Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-9406/2025 12.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxslər: “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, X10, X12 və X13) qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə X8 hüquqlarının qeydiyyatının və qeydiyyat vəsiqəsinin ləğvi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquq şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın məzmunundan görünür ki, mərhum X5 məxsus ünvan 1 ünvanda yaşayış sahəsi olub. Həmin yaşayış sahəsində İddiaçı oğlu və onun anası X1 yaşımışdır. İddiaçının atasə xx.xx.1996-cı ildə həbs olunub, Bakı şəhər Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.94-cü maddəsinin 4 və 6-cı bandləri, 105-ci maddəsi, 189-1-ci maddəsinin 2-ci hissəsi,199-cu maddəsi, 220-ci maddəsinin 2-ci hissıəsi 94-cü maddəsinin 3,4 və 6-cı bandləri, 38-ci maddəsi (köhnə redaksiya) ilə təqsirli bilinərək ölmü cəzasına məhkum edilib, xx.xx.1999-cu ildə Qabustan Həbsxanasına vəfat edib. İddiaçının atası həbs olunduqdan sonra o, bacısı və anası Bak şəhərində qohumlarının evlərində müvəqqəti məskunlaşmışdır. Atası məhkum olunduqdan sonra 18 iyul 1997-ci ildə ünvan 1 ünvanda yerləşən ev qanunsuz olaraq X8 adına səndələşdirilib, həmin şəxsin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq onun adına MH № 080937 saylı qeydiyyat vəsiqəsi verilib. Lakin iddiaçının razılığı və məlumatı olmadan atasının adına olan, valideynlərindən ona miras qalan yaşayış sahəsinin başqa şəxsin adına rəsmiləşdirilməsi qanunsuzdur. İddiaçı hazırki tələblə cavabdehə müraciət etsə də, sonuncu onun müraciətinin təminindən imtina etmişdir. İddiaçı hesab edir ki, imtina əsassızdır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə münasibətdə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. ünvan 2 ünvanında yerləşən müvafiq əmlak üzərində hüquqlar Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 850 nömrəli sərəncamı və xx.xx.1996-cı il tarixli, 047405 nömrəli order əsasında X8 adına qeydiyyata alınaraq buna dair qeydiyyat vəsiqəsi tərtib edilmişdir. Mülkiyyətçinin ölümündən sonra müvafiq əmlak üzərində hüquqlar xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında vərəsəsi Qurbanova ArzuAğaisa qızının adına qeydiyyata alınmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X7 nümayəndəsi (vəkili) iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan: Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-ci il tarixli sərəncamına əsasən 2-ci Kiçik Qala döngəsi 32 №-li evin yaşayış sahəsi 33,5 kv.m olan iki otaqlı 2 №-li mənzil N.Qurbanova 5 nəfər ailə üzvü ilə verilmişdir. Mənzilin əvvəlki sakini X3r və o, 1993-cü ildə həmin mənzildə yaşamır. Səbail Rayon Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli qətnaməsi ilə X2 Bakı şəhəri, 2-ci Kiçik Qala döngəsi 32 №-li evin, 2 №-li mənzilinə dair istifadə hüququ itirilmişdir. xx.xx.1996-cı il tarixli, 047405 nömrəli orderdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, 2-ci Kiçik Qala küçəsi, ev 32 ünvanında yerləşən əmlak X11 verilmişdir. Orderdə onun və ailə tərkibində olan şəxslərin adları göstərilmişdir. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli sərəncamına əsasən 2-ci Kiçik Qala döngəsi 32 №-li evin yaşayış sahəsi 11,2 kv.m olanbir otaqlı 1№-li mənzil 2 №-li mənzilin kirayəçisi N.Qurbanovun istifadəsinə verilmişdir. Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, 2-ci Kiçik Qala küçəsi, ev 32 X8 mülkiyyətində olmuşdur. Ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, X8 vərəsəsi onun arvadı – X9r və o, miras əmlakdan tam hissədə irs almalıdır. Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında X7 xüsusi mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Göründüyü kimi suybektiv hüququn mövcud olması iddianın mümkünlük əsası qismində çıxış edir. Hazırkı halda isə hər hansı subyektiv hüququn mövcudluğu istisna edildiyindən iddianın mümkünlüyü də istisna edilməlidir. İşin faktiki hallarından aydın olduğu kimi, iddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə X8 mülkiyyət hüquqlarının qeydiyyatının və qeydiyyat vəsiqəsinin ləğv edilməsini tələb edir. Bununla belə, qeyd etmək lazımdır ki, iddiaçı mərhum X8 adına verilmiş qeydiyyat vəsiqəsinin ləğvini tələb etsə də, o, bu tələbi irəli sürməkdə subyektiv hüquqa malik olmamışdır. Belə ki, iddiaçı hüququn yaranmasını onunla əsaslandırır ki, zamanında həmin evdə onun atası və nənəsi yaşamışdır. Lakin, atasının həbsindən və vəfatından sonra iddiaçı ailə üzvləri ilə birlikdə qohumlarının evlərində yaşamağa məcbur olmuşdur. Qeyd olunmalıdır ki, iddiaçının mərhum atası və ya nənəsi həmin evdə yaşasalar belə, bu hal iddiaçının subyektiv hüquqa malik olmasına əsas vermir. İlk növbədə ona görə ki, şəxsin qeydiyyat məsələsi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun əldə etməsini ifadə etmir. Bilavasitə vətəndaşın qeydiyyata olmasını təsdiq edən sənəd hüquqmüəyyənedici sənəd hesab edilmir. Bu səbəbdən hətta iddiaçının mərhum atası və ya onun nənəsi həmin mənzildə qeydiyyatda olsaydılar belə, bu hal onların hüquqmüəyyənedici sənədə malik olması demək deyildir. Əlavə olaraq, qeyd olunmalıdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair cavabdeh İdarəsinin arxivində saxlanılan sənədlər təqdim olunmuşdur. Həmin sənədlərdən aydın olur ki, bu mənzilin X11 ayrılması barədə sərəncam və order mövcud olmuşdur. Lakin, iddiaçının mərhum atasına mənzilin verilməsinə dair heç bir sənəd aşkar olunmamışdır. Həmçinin, qeyd olunan ünvanda yerləşən 2 №-li mənzilin əvvəlcə X4 ayrıldığı, lakin məhkəmə qətnaməsi ilə həmin şəxsin mənzilin istifadəsi hüququnu itirməsi və ən əsası, qüvvədə olan sərəncama və orderə əsasən, mənzilin X11 verilməsi müəyyən olunmuşdur. Göründüyü kimi, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən sənədlər X8 adına mövcuddur və bu hüquqlar onun ölümündən sonra onun vərəsəsi A. Qurbanovaya keçmişdir. Nə iddiaçının, nə də onun mərhum atasının sözügedən yaşayış sahəsinə dair hüquqların mövcudluğunu təsdiq edən hüquqmüəyyənedici sənədlər aşkar edilmişdir. Bu səbəbdən, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququ mövcud olmamışdır. Eyni zamanda Məhkəmə qeyd edir ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı çıxarışın və ya qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş sənəd ləğv olunmadan qeydin ləğv edilməsi ilə bağlı iddia mümkünlük şərtlərinə cavab verməyən iddia hesab edilir. Bununla bağlı qeyd olunmalıdır ki, Ali Məhkəmənin 2-1(102)-1254/2022 saylı 14 iyul 2022-ci il tarixli qərarından da görünür ki, məhkəmə ilkin hüquqmüəyyənedici sənəd ləğv edilmədən çıxarışın ləğv edilməsi ilə bağlı iddianın mümkünsüz iddia olması qənaətinə gəlmişdir. Həmin qərarda qeyd edilmişdir ki, mübahisəli zirzəmi sahəsinin üçüncü şəxslərin adına dövlət qeydiyyatına alınmasının əsasında duran ilkin sənəd Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 373 nömrəli, 19 aprel 1999-cu il tarixli sərəncamı olmuşdur. Belə olan halda, qeydiyyatın aparılmasına və texniki pasportların verilməsinə əsas təşkil etmiş Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 373 nömrəli 19 aprel 1999-cu il tarixli sərəncamı mübahisələndirilmədən birbaşa qeydiyyatın və texniki pasportların ləğvinə dair qaldırılmış iddiaya iddiaçının hüquqi marağı mövcud deyildir. Çünki həmin hüquqmüəyyənedici sənəd qüvvədə olduğu halda qeydiyyatın və texniki pasportların ləğvini tələb etmək əhəmiyyətsiz olmaqla yanaşı, buna dair ayrıca məhkəmə prosesinin aparılmasını da lüzumsuz edir. Həmçinin, Ali Məhkəmənin 2-1(102)-758/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından da görünür ki, məhkəmə ilkin hüquqmüəyyənedici sənəd ləğv edilmədən çıxarışın ləğv edilməsi ilə bağlı iddianın mümkünsüz iddia olması qənaətinə gəlmişdir. Məhkəmə hazırki işin bütün hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, qeydiyyat vəsiqəsinin verilməsinə əsas olan sərəncamlar (həmçinin order) mübahisələndirilmədiyi təqdirdə, hazırki iddia müstəqil iddia formasında, yəni qeydin və qeydiyyat vəsiqəsinin ləğv edilməsi kimi baxıla bilməz. Çünki, qeydiyyat vəsiqəsinin özü inzibati akt hesab olunmur və onun verilməsinə əsas olan inzibati akt mübahisələndirildiyindən, hazırki iddia tələbinə müstəqil formada baxılması mümkün deyildir. Bundan başqa Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, hətta iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək qeydiyyat vəsiqəsinin verilməsinə dair sənədləri mübahisələndirsəydi belə iddia müddət baxımından mümkünlük şərtlərinə cavab vermir. Doğrudur ki, hazırda qüvvədə olan prosessual qanunvericilikdə göstərilən növ iddialar üzrə iddia müddəti tətbiq edilməsə belə, mübahisələndirilən qeyd 1997-ci il tarixlidir ki, iş materiallarında mövcud olan qeydiyyat vəsiqəsindən də görünür ki, iddiaçının hal-hazırda qeyd edilmiş mənzil həmin tarixdən digər şəxsin adında qeydiyyatda olmuşdur ki, məhkəmə hesab edir ki, qeydiyyat vəsiqəsinin verildiyi həmin dövrlərdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının MPM-nin müddəaları, daha sonra isə Azərbaycan Respublikasının 1999-cu il 28 dekabr tarixli 780- İQ nömrəli Qanunu ilə təsdiq edilmiş MPM-nin müddəaları əsasında həll olunurdu. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə 26-29-cu fəsillər çıxarılanadək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qüvvədə olan «Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət» adlı 298-ci maddəsi ilə tənzimlənirdi. İddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). Oxşar qaydalar Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə qüvvədən düşən, Azərbaycan SSR-in xx.xx.1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş MPM-in 243-5-ci maddəsində də nəzərdə tutulmuş və məhkəməyə şikayət verilməsi imkanı üçün 1 ay müddət müəyyən edilmişdir (İİ. İnzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraat. 24-1-ci fəsil. Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqların toxunan qeyri-hüquqi hərəkətlərdən şikayətlər). Göründüyü kimi inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddəti mövcud olmuşdur ki, hazırkı iş üzrə həmin müddətə riayət edilmədiyi aşkardır. Qeyd olunmalıdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, yeni qanuna istinadla həmin inzibati aktlar mübahisələndirilə bilməz. Məhkəməyə müraciət edən şəxs qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddia qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İşin faktiki hallarından görünür ki, iddiaçı İnzibati Prosessual Məcəllə qəbul edilənədək mülkiyyət hüququna dair mərhum şəxsin adına qeydin aparılmasından məlumatlı olmuşdur (30 ilə yaxın müddətdir ki həmin mənzildə yaşamır) və ya məlumatlı olmalı olmuşdur ki, 18 iyul 1997-ci il tarixdə aparılmış qeyd üzrə 14 aprel 2025-ci il tarixdə məhkəməyə daxil olmuş iddia ilə müraciət edilməsi, iddia müddətinin hazırkı mübahisə üzrə tətbiqini zəruri edir. Nəzərə alınmalıdır ki, bu zaman inzibati orqanın istinad edilən qərar və ya hərəkətinin mülkiyyət hüququ və daşınmaz əmlakla bağlı olması da iddia müddətinin tətbiqini istisna etməməkdədir. Göstərilən mövqe məhkəmə hesab edir ki, formalaşmış məhkəmə təcrübəsi ilə də uyğunluq təşkil edir. Belə ki, Ali Məhkəmənin 2-1(102)-410/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında da məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). Qeyd olunur ki, daşınmaz əmlakın geri alınması ilə əlaqədar göstərilən iş üzrə iddia müddət tətbiq edilməklə mümkünsüz hesab edilmişdir ki, məhkəmə hesab edir ki, həmin iş üzrə göstərilən iş üzrə daşınmaz əmlakla iddia müddətinin bağlılığı baxımından hər hansı fərqləndirmə mövcud deyildir və həmin iddia necə ki mümkünlük şərtlərinə cavab vermir, hazırkı iddia da daşınmaz əmlakla bağlı olsa belə, mümkünlük şərtini ödəməkdədir. Digər tərəfdən Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1216/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçının hüquqi marağı və məqsədi 1994, 1995, 1996, 1997, 1998, 1999, 2000-ci illərdə istifadə olunmamış məzuniyyətə görə ona kompensasiyanın ödənilməsinə nail olmaqdan ibarətdir. belə situasiyalarda hər bir halda hüquqi müəyyənlik prinsipinin xüsusi əhəmiyyəti və həmin prinsipin təmin olunması ilə bağlı ictimai maraq nəzərə alınmalıdır. Hazırkı mübahisəyə münasibətdə 1994-2000-ci illər üzrə istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın ödənilməsindən cavabdehin imtinasının iddiaçı tərəfindən 2011-ci il 1 yanvar tarixinədək mübahisələndirildiyi iş üzrə materiallardan görünmür və bu baxımdan onun yeni qanunvericiliyə əsasən həmin imkanı itirdiyi qəbul olunmalıdır. iddiaçı cavabdehin həmin hərəkətlərinin mübahisələndirilməsi barədə həmin dövrdə və həmin zaman kəsiyində iddia qaldırmaq imkanına malik olmasına rəğmən, həmin zaman kəsiyində müvafiq hüquqi müdafiə imkanlarından yararlanmamışdır. İddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Ali Məhkəmənin 2-1(102)-1359/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarında da analoji mövqedən çıxış edilmiş, istifadə edilməmiş məzuniyyət üzrə ödənişlərin edilməli olmasına dair iddia müddəti ötürüldüyündən qeyri-mümkün hesab edilmişdir. 2-1(102)-1308/2025 saylı iş üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Ali Məhkəmə ezamiyyə xərclərinin ödənilməsinə dair iddianı mümkün hesab etməmiş və qeyd etmişdir ki, 2011-ci ilə qədər, yəni İnzibati Prosessual Məcəllə qanuni qüvvəyə minənə qədər yaranmışdır, o zaman isə sözügedən mübahisələrin həlli Mülki Prosessual Məcəllənin 27-ci fəsli ilə tənzimlənirdi ki, orada da iddia müddəti 1 (bir) ay müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin qüvvədən düşmüş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 (bir) ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Bu səbəbdən, iddia tələbinin “N8-2010-cu illər üzrə iddiaçıya ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin pul kompensasiyası olaraq ödənilməsi hissəsi” ilə bağlı iddia müddəti ötürüldüyündən iddianın həmin hissədə mümkün sayılmaması əsaslı olmuşdur Göründüyü kimi istifadə edilməmiş məzuniyyətlə və ezam xərcləri ilə əlaqədar ödənişlərin edilməsinə dair mülkiyyət hüququna dair göstərilən növ iddialar da müddət məhdudiyyətinin tətbiqini istisna etməmişdir ki, əmlak hüququ ilə əlaqədar hazırkı mübahisə üzrə də iddia müddətinin tətbiqini istisna edilməməkdədir. Göründüyü kimi iddiaçı tərəfindən iş materiallarında olan qeydiyyat vəsiqəsi nəzərə alınmaqla iddia müddətinin ötürüldüyü 2011-ci ilin yanvar ayınadək mübahisəli qeyddən məlumatlı olunsa da, məhkəmə vaxtında müraciət edilmədiyi aşkardır. İPM-in: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir; 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz; 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; 24.6-cı maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Nəzərə alınmalıdır ki, prosessual müddətin bərpa edilməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, prosessual müddətin bərpa edilməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə,hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. İnzibati hüquq münasibətlərini tənzimləyən qanunvericilik müddətin bərpa edilməsi barədə ərizənin təqdim edilməsini istisna edən hal kimi ərizənin müddətin buraxılmasından 1 il keçməsi ilə şərtləndirir. Hazırki iş üzrə iddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxtdan artıq 1 ildən çox müddət keçdiyindən, iş üzrə iddia müddətin bərpa edilməsi barədə ərizənin verilməsi istisna olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həsənov Orxan
Məhkəmə qərarları › İş №e-2-1(112)-9406/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-9406/2025
12.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver