Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-922/2022 25.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvanı: Bakı şəhəri, Məhəmməd Hadi küçəsi, ev 89, mənzil 69), cavabdehin nümayəndəsi X1 (Ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 27, mənzil 18; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı, Məhkəmə mübahisələri üzrə iş şöbəsinin böyük mütəxəssisi) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddiaçıya 60 yaşı tamam olduğu tarixdən, yəni 01.02.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı etirazı 29.06.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 25.01.2022-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı xx.xx.1961-ci ildə Qazax rayonunda doğulmuşdur. İddiaçı 09.05.1979-cu ildən 07.05.1981-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. İddiaçı 02.06.1978-ci ildən 04.05.1979-cu ilə qədər Qazax rayonu İskra üzümçülük sovxozunda fəhlə işləmişdir. Hərbi xidmətini başa vurduqdan sonra o, 18.06.1981-ci ildən 01.09.1981-ci ilə kimi Rustavski Kimyəvi lif zavodunda kimyəvi-ip istehsalı üzrə kimyəvi sexə aparatura avadanlığının təmiri üzrə üçüncü dərəcəli çilingər, 01.09.1981-ci ildən, 01.11.1982-ci ilə qədər kimi kimyəvi-ip istehsalı üzrə kimyəvi sexə aparatura avadanlığının təmiri üzrə dördüncü dərəcəli çilingər, 01.11.1982-ci ildən 01.08.1985-ci ilə kimi Kimyəvi sexdə kəsici dəzgahların 5-ci dərəcəli çilingəri, 01.08.1985ci ildən 14.09.1993-cü ilə kimi Kimyəvi sexdə kəsici dəzgahların 6-cı dərəcəli çilingəri, 03.01.1994-cü ildən 26.09.2001-ci ilə kimi 13 N-li Zonalararası ixtisaslaşdırılmış təmirtikinti quraşdırma idarəsinə 2-ci dərəcəli fəhlə, 16.10.2001-ci ildən 01.05.2010-cu ilə kimi Bakı Metropoliteninin tunel qurğuları xidmətində tunel fəhləsi (tuneldə yalnız gecə işi), 01.05.2010-cu ildən 18.07.2014-cü ilə kimi tunel qurğuları xidmətinin 6-cı dərəcəli süni qurğular təmirçisi (tuneldə yalnız gecə işi) vəzifəsində işləmiş, 18.07.2014-cü ildən halhazırkı vaxta qədər "xxxx" QSC-nin Tunel qurğuları xidmətinin 2.1 saylı tunel sahəsində 6cı dərəcə ilə süni qurğular təmirçisi peşəsində (tuneldə yalnız gecə işi) işləyir. Şəxsin yuxarıda sadalanan əmək fəaliyyətləri ona məxsus əmək kitbçası ilə yanaşı iş yerindən verilmiş 08.02.2021-ci il tarixli, A/35 N-li Arayış ilə də öz təsdiqini tapmışdır. Qeyd edilən Arayışda iddiaçının işlədiyi sahələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərara müvafiq olaraq həmin siyahının 21.5 Metropolitenlər bəndinə uyğun olaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir və onun güzəştli şərtlərlə əmək stajı 19 il 03 ay 15 gün təşkil etdiyi qeyd edilmişdir. Bundan sonra iddiaçı cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə 60 yaşdan pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan 12.03.2021-ci il tarixli, **********5 N-li cavab məktubu ilə iddiaçının ərizəsində qeyd etdiklərinin icrasından imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı 10 fevral 2021-ci il tarixində iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəfimizdən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Bununla əlaqədar olaraq qeyd edək ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əəsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 4 may 1979-cu il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında və “Bakı Metropoliteni" QSC-nin ona dair 8 fevral 2021-ci il tarixli A/35 nömrəli arayışında qeyd olunan 16.10.2001- 01.05.2010-cu il tarixləri arasındakı dövr ərzində Bakı Metropoliteni Tunel qurğuları xidmətində işlədiyi tunel fəhləsi və 01.05.2010-cu il tarixindən bugünədək işlədiyi süni qurğular təmirçisi peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) metropolitenlər bəndində (21.5) nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Qazax rayonunda anadan olmuşdur. İş materiallarından görünür ki, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığı tarixdən (60 yaşdan) təyin edilməsini tələb edir. İş materiallarında olan notarial qayadada təsdiq edilmiş ******* nömrəli Hərbi Biletə əsasən İddiaçı 09.05.1979-cu ildən 07.05.1981-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. İş materiallarında olan notarial qayadada tərcümə və təsdiq edilmiş 04.05.1979-cu il tarixli Əmək Kitabçasından görünür ki, 18.06.1981-ci ildən 01.09.1981-ci ilə kimi Rustavski Kimyəvi lif zavodunda kimyəvi-ip istehsalı üzrə kimyəvi sexə aparatura avadanlığının təmiri üzrə üçüncü dərəcəli çilingər, 01.09.1981-ci ildən 01.11.1982-ci ilə qədər kimi kimyəvi-ip istehsalı üzrə kimyəvi sexə aparatura avadanlığının təmiri üzrə dördüncü dərəcəli çilingər, 01.11.1982-ci ildən 01.08.1985-ci ilə kimi Kimyəvi sexdə kəsici dəzgahların 5-ci dərəcəli çilingəri, 01.08.1985-ci ildən 14.09.1993-cü ilə kimi Kimyəvi sexdə kəsici dəzgahların 6-cı dərəcəli çilingəri, 03.01.1994-cü ildən 26.09.2001-ci ilə kimi 13 N-li Zonalararası ixtisaslaşdırılmış təmir-tikinti quraşdırma idarəsinə 2-ci dərəcəli fəhlə, 16.10.2001-ci ildən 01.05.2010-cu ilə kimi Bakı Metropolitenin tunel qurğuları xidmətində tunel fəhləsi (tuneldə yalnız gecə işi), 01.05.2010-cu ildən 18.07.2014-cü ilə kimi tunel qurğuları xidmətinin 6-cı dərəcəli süni qurğular təmirçisi (tuneldə yalnız gecə işi) vəzifəsində işləmiş, 18.07.2014-cü ildən hal-hazırkı vaxta qədər "xxxx" QSC-nin Tunel qurğuları xidmətinin 2.1 saylı tunel sahəsində 6-cı dərəcə ilə süni qurğular təmirçisi peşəsində (tuneldə yalnız gecə işi) işləyir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçının müraciətini təmin etməkdən imtina edərək 07.10.2020-ci il tarixli məktubla bildirmişdir: “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN 2” mərkəzi tərəfindən daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim edilən 4 may 1979-cu il tarixli MT-İ ******* nömrəli əmək kitabçanızda və "xxxx" QSC-nin sizə dair 8 fevral 2021-ci il tarixli A/35 nömrəli arayışında qeyd olunan 16.10.2001-01.05.2010-cu il tarixləri arasındakı dövr ərzində Bakı Metropoliteni Tunel qurğuları xidmətində işlədiyiniz tunel fəhləsi və 01.05.2010-cu il tarixindən bugünədək işlədiyiniz süni qurğular təmirçisi peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) metropolitenlər bəndində (21.5) nəzərdə tutulmamışdır. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır.” Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 06.03.2007-ci il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Məhkəmə hesab edir ki, pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, hərbi xidmət müddətinin əmək stajına daxil edilməsi məsələsi hərbi xidmət keçdiyi vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi xidmət müddəti də daxil edilir. Məhkəmə qeyd edir ki, iddiaçının 60 yaşının tamam olduğu 01.02.2021-ci il tarixə qədər ümumi stajının 25 ildən çox olması mübahisə doğurmur. Araşdırılmalı hal həmin dövrün ən azı 12 il 6 ayının güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşədə işləməsi ilə bağlıdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1 əsasən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. İş materiallarında olan "xxxx" QSC-nin A/35 nömrəli 08.02.2021-ci il tarixli Arayışında göstərilmişdir: “Verilir, İddiaçı, ondan ötrü ki, o,həqiqətən, 16.10.2001-ci il tarixindən 01.05.2010-cu il tarixinədək Bakı Metropoliteni Tunel qurğuları xidmətində tunel fəhləsi peşəsində çalışmışdır (tuneldə yalnız gecə işi, 24% zərərli əmək şəraiti ilə). 01.05.2010-cu il tarixindən 18.07.2014-cü il tarixinədək süni qurğular təmirçisi peşəsində işləmişdir (tuneldə yalnız gecə işi, 24% zərərli əmək şəraiti ilə). 18.07.2014-cü il tarixindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Tunel qurğuları xidmətində süni qurğular təmirçisi peşəsində işləyir (tuneldə yalnız gecə işi, 24% zərərli əmək şəraiti ilə). Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nın təsdiq edilməsi haqqında” 23 yanvar 2007-ci il tarixli 12 N-li qərara müvafiq olaraq həmin siyahının 21.5 Metropolitenlər bəndinə uyğun olaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir və onun güzəştli şərtlərlə əmək stajı 19 il 03 ay 15 gün (on doqquz il üç ay on beş gün) təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 27 02.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır.” İş materiallarında olan "xxxx" QSC-nin 40N-10/3-629 nömrəli 27.05.2021-ci il tarixli Arayışında göstərilmişdir: “Bakı Metropoliteni Bakı şəhərindəki metro şəbəkəsinin balansında olan özünəməxsus metropoliten xətləri vasitəsilə sərnişindaşıma funksiyasını yerinə yetirən ictimai nəqliyyat növüdür; -Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda metropolitenə aid olan 21.5-ci bölməsində "xxxx" QSC-də hazırda mövcud olan qatar maşinisti, təlimatçı maşinist, (maşinist köməkçisi vəzifəsi hazırda mövcud deyil) tunel fəhləsi və süni qurğular təmirçisi peşəsi (vəzifəsi) qeyd edilməmişdir; -"xxxx" QSC-də hazırda mövcud olan “tunel fəhləsi” və “süni qurğular təmirçisi” peşələri 30 saatlıq iş həftəsi tuneldə daim gecə işi olmaqla xüsusilə zərərli iş şəraitində çalışırlar və əmək funksiyaları aşağıdakılardan ibarətdir: Tunel fəhləsi - tikinti materiallarının yüklənməsi və boşaldılması; tunellərin və drenajların yuyulması; pnevmatik alət vasitəsilə tübinqlərdə tikişlərin pərçimlənməsi; pnevmatik alətin borusunun hava şəbəkəsinə qoşulması; perforatorların və çəkiclərin işə hazırlanması, detalların dəyişdirilməsi; ayaqaltı və taxtabəndlərin sökülüb yığılması; bütün növ axıntıların ləğvi; tunel geyiminin arxasına nəzarət məhlulvurma işlərinin aparılması; sahə rəhbərinin göstərişi ilə digər cari işlər; Süni qurğular təmirçisi - tikinti materiallarının yüklənməsi və boşaldılması; tunellərin və drenajların yuyulması; tunel geyiminin arxasına nəzarət məhlulvurma işlərinin aparılması; pnevmatik alət vasitəsilə tübinqlərdə tikişlərin pərçimlənməsi; pnevmatik alətin borusunun hava şəbəkəsinə qoşulması; perforatorların və çəkiclərin işə hazırlanması, detalların dəyişdirilməsi; ayaqaltı və taxtabəndlərin sökülüb yığılması; bütün növ axıntıların ləğvi; tunellərdə aparılan digər təmir və cari işlər və sahə rəhbərinin göstərişi ilə digər cari işlər; “Tunel fəhləsi” və “süni qurğular təmirçisi” vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 № qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısına əlavə edilməsi ilə bağlı tərəfimizdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunmuşdur.” İş materiallarında olan "xxxx" QSC-nin 40N-10/3-888 nömrəli 16.07.2021-ci il tarixli Arayışında göstərilmişdir: “Bakı Metropolitenin qatar maşinistləri və maşinist köməkçiləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılan”nın təsdiq edilməsi haqqında 21.06.1993-cü il tarixli 320 saylı Qərarına 2 №-li əlavədə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda XXVİİİ. Nəqliyyat bölməsində 23001000—14409 və 23001000—16887 kodlarına əsasən güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququna malik olmuşdurlar. Sonradan, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarının qüvvəyə minməsi ilə əlaqədar Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı Qərarı qüvvədən düşmüşdür. 12 nömrəli Qərarda qatar maşinistləri və maşinist köməkçiləri yalnız 21.4-cü bənddə “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrıayrı kateqoriyalı işçiləri” siyahısında əks olunmuşdur, “21.5. Metropolitenlər” bölməsində isə onların adları yoxdur. Tunel fəhləsinin və süni qurğular təmirçisinin güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxması vaxtilə Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı Qərarına 2 №-li əlavə olan 2 №-li Siyahıda “XXVİİİ. Nəqliyyat.” bölməsində nəzərdə tutulmuş 2300200a kod (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) ilə tənzimlənirdi. "xxxx" QSC-də çalışan tunel fəhləsinin və süni qurğular təmirçisi yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda, zərərli iş şəraitində işləyir (20- 24%) və onlar üçün həftə ərzində qısaldılmış iş vaxtı müəyyən olunub. Nazirlər Kabinetinin 06 noyabr 2004-cü il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın XXVİ.Nəqliyyat bölməsində “B.Metropolitenin istismarı. Metropoliten tunellərində və digər yeraltı tunellərdə yalnız gecə vaxtı daimi işlər” hissəsində süni qurğular təmirçisi 14-cü sırada, tunel fəhləsi isə 17-ci sırada qeyd olunmuşdur. Əlavə olaraq məlumat üçün bildiririk ki, “elektrik qatarlarının (seksiyalarının) maşinistləri”, “elektrik qatarlarının (seksiyalarının) maşinistlərinin köməkçiləri", “tunel fəhləsi” və “süni qurğular təmirçisi” peşələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının 21.5 bəndinə əlavə edilməsi ilə bağlı tərəfimizdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunmuşdur.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “XXVİİİ. Nəqliyyat” bölməsində “2. Metropolitenlər” “a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr” (kod 2300200a) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Siyahının (23.01.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “21. Nəqliyyat” bölməsində “21.5. Metropolitenlər” yarımbölməsində “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr” nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr göstərilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi vəzifə (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli və 23.01.2007-ci il tarixli 12 nömrəli qərarları ilə təsdiqlənmiş siyahılarda konkret göstərilmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı 01.07.2017-ci il tarixə 25 ildən artıq (35 il 08 ay 5 gün) ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq (15 il 08 ay 15 gün) güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin imtina məktubundan və cavabdehin nümayəndəsinin izahatından müəyyən edilir ki, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması işin mübahisələndirilməyən halıdır. Belə ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinə əsasən apardığı inzibati icraatın nəticəsində iddiaçıya verdiyi imtinada iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmamasını mübahisələndirməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Beləliklə, məhkəmənin qənaətinə görə İddiaçı 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş satajına malik olduğundan, həmçinin iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmaması cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmədiyindən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı 01.02.2021-ci ildən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı 01.02.2021-ci ildən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №e-2-1(112)-922/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-922/2022
25.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver