Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9388/2025 08.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: Buzovna Bələdiyyəsi, Xəzər Rayon İcra Hakimiyyəti və Dövlət Neft Şirkəti) qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSS İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Buzovna Bələdiyyəsi, Xəzər Rayon İcra Hakimiyyəti və Dövlət Neft Şirkəti Dövlət Neft Şirkəti) qarşı “çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılır ki, bələdiyyənin qərarı əsasında torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. 2018-ci il tarixdə fərdi yaşayış evinin tikintisi məqsədi ilə layihə tərtib edilmiş və Xəzər Rayon İcra Hakimiyyətində razılaşdırılmış, tikintiyə rəsmi qaydada icazə verilmişdir. İddiaçı qeyd edir ki, cavabdeh heç bir əsaslı səbəb göstərmədən həmin torpaq sahəsinə və fərdi yaşayış evinə hüququn tanınmasından imtina etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, Etiraz onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin yerləşməsini müəyən etməyə imkan verən sənəddə bələdiyyənin qərarına istinad edilməmişdir. Cizgi müvafiq şəxsin imzası və möhürü ilə təsdiq edilməmişdir. Dəqiq istinadlar, istinad məsafələri və perimetrik ölçülər qeyd edilməmişdir. Torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir və Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Neft quyusunun olması barədə məlumat mövcuddur. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: İmtina məktubunda qeyd edilir ki, torpaq sahəsi Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir və DTXK tərəfindən alqı-satqı aktı təsdiq edilməmiş, Memarlıq və Şəhərsalma Baş İdarənin rəyi əlavə edilməmişdir. Yerləşmə sxemində istinad və məsafələr qeyd edilməmiş, fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bələdiyyə qərarından görünür ki, 300 kv.m ölçüdə Buzovna qəsəbəsində yerləşən torpaq sahəsi həmin qərarla iddiaçıya ayrılmışdır. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, həmin torpaq sahəsinə dair iddiaçı və bələdiyyənin iştirakı ilə razılaşma əldə edilmişdir. Yerləşmə sxemindən görünür ki, torpaq sahəsini yerləşdiyi yer barədə sxem bələdiyyə tərəfindən təsdiq edilmişdir. Mədaxil qəbzindən görünür ki, torpaq sahəsinə dair ödəniş iddiaçı tərəfindən həyata keçirilmişdir. Eskiz layihədən görünür ki, bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikinti layihəsi yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmişdir. Ərizədən görünür ki, iddiaçı müvafiq tikili ilə əlaqədar ərizə ilə müraciət edərək məlumatlandırma icraatının tətbiq edilməsini xahiş etmişdir. Buzovna Bələdiyyəsinin 11 avqust 2021-ci il tarixli məktubundan görünür ki, 04 oktyabr 2007-ci il tarixli sərəncamda texniki səhv baş vermiş və eyni tarix və eyni nömrə ilə X6 adına da torpaq sahəsi ayrılmışdır. Sərəncamlar ayrı-ayrı ünvanlarda yerləşən torpaq sahəsinə verilmiş və qanun pozuntusu olmamış, hər iki sərəncam hal-hazırda qüvvədədir. İddiaçı tərəfindən təqdim edilən torpaq sahəsinin geri alınması haqqında sərəncamda məktubda qeyd edilir ki,, Xəzər rayon ərazisində yerləşən Dövlət Neft Şirkətinə məxsus torpaq sahələri H.Z.Tağıyev adına NQÇİ-nin Buzovna-Maştağa yatağından və Xəzər rayonu üzrə digər ərazilərdən torpaq sahələri Dövlət Neft Şirkətindən geri alınmışdır. Cavabdehin 24 iyul 2025-ci il tarixli məktubunda qeyd edilir ki, H.Z,Tağıev adına NQÇİ-nin sahəsinin hüdudları daxilində sahənin olması barədə məlumat mövcuddur, sahədən 35,0 kv.m məsafədə ləğv olunmuş quyu məlumatı mövcuddur. Torpaq sahəsinin yaxın ətrafında-100 metr məsafədə fərdi yaşayış evi və torpaq sahəsi üzrə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Təqdim edilən sənədlərdən görünür ki, həmin əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatından keçməsinə əsas olan ilkinhüquqmüəyyənedici sənəd həmin bələdiyyənin digər bir sərəncamıdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Hazırki iddia tələbindən görünür ki, iddiaçının məhkəməyə müraciət etməkdə əsas məqsədi bələdiyyə qərarı əsasında ona ayrılmış torpaq sahəsi və üzərində inşa olunmuş fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasıdır. Məhkəmə ilk növbədə torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyatına münasibət bildirilməsini zəruri hesab edir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun: 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin faktiki hallarından da göründüyü kimi iddiaçı istifadəsində olan torpaq sahəsinin və üzərində inşa edilmiş fərdi yaşayış evinin bələdiyyə orqanının qərarı əsas götürülməklə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etmişdir Məhkəmə, bununla bağlı ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, yuxarıda adıçəkilən maddi hüquq normalarının tələbindən də göründüyü kimi bələdiyyə orqanı mülkiyyətində olan torpaq sahəsini fiziki və hüquqi şəxslərin mülkiyyətinə verilməsi ilə bağlı sərəncam vermək kimi müstəsna səlahiyyətə malikdir ki, bunun davamı kimi həmin torpaq ayırma barədə qərar əsasında torpaq sahəsi ayrılmış şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması zəruriliyi də adıçəkilən maddi hüquq normalarında öz əksini tapmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tələbindən də görünür ki, bələdiyyə qərarı hüququn dövlət qeydiyyatına alınması əsası qismində çıxış edir. Cavabdehin imtina dəlilləri ilə bağlı isə məhkəmə Konstitusiya Məhkəməsinin məhz hazırkı mübahisəli məsələyə dair qəbul etdiyi qərarın müddəalarının qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, orpaq sahəsinin planlaşdırılması layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaması və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən torpaq sahəsinin yerquruluşu işlərinin (planlama)aparılmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publikhüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Konstitusiya Məhkəməsinin hazırkı növ işlər üzrə formalaşdırdığı mövqeyə uyğun olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yerləşmə cizgisində dəqiq istinad, istinad məsafələrin qeyd edilməməsi, cizgdi bələdiyyə qərarının istinad edilməməsi cizginin möhür və digər rekvizitlərinin olmaması, inzibati aktın qüvvədə olması, eləcə də iddiaçının həmin akta münasibətdə etimad hüququnun mövcud olması baxımından aparılan qiymətləndirmə nəticəsində hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün əsasın olmadığı ilə bağlı nəticəyə gəlinməsinə əsas yaradır. İşin faktiki hallarından da görünür ki, bələdiyyənin qərarı əsasında torpaq sahəsi iddiaçıya ayrılmışdır ki, həmin qərar qüvvədədir, hər hansı qurum tərəfindən ləğv edilməmiş, mübahisələndirilməmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1695/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında, 2-1(102)-1299/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında, 2-1(102)-1621/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023cü il tarixli qərarında, 2-1(102)-970/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il saylı qərarında da analoji mövqedən çıxış etmişdir. Bakı şəhəri üzrə bələdiyyə orqanının qərarı əsasında ayrılmış torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair iş üzrə Ali Məhkəmənin 2- 1(102)-2117/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı, 2-1(102)- 2109/2022 saylı iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarında, 2-1(102)-2108/2022 saylı iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il saylı qərarında, 2-1(102)-950/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il qərarında və digər aidiyyəti qərarlarında da analoji mövqedən çıxış etmişdir. Nəzərə alınmalıdır ki, 2-1(102)-2833/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadında isə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan edilmiş və qərardad onunla əsaslandırılmışdır ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda(o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati X1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı xx.xx.2024-cü il tarixli, 2- 1(102)-832/2024 nömrəli, X7 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2- 1(102)-426/2023 nömrəli, X2 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-1299/2023 nömrəli, X3 Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-1861/2023 nömrəli və X8 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-1494/2023 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının üzərində hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir. Bununla da iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Eyni zamanda, 2-1(102)-2693/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardadında da qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin cavabdehin iddia etdiyi kimi bələdiyyə üçün nəzərdə tutulmuş torpaqlara aid olmaması dəlili öz təsdiqini tapmamış, iş üzrə cavabdeh də mübahisəli torpaq sahəsinin bələdiyyəyə aid olmaması ilə bağlı hər hansı bir sübut təqdim edə bilməmişdir. Beləliklə də, sözügedən torpaq sahəsi Binəqədi bələdiyyəsinə ayrılmış torpaq sahəsi olmuş, bələdiyyə də ona aid olan torpaq sahəsini həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya satmışdır. Həmçinin qeyd edilməlidir ki, torpaq sahəsinin plan-ölçüsü torpaq sahəsinin texniki göstəricilərini özündə əks etdirməklə yanaşı, mülkiyyət hüququnun qeydə alınması üçün zəruri sənəd hesab olunur. İş materiallarında olan sənədlərdən də görünür ki, iddiaçıya ayrılmış torpaq sahəsinin situasiya planı da tərtib edilmişdir. Nəticədə həmin iş üzrə də cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan edilmişdir. Analoji mövqe 2-1(102)-1016/2025 saylı iş üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli Ali Məhkəmənin qərardadında da öz əksini tapmışdır. Eyni zamanda, qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Nəzərə almaq lazımdır ki, inzibati orqan, bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İşin faktiki hallarından da göründüyü kimi inzibati orqan tərəfindən iddia olunan torpaq sahəsi ilə qonşuluqda yerləşən bələdiyyə qərarı əsasında torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüquqları dövlət qeydiyyatına almışdır. Eləcə də, mövcud inzibati praktika da göstərir ki, adıçəkilən bələdiyyə orqanının qərarı əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ümumi ərazi üzrə cavabdehin məhz özü tərəfindən aparılmaqdadır ki, iddiaçıya münasibətdə fərqli rəftarın edilməsi bərabərlik hüququnun pozuntusu qismində qiymətlətləndirilir. Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatdan imtina edilməsi əsassız olmuşdur. Məhkəmə, iddiaçının fərdi yaşayış evinə münasibətdə mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı bildirir ki, iddiaçı bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahəsi üzərində fərdi yaşayış evi tikmiş, bu proses qanunvericiliyə uyğun aparılmış və müvafiq qaydada eskiz layihəsi hazırlanaraq yerli icra hakimiyyətinə müraciət edilmişdir. Məhkəmə bildirir ki,“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə minmə tarixindən əvvəl və sonra inşa edilmiş tikililər üçün fərqli şəkildə müəyyən olunmuşdur. Belə ki, xx.xx.2013-cü il tarixdən sonra inşa olunmuş fərdi yaşayış evləri texniki parametrlər baxımından məlumatlandırma icraatı tətbiq olunan tikilidirsə, bu zaman mülkiyyət hüquqlarının qeydiyyatı - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd əsasında aparılır. Məhkəmə qeyd edir ki, iddiaçının inşa etdiyi fərdi yaşayış evi məlumatlandırma icraatı tətbiq olunan tikilidir, buna dair məlumatlandırma icraatının tətbiqi ilə əlaqədar müraciət edilmiş, hətta həmin tikiliyə dair eskiz layihəsi tərtib olunmuş və aidiyyəti yerli icra hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinin dövlət torpağı olmasına istinad edilir ki, etimadın qorunması baxımından aidiyyəti yerli icra hakimiyyəti orqanının tikintiyə razılığı nəzərə alınmalıdır. İşin faktiki hallarından da göründüyü kimi ləğv edilməmiş, hüquqi qüvvəsini saxlayan bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahəsində tikinti işlərinin aparılmasına nəzarət edən qurum kimi yerli icra hakimiyyəti orqanı tərəfindən həmin tikilinin layihəsinin təsdiq edilməsi, iddia olunan sahənin dövlət və ya bələdiyyə mülkiyyətində olmasına dair cavabdehin imtina dəlillərini əsassız edən hallardan biridir. Nəzərə alınmalıdır ki, bələdiyyə orqanından əlavə, dövlət orqanı da tikiliyə dair layihəni təsdiq etmişdir ki, hazırkı halda istinad edilən imtina dəlilləri qanunvericiliyin tələblərinə uyğun hesab edilməməlidir. Digər tərəfdən cavabdeh ərazinin Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi olmasına istinad etsə də, iş materiallarına əlavə edilən sənədlərdən görünür ki, göstərilən ərazi üzrə hektarla torpaq sahəsi Dövlət Neft Şirkətindən geri alınmışdır ki, nə cavabdeh, nə də aidiyyəti digər qurumlar həmin sahənin də geri alınmış torpaq sahəsində olmasını istisna edən hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən, məhkəmə hesab edir ki, qərarın qanuni qüvvəsini saxladığı halda, həmin hissə ilə əlaqədar əlavə araşdırma zərurəti də müəyyən edilməməkdədir. Belə ki, iddia olunan sahənin yaxınlığında bələdiyyə qərarı əsasında fərdi yaşayış evi və torpaq sahəsi qeydiyyatdan keçmiş, yaşayış sahəsi olmaya dair işin real faktiki halı hər hansı qurum, eləcə də Dövlət Neft Şirkəti tərəfindən mübahisələndirilməmişdir. Eləcə də, hal-hazırda iddiaçının torpaq sahəsinə dair istinad etdiyi sərəncam da Dövlət Neft Şirkəti tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə bundan əlavə, qeyd edilməsini zəruri hesab edir ki, məhz işin hazırkı faktiki hallarına uyğun olan, yəni Dövlət Neft Şirkətinin istifadəsinə verildiyi iddia edilən torpaq sahələrinə dair bələdiyyə qərarları əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tanınmışdır. Nəzərə alınmalıdır ki, Ali Məhkəmənin 2-1(102)-1016/2025 saylı iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli Qərardadı, 2-1(102)-2833/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024cü il tarixli qərardadı, 2-1(102)-922/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarı məhz Dövlət Neft Şirkətinin istifadəsinə verildiyi iddia edilən, bələdiyyə qərarları əsasında şəxslərə ayrılmış torpaq sahələrinə dair həmin qərarların etibarlılığının mövcud olması, etimad hüququnun qorunmalı olmasına istinadlarla mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması olması ilə əlaqədardır. Məhkəmə hesab edir ki, hazırkı halda adıçəkilən qərarlardan fərqli mövqeyin nümayiş etdirilməsi, mülkiyyət hüququnun dövlət qeydiyyatından imtina üçün hər hansı əsas müəyyən edilmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci , 69-cu , 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən 300 kv.m torpaq sahəsi və üzərində inşa olunmuş fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №e-2-1(112)-9388/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9388/2025
08.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver