Məhkəmə qərarları › İş №e-2-1(112)-9288/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9288/2024

15.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9288/2024 15.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı (zəruri cəlbetmə qaydasında üçüncü şəxslər X3 və X4) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 və X2 mənim mülkiyyətimdə olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, F.Bayramov prospekti, ev 20, ünvanında yerləşən 21 saylı mənzildən qeydiyyaatdan çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Bakı Şəhəri Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak ÖM seriyalı 083115 saylı qeydiyyat vəsiqəsinə əsasən iddiaçının mülkiyyətindədir. X3 2019-ci ildən və X4 2020-ci ildən iddiaçının ərizəsinə əsasən ünvan 1 ünvanına qeydiyyata düşüblər. Həmin şəxslər formal olaraq həmin ünvanda qeydiyyatdadırlar. Lakin illərdir orda yaşamırlar. İddiaçıda olan məlumata görə həmin şəxslər Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivi adlana ərazidə yaşayırlar (həmin ərazidə ünvanlar müəyyən olunmayıb). İddiaçı tərəfindən həmin şəxslərin qeydiyyatdan çıxarılması ilə edilmiş müraciətə Azərbaycan Respublikası Bakı Şəhəri Suraxanı Rayon Polis İdarəsi tərəfindən imtina cavabı verilərək, aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Həmin cavab məktubunu iddiaçı xx.xx.2024-cü il tarixdə almışdır.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nun səlahiyyətlərinnə aid olmadığından və Azərbaycan Respublikası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu bəndinin tələbinə zidd olduğundan müraciətin müsbət həlli mümkün deyildir. Odur ki, aidiyyəti üzrə məhkəmə orqanına müraciət edilməlidir.

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək bildirdi ki, üçüncü şəxslər həmin evdə yaşamırlar, hazırda evdəki qeydiyyatları formal xarakter daşıyır.

5. Cavabdeh Suraxanı Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda məhkəmə iclasına cavabdeh qurumun iştirakı olmadan baxılmasına etiraz edilmədiyi qeyd olunmuşdur.

6. Üçüncü şəxslər məhkəmə iclasında iştirak etmirlər. II. İddianın növü və mümkünlüyü

7. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.

8. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir.

9. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual00 Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.

10. İddianın növü öhdəliyin icrasında dair iddiadır. İddia mümkündür.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

11. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə X3 və X4 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdurlar.

12. Texniki İnvantarlaşdırma və Müllkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM 083115 seriya nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, F.Bayramov küçəsi, 20 saylı evin 44.0 kv.m yaşayış sahəsindən ibarət olan 3 otaqlı 21 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir.

13. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışdan görünür ki, X3 (xx.xx.2001-ci il təvəllüdlü) və X4 (xx.xx.2020-ci il təvəllüdlü) ünvan 1 ünvanında qeydiyyatdadırlar.

14. 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 11 saylı Mənzil Kommunal İstimar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 46 nömrəli Arayışa əsasən X4 ünvan 3 ünvanında yaşamır.

15. 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 11 saylı Mənzil Kommunal İstimar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 47 nömrəli Arayışa əsasən X3 ünvan 3 ünvanında yaşamır.

IV. Məhkəmənin mövqeyi

16. Üçüncü şəxslər həmin ünvanda faktiki olaraq yaşamırlar, bu ünvandakı qeydiyyatları hazırda formal xarakter daşıyır, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

17. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

20. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən: ... mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... ...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. ...Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər....

21. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

22. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

23. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin hərəkətləri qanunsuz hesab edilməli X1 və X2 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 4 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır.

24. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. X1 və X2 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 4 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar