Məhkəmə qərarları › İş №e-2-1(112)-9228/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9228/2023

08.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9228/2023 08.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “ƏDVnin geri qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “ƏDVnin geri qaytarılması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılır ki, o, tibb xidməti ilə əlaqədar 1205 AZN ödəniş etmişdir. Ödənişi bankın geri qaytarılacaq ƏDV məbləğini iki qat geri qaytarma funksiyasına malik birkart Ədv kartı ilə nağdsız qaydada həyata keçirmiş, məbləğin 183,81 AZN hissəsi əlavə dəyər vergisi olaraq dövlət büdcəsinə ödənilmişdir. Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən ödənilmiş ƏDV-nin 17,5 faizi, yəni 31,17 AZN hissəsi geri qaytarılmalıdır. Ona isə, birkart ƏDV kartı ilə ödəniş etdiyingə görə məbləğin 2 qatı, yəni 62,34 manat ödəniş geri qaytarılmalı idi. Lakin, cavabdeh həmin məbləğin ödənilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılır ki, qəbzdə ödəniş beh-avans olaraq qeyd edilmişdir. Cavabdehin etirazı onunla əsaslandırılır ki, çek avans (beh) ödəniş çeki növünə aid olduğundan, çekdə məhsulun adı göstərilmədiyindən həmin çekin hansı mal üzrə təklif edilməsi üzrə verildiyini müəyyən etmək mümkün olmamışdır. Təqdim edilmiş çek satış çeki olmadığından həmin çek üzrə alınmış malları, o cümlədən tam ödəmənin həyata keçirildiyi vaxtı müəyyən etmək mümkün olmadığından ödənilmiş ƏDV-nin müvafiq hissəsinin qaytarılması mümkün olmamışdır. Digər tərəfdən məlumdur ki, avans ödənişi hər hansı xidmətlər yerinə yetirməzdən əvvəl xidməti alan tərəfindən edilir və xidmətlər tam yerinə yetirildikdən sonra ödənişin qalan hissəsi qarşı tərəfə köçürülür. İddiaçı çek üzrə avan ödənişini etdiyini inkar etməsə də, ödənişin qalan hissəsinin həyata keçirildiyini təsdiq edən sənəd təqdim etməmişdir. Bundan əlavə, iddiaçı başqa vətəndaşa təqdim edilmiş çekə istinad edir ki, həmin çekə diqqət yetirildikdə eyni vergi ödəyicisi tərəfindən təqdim edilmiş həmin çekin satış çeki kimi daxil edildiyi müəyyən edilmişdir. Həmçinin, iddiaçı nağdsız qaydad ödənilmiş ƏDV-nin 17,5 faizinin ona qaytarılmalı olduğunu bildirsə də, iddia tələbində artırılmalı olduğu məbləği 35 faiz, yəni 52,34 manat olaraq göstərmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan çekdən görünür ki, 1205 manat ödəniş edildiyi, 183,81 manat ƏDV məbləği olduğu qeyd edilmişdir. Müraciətdən imtina onunla əsaslandırılmışdır ki, nəzarət kassa aparatındakı çek avans (beh) üzrə ödəniş olduğundan ƏDV-nin geri qaytarılması nəzərdə tutulmamışdır. Ege Hospital tərəfindən məhkəməyə ünvanlanmış məktubda iddiaçı tərəfindən ödənilmiş tibbi xidmətin dəyəri kimi ödənişin iddiaçı tərəfindən ödənildiyi, həmin vəsaitin ödəniş təyinatının "xxxx" olaraq qeyd olunması MMC-nin mühasibat uçotunda tətbiq edilən proqramın texniki imkanlarının məhdud olması səbəbindən irəli gəldiyi bildirilmişdir. Həmin məbləğ avans kimi göstərilsə də tibbi xidmətlərin dəyəri kimi həyata keçirilmişdir. Qeyd olunmalıdır ki, AR VM-nin: 165.5. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 5 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli 969 nömrəli Fərmanı ilə təsdiq edilmiş Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın: 1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 165.5-ci maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması qaydasını tənzimləyir. 5.1. İstehlakçı alınmış malların və ona göstərilmiş xidmətlərin dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Satıcı mal alışına və xidmətlərin göstərilməsinə dair məlumatları Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə qoşulmuş nəzarətkassa aparatına daxil edərək, istehlakçıya nəzarət-kassa aparatı çeki təqdim etməlidir. İstehlakçı malların və ona göstərilmiş xidmətlərin dəyərini nağdsız qaydada POS-terminal vasitəsilə ödədikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya nəzarət-kassa aparatı çeki ilə yanaşı, POS-terminaldan çıxarış da verilməlidir. 5.2. İstehlakçı nəzarət-kassa aparatı çekini aldığı tarixdən 90 (doxsan) gündən gec olmayaraq ƏDV məbləğinin qaytarılması üçün portala müraciətini və nəzarət-kassa aparatı çeki barədə məlumatları daxil edir. Ödənilmiş ƏDV-nin bu Qaydanın 5.6-cı bəndi ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

6. Müvəkkil bank 10 (on) gün müddətində istehlakçının bank hesabına qaytarılmalı ƏDV məbləğini milli valyutada bank kartına (və ya hesabına) köçürmə yolu ilə qaytarır. Vergi Məcəlləsinin 165.5-ci maddəsinə uyğun olaraq, qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 5 faizini, Vergi Məcəlləsinin 228-ci maddəsinə uyğun olaraq qaytarılan məbləğ isə işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 30 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 5 faizini təşkil edir. Göründüyü kimi təqdim edilən nəzarət-kassa aparatının çeki Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verməsi olması ilə bağlı tələb konkretdir. Məcəllənin adıçəkilən müddəasından isə görünür ki, 50.8. Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: 50.8.1. vergi ödəyicisinin adı; 50.8.2. VÖEN; 50.8.3. çekin vurulmasının tarixi və saatı; 50.8.4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan; 50.8.5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin dərəcəsi və məbləği); 50.8.6. cari növbə ərzində vurulmuş çeklərin sayı və çekin nömrəsi; 50.8.7. nəzarət-kassa aparatının markası və zavod nömrəsi. 50.8.8. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti). 50.8.9. malın sürətli məlumat kodu (X1); 50.8.10. ödənilmiş məbləğ; 50.8.10-1. avans (beh) ödənişi çekində avans (beh) üzrə ödənilmiş məbləğ; 50.8.11. müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə); 50.8.12. nisyə satış zamanı ödəniləcək məbləğ ; 50.8.13. ödənişin forması və üsulu (nağd, nağdsız, bonus, hədiyyə kartı); 50.8.14. çekin növü (satış, geri qaytarma, ləğvetmə, avans (beh) ödənişi, nisyə satış üzrə ödəniş); 50.8.15. nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi; 50.8.16. geri qaytarma, ləğv etmə və satış (avans üzrə) çeklərində həmin çeklərlə bağlı olan müvafiq çeklər üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator); 50.8.17. nisyə satış üzrə ödəniş çekində nisyə satış üzrə ödəniləcək məbləğin və ödəniş üzrə ardıcıllığın nömrəsi, habelə satış (nisyə) çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator); 50.8.18. yanacaq doldurma məntəqələri tərəfindən vergi ödəyicilərinə yanacaq kartı (talon) əsasında təqdim edilən yanacağa görə satış çekində alıcının nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı. Göründüyü kimi çekin növlərindən biri kimi avans (beh) ödənişi çeki hesab edilir ki, iddiaçı ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı müraciətinin əsasını da məhz həmin çek təşkil edir. Halbuki, istər Məcəllənin, istər Qaydanın aşkar tələbindən göründüyü kimi təqdim edilən nəzarət-kassa aparatının çeki Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Cavabdeh də təqdim edilən çekdə müəyyən edilmiş növə istinad etməklə müraciətə Qaydanın tələbinə uyğun olaraq baxmışdır ki, avans çeki üzrə ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı müddəa nəzərdə tutulmadığından onun imtinası qanuni və əsaslı hesab edilməlidir. Hər nə qədər Ege Hospital tərəfindən çek növünün avans formasında qeyd edilməsinin mühasibat uçotunda tətbiq olunan proqramın texniki imkanlarının məhdud olması səbəbindən olduğu, əslində tibbi xidmətlərin dəyəri olduğunu qeyd etsə də, məhkəmə hesab edir ki, həmin halda hazırkı inzibati mübahisənin həllinə təsir edəcək sübut qismində müəyyən edilmir. Belə ki, çekdə göstərilməli olan məlumatların dairəsi konkret olaraq göstərilmişdir ki, həmin məlumatlar içərisində çekin növünün satış çeki olması kimi ümum qəbul edilmiş çeklə bağlı məlumatın texniki imkanlar məhdud olduğundan mümkün olmaması, ancaq avans kimi qeyd edilmə imkanının nəzərdə tutulması kimi hüquqi məntiqə sığmayan açıqlama məhkəmə hesab edir ki, iddianın təminin yeganə əsası qismində çıxış edə bilməz. Aydın məsələdir ki, nəzarət kassa aparatından istifadənin praktikası mövcuddursa, həmin praktika məhz satışla bağlıdır. Hospital isə satışla bağlı texniki imkanın olmadığını, lakin avansla bağlı çek növünün qeyd edilməsi imkanını məhkəməyə bildirir ki, məhkəmə hesab edir ki, həmin hallar istər Məcəllənin, istərsə də Qaydanın tələbinə əsasən ƏDV-nin bir hissəsinin geri qaytarılması üçün konkret olan çeklə bağlı VM-nin 50.8-ci maddəsinin tələblərinin gözlənilməsinə təsir etmir. Eyni zamanda, iddiaçı digər bir çekə istinad edərək eyni faktiki hallar olmasına baxmayaraq ƏDV-nin bir hissəsinin digər vətəndaşa təqdim edildiyinə istinad etsə də, iş materiallarında mövcud olan həmin çekdən də görünür ki, çekin üst hissəsində avans sözü qeyd edilsə belə ödəniş növü olan hissədə avans (beh) hissə 0,00 manat kimi göstərilmiş, ödənişin xidmətlə bağlı olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, çekin tərtibatında iddiaçının hər hansı təqsiri olmasa belə, ödənişlə bağlı tələblərin yerinə yetirilməsinin nəzarət edilməsi cavabdehin vəzifəsidir. Cavabdehə də həmin vəzifə çərçivəsində araşdırma aparmış və müəyyən etmişdir ki, təqdim edilən çeklə ƏDV-nin bir hissəsinin geri qaytarılması mümkün olmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı mülki qaydada ödənişin əldə edilməsindən imtinaya əsas kimi təqdim edilən çekin tərtibatına məsul olan MMC-yə qarşı mülki qaydada iddia irəli sürmək hüququna malikdir. Bundan əlavə çekdə düzəliş edilərək vergi orqanına yenidən müraciət etmək hüququ da istisna təşkil etmir. Lakin, hər bir halda hazırkı iddia tələbinin təmin edilməsindən söhbət gedə bilməz. Belə ki, iddiaçının tələbindən göründüyü kimi iddiaçı 183,81 AZN ƏDV-nin 17,5 faizi, yəni 31,17 manat məbləğində ödənişin yox, məhz 62,34 AZN məbləğin ona geri qaytarılmasını tələb edir. İddiaçı həmin tələbi onunla əsaslandırır ki, birkart ƏDV kartı ilə ödəniş edildiyinə görə 2 qat məbləğdə ödəmə həyata keçirilməlidir. Halbuki, istər Məcəllənin, istər Qaydanın tələbi aşkar surətdə ödəmənin hansı faiz göstəricisində olmasını müəyyən etmişdir. Belə ki, qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDVnin 17,5 faizini təşkil edə bilər ki, 2 qat məbləğdə geri qaytarma barədə qanunvericilikdə hər hansı müddəa nəzərdə tutulmamışdır. AR İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddianın mahiyyətindən isə aydın olur ki, iddiaçı 31,17 manat yox, məhz 62,34 manat məbləğin ona qaytarılmasını iddia edir ki, yuxarıda adıçəkilən halda çekdə düzəliş edilərək yenidən müraciət edilsə belə məhz qeyd olunan məbləğin ödənilməsindən məhkəmə hesab edir ki, söhbət gedə bilməz. Qeyd olunanlardan da göründüyü kimi iddia ödənişin 62,34 manat olması baxımından hər bir halda rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar