərdə olmuşdur. Qeyd edilməlidir ki, istər “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən iş stajına daxil edilən əmək fəaliyyəti dövrləri içərisində, istərsə də hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən sosial sığorta stajı kimi nəzərə alınan dövrlərin sırasında ödənişsiz məzuniyyət dövrü təsbit olunmamışdır. Belə olan halda ödənişsiz məzuniyyətdə olduğu dövr çıxılmaqla iddiaçının 21.01.1981-01.09.1998-ci ilədək olan dövr üzrə 17 il 07 ay 12 gün, 31.05.2002 - 01.06.2003-cü ilədək 01 il 02 gün və 31.10.2003 - 26.01.2004-cü ilədək 02 ay 27 gün, 03.01.2005-ci ildən 01.01.2006-cı ilədək 01 il olmaqla 01.01.2006-cı il tarixədək qeyd edilən dövrlər üzrə ümumi sığorta stajı 19 il 10 ay 11 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Qanunun bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. İddiaçının 01.01.2006-cı il tarixdən sonrakı əmək fəaliyyəti dövrünün yoxlanılması zamanı məhkəmənin sorğusu ilə əldə edilmiş sığortaolunanın fərdi şəxsi hesabı haqqında məlumatlardan müəyyən olunur ki, İddiaçı 01.01.2006-01.01.2008-ci illərdə, eləcə də 01.07.2009-01.10.2009, 01.02.2017-01.04.2017, 01.07.2017-01.07.2018, 01.01.2020- 01.04.2020, 01.07.2020-01.03.2021-ci illərdə işlədiyi illər üzrə məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının 01.01.2006-cı il tarixdən sonra 57 yaşının tamam olduğu 10.06.2016-cı il tarixədək işlədiyi məcburi dövlət sosial sığorta haqları ödənilmiş illəri ümumi sığorta stajına hesablanmalıdır. Belə olan halda, iddiaçının sığorta stajı 01.01.2006-01.01.2008-ci ilədək olan 02 il 01 gün, 01.07.2009-01.10.2009-cu ilədək 03 ay 01 gün təşkil edir. Beləliklə, iddiaçının 01.09.1977 - 20.07.1978-ci il tarixədək təhsil dövrü 10 ay 20 gün, 09.08.1978 - 26.10.1978-ci ilədək olan əmək fəaliyyəti dövrü 02 ay 19 gün, 26.10.1978 - 24.11.1980-ci ilədək olan hərbi xidmət dövrü 02 il 01 ay, 21.01.1981 - 01.09.1998-ci ilədək olan dövr üzrə 17 il 07 ay 12 gün, 31.05.2002 - 01.06.2003-cü ilədək 01 il 02 gün, 31.10.2003 - 26.01.2004-cü ilədək 02 ay 27 gün, 03.01.2005-ci ildən 01.01.2006-cı ilədək 01 il, 01.01.2006 - 01.01.2008-ci ilədək olan 02 il 01 gün, 01.07.2009 - 01.10.2009-cu ilədək 03 ay 01 gün olmaqla 57 yaşının tamam olduğu 10.06.2016-cı il tarixədək ümumi sığorta stajı cəmi 25 il 03 ay 22 gün təşkil edir. Gpründüyü kimi iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan 25 il ümumi iş stajı mövcuddur. Təqdim olunmuş iş yerindən güzəştli arayışa əsasən 09.08.1978 - 26.10.1978 və 21.01.1981 - 26.01.2004-cü illərdə Sumqayıt Poladkonstruksiya Quraşdırma ASC-də Polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı Qərarının 2 saylı əlavəsinin XXVİİ bəndinin 2290000а-14612 şifrinə əsasən Polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılara güzəştli şərtlərlə pensiya təmin etmək hüququ verir. İddiaçının 01.01.2006-cı il tarixədək işlədiyi peşənin həmin dövrü tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısında 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində 2290000a—14612 şifrinə əsasən polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar zərərli peşə kimi nəzərdə tutulmuşdur. Eyni zamanda 01.07.2017-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələbinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə baxıldığını nəzərə alsaq belə həmin dövrdə qəbul olunmuş və hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri böməsində polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar zərərli peşə kimi nəzərdə tutulmuşdur. Beləliklə, iddiaçının tələb olunan 12 il 06 ay güzəştli iş stajı mövcuddur. Cavabdehin pensiya kapitalı ilə bağlı dəlili iddiaçının pensiya hüququnun yarandığı vaxt 01.07.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.1ci maddəsinin şərti olmadığından məhkəmə kapital ilə bağlı dəlilinə qiymət verməyi zəruri hesab etmir. Beləliklə, məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, 01.07.2017-ci il tarixədək “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 3 şərtin - yaş, ümumi və güzəştli stajın eyni vaxtda olması tələb edildiyindən, iddiaçının da 10.06.2016-cı il tarixdə 57 yaşının tamam olmaqla həmin tarixdə tələb olunan 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajını topladığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 57 yaşdan, yəni 10.06.2016-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilməsi üçün müraciət etdiyi tarixdən əvvəlki üç ilin pensiyasının ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşdan, yəni 10.06.2016-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilməsi üçün müraciət etdiyi tarixdən əvvəlki üç ilin pensiyasının ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar