Məhkəmə qərarları › İş №e-2-1(112)-9417/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9417/2023

23.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9417/2023 23.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçının həqiqi hərbi xidmətə çağırılmasının ləğv edilməsi və onun həqiqi hərbi xidmətdən geri çağırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçının həqiqi hərbi xidmətə çağırılmasının ləğv edilməsi və onun həqiqi hərbi xidmətdən geri çağırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürməklə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı Azərbaycan Dövlət İqtisad Universitetinin 411/4 nömrəli 5 iyul 2022-ci il tarixli əmri ilə həmin Universitetdən 6 ay müddətinə xaric olunmuşdur. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail Rayon İdarəsi 11 yanvar 2023-cü il tarixdə Universitetdən aldığı məktuba əsasən 24 yanvar 2023-cü il tarixdə iddiaçını N saylı hərbi hissəyə hərbi xidmətə göndərmişdir. Məktubun məzmununda sadəcə 11 yanvar 2023-cü il tarixədək mövcud olan məlumat verilmişdir, onun ümumi nəticə olaraq Universitetin tələbələr sırasına bərpa olunub-olunmaması barədə məlumat əks edilməmişdir. İddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail Rayon İdarəsinə Azərbaycan Dövlət İqtisad Universitetinə tələbələr sırasına bərpa olunması barədə ərizə ilə müraciət etdiyini və məsələ ilə bağlı Universitetin qərarını gözlədiyini bildirmişdir, İdarə isə öz növbəsində, həmin qərarı almaq üçün ona vaxt verəcəyini vəd etmişdir. Lakin iddiaçı 24 yanvar 2023-cü il tarixdə “komissiyadan keçmək” adı ilə çağrılaraq müvafiq hərbi hissəyə yola salınmışdır. Bu səbəbdən o, çalışdığı müəssisə ilə əmək müqaviləsinə də xitam verməmişdir. İş yerindən arayış mövcuddur. Belə ki, 23 dekabr 2011-ci il tarixli «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 21.1.4-cü maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda təhsilini davam etdirmək üçün əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alanlara – təhsilini bitirənədək möhlət verilir. İddiaçı Azərbaycan Dövlət İqtisad Universitetinin 127/4 nömrəli 15 fevral 2023-cü il tarixli əmri ilə Universitetin tələbələri sırasına bərpa olunmuş və beləliklə təhsilini bitirməmiş sayılır. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. İddiaçı tələbələr sırasına bərpa olunub-olunmaması hərbi xidmətə çağrıldığı və cəlb olduğu zaman Universitet tərəfindən heç bir rəsmi sənədlə təsdiq edilməmişdir. 15 noyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyası tərəfindən təsdiq edilmiş «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar»ın 1.4-cü bəndinə əsasən ali təhsilin bakalavriat səviyyəsində, əsas (baza ali) tibb təhsilində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, ixtisasının və (və ya) təhsilalma formasının dəyişməsi, tələbələr sırasına bərpası və akademik məzuniyyətdən qayıtması qış və yay tətili dövründə həyata keçirilir. İddiaçının xaric olma müddəti 2023-cü ilin yanvar ayında bitdiyinə görə ali təhsil müəssisəsinə tələbələr sırasına bərpa olması haqqında qərarın verilməsi qış tətilində nəzərdə tutulmuşdur. Qış tətili isə fevralın 1-dən 15-dək davam edir. 11 yanvar 2023-cü il tarixdə Azərbaycan Dövlət İqtisad Universitetindən alınan məktubda sadəcə 11 yanvar 2023-cü il tarixədək mövcud olan məlumat verilmişdir. Əgər 15 noyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyası tərəfindən təsdiq edilmiş «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar»ın 1.4-cü bəndinə əsasən ali təhsil müəssisələrinə tələbələrin bərpa işləri qış tətili zamanı həyata keçirilirsə (1 – 15 fevral) Azərbaycan Dövlət İqtisad Universiteti 11 yanvar 2023-cü il tarixdə onun tələbələr sırasına bərpası sual doğurardı. Qeyd olunanlara aşağıdakı formada əsaslandırma təqdim olunur. İddiaçıya 24 yanvar 2023-cü il tarixdə hərbi xidmətə aparılacağı haqda nə yazılı, nə şifahi heç bir məlumat verilməmişdir. Sırf bu səbəbdən də o, işdən çıxa bilməmişdir. Əgər bərpa olunub-olmaması ilə bağlı yekun qərar gözlənilməyəcəkdirsə, 6 ay gözləmənin əhəmiyyəti qalmır. Hətta Hərbi Komissarlıqdan ailəsi 24 yanvar 2023-cü il tarixdə hərbi xidmətə aparılması ilə bağlı çağırış vərəqəsi və ya başqa sənəd təqdim olunmasını xahiş etsə də, Komissarlıq belə məlumat əks etdirən heç bir sənədin mövcud olmadığını bildirmişdir. İddiaçını hərbi xidmətə apararkən onun ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəsi (ağ bilet) doldurulmamışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytından “Vətəndaşın hərbi qeydiyyatda olması barədə” və “Vətəndaşın hərbi xidmət keçməsi barədə” elektron arayışlarda iddiaçının hərbi xidmətdə olması ilə bağlı heç bir məlumat yoxdur. Səbəbdən də ailəsi Universitetə onun hərbi xidmətdə olması ilə bağlı heç bir sənəd təqdim edə bilməmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin məktubunda «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 23-cü maddəsinin “ğ” bəndi qeyd edilərək nəzərə alınması tövsiyyə olunmuşdur. Xidmətin Səbail Rayon İdarəsi onu qanunvericiliyə uyğun şəkildə apardığı halda, o, tövsiyəyə əməl edə bilərdi. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanunun 38.1.1-ci maddəsinə əsasən ali təhsilli olanlar 1 il müddətində müddətli həqiqi hərbi xidmət edir. Əgər, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail Rayon İdarəsi tərəfindən iddiaçı qanunvericiliyə uyğun şəkildə hərbi xidmətə aparıldığı halda, o, qanuna əsasən 1 il müddətində hərbi qulluq etməli idi. Yuxarıda qeyd edilənlərə əsasən onun hərbi xidmətə çağırışı və yola salınması qanunvericiliyə zidd şəkildə keçirilmişdir. Müdafiə Nazirliyi qeyd olunan sənədləri cavablandırılması üçün heç bir əsas olmadan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yönləndirmişdir. Sonuncu isə heç bir qanuna və qaydaya sığmayan cavab vermişdir. Göstərilənlərə əsaslanaraq, iddiaçının hərbi xidmətə çağırışının ləğv edilməsi və ali təhsil alanlar üçün nəzərdə tutulmuş hərbi çağırışa möhlətinin bərpa edilməsi məqsədilə həqiqi hərbi xidmətdən geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəməyə iddia ilə bağlı təqdim olunmuş vəsatətində bildirilir ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanunun 12.4-cü maddəsinə əsasən vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidir. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanunun tətbiqi və «Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə»nin təsdiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 6.3-cü maddəsinə əsasən «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanunun 12.4-cü maddəsində ikinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri həyata kiçirilir. Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə, məhkəmə işin məhkəmə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçınn yazılı razılığı ilə, iddiaçını əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Göstərilənlərə əsaslanaraq, iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyini əsl cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclası təyin edilmiş və iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, cavabdeh tərəfin iştirakı olmadan iclasın keçirilməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Kontitusiyasının 60-cı maddəsinin İV hissəsində qeyd hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Kontitusiyasının 76-cı maddəsinin İ hissəsində qeyd olunmuşdur ki, vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, elmi müəssisə və təşkilatlarda təhsilini davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlət yalnız bir dəfə verilir: - (21.1.4) əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alanlara – təhsilini bitirənədək. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Həmin Qanunun 29.1-ci maddəsinə görə həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasına və onun xalqına sadiq olacaqları barədə hərbi and içirlər. Hərbi andın mətnini Azərbaycan Respublikasının Milli Məclisi təsdiq edir. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən hərbi andiçmə «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi»ndə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Qanunun 38.1-ci maddəsinə əsasən dinc dövrdə həqiqi hərbi xidmətin müddətləri təqvim hesabı ilə aşağıdakı kimi müəyyənləşdirilir: - (38.1.1) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları: ali təhsili olanlar – 1 il, qalan bütün əsgərlər, matroslar və çavuşlar – 1 il 6 ay. Məhkəmənin hökmünə əsasən hərbi qulluqçunun intizam xarakterli hərbi hissədə cəza çəkdiyi vaxt müddətli həqiqi hərbi xidmət müddətinə hesablanmır. Göründüyü kimi, mövcud qanunvericilik normalarına görə əyani təhsil alma formasında bakalavriatda təhsil alan çağırışçılara təhsilini bitirənədək möhlət verilməsi nəzərdə tutulur, lakin ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadığı hallarda, çağırışa möhlət hüquqlarını itirirməklə ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Hazırkı işin hallarına görə İddiaçı Azərbaycan Dövlət İqtisad Universitetində bir müddət əyani təhsil alsa da, 5 iyul 2022-ci il tarixdə Universtet rəhbərliyinin müvafiq əmri ilə tələblər sırasından xaric olunmuşdur. 2023-cü ilin yanvar ayında isə, həqiqi hərbi xidmətə çağırışmışdır. Onun Universitetə (tələbə heyətinə) bərpası isə, 15 fevral 2023-cü il tarixdə təsadüf edir. Yəni, iddiaçı Universitetdən xaric olunduqdan sonra onun tələbə sıralarına bərpası 6 aydan artıq sonra vaxt keçdikdən sonra baş vermişdiur. Həminçinin nəzərə alınmalıdır ki, iddiaçı təhsil müəssiəsindən xaric olunmasından 6 aydan çox vaxt keçdikdən sonra – 24 yanvar 2023-cü il tarixdə hərbi xidmətə çağırılmışdır, Bununla da müəyyən edilir ki, 24 yanvar 2023-cü il tarixdə iddiaçı hərbi xidmətə çağırılarkən, onun çağırışa möhlət hüququ olmamışdır. Bu isə, onu deməyə əsas verir ki, onun müddətli həqiqi hərbi xidmətə çağırılması və bu xidməti yerinə yetrmək üçün müvafiq yerə göndərilməsi qanunsuz olmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, yuxarıda qeyd olunan hərəkət hazırkı cavabdehin deyil, digər orqanın (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) səlahiyyətləri daxilində olsa da, hərbi xidmətə göndərildikdən sonra hazırkı iddiaçı ilə müvafiq inzibati münasibətlər hazırkı cavabdehlə bir müstəviyə keçmişdir. Yəni, onun hərbi xidmətdən geri çağırılması və xidmət müddətinin sonunadək xidmətdə saxlanılması hazırkı cavabdehin səlahiyyət dairəsinə aiddir. Bu səbəbdən də, məhkəmə cavabdehin vəsatətindəki mövqe ilə razılaşmır və iddianı mümkünsüz qiymətləndirmir. Lakin mübahisənin mahiyyəti ilə bağlı məhkəmənin qənaəti belədir ki, İddiaçı həqiqi hərbi xidmətə çağırış üzrə möhlət hüququnu itirdikdən sonra hərbi xidmətə çağırıldığından, eləcə də onun hazırda hərbi xidmətdən geri çağırılması və təhsilini başa vurduğu halda, 1 illik xidməti tamamlamaq üçün yenidən müddətli həqiqi hərbi xidmətə çağırılması qanuna, habelə formalaşmış inzibati praktikaya uyğun olmadığından, iddia əsaslı sayıla bilməz. Qeyd olunmalıdır ki, 24 yanvar 2023-cü il tarixdə hərbi xidmətə çağırılmışdır və hazırda 7 aya yaxın müddətdir ki, müddətli həqiqi hərbi xidmətdədir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3, 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçının həqiqi hərbi xidmətə çağırılmasının ləğv edilməsi və onun həqiqi hərbi xidmətdən geri çağırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 52, 58.7, 62, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçının həqiqi hərbi xidmətə çağırılmasının ləğv edilməsi və onun həqiqi hərbi xidmətdən geri çağırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar