Məhkəmə qərarları › İş №e-2-1(112)-9399/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9399/2024

22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9399/2024 22.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin **********712400 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" MMC barədə çıxarılmış xx.xx.2024-cü il tarixli **********712400 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmiş, iddianın dəyişdirilməsi qəbul edilmiş, iddia tələbi “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" MMC barədə çıxarılmış xx.xx.2024-cü il tarixli **********712400 saylı qərarın ləğv edilməsi” kimi qəbul edilmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixli məhkəmə iclasında yenidən iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********712400 nömrəli, xx.xx.2024-cü il tarixli **********735500 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-49744/2024 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Dövlət Vergi Xidməti tərəfindən İddiaçınə (bundan sonra cəmiyyət) bildirilmişdir ki, "xxxx" MMC (**********) xx.xx.2024-cü il tarixli, **********442900 nömrəli qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, əldə etdiyi (xx.xx.2023-cü il tarixli, EBCN seriyalı 848031 nömərli, xx.xx.2023-cü il tarixli EBDA seriyalı 629227 nömərli, xx.xx.2023 tarixli, EMDA serialı 628548 nömrəli, xx.xx.2023 tarixli, EBDA serialı 628123 nömərli, xx.xx.2023 tarixli EBDA serialı, 630240 nömərli, xx.xx.2023cü il tarixli EBDB serialı 782633 nömərli, xx.xx.2023 tarixli EBDC serialı 551777 nömrəli, xx.xx.2023 tarixli EBCJ serialı 553849 nömrəli) elektron qaimə-faktura(lar) əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Bu səbəbdən cəmiyyətin 355257.27 manat miqdarında vergi borcunun olması barədə **********712400 qərar qəbul edilmiş, yaranmış vergi borcunun ödənilməsi üçün ona qarşı vergi qanunverciliyində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi başlanılmışdır. Qeyd edilən qərar qanunsuz və əsassızdır, buna görə də ləğv edilməlidir. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən satıcı satıcıya müəyyən malları verməyi, alıcı isə bunun müqabilində razılaşdırılmış haqqı ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə uyğun müəyyən mallar kontragentdən əldə edilmiş və bunun müqabilində ödənişlər həyata keçirilmişdir. Göründüyü kimi, cəmiyyət müqavilə üzrə öhdəliklərini yerinə yetirərək "xxxx" MMC-dən əldə etmiş olduğu malların dəyərini ödəmişdir. Bu, əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır. Göstərilən əməliyyatların başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılmasını və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilməsini göstərən hər hansı sübut mövcud deyil. Bundan başqa cəmiyyətin gələcəkə kontragentin riskli vergi ödəyicisi olacağını müəyyən etmək, habelə onda əldə edilmiş malların olub-olmamasını müəyyən etmə imkanı mövcud olmamışdır. Başqa sözlə cəmiyyət müqavilə bağlayarkən kontagentinin gələcəkdə riskli vergi ödəyici ola biləcəyini yoxlaya bilməzdi və onun bu cür səlahiyyəti və imkanı mövcud deyil. Vergi orqanı isə hər hansı sübut və əsas olmadan, heç bir əsaslandırma aparmadan şübhələrlə, hansıkı həmin şübhələr əsaslı hesab oluna bilməz, aparılmış əməliyyatları əmtəəsiz hesab etmiş və vergi qanunverciliyinin tələblərini pozmaqla cəmiyyətin təqsirli olması barədə qənaətə gəlmişdir. Bunun nəticəsində də vergi orqanı iddiaçının üzərinə müəyyən vəzifə qoyulmasına səbəb olan qanunsuz inzibati aktı (əlverişsiz aktı) qəbul etmişdir. Cavabdeh orqan xx.xx.2024-cü il tarixdə iddiaya yazılı etirazını “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə təqdim etmiş və göstərmişdir ki, mübahisələndirilən 2024-cü ilin mart ayı ƏDV bəyannaməsi üzrə yenidən kameral vergi yoxlaması keçirilmiş, cavabdehin xx.xx.2024-cü il tarixli **********712400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar” ilə cavabdehin xx.xx.2024-cü il tarixli **********735500 saylı qərarı ləğv edilmişdir. Odur ki, iddia həmin hissədə mümkün hesab edilməməlidir. Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü ilin mənfəət vergisinin bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. Həmin bəyannamə üzrə aparılmış araşdırma zamanı təqdim edilmiş 2023-cü il mənfəət bəyannamənin “Xammal və materiallar", “Malın dəyəri”, "Hüquqi şəxslər üzrə icarə", “Enerji xərcləri”, “Qaz xərcləri”, “Yanacaq xərcləri”, “Su və kanalizasiya xərcləri”, “Rabitə xərcləri”, “Mühafizə xərcləri”, “Reklam xərcləri”, “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər”, “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər”, "Nəqliyyat xərcləri", “Digər xərclər”, "Royalti xərcləri", "Siğorta xərcləri", bəyannamənin 1 №-li Əlavəsində “Əsas vəsaitlər”in dövr ərzində daxil olması (Kapitallaşdırma üçün aktivlərin silgisi nəzərə alınmaqla), “Kapitallaşdırma üçün aktivlər”in dövr ərzində daxil olması məbləğlərin cəmi ilə hesabat dövrünün əvvəlinə "Ehtiyatlar"ın qalıq dəyərinin, cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların (riskli e-qaimə- fakturaların məbləği istisna olmaqla), alış aktlarının, YGB məlumatlarına əsasən alınmış mal- materialların məbləğinin, bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər), 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri), 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr), 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər), 1607.1.2-ci (Fiziki şəxslər üzrə gəlirlər) sətirlərinin cəmindən “Hesabat dövrünün sonuna” ehtiyatların qalıq dəyərinin çıxılması ilə yaranan məbləğin müqayisəsi nəticəsində 2451397,6 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd olunan uyğunsuzluqla əlaqədar, xx.xx.2024-cü il tarixli **********777800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü il mənfəət bəyannaməsi üzrə 476080,18 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********218800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların “Meyarlar”ının müddəalarına əsasən İddiaçı MMC-nin fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il tarixlərdə ******* manat dəyərində əldə edilmiş elektron qaimə-fakturalar üzrə aparılmış əməliyyatların əmtəəsiz olaraq qiymətləndirildiyi müəyyən edilmişdir. Qeyd edilən elektron qaimə-fakturalar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) və X2 (VÖEN **********) tərəfindən təqdim edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş elektron qaimə-fakturaların əmtəəsiz əməliyyatlar olduğu müəyyən edilmişdir və qeyd olunanlarla bağlı vergi ödəyicisinə xx.xx.2023- cü il tarixli **********768800 nömrəli “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş göndərilmişdir. Vergi ödəyicisinin təsərrüfat subyekttinə (obyektinə) baxış keçirilmişdir. Baxış keçirilən zaman ərazinin quşçuluq ferması olduğu və həmin ünvanda 29 vergi ödəyicisinin aktiv təsərrüfat subyektinin qeydiyyatda olduğu müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2,-ci yatımbəndinə əsasən "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2024-cü il tarixli **********442900 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. X2 xx.xx.2022- xx.xx.2022-ci il tarixlərində cəmi 78,6 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda " Odnorazvi paltar, 180 almaz Bosch, tangit 1 kq, 6x12 tava boltu, fonar zaryatkalı və s. " qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alınmadığı müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1., 2.1.3., 3.1.1,-ci yatımbəndlərinə əsasən X2 riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2022-cü il tarixli **********035800 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********712400 saylı qərarından görünür ki, 2024-cü ilin mart ayı hesabat dövrü ilə bağlı iddiaçı əlavə dəyər vergisini -492.341.60 manat bəyan etmiş, cavabdeh tərəfindən aparılmış kameral yoxlama nəicəsində müəyyən edilmiş vergi -137.084,33 manat olmuş, nəticədə iddiaçıya həmin hesabat dövrü üzrə 355257,27 manat əlavə vergi hesablanmışdır. Qərar bununla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən e-qaimə fakturaların əlavə edilmiş siyahıda göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla, 355257,27 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********735500 saylı qərarından görünür ki, 2024-cü ilin mart ayı hesabat dövrü ilə bağlı iddiaçı əlavə dəyər vergisini -137.084,33 manat bəyan etmiş, cavabdeh tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi -114321.35 manat olmuş, nəticədə iddiaçıya həmin hesabat dövrü üzrə 22.762,98 manat əlavə vergi hesablanmışdır. Qərar bununla əsaslandırılmışdır ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-d\n vari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 7091511.6 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilmiş cari bəyannamələrin (301.1.1.3 + 301.1.1.4 + 301.1.1.6 + 301.1.1.7 + 301.1.1.8 + 301.1.1.9 + 301.1.2.1 + 301.1.2.3 + 301.1.2.5 + 301.1.2.6 + 301.1.2.8 + 301.1.5 + 318-319.1) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 6805710.49 manat olması təqdim edilmiş bəyannamələr üzrə ümumilikdə -285801.11 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. İşdə olan cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-49744/2024 saylı qərarından görünür ki, iddiaçıya 2023-cü il hesab dövrü ilə bağlı 476080,18 manat əlavə mənfəət vergisi hesablamışdır. Qərar bununla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən 2451397,96 manat dəyərində e-qaimə fakturalar təqdim edilmiş 2023-cü il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. İddiaçı hazırda cavabdehin qəbul etdiyi bu qərarları mübahisələndirərək onun ləğv edilməsini xahiş edir. Məhkəmə iddiaçının bu tələbi ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin mübahisəli qərarın qəbul edildiyi dövrdə qüvvədə olan 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: - bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. - bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). İşin hallarından müəyyən olunur ki, cavabdeh iddiaçıya 2023-cü il üzrə əlavə mənfəət vergisi, 20204-cü ilin mart ayı üzrə əlavə dəyər vergisi hesablayarkən riskli hesab edilən eqaimələrə istinad etmişdir, hansı ki, həmin qaimələr "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) ilə aparılmış əməliyyatlara görə təqdim edilmiş - xx.xx.2023 tarixli EBCN seriyalı 848031 nömrəli, xx.xx.2023 tarixli EBDA seriyalı 629227 nömrəli, xx.xx.2023 tarixli EBDA seriyalı 628548 nömrəli, xx.xx.2023 tarixli EBDA seriyalı 628123 nömrəli, xx.xx.2023 tarixli EBDA seriyalı 630240 nömrəli, xx.xx.2023 tarixli EBDB seriyalı 782633 nömrəli, xx.xx.2023 tarixli EBDC seriyalı 551777 nömrəli, xx.xx.2022 tarixli EBCJ seriyalı 553849 nömrəli qaimələr olmuşdur. Lakin işdən görünür ki, iddiaçının əməliyyat apardığı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2024 tarixli **********442900 nömrəli qərara əsasən riskli vergi ödəyicisi hesab edilmiş, yəni iddiaçı onunla əməliyyat apararkən həmin müəssisə riskli vergi ödəyicisi olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.3-cü bəndinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Həmin Meyarların 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Göründüyü kimi, qanunvericiliyə əsasən vergi ödəyicisinin riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir və həmin vergi ödəyicilərinə dair məlumat İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair mübahisəli elektron qaimə-fakturalar tərtib edilən zaman onun əməliyyat apardığı "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı da həmin əməliyyatlar üzrə e-qaimələri xərc sənədi kimi nəzərə almış, bu hal vergi qanunvericiliyinə uyğun olmuşdur. Bundan əlavə, Vergi Məcəlləsinin 175.11-ci maddəsinə görə əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. VM-in 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Cavabdeh iddiaçı ilə "xxxx" MMC arasında əmtəəsiz əməliyyat olduğunu iddia etsə də, bu halı sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı həmin e qaimələr əsasında təqdim edilən tikinti materiallarının öz fəaliyyət istiqamətinə uyğun olduğunu və icra etdiyi layihələr zamanı istifadə edildiyini bildirmiş, cavabdeh isə əksini sübut edən hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. O da qeyd edilməlidir ki, cavabdeh əməliyyatı əmtəəsiz hesab edərək iddiaçının 2451397.96 manat həcmində xərcini bəyannamədən silsə də, həmin hissəyə mütənasib olan gəlir hissəsini bəyannamədə saxlamışdır. Belə ki, əgər əməliyyat əmtəəsizdirsə, onda gəlirin də formalaşmadığı nəzərə alınmalıdır. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehin qəbul etdiyi qərarlar qanunsuz olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdehin etirzından görünür ki, xx.xx.2024-cü il tarixli **********712400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar”ın xx.xx.2024-cü il tarixli **********735500 saylı qərar ilə ləğv edildiyini bildirmiş, buna görə də həmin hissədə iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 68.1-ci maddəsinə əsasən qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. İstinad olunan normalardan görünür ki, inzibati orqan qəbul etdiyi qanuni və ya qanunsiz inzibati aktı ləğv etmək səlahiyyətinə malikdir və bu zaman inzibati aktın ləğvi ilə bağlı yeni inzibati akt qəbul edir. İşdə olan xx.xx.2024-cü il tarixli **********735500 saylı qərarın 6-cı - həmin qərara əsasən ləğv edilmiş əvvəlki qərar barədə məlumat hissəsində xx.xx.2024-cü il tarixli **********1712400 saylı qərar barədə məlumat göstərilmişdir. Lakin iş materiallarında həmin qərarın ləğv edilməsi barədə cavabdeh orqanın inzibati aktı mövcud deyil. Bundan əlavə, iddiaçı 2024-cü ilin mart ayı hesabat dövrü üzrə əlavə dəyər vergisini - 492.341.60 manat bəyan etmiş, xx.xx.2024-cü il tarixli **********1712400 saylı qərarla cavabdeh tərəfindən həmin dövr üzrə vergi -137.084,33 manat müəyyən edilmiş, buna görə də iddiaçıya həmin hesabat dövrü üzrə 355257,27 manat əlavə vergi hesablanmışdır. Cavabdeh həmin qərarın ləğv edildiyini bildirsə də, xx.xx.2024-cü il tarixli **********735500 saylı qərardan görünür ki, cavabdehin iddiaçıya hesabladığı 355257,27 manat əlavə dəyər vergisi qüvvədə olmuş, buna görə də 2024-cü ilin mart ayı üzrə əlavə dəyər vergisinin -137.084,33 manat bəyan edildiyi göstərilmiş, cavabdeh xx.xx.2024-cü il tarixli qərarla iddiaçıya əlavə olaraq 22762.98 manat əlavə dəyər verigisi hesablanmışdır. Göründüyü kimi, cavabdeh xx.xx.2024-cü il tarixli **********1712400 saylı qərarın ləğv edildiyini bildirsə də, onun hüquqi nəticələri qüvvədə olmuş, ləğvinə dair inzibati akt təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin bu dəlili əsassızıdır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləlikə, göstərilənlərə əsasən cavabdehin qəbul etdiyi qərarın əsaslandığı hallar iş materialları ilə təsdiq edilmədiyindən, cavabdeh bununla bağlı konkret faktları və bu faktları təsdiq edən sübutları təqdim etmədiyindən məhkəmə hesab edir ki, mübahisələndirilən qərarların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********712400 nömrəli, xx.xx.2024-cü il tarixli **********735500 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 49744/2024 nömrəli qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar