Məhkəmə qərarları › İş №e-2-1(112)-9198/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-9198/2023

12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-9198/2023 12.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər "xxxx" MTK, X3, X8, X10 və X11 cəlb olunmaqla) “sərəncamların ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh şəhərsalma əsaslandırılmasının təsdiq olunması barədə xx.xx.2018-ci il tarixli 367 nömrəli, söküntüyə icazə verilməsi barədə xx.xx.2019-cu il tarixli 3 nömrəli, çoxmərtəbəli yaşayış binalarının tikintisinə icazə verilməsi barədə xx.xx.2019-cu il tarixli 17 nömrəli sərəncamlarını və həmin sərəncamlar əsasında tərtib olunmuş eskiz layihəsini xüsusi mülkiyyətində olan fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini əhatə edən hissədə (ara məsafəsi də nəzərə alınmaqla) ləğv olunması və vəkilin hüquqi yardımına görə çəkilən 300,00 manat xərcin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşməklə sahəsi 182,6 kv.m olan 162 saylı fərdi yaşayış evi və sahəsi 0.01722 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçı və onun ailə üzvlərinə məxsusdur. 2019-cu ildə göstərilən fərdi yaşayış evinin ətraf ərazilərində "xxxx" MTK tərəfindən söküntü işlərinə başlanmış və həmin işlərin icrası zamanı iddiaçının evinin bir hissəsinə qanunsuz müdaxilə edilərək ziyan vurulmuşdur. Belə ki, həyət hasarının evin arxa divarına bitişik hissəsi ev divarının çöl qatı ilə birlikdə uçurulmuşdur. Odur ki, müvafiq instansiyalara müraciətlər edərək mülkiyyətə müdaxilə edilməklə aparılan tikinti işlərinə narazılıqlarını bildirmiş və belə hallara yol verilməməsi üçün təcili tədbir görülməsini xahiş etmişdir. Müraciətlərdən birinə cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 04/09-Kd-94-37-55 saylı 02 iyul 2019-cu il tarixli məktubundan iddiaçıya məlum olmuşdur ki, həmin ərazidə çoxmərtəbəli yaşayış binalarının tikilməsi məqsədilə Cavabdeh ilə "xxxx" MTK arasında müqavilə bağlanmış, Cavabdeh xx.xx.2018-ci il tarixli 367 nömrəli sərəncamı ilə şəhərsalma əsaslandırılması təsdiq olunmuş, xx.xx.2019-cu il tarixli 3 nömrəli sərəncamı ilə söküntüyə, xx.xx.2019-cu il tarixli 17 nömrəli sərəncamı ilə çoxmərtəbəli yaşayış binalarının tikintisinə icazə verilmişdir. Göründüyü kimi, iddiaçıya bidirilmədən, habelə heç bir təklif edilmədən və razılaşma olmadan yaşayış evinin və torpaq sahəmizin yerləşdiyi ərazi həm söküntü ərazisinə, həm də yeni tikinti sahəsinin layihəsinə salınmışdır ki, bununla da mülkiyyət hüququna Cavabdeh tərəfindən kobudcasına müdaxilə edilmişdir. İddiaçı qeyd edir ki, aparılan söküntü və tikinti işləri dövlət ehtiyacları üçün nəzərdə tutulmamış, yalnız kommersiya xarakterlidir. Cavabdehin əsaslandığı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərarında da sakinlərin yalnız onlarla razılaşdırılmaqla köçürülməsi nəzərdə tutulmuşdur. Odur ki, həmin qərarda da hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması aidiyyəti qurumların üzərinə bir vəzifə kimi qoyulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaya yazılı münasibət bildirilməmişdir. Məhkəmənin 2-1(112)-9198/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" MTK, xx.xx.2023-cü il tarixli qərardadı ilə X3, X8, X10 və X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş tərəflər və üçüncü şəxslər (nümayəndələri) hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin və üçüncü şəxslərin (nümayəndələrin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iddia iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat vermiş, iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh nümayəndəsi X12 verdiyi izahatında iddiaçının mübahisələndirdiyi sərəncamlardan uzun müddət məlumatlı olduğunu qeyd eədərək iddia müddətinin ötürülməsi səbəbindən iddianın qeyri-mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi və vəkili X1 sərəncamın mübahisələndirilməsi üçün iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş iddia müddətinin ötürüldüyündən iddianın qeyri-mümkün hesab edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş üçüncü şəxs X11 verdiyi izahatında tələbin təmin edilməsini xahiş etrmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İPM-in: -2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı məhkəmə, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Sözügedən Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddianın verilməsi müddətinə riayət olunmasıdır. Hazırkı iddia mübahisələndirmə haqqında iddia olduğundan bu növ iddiaya iddia müddəti tətbiq olunur. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş iddianın verilmə müddətini ötürmüşdür. Hazırkı halda iddiaçı Cavabdeh xx.xx.2018-ci il tarixli 367 saylı, xx.xx.2019-cu il tarixli 3 nömrəli, xx.xx.2019-cu il tarixli, 17 nömrəli sərəncamlarını və həmin sərəncamlar əsasında tərtib olunmuş eskiz layihəsini xüsusi mülkiyyətində olan fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini əhatə edən hissədə ləğv olunmasını istəyir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən 182,6 kv.m sahəsi olan fərdi yaşayış evi X2, həmin evin yerləşdiyi 0.01722 ha torpaq sahəsi İddiaçı, X5, X10 və X4 ümumi mülkiyyətindədir. -Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Cavabdehnə və surəti iddiaçıya ünvanlanan 02 iyul 2019-cu il tarixli məktubun mətnindən müəyyən edilir ki, F.Məmmədov Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təkrar müraciət edərək ünvan 4 ünvanında fərdi evlərin sökülərək yerində “Eleqant Residence" MTK tərəfindən mövcud yeni çoxmərtəbəli binaların tikilməsi üçün aparılan işlərdən narazılığını bildirmiş, müraciət araşdırılarkən müəyyən edilmişdir ki, vətəndaş F.Məmmədovun müraciətində göstərilən 1,12 hektar ərazidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 nömrəli qərarının icrasına əsasən şəhərin ümumi görünüşünə xələl gətirən və qəzalı vəziyyətdə olan tikililərin sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının tikilməsi məqsədi ilə Cavabdeh ilə “Eleqant Residence MTK arasında müqavilə bağlanmış, Cavabdeh xx.xx.2018-ci il tarixli 367 nömrəli sərəncamı ilə şəhərsalma əsaslandırılması təsdiq olunmuş, xx.xx.2019-cu tarixli 3 nömrəli sərəncamı ilə söküntüyə, xx.xx.2019-cu il tarixli 17 nömrəli serəncamı ilə çoxmərtəbəli yaşayış binalarının tikintisinə icazə verilmişdir. -Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən ərizəçi İddiaçı ünvanlanmış 08 iyun 2023-cü il tarixli məktubdan görünür ki, ərizəçinin yaşadığı evin yaxınlığındakı ərazidə "xxxx" MTK tərəfindən aparılan söküntü və tikinti işlərinin nəticəsində mülkiyyətinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi barədə müraciətinə baxılaraq bildirilmişdir ki, müraciətdə qaldırılan məsələyə aidiyyəti üzrə baxılması və nəticəsi barədə iddiaçıya məlumat verilməsi üçün Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Cavabdehnə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyinə məktub göndərildiyi, işlərin gedişatına nəzarət olunduğu bildirilmişdir. -Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyi tərəfindən Cavabdehnə, surəti ərizəçi İddiaçı ünvanlanmış məktubda aşağıdakılar qeyd edilmişdir: “ünvan 6 ünvanda yaşayan vətəndaş X6 Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində idarəetmə Mərkəzinin “112 Çevik reaksiya idarəsi”nə ünvanladığı xx.xx.2023-cü il tarixli şikayəti ilə əlaqədar əraziyə Agentliyin mütəxəssisləri tərəfindən baxış keçirilmişdir. Qeyd edirik ki, Cavabdeh başçısının 09 yanvar 2019-cu il tarixli 03 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Akademik H.Əliyev, S.Rəhman və Mərdanov Qardaşları küçələrinin kəsişməsindəki ərazidə yerləşən yaşayış və qeyriyaşayış binaların söküntü işlərinin aparılmasına icazə verilmişdir. "xxxx" MTK-ya Cavabdeh xx.xx.2019-cu il tarixli 17 nömrəli Sərəncamı ilə həmin ərazidə yaşayış və qeyriyaşayış binalarının tikintisinə icazə verilmişdir. Bununla belə, həmin ünvanda MTK-ya ayrılmış torpaq sahəsində X9 məxsus fərdi yaşayış evi hələ də köçürülməmiş qalmaqdadır. Bildiririk ki, Cavabdeh başçısının 09 yanvar 2019-cu il tarixli 03 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri - yaşayış tikililərinin sökülməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən həyata keçirilməli olduğuna baxmayaraq, "xxxx" MTK tərəfindən ərazidə vətəndaş X9 məxsus yaşayış binasının köçürülməsi təmin edilməmişdir. Göstərilənləri nəzərə alaraq, Nəsimi rayonu, Sabit Rəhman küçəsi, ev 16 Z ünvanında köçürülməmiş qalan mövcud tikili ilə bağlı qeyd olunan sərəncamın müddəalarının icrasının təmin edilməsi məqsədilə aidiyyəti üzrə tapşırıq verməyinizi xahiş edirik.” -Bakı şəhəri Cavabdeh tərəfindən ərizəçiyə verilmiş xx.xx.2023-cü il tarixli məktubda aşağıdakılar qeyd edilmişdir: “Sizin Bakı şəhər İcra Hakimiyyəti və rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətinizə tərəfimizdən baxılmışdır. Bildiririk ki, Siz qaldırdığınız məsələ ilə əlaqədar əvvəllər rayon icra hakimiyyətində şirkət rəhbərliyinin iştirakı ilə qəbul edilmiş və Sizə məsələnin qarşılıqlı razılaşma əsasında, bu mümkün olmadıqda məhkəmə qaydasında hüquqi müstəvidə həllinin zəruriliyi bildirilmişdir. Tərəfimizdən şirkət rəhbərliyinə görüləcək işlərin tikinti, təhlükəsizlik, sanitar norma və qaydalarına, o cümlədən sakinlərə narahatlıq yaradacaq hallara yol verilməməsinin zəruriliyi barədə xəbərdarlıq edilmişdir. -Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Cavabdeh başçısının aparatı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman küçəsi 16 ünvanda tikililərin sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının tikilməsi məqsədi ilə Cavabdeh və "xxxx" MTK arasında bağlanmış müqavilənin, Cavabdeh Başçısının xx.xx.2018-ci il tarixli, 367 saylı, xx.xx.2019-cu il tarixli 3 saylı və xx.xx.2019-cu il tarixli Sərəncamlarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Cavabdeh başçısının sözügedən 09 yanvar 2019-cu il tarixli Sərəncamının 1-ci bəndindən görünür ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin, Tikintisinə icazə tələb olunan tikinti obyektləri barədə 74-cü maddənin 74.2 bəndinə əsasən tikinti obyektlərinin sökülməsinə uyğun olaraq, digər mülki, mənzil, torpaq,şəhərsalma və tikinti, təhlükəsizlik, ekoloji və sanitar məsələlərə dair qanunvericiliyin tələblərinə əməl etməklə, söküntü ərazisində yerləşən yaşayış binalarının sakinlərinin, digər mülkiyyətçilərinin qarşılıqlı razılaşma əsasında notarial qaydada müqavilələr yeni mənzillərlə təmin edilənədək, hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi şərtilə Nəsimi rayonu, Həsən Əliyev, Novruzov qardaşları, Sabit Rəhman və Mərdanov qardaşlan küçələrinin kəsişməsində yerləşən (ayrıc aktı ilə müəyyən olunmuş) ərazidə "xxxx" MTK-nə yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsinə icazə verilmişdir. Göründüyü kimi, iddiaçı hazırkı iddiası ilə ən azı 4 (dörd) il əvvəl qəbul edilmiş inzibati aktları və həmin aktların icra olunması nəticəsində meydana gəlmiş nəticələri mübahisələndirir. İddiaçının mübahisələndirdiyi inzibati aktlardan cavabdeh və digər inzibati orqanlarla yazışmalar nəticəsində, hələ 2019-cu ildən məlumatlı olması iş materialları ilə, o cümlədən iddia ərizəsinin məzmunu ilə təsdiq olunmuş, iddiaçı tərəf özü də məhkəmə iclasları zamanı bu halı təkzib etməmişdir. Buna baxmayaraq, iddiaçı mübahisələndirdiyi sərəncamlardan təkzibolunmaz şəkildə məlumatlı olduğu halda məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. İPM-in 38.1-ci maddəsi isə şəxsə inzibati aktı təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində mübahisələndirmək imkanı verir. Belə olan halda, iddiaçı qanunda nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Məhkəmə hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, mübahisələndirilən əmrin rəsmi olaraq təqdim olunmaması halı belə vəziyyəti iddiaçının lehinə dəyişmir. Nəzərə almaq lazımdır ki, İPMin 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onu akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı müddətin bərpası barədə ərizənin təqdim edilməsinin mümkünsüzlüyü ilə bağlı da aşağıdakıların xüsusi olaraq vurğulanmasını zəruri hesab edir. Belə ki, İPM-in 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi, prosessual müddətin bərpa edilməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür ki, bunun üçün də qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. İnzibati hüquq münasibətlərini tənzimləyən qanunvericilik müddətin bərpa edilməsi barədə ərizənin təqdim edilməsini istisna edən hal kimi ərizənin müddətin buraxılmasından 1 il keçməsi ilə şərtləndirir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı iddia müddətini ötürməklə yanaşı, mübahisələndirdiyi inzibati aktların mövcudluğundan xəbərdar olduğu vaxtdan 1 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir ki, bu hal hazırkı mübahisə üzrə onun müddətin bərpası barədə ərizə ilə də məhkəməyə müraciət etmək hüququnu itirdiyini göstərir. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati aktların mövcudluğu iddiaçıya ən geci 2019-cu il tarixdən məlum olduğundan və onun tərəfindən qanunvericiliklə müəyyən edilən müddətdə məhkəməyə müraciət edilmədiyindən iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar