Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9223/2023 02.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə və kirayə pulunun ödənilməsi” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin imtinasının qanunsuz hesab edilməsi, cavabdehin üzərinə onun mənzil növbəsinə götürülməsi və ona xx.xx.2023-cü il tarixdən başlayaraq müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etsə də, cavabdeh idarə kifayət qədər əsaslı səbəb göstərmədən Mənzil Məcəlləsinin 53.1.3-cü maddəsinə istinad edərək 13 aprel 2023-cü il tarixli məktubu ilə imtina etmişdir. Belə ki, iddiaçı 1999cu il tarixdən ordu sıralarında xidmətdədir. Belə ki, xx.xx.2002-ci il tarixdən Heydər Əliyev adına Azərbaycan Ali hərbi məktəbə kursant kimi daxil olmuşdur. xx.xx.2013-cü il tarixli 0578 saylı Müdafiə nazirinin əmrinə əsasən səhhətində olan problemlərə görə ordu sıralarından ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddia tələbi ilə razılaşmayaraq bildirmişdir ki, İddiaçı ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsinə və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsinə köməklik göstərilməsi barədə xx.xx.2023-cü il tarixli 5-10/1-İ-31-068/2023 saylı ərizə ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. İddiaçının Rayon İcra Hakimiyyətinə təqdim etdiyi sənədlərdən (adına daşınmaz əmlakın olub-olmaması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən təqdim etdiyi **********12 saylı xx.xx.2022-ci il tarixli arayışdan) müəyyən olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Natiq Həşimi küçəsi, 7 saylı binanın 30-cu mənzili xx.xx.2012-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmiş, lakin Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusu H.Z.Hacıyev tərəfindən təsdiq edilmiş 4Ə-2972 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Mənzil Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya yol verilir. Həmçinin, təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli № İPK № 024-05 saylı kredit müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınması üçün iddiaçıya Fondun vəsaiti hesabına 33000 manat məbləğində güzəştli ipoteka krediti verilmiş, lakin kredit üzrə öhdəliklər xx.xx.2021-ci il tarixində № İPK № 540-05 saylı öhdəliklərin verilməsi müqaviləsinə əsasən X4 ötürülmüşdür. İddiaçının adına daşınmaz əmlak (mənzil) mövcud olmuş, lakin özgəninkiləşdirilmişdir. Özgəninkiləşdirmə faktı isə mənzil şəraitinin süni pisləşdirilməsi kimi qiymətləndirilir. Qanunvericilik belə halların baş verdiyi gündən 5 il keçdikdən sonra mənzil növbəsinə götürülməsini nəzərdə tutur. 5 il keçmədiyi təqdirdə vətəndaşların mənzil növbəsinə götürülməsi qadağandır. Vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmələri ilə bağlı Rayon İcra Hakimiyyətinə müraciət etdikdə belə halları (mənzil şəraitinin süni pisləşdirilməsi hallarını) aşkarlamaqdan ötrü ilk olaraq onlardan adlarına Azərbaycan Respublikası üzrə keçmiş və hazırki dövr üzrə daşınmaz əmlakın olub-olmaması barədə arayışın təqdim olunması xahiş olunur. Hesab edilir ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış, Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya qanunvericiliyin tələbləri izah olunmuşdur, iddiaçı hüquqlarının pozulmasını əsaslandıra bilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqanın nümayəndəsi üzrlü səbəb bildirilmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinə uyğun məzmunda izahat verərək, əlavə olaraq bldirdi ki, iddiaçı mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş mənzili ailə vəziyyəti və maddi çətinliyi ilə əlaqədar satmışdır. Həmçinin qeyd etdi ki, iddiaçı keçmiş hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsini istədiyi halda, cavabdeh inizbati orqan imtinasında Mənzil Məcəlləsinin müddəalarına əsaslanmışdır. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və inzibati məhkəmə icraatında baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ərizəsi tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi və aylıq kirayə xərcləri ilə təmin olunmasına köməklik göstərilməsi barədə müraciətinə baxılmış, tələbin təmin edilməsindən etirazda göstərilən əsaslarla imtina edilmişdir. -Elektron məhkəmə informasiya sisteminin şəxsiyyət vəsiqəsi məlumatları bölməsindən əldə edilmiş məlumata əsasən ASAN 1 tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur. -xx.xx.2014-cü il tarixli, EZ № ******* nömrəli Hərbi biletin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 055rt №-li, xx.xx.2010-cu il tarixli əmri ilə “baş leytenant” hərbi rütbəsi verilmişdir. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışın surətindən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2013-cü il tarixədək həqiqi hərbi xidmət keçmiş, xəstəliyə görə - HHK-nın rəyinə əsasən ehtiyata buraxılmışdır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçının adına Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natiq Həşimi küçəsi, ev 7 ünvanında yerləşən 30 saylı mənzil xx.xx.2012-ci il tarixdə qeydiyyatdan keçmiş, lakin Bakı şəhər 12 saylı notariat ofisinin xüsusi notariusu H.Z.Hacıyev tərəfindən təsdiq edilmiş 4Ə-2972 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İddiaçı adına respublikanın digər ərazilərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. -Kirayəyə verən X12 ilə kirayəçi İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, kirayəyə verən Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, ev 63a, mənzil 105-i xx.xx.2032-ci il tarixədək kirayəçiyə kirayəyə vermişdir. -Məhkəmənin sorğusuna cavab olaraq verilmiş Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, bələdiyyənin arxiv materiallarında hər hansı şəkildə iddiaçının adına torpaq sahəsinin ayrılması barədə sənədləşmə qeydiyyata alınmamışdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, iddiaçı Azərbaycan Ordusunda qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır və onun adı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx.xx.2011-ci il tarixli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısına daxil edilməmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, aparılan uçot sənədlərinə əsasən ehtiyatda olan baş leytenant İddiaçı xx.xx.2002-ci il tarxdən xx.xx.2013-cü il tarixədək Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2013-cü il tarixli müvafiq əmrinə əsasən xəstəliyə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və sənədləri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinə göndərilmişdir. Həmin məktubla iddiaçının ehtiyata buraxılması barədə əmrin əsaslarının surətləri məhkəməyə göndərilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı adına daşınmaz əmlak aşkar edilməmişdir. -Elektron məhkəmə informasiya sisteminin qohumluq məlumatları bölməsindən əldə edilmiş məlumatlardan görünür ki, X6 iddiaçının həyat yoldaşı, X7 və X5 isə övladlarıdır. -Az-İ № 698626 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X6 xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuşlar. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın dövlət reyestrindən arayışın surətindən görünür ki, X2 adına daşınmaz əmlak aşkar edilməmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın dövlət reyestrindən arayışın surətindən görünür ki, X1 adına daşınmaz əmlak aşkar edilməmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın dövlət reyestrindən arayışın surətindən görünür ki, X3 adına daşınmaz əmlak aşkar edilməmişdir. -Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 59 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X6 ailə tərkibi ilə birlikdə (qızı - X5, oğlu - X7) ünvan 2 ünvanında qeydiyyatdadır. -113 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında yerləşən 30 №-li mənzildə qeydiyyatdadır. -Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli № İPK№024-05 saylı kredit müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınması üçün ona Fondun vəsaiti hesabına 33000 manat məbləğində güzəştli ipoteka krediti verilmişdir. Həmin kredit üzrə öhdəliklər xx.xx.2021-ci il tarixində № İPK№ 540-05 saylı öhdəliklərin verilməsi müqaviləsinə əsasən X4 ötürülmüşdür. Hal-hazırda adına aktiv ipoteka krediti mövcud deyildir. -Elektron informasiya məhkəmə sistemində “əmək müqaviləsi məlumatları” bölməsindən görünür ki, İddiaçı "xxxx" MMC-də anbardar vəziəsində işləyir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı qulluq etdiyi müddət ərzində Nazirlik tərəfindən yaşayış sahəsi ilə təmin olunmayıb və mənzil növbəsində deyil. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı xəstəliyə görə ehtiyata buraxılmış hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi və müvəqqəti kirayə xərclərinin ödənmilməsi ilə bağlı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə müraciəti müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını məhkəmədə mübahisələndirir. İddiaçı mövqeyini əsasən keçmiş hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsini istədiyi halda, cavabdeh inizbati orqan imtinasında Mənzil Məcəlləsinin müddəalarına əsaslandığını bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunauyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. Bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. Müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. Bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 4-cü abzasına əsasən, ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat; 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat; 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat; 1.3. digər yaşayış məntəqələrində –55 manat. Göründüyü kimi, istinad olunan qanunvericilik yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış “yaşayış sahəsi olmayan” hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin edilməsi üçün mənzil növbəsinə götürülməsi və müvəqqəti kirayə xərclərinin ödənilməsi imkanını nəzərdə tutur. Hazırkı halda iddiaçıya münasibətdə eyni mövqe ona görə tutulmur ki, o, özünün həqiqətən də sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs olmasını sübuta yetirə bilmir. Belə ki, işin mübahisəsiz halı ilə müəyyən edilmişdir ki, iddiaçının adına Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natiq Həşimi küçəsi, ev 7 ünvanında yerləşən 30 saylı mənzil xx.xx.2012-ci il tarixdə qeydiyyatdan keçmiş, lakin xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İddiaçı tərəf yaşayış sahəsinin satılmasını ailə vəziyyəti və maddi çətinliklə əlaqələndirsə də, bununla bağlı hər hansı tutarlı dəlil təqdim etməmişdir. Məhkəmə həmçinin bildirir ki, ölkənin mənzil təminat münasibətlərini tənzimləyən Mənzil Məcəlləsi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmanı həyata keçirən orqanları təsbit etmiş, habelə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınma qaydası və uçota almaqdan imtinanın əsaslarını konkret müəyyən etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hərbi qulluqçu kimi yaşayış sahəsi ilə təmin olunmaq üçün mənzil növbəsinə qəbul edilməsi və mənzillə təmin olunana qədər müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqının ödənilməsi üçün mənzil qanunverciliyi üzrə tələb olunan qanuni əsaslar əsaslar mövcud deyil. İddiaçı mülkiyyətində olan yaşayış sahəsinin bunu zəruri edən halların mövcudluğunu əsaslandırmadan özgəninkiləşdirilməsini yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə özünün yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnə biləcək hərəkət kimi qiymətləndirir. Qeyd edilən niyyətlə belə hərəkətlərə yol verdiyi müəyyən edildikdə də qanunverici yaşayış sahəsinin mülkiyyətçisinin həmin hərəkətlərə yol verdiyi gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə biləcəyini təsbit etmişdir. Bu baxımdan iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmaması barədə cavabdehin hərəkətləri qanunazidd olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Bu səbəbdən də iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə İşin araşdırılmış hallarından göründüyü kimi, iddiaçının 15 ildən çox xidmət etməsi işin mübahisəsiz halıdır və cavabdeh də bunu mübahisələndirmir. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №e-2-1(112)-9223/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9223/2023
02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver