Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9191/2025 11.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək iddiaçıya məxsus Albalı bağ massivi ərazisində 975 kv.metr torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq ona çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sabunçu rayonu Maştağa Bələdiyyəsi tərəfindən verilmiş 16 yanvar 2007-ci il tarixli sərəncam əsasında iddiaçıya Maştağa qəsəbəsi, “Albalı” bağ massivi ərazisində 975 kv.m torpaq sahəsi fərdi bağ evi tikintisi üçün ayrılmışdır. "xxxx" ASC tərəfindən verilmiş bildirişdə torpaq sahəsinə elektrik enerjisi qoşulması üçün müraciət edildiyi və xidmət haqqının ödənildiyi göstərilmişdir. Bu, torpaq sahəsinin aktiv istifadədə olduğunu və faktiki sahiblənmənin baş verdiyini təsdiq edən əlavə hüquqi əsaslardan biridir. Maştağa Bələdiyyəsinin vergi ödəmə sənədi təsdiq edir ki, mülkiyyətçi vergi və dövlət rüsumları ilə bağlı qanunvericiliyin tələblərinə əməl etmişdir. Həmin sənədə əsasən, 2008-2022-ci illər üçün torpaq vergisi 300 manat hesablanmışdır. Ərizəyə əlavə edilən ödəniş qəbzində həmin 300 manat vəsaitin ödənişi təsdiqlənmişdir. Bu ödənişlər torpaq üzərində hüquqların rəsmiləşdirilməsi üçün vacibdir və onun qanuni mülkiyyətçiyə aid olduğunu təsdiqləyir. Hazırda qeyd edilən əmlak iddiaçının mülkiyyətindədir və o, hazırkı tələblə bağlı cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim olunmuş yerləşmə cizgisində heç bir istinad, istinad məsaləri göstərilməmişdir Bundan başqa, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Vişnyovka bağ massivinin ərazisi olmaqla dövlət mülkiyyəti torpaqlarına aiddir, cənub hissədən yüksək gərginlikli elektrik xətti keçir. İddiaçının ərizəsinə əsasən əsl olmayan cavabdeh əsl cavabdehlə, yəni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmunu ilə oxşar izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda sorğuda istənilən sənədlərin Milli Arxiv İdarəsinə təhvil verildiyi bildirilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2025-ci il tarixli məktubu ilə Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 48 saylı sərəncamı və ona əlavə edilmiş sənədin təsdiq edilmiş kserosurəti məhkəməyə təqdim edilmişdir. Sərəncama plan-cizgi əlavə edilməmişdir. Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 48 saylı sərəncamı ilə Maştağa qəsəbəsi, “Albalı İ” bağ massivində 975 kv.m torpaq sahəsi bağ evi tikintisi üçün iddiaçıya ayrılmışdır. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda iddia olunan torpaq sahəsinin qonşuluğunda **********66 reyestr nömrəli daşınmaz əmlakların dövlət reyestrində qeydiyyata alındığı bildirilmiş və müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktından görünür ki, sözügedən bağ sahəsinin hüquq müəyyənedici sənəd üzrə sahəsi 1000 kv.m və faktiki olaraq 1000 kv.m təşkil edir. "xxxx" ASC-nin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, elektrik qurğularının mühafizə zonaları “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”ə əsasən müəyyən edilir və qeyd olunan torpaq sahəsi 6 kV-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktub ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə və faktiki olaraq hasardaxili 1000.0 kv.m təşkil edir. Torpaq sahəsinin cənub yol sərhədi boyunca (0.00 m- 0.20 m məsafədə) yüksək gərginlikli (6 kVt-lıq) elektrik xətti keçir. Əvvəlki müraciət zamanı təqdim olunmuş yerləşmə cizgisində heç bir istinad, istinad məsafələri göstərilməmişdir. Faktiki olaraq göstərilən 1000.0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Vişnyovka bağ massivinin ərazisi olmaqla dövlət mülkiyyəti torğağıdır. Göstərilən sahənin 340.0 kv.m hissəsi yüksək gərginlikli (6 kVt-lıq) elektrik xəttinin mühafizə zolağında yerləşir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2026-ci il tarixli cavab məktubu ilə mübahisəli torpaq sahəsi ilə qonşuluqda yerləşən 1236 saylı və 779B saylı bağ sahələrinin dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surəti və ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. İddia ərizəsinə tədiyə bildirişləri və kommunal bildiriş əlavə edilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, X1 X2 Bakı şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələri barədə məlumat mövcud olmadığından ərizənin icrası mümkün olmamışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (139-1.1.1). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (8.0.1.). İşdən görünür ki, iddiaçı Albalı bağ massivi ərazisində yerləşən 975 kv.metr torpaq sahəsinin Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsi tərəfindən verilmiş 16 yanvar 2007-ci il tarixli sərəncam ilə ona ayrılmasına əsaslanaraq həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını istəyir. Cavabdehin etirazının əsasını o təşkil edir ki, təqdim olunmuş yerləşmə cizgisində heç bir istinad, istinad məsafələri göstərilməmişdir. Sahə Vişnyovka bağ massivinin ərazisi olmaqla dövlət mülkiyyəti torpaqlarına aiddir, cənub hissədən yüksək gərginlikli elektrik xətti keçir. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilmişdir ki, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələsi bələdiyyələrin iclaslarında həll edilir (144.İ. 6). Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir (145.İ). Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (145. İİ.). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək bələdiyyələrin səlahiyyətlərinə aiddir (4.0.1). Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur (6.2). Qanunvericiliyin yuxarıda sadalanan normalarından da göründüyü kimi bələdiyyə yalnız bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək səlahiyyətinə malikdir. İş materialları ilə müəyyən edilmişdir ki, mübahisəli sahə Vişnyovka bağ massivinin ərazisi olmaqla dövlət mülkiyyəti torpağıdır. Bu hal cavabdeh tərəfindən verilmiş müvafiq mütəxəssis rəyi ilə təsdiq edilmişdir. Bu halı təkzib edən sübutlar isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsi bələdiyyəsi dövlət mülkiyyətində olan torpaq sahəsini iddiaçıya ayırmaqda səlahiyyətli olmamışdır. Eyni zamanda, iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən 1236 saylı və 779 B saylı bağ sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi ********** və ********** qeydiyyat nömrəli çıxarışlar məhkəməyə təqdim edilmiş, məhkəmə həmin çıxarışların verilməsinə əsas olan ilkin hüquq müəyyənedici sənədlərin əldə edilməsi üçün cavabdehə sorğu göndərmişdir. Məhkəmə sorğusu əsasında sözügedən sənədlər cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, 1236 saylı və 779 B saylı bağ sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına əsas olan sənədlər bələdiyyə qərarı yox, müvafiq bağçılıq sənədləridir. Beləliklə işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin yerləşdiyi ərazi bələdiyyə mülkiyyətində ola bilməzdi. Belə ki, ərazi bağ təsərrüfatlarının yaradılması üçün müvafiq icra hakimiyyəti orqanının alansına verilmiş sahədir. Belə ki, iddiaçının iddia etdiyi torpaq sahəsi ilə qonşuluqda yerləşən torpaq sahələri keçmiş Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İstismarı və İnkişafı Birliyi tərəfindən verilmiş müqavilələr və orderlər əsasında ayrı-ayrı şəxslərin adına özəlləşdirilmişdir. Buradan belə nəticə çıxır ki, həmin ərazidə yerləşən torpaq sahələri dövlət mülkiyyətində olmaqla, bağ təsərrüfatları yaradılması üçün nəzərdə tutulmuş sahələr olmaqla bələdiyyə mülkiyyətində ola bilməzdi. Göründüyü kimi, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddiaçının tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Albalı bağ massivi ərazisində yerləşən 975 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq ona çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-9191/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9191/2025
11.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver