Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9199/2024 24.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Bakı şəhəri Binəqədi rayon Binəqədi qəsəbəsi bələdiyyəsi) qarşı “torpaq sahəsinə çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən sahəsi 600 kv/m olan torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə Bakı şəhəri Binəqədi rayon Binəqədi qəsəbəsi bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi sədrinin 14 may 2012-ci il tarixli, 197 nömrəli qərarına əsasən, ünvanı qoşma sənəddə göstərilən, 600 kvadrat metr olan torpaq sahəsi İddiaçı istifadəsinə verilmişdir. Qeyd olunan torpaq sahəsinin İddiaçı adına özəlləşdirilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixində DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət olunmuşdur. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2- E0065-8l2023-**********00 məktubuna əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaqların alqısatqısına dair akt təqdim edilmədiyi üçün yuxarıda qeyd olunan torpaq sahəsinin İddiaçı adına qeydə alınmasından imtina edilmişdir. Daha sonra Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə torpaqların alqı-satqısına dair aktın təqdim edilməsi üçün müraciət edilmiş, lakin Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilən məktubda torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırma sənədlərinə uyğunluğu baxımından rəy verilməsi Prezidentin Fərmanına əsasən dayandırılmışdır və bu barədə müvafiq aktlar qəbul edildikdən sonra aidiyyəti bələdiyyəyə müraciət etməyimiz tövsiyə olunmuşdur.
4. Cavabdeh əmlakın dövlət reyestrində qeydə alınmadan imtina onunla əsaslandırılmışdır ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş torpaqların alqı-satqısına dair akt təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı" qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o möhürlə təsdiq edilir.
5. Cavabdeh məhkəməyə ünvanlandığı iddia tələbinə dair etirazında qeyd etmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş torpaqların alqısatqısına dair akt təqdim edilməmişdir. Elektron kadastr məlumatına əsasən şərti göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Binəqədi OİL) istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin torpaq sahəsinin 41 metr məsafəsində işlək olmayan və 108 metr məsafəsində işlək olan neft quyusu məlumatı mövcuddur. Qeyd edilən torpaq sahəsinin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Təqdim edilmiş yerləşmə cizgisində istinad məsafələri, perimetrik ölçülər qeyd edilmədiyindən və konfiqurasiyası fərqli olduğundan sənədin göstərilən sahəyə aid olubolmadığını müəyyən etmək mümkün olmamışdır. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman qeyd edilən torpaq sahəsinin faktiki ölçüsünün 350 kv.m olduğu məlum olmuşdur. Qeyd olunanlarla yanaşı Bakı şəhəri Binəqədi rayon X1 197 nömrəli qərarı xx.xx.2012-ci il tarixlidir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə xx.xx.2007-ci il tarixdə edilmiş dəyişikliyə əsasən 2007-ci il dekabr ayından etibarən bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin satışı, qanunvericiliklə müəyyən edilmiş bəzi hallar istisna olmaqla, açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə quyulardan şəxsi tikililərə 300 metrlik mühafizə zonası müəyyən olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
6. Bakı şəhəri Binəqədi rayon Binəqədi qəsəbəsi bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 197 nömrəli qərarına əsasən, X1 ərazi hüdudlarında vətəndaş X2 və İddiaçı oğlunun razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 600 kv.m torpaq sahəsini sahiblik və ondan istifadə hüquqları vətəndaş İddiaçı istifadəsinə verilməsi qərara alınmışdır.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
8. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
9. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
10. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
12. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
13. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
14. İddia tələbi Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmaqla, adına çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsidir.
15. Məhkəmə tərəfindən müəyyən edildi ki, fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 600 kv.m torpaq sahəsi Bakı şəhəri Binəqədi rayon Binəqədi qəsəbəsi bələdiyyəsi tərəfindən xx.xx.2012-ci il tarixli qərarla iddiaçıya ayrılmışdır.
16. Azərbaycan Respublikasının “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 4.0.1-ci bəndinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərinə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək səlahiyyəti də aid edilmişdir.
17. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.
18. Həmin Qanunun 9.1-ci bəndinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
19. Göründüyü kimi, torpaq sahəsi istifadəyə verilərkən qüvvədə olan qanunvericiliyin tələbləri pozulmuşdur və bu baxımdan da cavabdeh orqan həmin sənədə istinad edərək torpaq sahəsinin üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etməkdə haqlı olmuşdur.
20. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər -hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
22. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
23. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
24. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
25. Bununla yanaşı cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazında qeyd etmişdir ki, torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Binəqədi OİL) istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin torpaq sahəsinin 41 metr məsafəsində işlək olmayan və 108 metr məsafəsində işlək olan neft quyusu məlumatı mövcuddur.
26. Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi" barədə Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanında qeyd olunmuşdur: Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.
27. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndinin 1-ci hissəsinə əsasən ixrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq, zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədi ilə İNBK-nin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır.
29. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa əsasən neftqazçıxarma sənayesi (magistral neft-qaz boru kəmərlərini daxil etməklə) təhlükə potensiallı istehsal obyektləri kateqoriyasına aiddir.
30. Məhkəmə qeyd edir ki, təhlükə potensiallı obyektlərin ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonalarının yaradılmasının məqsədləri əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması olduğundan həmin ərazilər yaşayış üçün nəzərdə tutulmamışdır.
31. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.
32. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
33. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
34. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva