Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-9180/2025 21.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ezamiyyə xərclərinin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2001-ci il tarixdən xx.xx.2005-ci il tarixə kimi ezamiyyə xərclərinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2001-ci il tarixli müvafiq əmrinə əsasən “baş mühəndis” vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.2001-ci il tarixli 210 №-li əmrilə xx.xx.2001-ci il tarixdən şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmiş. N №-li hərbi hissədə xidmət etdiyi dövrdə müxtəlif vaxtlarda ezamiyyətlərdə olmuş. Bununla bağlı ona Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən xx.xx.2025-ci il tarixdə rəsmi arxiv arayışıda verilmişdir. Bununla bağlı o xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə rəsmi müraciət etmişdir. Amma ona məlum olmayan səbəblərdən onun müraciətinə rəsmi cavab verilməmişdir. O müraciətinə rəsmi cavabın verilməsi ilə bağlı məhkəməyə müraciət etdikdən sonra cavabdeh rəsmi cavabı məhkəməyə təqdim etmişdir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək iddia tələbinin mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəyə etiraz belə əsaslandırılmışdır ki, iddiaçı 2001-2004-cü illərdə ezamiyyətlərdə olduğunu və ona ezamiyyə xərclərinin ödənilmədiyini bildirir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 №li Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların pul təminatı həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. Müdafiə Nazirliyinin hərbi qulluqçularına verilən pul təminatı, Müdafiə Nazirinin xx.xx.2002-ci il tarixli 220 nömrəli əmri "Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında" Əsasnamə və Müdafiə Nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli Qərar ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə" ilə tənzimlənir. Qeyd olunmuş Əsasnamələrin tələblərinə uyğun olaraq, hərbi qulluqçulara verilməli olan və vaxtında ona ödənilməmiş və ya lazımi miqdardan az ödənilmiş pul təminatı hərbi qulluqçuların pul təminatı almaq hüququna malik olduqları bütün dövr ərzində, lakin pul təminatı almaq üçün edilən müraciətdən üç il əvvəldən çox olmayan müddətdə ödənilir. Birdəfəlik pul təminatı, əgər almaq üçün edilən müraciət ona olan hüququn yarandığı gündən üç il keçməmiş müddət başa çatmayanda verilmişsə, ödənilir. İddiaçı hərbi xidmətdə olduğu vaxt, eləcə də 2005-ci ildə hərbi xidmətdən ehtiyata tərxis olunana qədər müddət ərzində hüquqlarının pozulduğu barədə iddia qaldırmamışdır. İddiaçının mübahisələndirdiyi məsələ 2001-2004-cü illərə aid olsa da o, 24 il keçdikdən sonra, iddia qaldıraraq 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Yuxarıda göstərilən Əsasnamənin tələblərinə uyğun olaraq və müddətdən 20 ildən 23 ilə qədər vaxt keçdiyini, həmçinin təsdiqedici sənədlərin (cədvəllərin) saxlama müddətinin bitdiyini nəzərə alaraq, tələbdə qeyd etdilərı ezamiyyə xərclərinin ödənilib və ya ödənilməməsinin araşdırılması və baxılması mümkün deyildir. İşin materiallarında göründüyü kimi, iddiaçı 2005-ci il tarixdə ehtiyata buraxılarkən ödənilməmiş ezamiyyə xərclərinin hesablanaraq ödənilməsi barədə tələblə bağlı əvvəllər məlumatlı olduğu halda, iddianı MPM-in 298-ci maddəsi üzrə müəyyən edilmiş müddəti buraxmaqla qaldırmışdır. Hesab edirlər ki, belə situasiyalarda hər bir halda hüquqi müəyyənlik prinsipinin xüsusi əhəmiyyəti və həmin prinsipin təmin olunması ilə bağlı ictimai maraq nəzərə alınmalıdır. Hazırkı mübahisəyə münasibətdə 2005-ci il tarixdə ehtiyata buraxılarkən ödənilməmiş ezamiyyə xərclərinin hesablanaraq ödənilməsindən cavabdehin imtinasının iddiaçı tərəfindən 2011-ci il 1 yanvar tarixinədək mübahisələndirildiyi iş üzrə materiallardan görünmür və bu baxımdan onun yeni qanunvericiliyə əsasən həmin imkanı itirdiyi qəbul olunmalıdır. Belə ki, iddiaçı cavabdehin həmin hərəkətlərinin mübahisələndirilməsi barədə həmin dövrdə və həmin zaman kəsiyində iddia qaldırmaq imkanına malik olmasına rəğmən, həmin zaman kəsiyində müvafiq hüquqi müdafiə imkanlarından yararlanmamışdır. İddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur. Məlumat üçün bildirirlər ki, iddiaçının iddiası təmin edildiyi təqdirdə, bu hal hərbi xidmətdən tərxis olunmuş hərbi qulluqçuların çoxsaylı müraciətlərinə, məhkəmə mübahisələrinə və nəticədə külli miqdarda dövlət vəsaitinin qanunsuz və əsassız xərclənməsinə səbəb olacaqdır. İddiaçı elektron kabinet vasitəsi ilə ərizə təqdim edərək, ötürülmüş prosessual müddətin üzürlü hesab edilərək bərpa olunmasını xahiş etmişdir. Ərizə onunla əsalandırılmışdır ki, 2018-ci ildə Müdafiə Nazirliyindən paltar pulu və istifadə etmədiyi məzuniyyət pullarını alıb. (cəmi 2090 manat) Dəfələrlə Müdafiə Nazirliyinə müraciət edib ki, ezamiyyət pullarını versinlər, amma çox təəssüf olsun ki, müraciətlərinə rəsmi cavab verilməmişdir. Ötürülmüş müddət onun tərəfindən deyil qarşı tərəfin vətəndaş müraciətinə məsuliyyətsiz yanaşması nəticəsində baş vermişdir. O, hüquqlarının pozulmasını 2024-cü ildən bilmiş və həmin vaxtdan da Müdafiə Nazirliyinə rəsmi müraciət etmiş, cavab verilmədiyi üçün məhkəmə vasitəsilə rəsmi cavabı alıb. Eyni zamanda da, dəfələrlə xidmət etdiyi hərbi hissəyə müraciət etmiş yenə də, ona rəsmi cavab verilməmişdir. Məhkəməyə müraciət etməyi üçün rəsmi cavabın olması vacib olduğundan məcbur məhkəmə vasitəsilə alıb. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2005-ci il tarixə kimi ezamiyyə xərclərinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbini irəli sürülmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adışəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçının kimi ezamiyyə xərclərinin ödənilməsini istədiyi xx.xx.2001-ci il tarixdən xx.xx.2005-ci il tarixə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296-cı maddəsinə (maddə Azərbaycan Respublikasının 10 iyul 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə çıxarılmışdır) görə maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Yuxarı orqanlara və vəzifəli şəxslərə ilkin müraciət ərizənin məhkəməyə təqdim edilməsi, onun məhkəmə tərəfindən qəbul edilməsi və mahiyyəti üzrə həll edilməsi üçün məcburi şərt deyildir. Ərizə bu Məcəllənin 4-cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Baxılması rayon məhkəməsinə aid olan ərizə fiziki şəxs tərəfindən onun yaşayış yeri üzrə məhkəməyə, yaxud hərəkətindən şikayət edilən orqanın, təşkilatın, vəzifəli şəxsin yerləşdiyi yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 298-ci maddəsinə (maddə Azərbaycan Respublikasının 10 iyul 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə çıxarılmışdır) görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Yuxarıda qeyd edildiyi kimi iddiaçının tələbi 2001-2005-ci illərri əhatə edir. Həmin tarixlərdən 20 ildən çox müddət keçmişdir. İddiaçı isə qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməyərək məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-846/2025 nömrəli iş üzrə, xx.xx.2025-ci il tarxili qərarında, məhkəmə kollegiyası qeyd etmişdir ki, “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1713/2023 saylı, 2-1(102)-2153/2023, 2- 1(102)-1149/2023, 2-1(102)-887/2023 nömrəli qərarı və.s). Məhkəmə iddiaçının prosessual müddətin ötürülməsinin üzrlü hesab edilməsi baölı vəsatətinə qiymət verərək qeyd edir ki, ilk növbədə İPM-in 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Digər tərəfdən iddiaçı hüququnun pozulması anı ezamiyyə xərclərini almadığını iddia etdiyi 2001-2005-ci illərdir. İddiaçı həmin vaxt hüququnun pozulmasını bilmişdir. Həmi dövrdə olan qanunvericiliyə əsasən isə, iddiaçının məhkəməyə müraciət etmək üçün 1 ay müddəti olmuşdur. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçının hazırkı dövrdə cavabdehə müraciət edərək imtina alması ötürülmüş müddətin axımını bərpa etmir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərini ödəmədiyi üçün mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Prosessual müddətin bərpasına dair ərizə rədd edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-9180/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-9180/2025
21.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver