Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9203/2024 26.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsinə qarşı “hərbi xidmətə yararlı olması haqqında” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsinə məhkəməyə iddia ərizəsi təqdim edərək, İddiaçı hərbi xidmətə çağrılması barədə cavabdeh SHXÇDX-nin Xəzər rayon İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-43-81/2-664/24 nömrəli məktubla qəbul edilmiş imtina haqqında akt qanunsuz və əsassız olduğu üçün İddiaçı hərbi qeydiyyatdan çıxarılması barədə cavabdehin xx.xx.2022-cü il tarixli inzibati aktının ləğv edilməsi, iddiaçının çağırışçı kimi hərbi qeydiyyatının SHXÇDX-nin Xəzər rayon idarəsi tərəfindən bərpa edilməsi və onun müvafiq qaydada müddətli həqiqi hərbi çağırışının təmin edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, hazırki vaxta qədər səhhətində heç bir problem yaşamamışdır. İddiaçı uşaqlıqdan idmanla məşğul olmuş, xx.xx.2015-ci ildə yunan-roma güləşi, xx.xx.2022-ci ildə cudo üzrə “idman ustası” dərəcələrini almışdır. İdmançı kimi müxtəlif yarışlarda iştirak etmiş, Azərbaycan Respublikasını beynəlxalq səviyyədə təmsil etmiş, güləşin müxtəlif növləri üzrə ağır çəki kateqoriyasında dəfələrlə Dünya və Avropa çempionu olmuşdur. Məktəbi bitirdikdən sonra, ali təhsil müəsisəsinə daxil olduğundan oxuduğu dövr üçün müddətli həqiqi hərbi xidmətdən möhlət hüququ qazanmışdır. 2021-ci ildə Azərbaycan Respublikasının Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirdikdən sonra, möhlət hüququnun bitməsi ilə əlaqədar müddətli həqiqi hərbi xidmətə getmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (bundan sonra SHXÇDX) Xəzər rayon idarəsinə müraciət etmiş, lakin xx.xx.2021-ci il tarixdə hərbihəkim komissiyası onu müayinədən keçirib “İV dərəcəli alimentar piylənmə” diaqnozu qoymuş və həmin diaqnoz əsasında SHXÇDX-nin Xəzər rayon idarəsi tərəfindən iddiaçı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər” bölməsində 13-cü maddənin “a” bəndinə əsasən “həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsız” hesab edilərək onun xx.xx.2022-ci il tarixdə hərbi qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilmişdir. İddiaçı hərbi qeydiyyatdan çıxarılan zaman heç bir xəstəliyinin olmadığı, idmançı olduğu, artıq çəkisinin piylənmə ilə deyil, əzələ kütləsinin çəkisi olduğunu və 1 m 94 sm boyuna uyğun olduğu nəzərə alınmamışdır. Bununla əlaqədar İddiaçı hazırda çəkisini idmançı deyil, adi insanlar üçün boyuna uyğun norma sayılan 125-130 kq-a uyğunlaşdırdığını (baxmayaraq ki, bu arıqlama onun idmançı kimi ağır çəki kateqoriyasına mənfi təsir edir) bildirərək barəsində hərbi xidmətə yararsız olması barədə qərarın ləğv edilməsi və hərbi xidmətə çağrılması xahişi ilə xx.xx.2024-cü il tarixdə SHXÇDX-nin Xəzər rayon idarəsinə müraciət etmiş, SHXÇDX-nin Xəzər rayon idarəsi müraciətə mahiyyəti üzrə baxmadan və ümumiyyətlə inzibati icraat qaydasında müvafiq araşdırma aparmadan iddiaçıya həmin gün, yəni xx.xx.2024-cü il tarixli 3-43-81/2- 664/24 nömrəli məktubla onun həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edildiyi, belə şəxslərin “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 42.0.2. maddəsinə əsasən hərbi qeydiyyatdan çıxarıldığı barədə formal cavab vermişdir. Müraciət üzrə qəbul edilmiş inzibati akt qanunsuz və əsassız olduğundan, eləcə də xx.xx.2022-ci il tarixli inzibati akt iddiaçının hərbi qeydiyyatdan çıxarılmasına əsas götürülmüş halların hazırda ümumiyyətlə mövcud olmaması səbəbindən ləğv edilməli, İddiaçı çağırışçı kimi hərbi qeydiyyatı bərpa olunaraq müddətli həqiqi hərbi xidmətə göndərilməlidir. Sağlamlıq vəziyyətinə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yarasız sayılmış çağırışçı, onun yararsız sayılması üçün əsas və yeganə səbəb olan sağlamlıq vəziyyəti dəyişdikdə, yəni sağaldıqda, o müddətli həqiqi hərbi xidmətə çağrılmalıdır. Hazırda İddiaçı çəkisi 131 kqdır, maddələr mübadiləsinin pozulması, endokrin xəstəlikləri yoxdur, çəki kütləsi intensiv məşqlərlə əlaqədar əzələlərdən ibarətdir, sağlam, yüksək nailiyyətlər göstərən idmançıdır. İştirak etdiyi turnirlərlə əlaqədar vaxtaşırı məcburi tibbi müayinələrdən keçir, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər” bölməsinbdə qeyd olunan və hərbi xidmətdən azad edilməyə və ya möhlət verilməsinə əsas verən heç bir xəstəlik onda mövcud deyil. Bu səbəbdən İddiaçı qeydiyyatı və hərbi xidmətə çağırışı bərpa olunmalıdır. Cavabdehin istinad etdiyi “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunun 42.0.2. maddəsi isə hərbi qulluqçulara aiddir, həmin maddədə hərbi onların xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayıldıqda həqiqi hərbi xidmətdən istefaya buraxılması qeyd olunur. 2014-cü il tarixdə iddiaçı hərbi xidmətə çağırılaraq Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim Komissiyasından keçmiş və müayinə vərəqəsində qeyd olunmuşdur ki, iddiaçının “yastı pəncəlik” xəstəliyi olduğu üçün hərbi xidmətə yararsızdır. İddiaçı həmin xəstəlikdən əziyyət çəkdiyinə görə 2021-ci ilin may ayında Bakı şəhəri, H.Əliyev küçəsində yerləşən “Baku Clinic” özəl xəstəxanasına gedərkən müayinə zamanı həmin diaqnoz təsdiqlənmişdir və iddiaçının ayaqlarının hər iki tərəfində İİİ dərəcəli yastı pəncəlik diaqnozu verilmişdir. İddiaçı hal-hazırda həmin xəstəlik nəticəsində ayaqüstə çox dayana bilmir, ayaqlarında ağrılar olur. Bəzən güclü ağrılara görə məcburiyyət qarşısında qalıb təcili tibbi yardım çağırmışdır. Odur ki, iddiaçı cavabdehin imtinasının əsassız və qanunsuz olduğunu hesab edir.
3. Cavabdehin iddiaçının müraciətinə xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon idarəsinin Hərbi Həkim Komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 №-li qərarı ilə vətəndaş İddiaçı xəstəliklər cədvəlinin 13-cü maddəsinin “a” bəndinə əsasən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmişdir.Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanununun 42.0.2-ci maddəsini rəhbər tutaraq xəstəliyə görə hərbi həkim komissiyası tərəfindən hərbi uçotdan çıxarılmaqla, həqiqi hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar həqiqi hərbi xidmətdən azad olunurlar.
4. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş yazılı vəsatətdə iş üzrə məhkəmə tibbi ekspertizasının təyin olunması xahiş edilmişdir.
5. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - xx.xx.2000-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də göstərilən və onun müddətli həqiqi hərbi xidmətə çağrılmasını istisna edən xəstəliklər varmı? - xx.xx.2000-ci il təvəllüdlü İddiaçı sağlamlıq vəziyyətinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin 2.6-cı bəndində göstərilən hərbi xidmətə yararlılıq haqqında hansı kateqoriyaya aid edilməlidir?
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Eksperiza və X2” publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş T 604/2024 nömrəli ekspert rəyində qeyd olunmuşdur: Vətəndaş İddiaçı hazırda “İ dərəcə piylənmə - Е66.0” aşkar edilmişdir. MN Mərkəzi Hərbi Həkim Komissiyasının rəyinə əsasən həmin diaqnozla o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə və “Xəstəliklər cədvəli”nin “13e” maddələrinin İ qrafasına əsasən Hərbi xidmətə yararlıdır, A-2 hesab edilir.
7. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının vəkilləri tələbinin məzmununa uyğun izahat verməklə iddianın təmin olunmasını xahiş etdilər.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etdi.
II. İddianın növü
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 4-1.1.1-ci yarımbəndində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri nəzərdə tutulmuşdur.
10. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun: 14.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: 14.1.1. çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək; 14.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək; 14.1.3. xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıları tibbi, psixoloji və başqa göstəricilərə görə səmərəli bölüşdürmək; 14.1.4. müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırışçıları müddətli həqiqi hərbi xidmətin keçirilməsi yerinə göndərmək; 14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. 14.2. Çağırışçı rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının sədri tərəfindən onun barəsində qəbul edilmiş qərarlarla 10 gün müddətində tanış edilir. 14.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarları ilə razılaşmadıqda çağırışçının Mərkəzi çağırış komissiyasına və (və ya) məhkəməyə müraciət etmək hüququ vardır.
11. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair mübahisələndirmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər.
12. İddiaçının hazırkı iddianı qaldırmaqda məqsədi hərbi xidmətə yararlı hesab edilməsi barədə qərar qəbul edilməsidir. Odur ki, iddia məcburetmə növündə iddiadır.
13. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
14. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun: 2.0.2. hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. 2.0.8. çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları; 2.0.9. hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar; 3.1. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. 12.2. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; 18.1. Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: 18.1.2. sağlamlıq vəziyyətinə görə; 20.2. Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər.
15. Məhkəmə nəzərə alır ki, istər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, istərsə də Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyaları öz səlahiyyətləri daxilində müstəqil qurumlar olmaqla çağırışçıların (İ halda) və hərbi qulluqçuların (İİ halda) hərbi xidmətə yararlılıq kateqoriyalarını müəyyən edir. İddiaçı hazırda çağırışçıdır.
16. Mübahisə iddiaçının sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olması ilə bağlı olduğu və iddiaçının sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlılığı “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən yararlılıq barədə müvafiq qərar qəbul edilərkən normaların tətbiqi şərtləri cavabdehin qiymətləndirməsinə əsasən müəyyən olunduğundan məhkəmə iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz.
17. Odur ki, məhkəmə hesab edir ki, işin konrket halında iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün deyildir, lakin məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə qərar qəbul edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.
18. Belə ki, məhkəmə müəyyən edir ki, xx.xx.2024-cü il tarixli qərardadına əsasən təyin edilmiş məhkəmə tibbi ekspertizası nəticəsində İddiaçı hazırda “İ dərəcə piylənmə - Е66.0” aşkar edilmiş, MN Mərkəzi Hərbi Həkim Komissiyasının rəyinə əsasən həmin diaqnozla o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə və “Xəstəliklər cədvəli”nin “13e” maddələrinin İ qrafasına əsasən Hərbi xidmətə yararlı, A-2 hesab edilməsi qeyd edilmişdir. Odur ki, inzibati orqan İddiaçı münasibətdə qərar qəbul edərkən məhkəmənin mövqeyini nəzərə almalıdır.
19. İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Eksperiza və X2” publik hüquqi şəxsi tərəfindən müəyinəyə göndərilərkən boyunun 196 sm, çəkisinin 130 kq olduğu müəyyən edilmişdir. İddiaçı idmançıdır.
20. Odur ki, məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçının hərbi xidmətə yararlığı müəyyənləşdirilərkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Eksperiza və X2” publik hüquqi şəxsin rəyini nəzərə alınmaqla müvafiq qiymətləndirmə aparılmalıdır.
21. İPM-nin: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə;
22. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
23. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
24. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
25. Odur ki, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının iddia tələbindəki marağını təmin edən (xeyrinə) qərar qəbul edilməsi vəzifəsi cavabdehə həvalə edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir.
26. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ:
İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla hərbi xidmətə yararlılığı (hərbi xidmətə çağırılması) ilə bağlı İddiaçı xeyrinə qərar qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva