Məhkəmə qərarları › İş №e-2-1(112)-9281/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9281/2025

26.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9281/2025 26.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsu və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi 52a, (ünvan 5 torpaq sahəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi 52a, (ünvan 5 22 oktyabr 1990-ci il tarixli 19094 saylı X4 və İstismarı Birliyi tərəfindən verilmiş müqaviləyə əsasən ona məxsusdur. Həmin torpağın üzərində tikilmiş 61.33 kv/m evin xx.xx.2024-cü il tarixdə №********** saylı DƏDRX tərəfindən çıxarış verilərək mülkiyyət hüququ təsdiq edilmişdir. Torpaq sahəsinə reyestrdən çıxarışın verilməsi üçün 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdi. xx.xx.2025-ci il tarixdə əldə etdiyi cavab məktubunda müraciətinizlə əlaqədar olaraq bildiririk ki, idarənin arxiv əsaslarında mövcud olan “52a”saylı torpaq sahəsinə dair ilkin olaraq X8 ilə bağlanılmış 19094 nömrəli, xx.xx.1988-ci il tarixli icarə müqaviləsində bağ sahəsinin ölçüsü göstərilməmişdir. Həmçinin idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin 52 saylı sahə ilə ümumi hasar daxilində yerləşdiyi müəyyən olunmuş, 52 saylı bağın qanuni istifadəçisi ilə notariat qaydasında təsdiq edilmiş bölgü sxemi təqdim edilməmişdir.” İddiaçı hesab edir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin hərəkəti qanuna ziddir və təqdim edilən sənədlər qanunvericiliyinə əsasən iddiaçıya məxsus torpaq sahəsinin üzərində hüquqların qeydiyyata alınması üçün əsasdır. Nəticə etibarilə iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir və hesab edir ki, iddia tələbində haqlıdır. Belə ki, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsini özəlləşdirməsi öhdəliyi AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli imtina məktubu «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» X5 Protokolun “Mülkiyyətin Müdafiəsi” adlandırılan 1-ci maddəsinə ziddir və onun mülkiyyət hüququnu pozur. Odur ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi 52a, (ünvan 5 torpaq sahəsinin üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeydiyyata alınması və dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi zəruridir.

3. İddiaçının müraciətinə cavabdehin xx.xx.2025-ci il tarixli imtina cavab məktubunda bildirilmişdir ki, “idarənin arxiv əsaslarında mövcud olan “52a" saylı torpaq sahəsinə dair ilkin olaraq X8 ilə bağlanılmış 19094 nömrəli, xx.xx.1988-ci il tarixli icarə müqaviləsində bağ sahəsinin ölçüsü göstərilməmişdir. Həmçinin idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin 52 saylı sahə ilə ümumi hasar daxilində yerləşdiyi müəyyən olunmuş, 52 saylı bağın qanuni istifadəçisi ilə notariat qaydasında təsdiq edilmiş bölgü sxemi təqdim edilməmişdir.”

4. İddiaçının müraciətinə cavabdehin xx.xx.2025-ci il tarixli imtina cavab məktubunda bildirilmişdir ki, “Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsi, 52a; Yeni qaydalarla: Az1046, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 133-cü Qala küçəsi, giriş 189 saylı bağ evi xx.xx.2024-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Məlumat üçün nəzərinizə çatdırırıq ki, sözügedən bağ evi keçmiş X2 və İstismarı Birliyinin 19094 saylı, xx.xx.1988-ci il tarixli icarə müqaviləsi əsasında xx.xx.1997ci il tarixdə X6 adına ilkin qeydiyyata alınmışdır.”

5. Cavabdehin iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, idarənin arxiv əsaslarında mövcud olan “52a” saylı torpaq sahəsinə dair ilkin olaraq X8 ilə bağlanılmış 19094 nömrəli, xx.xx.1988-ci il tarixli icarə müqaviləsində bağ sahəsinin ölçüsü göstərilməmişdir. Həmçinin idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin 52 saylı sahə ilə ümumi hasar daxilində yerləşdiyi müəyyən olunmuşdur.

6. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan çıxarışında qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi 52a (Yeni qaydalarla: Az 1046, ünvan 1 ünvanında yerləşən 61.33 kv.m bağ evi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

7. Məhkəmə sorğusu əsasında əldə edilmiş 7 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli şəhadətnamə qeyd edilmişdir ki, İddiaçı miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2024 tarixdə X3 verilmiş **********62-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyət üzrə Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 52a Yeni qaydalarla : AZ 1046, ünvan 2 ünvanında yerləşən ona məxsus olan bağ evindən ibarətdir.

8. Məhkəmə sorğusu əsasında əldə edilmiş cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Xəzər rayonu Xaşa-Xuna bağ sahəsi 52a ünvanında yerləşən fərdi yaşayış evi hüquq müəyyənedici sənəd üzrə ümumi torpaq sahəsi texpasporta əsasən 1.347 kv.m, faktiki sahəsi 1.347 kv.m təşkil etmişdir. “A” tikilisi və həyət tikililəri ərizəçidə olan texniki pasporta uyğun gəlir. Ərazi qonşu sahə ilə bir hasar daxilindədir. Faktiki vəziyyətin baş planı və koordinatları işə əlavə olundu.

9. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.1990-ci il tarixli 19094 saylı müqavilədə qeyd edilmişdir ki, keçmiş X4 və İstismarı Birliyi ilə X8 arasında Xaşa-Xuna 52a ünvanında bağ sahəsinin ayrılmasın dair müqavilə bağlanılmışdır.

10. İddiaçı tərəfindən təqdim edilmiş Xaşa-Xuna 52a ünvanında bağ sahəsinin texniki məlumatlarını əks etdirən məlumat vərəqəsində qeyd edilmişdir ki, Xaşa-Xuna 52a ünvanında bağ sahəsinin torpaq sahəsi 1347 kv.metr təşkil edir.

11. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə etdi.

12. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

I. İddianın növü və mümkünlüyü

13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

14. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

15. İddia mümkündür.

II. Məhkəmənin mövqeyi

16. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, xx.xx.1990-ci il tarixli 19094 saylı müqaviləyə əsasən keçmiş X4 və İstismarı Birliyi ilə X8 arasında Xaşa-Xuna 52a ünvanında yerləşən bağ sahəsinin ayrılmasına dair müqavilə bağlanılmışdır. Xaşa-Xuna 52a ünvanında bağ sahəsinin torpaq sahəsi 1347 kv.metr təşkil etmişdir. Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 52a yerləşən əmlaka dair İddiaçı adına xx.xx.2024cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2024cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi 52a (Yeni qaydalarla: Az 1046, ünvan 4 ünvanında yerləşən 61.33 kv.m bağ evinə dair mülkiyyət hüququ İddiaçı adına qeydə alınmışdır.

17. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

18. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

19. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

20. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

22. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

23. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

24. Cavabdehin etirazında göstərdiyi yeganə dəlili ondan ibarətdir ki, idarənin arxiv əsaslarında mövcud olan “52a” saylı torpaq sahəsinə dair ilkin olaraq X8 ilə bağlanılmış 19094 nömrəli, xx.xx.1988-ci il tarixli icarə müqaviləsində bağ sahəsinin ölçüsü göstərilməmişdir.

25. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş Xaşa-Xuna 52a ünvanında bağ sahəsinin texniki məlumatlarını əks etdirən məlumat vərəqəsində qeyd edilmişdir ki, Xaşa-Xuna 52a ünvanında bağ sahəsinin torpaq sahəsi 1347 kv.metr təşkil edir. Həmin torpağın ölçü göstəricisi məhkəmə sorğusu əsasında əldə edilmiş cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktında da öz əksini tapmışdır.

26. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydı alınmasından imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir.

27. Cavabdehin iddiaya yazılı etirazında daha sonra qeyd edilmişdir ki, ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin 52 saylı sahə ilə ümumi hasar daxilində yerləşdiyi müəyyən olunmuşdur.

28. Məhkəmə cavabdehin bu dəlilini də əsassız hesab edir. Belə ki, torpaq sahəsinin ümumi hasar daxilində yerləşməsi halı özü özlüyündə inzibati orqanın mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsas hesab edilə bilməz.

29. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

30. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

31. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

33. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna 52a (ünvan 5 ünvanda yerləşən bağ sahəsi üzrərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar