Məhkəmə qərarları › İş №e-2-1(112)-921/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-921/2025

18.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-921/2025 18.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X6 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, üçüncü şəxs X4 vərəsəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X11 və X9) “Xəzər rayonu, X12 yerləşən 135 nömrəli kooperativinin 19 saylı orderi əsasında ümumi sahəsi 0.12 ha olan 749 a/14 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının X2 məxsus olmasına dair arayışın iddiaçıya verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ I. Mübahisənin predmeti

1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xəzər rayonu, X12 yerləşən 135 nömrəli kooperativin 19 saylı orderi əsasında mülkiyyətində olan ümumi sahəsi 0,12 ha olan 749 a/14 saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Məhkəmənin xx.xx.2025-ci il tarixli Qərardadı ilə X11 və X9 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər.

3. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Xəzər rayonu, X12 yerləşən 135 nömrəli Kooperativinin 19 saylı orderi əsasında ümumi sahəsi 0.12 ha olan 749 a/14 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının X2 məxsus olmasına dair arayışın iddiaçıya verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir.

4. Məhkəmənin 18 aprel 2025-ci il tarixli Qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, Xəzər rayonu, X12 yerləşən 135№-li Kooperativin 19 saylı orderi əsasında ayrılmış ümumi sahəsi 0.12 ha 749 a/14 saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh həmin sahənin dövlət reyestrində qeydiyyata alınmasından əsassız olaraq imtina etmişdir. Belə ki, Azərbaycan SSRİ Bakı şəhəri İcraiyyə Komitəsinin 15/558 №-li 18 yanvar 1990-ci il tarixli qərarına əsasən iddiaçının nənəsi X1 adına X12 yerləşən135 №-li Bag-Tikinti Kooperativi tərəfindən ümumi sahəsi 0,12 ha olan 749 a/14 saylı bağ sahəsi ayrılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixində cavabdeh quruma müraciət edərək bağ sahəsi üzrə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubunda X3 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsinin İdarənin arxivində aşkar edilmədiyini bildirmişdir. Bunula bağlı qeyd olunmalıdır ki, iddiaçı xx.xx.2022-ci il tarixli BA-05754-2022 saylı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin məktubu ilə müvafiq orderin arxivdən çıxarışını əldə etmişdir. Bunula yanaşı, cavabdeh iddiaçının torpaq sahəsinin bir hissəsinin digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşdüyü bildirilmişdir. İddiaçı təkrar baxış keçirilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, bağ sahəsinin ölçülərinin dəqiqləşdirilməsini xahiş etmişdir. Əmlak İdarəsindən gəlmiş mühəndis peyk ölçü cihazı vasitəsilə torpaq sahələrinin sərhədlərini dəqiqləşdirmiş, bundan sonra iddiaçı sahəni hasara almışdır. Hasarlamadan sonra mühəndis yenidən texniki baxış keçirmiş, müvafiq ölçüləri götürmüş, hər şeyin qaydasında olduğunu bildirmişdir. Cavabdeh növbəti xx.xx.2022-ci il tarixli **********72 saylı məktubunda bildirmişdir ki, təqdim olunmuş ərazinin sxemi bağ-tikinti kooperativinin sxeminə uyğun olmadığından qonşu 750/12 və 750a/13 saylı torpaq sahələri arasında bölgü sxeminin təqdim olunması məqsədə uyğundur. Türkan 135 №-li bağ-tikinti kooperativinin 23 üzvünə məxsus sahə ölçüləri eynidir. Peyk ölçü cihazı vasitəsilə bölgü sxeminin təqdim olunması mümkün olduğu halda, cavabdeh iddiaçıdan bağ sahələrinin sahiblərini taparaq onlardan bağ orderlərinin surətlərini almağı tələb etmişdir. İddiaçı qonşu 750/12 və 750a/13 saylı torpaq sahələrinin sahiblərindən order surətlərini alıb cavabdehə təqdim etmiş, xx.xx.2023-cü il tarixində qeydiyyat üçün yenidən müraciət etmişdir. Cavabdeh müraciətə cavab məktubunda qonşu 750/12 və 750a/13 saylı torpaq sahələrində mərzçəkmə işlərinin aparılmadığını, həmçinin vərəsəlik dairəsinin müəyyən edilməsi haqqında notariat ofisi tərəfindən verilmiş məktubun təqdim edilmədiyini bildirmiş və bu səbəblərdən qeydiyyatın mümkün olmadığını bildirmişdir. Halbuki, iddiaçı vərəsəliklə bağlı Bakı şəhəri 53 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 5787 saylı məktubunu cavabdehə müraciət edərkən təqdim etmişdir. Qonşu 750/12 və 750a/13 saylı torpaq sahələrində mərzçəkmə işlərinin aparılması isə onun vəzifəsi deyildir. İddiaçı bağ sahəsinin qeydiyyata alınmasına maneə olan bütün çatışmazlıqları aradan qaldırmış, Əmlak Xidmətinin mühəndisi ilə ölçüləri dəqiqləşdirmiş, dəfələrlə cavabehə müraciət etmiş, lakin hər dəfə imtina cavabı almış və ya məktubları cavabsız qalmışdır. İddiaçının mülkiyyət hüququnu təsdiq edən bütün sənədlərin olmasına baxmayaraq hələ də onun bu hüququ müxtəlif bəhanələrlə dövlət qeydiyyatına alınmamışdır.

6. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, idarənin arxivində iddiaçı tərəfindən təqdim edilən X3 və İstismarı Birliyi tərəfindən verilmiş order barədə məlumat aşkar edilməmişdir. Bundan başqa, ümumi ərazidə hasarlanma işləri BTK sxeminə uyğun aparılmadığından 750/12 və 750a/13 saylı torpaq sahələrinin qanuni istifadəçiləri ilə keçid yolu nəzərə alınmaqla notariat qaydasında təsdiq edilmiş bölgü sxemi təqdim edilməlidir. Əlavə olaraq, göstərilən torpaq sahəsinin bir hissəsinə digər fiziki şəxs olan X7 762a/7 saylı bağ sahəsi kimi müraciəti olmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə fərqli ərazi göstərmişdir. Belə ki, qeyd olunan tarixdə müraciəti zamanı göstərilən torpaq sahəsinin bir hissəsi **********32 reyestr nömrəsi ilə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür.

7. İddiaçı cavabdehin etirazına münasibət bildirərək qeyd etmişdir ki, iddiaçıya 0.12 ha torpaq sahəsi ayrılması işin mübahisəsiz halıdır. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququna malikdir və bu hüquq mütləq qaydada dövlət qeydiyyatına alınmalıdır. Cavabdehin bir-birindən fərqli və ziddiyətli məktublarından görünür ki, inzibati orqan müxtəlif bəhanələrlə qeydiyyat aparmaq vəzifəsindən yayınmaqdadır. Halbuki cavabdeh daşınmaz əmlakın dövlət reyestrini icra edən inzibati orqan olmaqla, birinci vəzifəsi vətəndaşların mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almaqdır. Buna baxmayaraq, cavabdeh qanunsuz olaraq məhkəmədən iddianın rədd olunmasını xahiş edir. Mülkiyyət hüququnun qeydiyyata alınması ilə inzibati orqanın və ya hər hansı üçüncü şəxsin heç bir hüququn pozulmamasına baxmayaraq, cavabdehin bu mövqeyi onun absurd, qəbuledilməz və anlaşılmazdır. Etirazda təqdim edilən bağ sənədinin arxiv qeydinin olmadığı göstərilir. Lakin iş materiallarında mövcud olan Dövlət Arxiv İdarəsinin çıxarışından görünür ki, təqdim olunan sənədin arxiv çıxarışı mövcuddur. Digər tərəfdən sual yaranır ki, əgər arxiv məlumatı reyestrdə yoxdursa, koordinatlar üzrə araşdırma necə aparılır? Daha sonra BTK sxeminə uyğun olmadan hasarlama aparıldığından 750/12 və 750a/13 saylı torpaq sahələrinə girişin təmin olunmadığı bildirilir. Təqdim olunan 135 nömrəli BTK- nin yerləşmə planından aydın olur ki, iddiaçının bağ sahəsi və qeyd olunan digər bağ sahələri sırayla yanaşı yerləşməklə hər birinin ümumi yola birbaşa çıxışı vardır. Digər tərəfdən hasarlama işləri cavabdehin özünün mühəndislərinin iştirakı ilə müəyyən olunmuş qaydada aparılmışdır. Hətta təqdim olunan məktubdan görünür ki, cavabdeh daha əvvəl həmin bağ sahələrinin sənədlərini istəmiş (tam qanunsuz olaraq) və iddiaçı tərəfindən həmin sənədlər təqdim olunmuşdur. Daha sonra 762a/7 saylı bağ sahəsi ilə bağlı müraciət olduğu göstərilib. Müraciət dedikdə nə nəzərdə tutulduğu aydın olmamaqla, qeydiyyata alınmış hüquq olub-olmadığı məlum deyildir. Digər tərəfindən yerləşmə planından göründüyü kimi 762 nömrəli bağla 749 nömrəli bağ sahələri arasında 13 ədəd bağ sahəsi vardır. Bu səbəbdən etirazda belə bir müraciətin olmasının hansı səbəbdən göstərildiyi və müraciət olunmanın hansı hüquqi nəticələr yaratdığı ümumiyyətlə aydın deyil. Etirazda ən sonda iddiaçının xx.xx.2022-ci ildə göstərdiyi ərazinin başqa şəxsin dövlət qeydiyyatına alınmış ərazi ilə üst-üstə düşdüyü göstərilib. Hüquqlar üzrə dövlət qeydiyyatı yalnız müvafiq hüquqmüəyyənedici sənədlər əsasında aparıla bilər. İddiaçının göstərdiyi sahə dedikdə cavabdehin hansı sahəni nəzərdə tutması da aydın deyildir. Göründüyü kimi cavabdehin etirazında 3 fərqli, bir-biri ilə zidd mülahizələr göstərilib. Cavabdeh əvvəlcə qonşu bağlara yol verilməli olduğunu, daha sonra isə 13 bağ aralıda yerləşən bağ üçün müraciət olduğunu və sonra harda yerləşməsi naməlum torpaq sahəsi ilə üst-üstə düşdüyünü göstərir. Hər 3 fikir biribirindən kəskin fərqlənməklə cavabdehin nəyə etiraz etdiyi ümumiyyətlə aydın olmamışdır.

ƏSASLANDİRMA HİSSƏSİ

İİ. İddianın növü və mümkünlüyü

8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və cavabdeh inzibati orqan tərəfindən imtina məktubu verilmişdir, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vərəsəsi) iddia tələbinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş üzrə toplanılmış sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.

Ədliyyə Nazirliyi Bakı şəhəri 53 saylı Notariat Ofisinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Müvafiq Ərazi İdarəsinə ünvanladığı 02 avqust 2022-ci il tarixli 5787 nömrəli məktubuna əsasən, xx.xx.1995-ci ildə vəfat etmiş - X1 vərəsəsi İddiaçı yazılı müraciətlərinə əsasən mərhumun adına vərəsəlik işi açıldığını bildirərək, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinə uyğun olaraq X8ma məxsus Bakı şəhəri, Türkan qəsəbəsi ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin çıxarışını sorğunu təqdim etmiş şəxs vasitəsilə Bakı şəhəri 53 saylı notariat ofisinə göndərilməsi xahiş edilmişdir. Bakı şəhər X10 İcraiyyə Komitəsinin “Bağ-tikinti kooperativlərinin yaradılması və bağ sahələrinin vətəndaşlara ayrılması haqqında” 15/558 nömrəli 18 yanvar 1990-ci il tarixli qərarına əsasən, Azərbaycan SSR-i Nazirlər Kabinetinin 06 iyun 1988-ci tarixli və Bakı şəhər X10 İcraiyyə Komitəsinin14 iyun 1988-ci il tarixli, 6/333 nömrəli qərarları rəhbər tutaraq, Türkan 135 nömrəli bağ-tikinti kooperativinin üzvlərinə bağ sahələri ayrılsın: 19. X2 AZSSR Bakı şəhər İcraiyyə Komitəsinin X3 və İstismarı Birliyinin 135 nömrəli Türkan kooperativinin 19 nömrəli, 16 iyun 1991-ci il tarixli orderə əsasən, Bakşəhərsovetinin icraiyyə komitəsinin 15/558 nömrəli, 18 yanvar 1990-ci il tarixli qərarına əsasən X2 Türkan qəsəbəsində 135 nömrəli BTK tərkibində 0,12 ha sahəsi olan 14/749 a nömrəli bağ sahəsi ayrılmışdır. 135 nömrəli Türkan BTK-nın üzvlərin siyahısında X1 adı 19-cu sırada göstərilmişdir. 135 nömrəli BTK-nın bağ sahələrinin Türkan massivində yerləşmə planında 749a/14 nömrəli bağ sahəsi göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********30 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə Bildiriş”də qeyd edilmişdir ki, təqdim edilən X3 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmiş, bundan başqa, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin bir hissəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-22037/2023 **********37 nömrəli məktubda qeyd edilmişdir ki, texniki baxış keçirilən zaman məlum olmuşdur ki, ümumi hasar daxilində yerləşən 12/750 və 750a/13 saylı torpaq sahələrində mərzçəkmə işləri aparılmamışdır. Həmçinin vərəsəlik dairəsini müəyyən edilməsi haqqında notariat ofisi tərəfindən verilmiş məktub təqdim edilməmişdir. Bu səbəblərdən işin icrası mümkün olmamışdır. xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) akt”nda qeyd edilmişdir ki, bağ sahəsinin sərhədləri 3 sıra mişar daşı ilə düzülərək ayrılıb, koordinatlarla göstərilən sahənin az bir hissəsinə digər fiziki şəxsin müraciəti mövcuddur, qonşu 747/17, 752/10, 751/11, 753/9 s/bağların nömrə ardıcıllığına uyğun gəlir (BTK sxeminə əsasən). Məhkəmə tərəfindən “X7 adına Xəzər rayonu, X12 yerləşən 135 nömrəli kooperativin 762/7 saylı bağ sahəsinin dövlət qeydiyyatına alınması barədə müraciəti və ona əlavə edilmiş sənədləri, **********32 reyestr nömrəsi ilə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı bütün sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi” barədə cavabdehə sorğu göndərilmişdir. Məhkəmə sorğusuna əsasən cavabdeh tərəfindən X7 ərizəsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, X4 adına verilmiş 19 nömrəli order təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, X4 adına Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin X3 və istismarı birliyinin Türkan bağlar sahəsindəki 124 nömrəli kooperativinin 19 nömrəli 19 may 1990-cı il tarixli order verilmiş və həmin orderdə Türkan bağlar sahəsində 124 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 636/15 nömrəli bağ ayrılması qeyd edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, X5 məxsus olan 636/15 nömrəli bağ sahəsi dövlət qeydiyyatına alınmışdır.

İV. Məhkəmənin mövqeyi

5. Məhkəmə iş materiallarını qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 22.2.-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir.

6. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir...Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən:

139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

9. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində müəyyən olunmuşdur.

9. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:

2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 11.2. Təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə;Mülkiyyət hüququ dedikdə, elə bir subyektiv mülki hüquq başa düşülür ki, bu hüquq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və şərtlərlə yaranır, mülkiyyətçinin özünə məxsus əşyaya öz mülahizəsinə görə sahiblik, əmlakdan istifadə və onun haqqında sərəncam vermək səlahiyyətlərini ifadə edir. 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən order bu əsaslardan biri kimi nəzərdə tutulmuşdur.

10. İş materiallarından göründüyü kimi, Bakı şəhəri, Xəzər rayonu, X12 yerləşən 0.12. ha olan 749 a/14 saylı bağ sahəsinin X2 ayrılması barədə Xəzər rayonu, X12 yerləşən 135 nömrəli Kooperativinin 19 saylı order mövcuddur. İşin faktiki hallarına əsasən iddiaçı 749 a/14 nömrəli saylı bağ sahəsinin qanuni istifadəçisi kimi «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən həmin bağın yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Torpaq sahəsinin onun qanuni istifadəsinə verilməsi isə, surəti iş materiallarında olan sənədlər ilə təsdiq olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.

11. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etssdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Hüquqların dövlət qeydiyyatına alınması mülkiyyət hüququnun tanınması və qorunması məqsədilə həyata keçirilən bir prosesidir. Bu proses mülkiyyətin hüquqi statusunu rəsmi şəkildə təsdiqləyir və mülkiyyət sahiblərinin hüquqlarını qorumaq üçün əhəmiyyətlədir.

12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” na əsasən: Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: -1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar;

“Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 07.03. 2016-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən:

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasını və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsini bu Fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş Tədbirlər Planına müvafiq olaraq 2020-ci ilədək təmin etsin; 2.2. dövlət əmlakının Registrində, meşə, su və digər sahəvi dövlət kadastrlarında torpaqlarla bağlı mövcud məlumatların, habelə aidiyyəti dövlət orqanları tərəfindən torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində həyata keçirilən tədbirlərin, torpaqlardan istifadənin vəziyyətinin müəyyən olunması məqsədi ilə aparılan monitorinqlərin nəticələri barədə məlumatların torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsini, həmin sistemin daşınmaz əmlakın vahid dövlət kadastrına və daşınmaz əmlakın dövlət reyestrinə inteqrasiyasını təmin etsin; 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; Yuxarıda sadalanan normaların və işin faktiki hallarının birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Həmin maddədə bağ sahəsinin ayrılmasına dair icra hakimiyyəti orqanı tərəfindən verilmiş bağın istifadəyə verilməsi haqqında qərar və order hüquqmüəyyənedici sənədlər kimi göstərilmişdir. Belə olan halda, şəxsin həmin bağ sahəsi üzərində hüququ mövcüd olur və qanunvericiliyin tələbləri əsasında, onun həmin bağ sahəsinin özəlləşdirilməsini tələb etmək hüququ yaranır. Bu da iddiaçının hazırki iddia tələbində haqlı olduğuna əsas verir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə imtinası yuxarıda istinad edilən qanunvericilik normalarına və işin həqiqi hallarına zidd olduğundan, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Belə ki, etirazda göstərilən “torpaq sahəsinin bir hissəsinin X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşməsi” dəlilə gəldikdə məhkəmə bununla bağlı qeyd edir ki, torpaq sahələrinə dövlət torpaq kadastrının tərtibi və aparılması, torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək və s.bu kimi vəzifələr cavabdehin özünün vəzifəsidir. Bundan əlavə məhkəmə iclasında iştirak edən X4 nümayəndəsi (vərəsəsi) izahatında da bildirmişdir ki, onlara aid torpaq sahəsinin ətrafı boşdur, iddiaçını tanımır, iddia tələbinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır. Bundan əlavə cavabdeh etirazında qeyd etmişdir ki, order idarənin arxivində məlumat aşkar edilməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, hər hansı bir sənədin arxivdə aşkar edilməməsi, iddiaçının təqsiri deyil, bu hal onun mülkiyyət hüququndan məhrum edilməsi kimi qiymətləndirilməməlidir. Bundan başqa hazırkı mübahisəyə münasibətdə onu da nəzərə almaq lazımdır ki, qeyd edilən torpaq sahəsi heç bir fiziki və ya hüquqi şəxsin adına qeydiyyata alınmayıb, yəni müvafiq qeydiyyat hər hansı şəxsin hüquqlarını və qanunla qorunan maraqlarını pozmur. Odur ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaması, məhkəmə tərəfindən iddiaçıların qanunla qorunan hüquqlarının pozulması kimi qiymətləndirilir Beləliklə, məhkəmə müəyyən etmişdir ki, X2 bağ sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd qüvvədədir. Bağ sahəsinin ayrıldığı və həmin sahənin onun istifadəsində olduğu müddətdə qeyd olunan hüquqmüəyyənedici sənəd hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbindən də göründüyü kimi inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Cavabdeh isə həmin maddənin tələblərini nəzərə almadan formal imtina əsası ilə çıxış etmişdir. Başqa sözlə, həmin sənəd qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur.

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

14. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Xəzər rayonu, X12 yerləşən 135 nömrəli Kooperativinin 19 saylı orderi əsasında ümumi sahəsi 0.12 ha olan 749 a/14 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının X2 məxsus olmasına dair arayışın iddiaçıya verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

15. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar.

16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Xəzər rayonu, X12 yerləşən 135 nömrəli Kooperativinin 19 saylı orderi əsasında ümumi sahəsi 0.12 ha olan 749 a/14 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının X2 məxsus olmasına dair arayışın İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar