Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9240/2024 23.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı Saffron Estates” Məhdud Məsuliyyətli Cəmiyyətinin, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarına dair Daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydə düzəliş edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarına dair Daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydə düzəliş edilməsi” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 4 saylı Abşeron Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Bilgəh Zəfəran sovxozu ərazisində yerləşən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə (**********20 reyestr nömrəli) İddiaçı MMC-nin adına qeydə alınmış torpaq sahəsinin faktiki vəziyyətdə 3,8175 ha ölçüdə olmaqla Daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı MMC-nin adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDKR 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Bilgəh Zəfəran sovxozu ərazisində yerləşən yaşayış məntəqələri torpaqlarından ümumi sahəsi 2.8175 hektar olan torpaq sahəsi xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı MMC-nin mülkiyyət hüququ Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən qeydə alınmışdır. DƏDKR 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı MMC-nin daimi istifadəsində olan Abşeron rayonu, Bilgəh Zəfəran sovxozu ərazisində yerləşən 2.932 ha torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Abşeron rayonu, Bilgəh Zəfəran sovxozu ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması (cari dəyişikliklərin edilməsi) ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi DƏDKR 4 saylı Abşeron Ərazi İdarəsinə tərəflərindən edilmiş müraciətə 3-21-3-32/2-5215/2024 saylı xx.xx.2024-cü il tarixli “ Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişlə cavab verilərək, qeyd olunmuşdur ki, aparılan araşdırma zamanı dövlət reyestrində cari dəyişikliklərin edilməsi bəyan olunan torpaq sahəsi təqdim edilmiş sənədlərdə 2.8175 ha göstərilsə də, faktiki vəziyyətdə 3.8175 ha olduğu, əlavə 1.0 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar hüquqmüəyyənedici sənədlər hazırki ərizələrinə əlavə olunmamışdır. Halbuki, Abşeron Rayon Bilgəh-Zəfəran Sovxozunun yer quruluşu planında çıxarışdan (miqyas) müəyyən olunur ki, cari dəyişikliyin edilərək əlavə olunmasını istədikləri 1.0 ha torpaq sahəsi İddiaçı MMC-nin mülkiyyətində və istifadəsində olan 2.81 ha və 3 ha torpaq sahələrinin aralığında yerləşir və Cəmiyyətin faktiki istifadəsindədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh DƏDKR 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Bilgəh Zəfəran sovxozunda yerləşən, cari dəyişikliklərin edilməsi bəyan olunan torpaq sahəsi müraciət ərizəsinə əlavə edilmiş sənədlərdə 2,8175 ha göstərilsə də, faktiki vəziyyətdə 3,8175 ha olduğu; əlavə 1,0 ha torpaq sahəsinə münasibətdə hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici sənədlərin 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və idda ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınnmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Abşeron rayonu, Bilgəh Zəfəran sovxozu ərazisində yeləşən **********20 reyestr nömrəli 2,8175 hadan ibarət olan torpaq sahəsi xx.xx.2022-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə İddiaçı MMC-nin adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. DƏDKR 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan müəyyən olunur ki, mübahisəli torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 2,8175 ha, faktiki 3,8175 ha təşkil edir. Torpaq sahəsi yol ilə sərhəddir. Torpaq sahəsi bir tərəfdən daş hasar ilə sərhəddir. Faktiki torpaq sahəsinin ümumi sahəsi sənəd üzrə olan sahə ilə uyğun gəlmir. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 5-29/2-373/2024 №-li, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, sorğuda qeyd olunan 1,0 ha torpaq sahəsinin koordinatları təqdim olunmaqla, bildirilir ki, sözügedən sahə uzun müddətdir İddiaçı MMC-nin istifadəsindədir. Məktuba Abşeron rayon Bilgəh Zəfəran sovxozunun yerquruluşu planından çıxarış əlavə olunmuşdur. DƏDKR 4 saylı Abşeron Ərazi İdarəsinin 321332/2-9710/24 №-li, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, sözügedən 1,0 torpaq sahəsi TEKUİS (X1 X2) məlumatlarında Dövlət mülkiyyətinə verilən torpaqların daxilində yerləşən torpaq sahəsi olaraq qeyd olunmuşdur və üzərində digər şəxslərə aid istifadə və ya icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı hazırkı tələblə bağlı xx.xx.2024-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, Abşeron rayonu, Bilgəh Zəfəran sovxozu ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması (cari dəyişikliklərin edilməsi) ilə bağlı xahiş etmiş, DƏDKR 4 saylı Abşeron Ərazi İdarəsinin 3- 21-3-32/2-5215/2024 №li xx.xx.2024-cü il tarixli cavab məktubu ilə müraciətçiyə imtina olunmuş və bildirilmişdir ki, aparılan araşdırma zamanı dövlət reyestrində cari dəyişikliklərin edlməsi bəyan olunan torpaq sahəsi təqdim edilmiş sənədlərdə 2,8175 ha göstərilsə də, faktiki vəziyyətdə 3,8175 ha olduğu, əlavə 1,0 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici sənədlərin hazırki ərizəyə əlavə olunmdığı aşkar edilmişdir. Qeyd edilənlər nəzərə alınmaqla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalrına əsasən ərizənin icrasından imtina edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyası: - 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində hüquqlarının yaranma əsasları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollardır. 44-cü maddəsinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir. 45-ci maddəsinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (maddə 2.2). 4.2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). 11.1 -ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İnzibati-Prosessual Məcəllə: 58.Sübutların araşdırılması qaydası. ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ...
68. Məhkəmə qərarının əsası. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi:
Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi qanuni əsaslarla iddiaçının istifadəsində və sahibliyindədir. Yuxarıda göstərilən (“Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında”) Qanunun 10.2.1 -ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Nəzərə almaq lazımdır ki, cavabdeh hüququn qeydiyyata alınması məsələsini həll edərkən, yuxarıda qeyd olunan normaları əlahiddə olaraq, bir-birindən təcrid olunmuş şəkildə deyil, əlaqəli və kompleks şəkildə təfsir və tətbiq etməlidir. Həmçinin cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1 -ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu da həmin maddələrin tələbləri və məzmunu nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Cavabdehin imtinasında istinad etdiyi torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin təqdim olunmaması ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın iş üzrə iddiaçının müraciəti ilə bağlı əlavə hüquqmüəyyənedici sənəd (bu sənədlərin adı cavabdeh tərəfindən çəkilmir) tələb etməsi ilə bağlı hərəkətləri qanuni sayıla bilməz. Bu müddəa həm də “İnzibati icraat haqqında” Qanunda da öz əksini tapmışdır. Belə ki, adı çəkilən Qanunun 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Cavabdeh İdarənin mütəxəssisləri tərəfindən tərtib olunmuş torpaq sahəsinin texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından da görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 3,8175 ha təşkil etdiyi halda, cavabdeh idarə tərəfindən 2,8175 ha torpaq sahəsinə dair mülkiyyət hüquqları qeydə alınmışdır. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1 -ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: - dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə (15.1.1); - hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə (15.1.2); - hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə (15.1.3); 15.1.4 - daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda (15.1.4); - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda (15.1.5); - bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir (15.1.6). İddiaçı hazırki işdə daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınmış torpaq sahəsinin faktiki istifadəsində olan ölçülərə uyğun xüsusi mülkiyyət hüququ ilə qeydiyyatının aparılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlər (çıxarış, texniki pasport və s.) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1 -ci maddələrinə əsasən torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir. Beləliklə cavabdehin imtinasından və iddiaya dair etirazından görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, iş materialları ilə sübuta yetirilməyən, yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Abşeron rayonu, Bilgəh Zəfəran sovxozu ərazisində yerləşən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə (**********20 reyestr nömrəli) İddiaçı adına qeydə alınmış torpaq sahəsinin faktiki vəziyyətdə 3,8175 ha ölçüdə olmaqla Daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev