Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9225/2021 17.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb Baş İdarəsi) qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) 23.06.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra - Cavabdeh) ərizə ilə müraciət edərək, 4110003AAB4E nömrəli, 08.11.2017-ci il tarixli Forma 88 əsasında təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçının ərizəsini təmin etməkdən imtina edərək ona ünvanlanmış məktubunda göstərmişdir ki, iddiaçının əlillik vəziyyəti Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AAB4E nömrəli göndərişi əsasında 08.11.2017-ci il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyini barədə qərar qəbul edilmişdir. Aparılmış əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmış birgə araşdırmaların nəticəsi üzrə İddiaçı dair rəsmiləşdirilmiş 4110003AAB4E nömrəli göndəriş etibarsız hesab edilmiş və bu səbəbdən də, həmin göndəriş əsasında təyin olunmuş əlillik təyinatı "Əlillik" altsistemində etibarsız hesab edilmişdir. Cavabdeh eyni zamanda bildirmişdir ki, qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən müayinə olunacağı və iddiaçıya göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. Bu imtinadan narazı qalan İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 08.11.2017-ci il tarixdən təyin edilmiş ikinci dərəcə əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 16.08.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi hazırkı məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ona 08.11.2017-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünun müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin olunmuşdur. Təyin olunmuş əlilliyin müddəti 5 il olaraq qeyd olunmuşdur. Göndərişdən görünür ki, iddiaçıya təyin edilmiş diaqnoz “Qapalı kəlləbeyin travmalarının davamlı qalıq əlamətləri. Baş beyin əzilməsi. Travmatik araxnoidit. Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (folkal) (parisial) simptomatik epilepsiya və epileptik sindromlar. Tez-tez təkrarlanan tutmalar( ayda 6-7 dəfə) Piramid çatmamazlıq.koordinatorstatik pozğunluqlar. Kəllə daxili hipertenziya. Kəskin asteno-nevrotik sindrom”dur. Sadalanan sənədlərdən göründüyü kimi şəxsə 4110003AAB4E nömrəli, 08.11.2017-ci il tarixli Forma 88 əsasında 08.11.2022-ci ilədək ikinci dərəcəli əlillik təyin edilmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, DSMF tərəfindən ona təyin olunmuş pensiya dayandırılmışdır. Həmin halı araşdıran zaman məlum olmuşdur ki, əlilliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik altsistemində etibarsız hesab edilmişdir. Halbuki əlillik təyin olunması üçün müayindədən keçərkən ona qoyulmuş diaqnoz ilə müxtəlif vaxtlarda qoyulmuş diaqnozlar eynilik təşkil edir. Bundan başqa, ona məxsus əlillik etibarsız hesab edilsə də, bu barədə ona hər hansı məlumat verilməmişdir. İddiaçı hesab edir ki, cavabdehin hərəkətləri əsassızdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında göstərmişdir ki, əlillik vəziyyəti Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 08.11.2017-ci il tarixli, 4110003AAB4E saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Vİ Sinif- Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.3 - Genarilizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar; Diaqnozun mətni: Qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Baş-beyin əzilməsi. Travmatik araxnoidit. Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, Tez-tez təkrarlanan epileptik tutmalar (ayda 6-7 dəfə). Piramid çatmamazlıq. Koordinator-statik pozğunluqlar. Kəllə daxili hipertenziya. Kəskin asteno-nevrotik sindrom; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9.qabarıq yaddaş zəifliyi, idrakın enməsi , emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg... səbəbi ilə beş il müddətinə əlilllik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinin 18.11.2019-cu il 029-3854-1219/5 saylı məktubu əsasında iddiaçının da içində olduğu 843 nəfərin əsasında əlillik təyinatının aparıldığı göndəriş etibarsız hesab olunmuşdur. Bu səbəbdən iddiaçının əlilliyi etibarsız hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi isə etiraza uyğun çıxış edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddaçı onun barəsində cavabdeh tərəfindən edilmiş faktiki xarakterli hərəkətin hüququnu pozduğunu iddia edərək bu iddiaya cavab verməli orqana qarşı hazırkı iddianı qaldırmış, bunun üçün onun subyektiv hüququ olmuş, məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin 4110003AAB4E nömrəli tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında iddiaçının əlilliyi 08.11.2017-ci il tarixdə qiymətləndirilmiş, “Qapalı kəlləbeyin travmalarının davamlı qalıq əlamətləri. Baş beyin əzilməsi. Travmatik araxnoidit. Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (folkal) (parisial) simptomatik epilepsiya və epileptik sindromlar. Tez-tez təkrarlanan tutmalar (ayda 6-7 dəfə) Piramid çatmamazlıq. Koordinator-statik pozğunluqlar. Kəllə daxili hipertenziya .Kəskin asteno-nevrotik sindrom” diaqnozu ilə iddiaçıya ikinci dərəcə əlillik təyin edilmiş, müddəti 08.11.2022-ci il tarixədək müəyyən edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 04.11.2019-cu il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə məkub ünvanlayaraq, 2017-ci və 2018ci illər ərzində aparılmış əlillik təyinatları üzrə risk qrupuna daxil olan şəxslərin təyinatlarının araşdırıldığı, araşdırma zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən rəsmiləşdirilmiş göndərişlər əsasında risk qrupuna daxil olan 843 nəfərə əlillik təyinatının aparıldığını bildirmiş, əlavə olunmuş siyahıda adları qeyd olunmuş 843 nəfərə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən rəsmiləşdirilmiş göndərişlərin əsaslılığının araşdırılması və nəticəsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verilməsi xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış 18.11.2019-cu il tarixli, 029-3854-1219/5 nömrəli məktubdan görünür ki, yuxarıda istinad olunan müraciətə baxılmış, müraciətə əlavə edilmiş siyahıda adları qeyd olunan şəxslərin Daxili İşlər Nazirliyinə aidiyyəti olmadığından onlara Nazirliyin tibb müəssisələri tərəfindən verilən göndərişlər əsassız olaraq rəsmiləşdirildiyi bildirilmişdir. Bununla əlaqədar göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınması xahiş edilmişdir. Sözügedən məktuba əlavə edilmiş siyahının 389-cu sırasında iddiaçının adı da qeyd olunduğundan cavabdeh Əlillik altsistemində İddiaçı əlilliyin qiymətləndirilməsini etibarsız hesab etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin 15.10.2021-ci il, 25.10.2021-ci il və 17.11.2021-ci il tarixli məktublarında bildirilmişdir ki, DİN-in Tibb İdarəsinin tabeliyində olan poliklinikaları qeydiyyatda olan daxili işlər orqanları əməkdaşlarına, onların ailə üzvlərinə, mülki işçilərə və pensiyaçılara xidmət göstərir. X2 Komissiyaları tərəfindən göndərişlər qeydiyyatda olan və nazirliyin Xüsusi Həkim Komissiyası tərəfindən tibbi şəhadətləndirilən şəxslər barədə tərtib edilir. Qeyd edilən kontingentə aid olmayan vətəndaşlar barəsində tərtib olunmuş göndərişlər etibarsız hesab edilmiş və bu barədə ƏƏSMN-nə məlumat verilmişdir. Tibb İdarəsinin poliklinikalarında tibbi qeydiyyatda durmadığı üçün vət. İddiaçı məxsus olan hər hansı bir tibbi sənədlər poliklinikalarda aşkar olunmamışdır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçının əlillik dərəcəsi Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AAB4E nömrəli göndərişi əsasında 08.11.2017-ci il tarixdə qiymətləndirilmiş və 5 il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Növbəti müayinə tarixi 08.11.2022-ci il olmasına baxmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin 18.11.2019-cu il tarixli, 029-3854-1219/5 nömrəli məktubu ilə həmin İdarə tərəfindən 843 nəfər barəsində, o cümlədən iddiaçının adına rəsmiləşdirilmiş göndərişin etibarsız hesab olunması barədə məlumat cavabdehə təqdim edildikdən sonra cavabdeh iddiaçıya təyin olunmuş əlillik təyinatını “Əlillik” altsistemində 28.11.2019-cu il tarixdə etibarsız hesab etmişdir. Hazırda iddiaçı cavabdehin bu hərəkətini mübahisələndirərək əlillik dərəcəsinin bərpa olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçının əlillik dərəcəsinin etibarsız hesab edildiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin: -1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidməti tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. -1.6-cı bəndinə əsasən TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir. -4.1-ci bəndinə görə şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. -4.3-cü bəndinə görə göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. -4.9-cu bəndinə görə göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 Sosial Ekspertiza və X5 (bundan sonra - TSERAS) ötürülür. -4.9-1-ci bəndinə görə TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. -4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. -4.17-ci bəndinə əsasən qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir. -5.3-cü bəndinə əsasən əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi aşağıdakı hallarda həyata keçirilir: -5.3.1. həkim-məsləhət və ya hərbi-həkim ekspertizası komissiyasının rəyinə görə əlilin səhhətində və əmək qabiliyyətində dəyişiklik əmələ gəldikdə; -5.3.2. vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə; -5.3.3. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunlarına uyğun olaraq, yaşa görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ olan əlillərin müraciəti olduqda; -5.3.4. fərdi reabilitasiya proqramına əsasən reabilitasiya məqsədi ilə dəvət olunmuş şəxs reabilitasiya prosesindən üzrlü səbəb olmadan imtina etdikdə. Həmçinin hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. -4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Qaydanın əlavəsində Agentliyinin Tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəbləri göstərilməklə qəbul edilməsi zəruri olan qərarın forması da müəyyən edilmişdir. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin də qərarla rəsmiləşdirilməsini göstərmişdir. Lakin hazırkı işin hallarından müəyyən olunur ki, cavabdeh iddiaçının əlillik təyinatını mübahisələndirmiş, bununla bağlı göndəriş verən orqana məlumat vermiş, daha sonra isə həmin orqanın məktubu əsasında iddiaçıya təyin edilmiş əlilliyi etibarsız hesab etmiş, bu zaman onu əyani müayinəyə cəlb etməmiş, ayrıca akt formasına qərar qəbul etməmiş, bununla da əlilliklə bağlı münasibələri tənzimləyən qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdeh inzibati akt formasında hər hansı qərar qəbul etməyərək eyni zamanda inzibati icraat haqqında qanunvericiliyin tələblərini də pozmuşdur. Çünki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Qanunun 58.3-cü maddəsinə görə inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Göründüyü kimi, cavabdehin əlilliyin etibarsız hesab olunmasından ibarət hərəkəti həm inzibati, həm də əlillik üzrə münasibətləri tənzimləyən qanunvericiliyə zidd olmuş, nəticədə iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına səbəb olmuşdur (bununla bağlı oxşar mövqe yuxarı instasiya məhkəmələrinin qərarlarında da təsbit edilmişdir). İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı əlillik dərəcəsinin etibarsız hesab edildiyi vaxtdan bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №e-2-1(112)-9225/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9225/2021
17.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver