Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9419/2023 22.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının vəkili və nümayndəsi Ləgiyev fazil Hüseyn oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, ev 17 ünvanında yerləşən mənzilə daimi qeydiyyata alınması və “şəxsiyyət vəsiqəsi”-nin dəyişdirilməsinə dair cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport və Miqrasiya İdarəsinin üzərinə öhdəliyin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı sonuncu dəfə ünvan 1 ünvanında Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata alınaraq ona Binəqədi Rayon Polis İdarəsi tərəfindən AZE №******** saylı “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. Bu ilin yanvar ayının əvvələrində İddiaçı müəyyən notariat hərəkətlərini həyata keçirmək məqsədi ilə notariat ofisinə müraciət etmişdir. Notariat ofisində onun şəxsiyyətini müəyyən edərkən İddiaçı adına Binəqədi Rayon Polis İdarəsi tərəfindən 20 may 2017-ci il tarixində verilmiş AZE №******** saylı “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”-nin qüvvədən düşdüyü və həmin vəsiqənin aktiv statusunun dəyişdirildiyi məlum olmuşdur. Bundan sonra həmin vəsiqənin aktiv statusunun dəyişdirilməyinə aydınlıq gətirilməsi məqsədi ilə cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport və Miqrasiya İdarəsinə 23 yanvar 2023-cü il tarixli “Vəkil sorğusu” ilə müraciət etmişdirlər. Cavabdeh tərəfindən ona ünvanlanmış 18/2-L-24xx/xx/2023 saylı 07 fevral 2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 2-ci bəndinə əsasən vətəndaş yaşayış sahəsi verən şəxsin ərizəsini digər zəruri sənədlərlə birlikdə təqdim etdiyi təqdirdə o, yaşayış yeri üzrə qeydiyyata alına bilər. Bundan sonra İddiaçı ailə üzvü X1 orqanlara notariat qaydasında 8i-1491 reyestr nömrəli, 17 fevral 2023-cü il tarixli ərizə verərək mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, ev 17 ünvanında yerləşən mənzilə İddiaçı daimi qeydiyyata alınmasını xahiş etmişdir. Həmin ərizə və digər zəruri sənədlərlə birlikdə qeydiyyata alınması məqsədi ilə İddiaçı ASAN 1-ə müraciət etmişdir. Qısa araşdırmalardan sonra İddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmaqla yanaşı, Rusiya Federasiyasının da vətəndaşı olduğu üçün həmin orqanda onun qeydiyyata alınmasına şifahi imtina edilmişdir. Bundan sonra 27 fevral 2023-cü il tarixli ərizə ilə cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport və Miqrasiya İdarəsinə müraciət edərək İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, ev 17 ünvanında yerləşən mənzilə daimi qeydiyyata alınmasını və onun “Şəxsiyyət vəsiqəsi”-nin dəyişdirilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport və Miqrasiya İdarəsinin bizə ünvanladığı 10 mart 2023-cü il tarixli, 18/2-L-6254 saylı cavab məktubunda “Sizin ikili vətəndaşlığınız olduğu üçün şəxsiyyət vəsiqənizin dəyişdirilməsi mümükün deyil.” kimi göstərilərək müraciətə imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-9419/2023 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək İddiaçı şəxsiyyət vəsiqəsinin dəyişdirilməsinə dair cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin üzərinə öhdəliyin qoyulması barədə qərar qəbul edilməsi şəklində icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli məktubunda iddiaya etiraz və mülahizələrinin olmadığı, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etdikləri bildirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiıə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.1950-ci il təvəllüdlü İddiaçı ünvan 3 ünvanında qeydiyyatda olmuşdur. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, ev 17 yerləşən 57.80 kv.m sahəsi olan mənzil xüsusi mülkiyyət hüququ ilə X3 adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş X3 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsində ünvan 4 ünvanda yerləşən mənzilimə İddiaçı daimi qeydiyyata alınmasını xahiş etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2- 17373/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixli 2-1(112)- 9419/2023 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, sonuncu dəfə İddiaçı xx.xx.2017-ci il tarixdə ünvan 5 ünvanına qeydiyyata alınaraq AZE-******** nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmiş və qeyd edilən ünvandan xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-37/2-196xxxx/2023 nömrəli məktubunda bildirilmişdir ki, sizin xx.xx.2023-cü il tarixli 2-1 (112)- 9419/2023 saylı müraciətinizə Dövlət Miqrasiya Xidmətində aidiyyəti üzrə baxılmışdır. xx.xx.1950-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi, Azərbaycan Respublikasının vətəndaşlığından çıxma ilə bağlı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamış və onun Azərbaycan Respublikasının vətəndaşlığından çıxması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2- 24325/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1950-ci il təvəllüdlü İddiaçı ilk dəfə xx.xx.2003-cü il tarixdə Nərimanov RPİ tərəfindən ünvan 6 ünvanına qeydiyyata alınmaqla AZE 01568318 nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş, xx.xx.2017-ci il tarixdə ünvan 7 ünvanı (Binqəədi RPİ inzibti bina) üzrə yaşayış yeri üzrə qeydiyyata alınaraq AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi sənədləşdirilmişdir. Sonuncu şəxsiyyət vəsiqəsi xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxma səbəbi ilə fəaliyyətsizləşdirilmişdir. Qeyd olunan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlanılma müddəti bitdiyi üçün məhv edildiyindən Sizə göndərilməsi mümkün deyildir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli, 13/2-L-24xx/xx/2023 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə daxil olmuş müraciətinizə Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində baxılmışdır. Bildiririk ki, İddiaçı xx.xx.2017-ci il tarixdə Binəqədi rayon Polis İdarəsi tərəfindən AZE-******** nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmiş və qeyd olunan şəxsiyyət vəsiqəsi xx.xx.2022-ci il tarixdə “qeydiyyatdan çıxma” səbəbilə fəaliyyətsizləşdiriimişdir. Əlavə olaraq bildiririk ki, şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndinə əsasən, yaşayış yerinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd) və vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini digər zəruri sənədlərlə birlikdə təqdim etdiyi təqdirdə yaşayış yeri üzrə qeydiyyata alınması məsələsinə baxıla bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2-L-6254 nömrəli məktubda bildirilmişdir ki, DİN-m Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsinə daxii olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Sizin ikili vətəndaşlığınız olduğu üçün şəxsiyyət vəsiqənizin dəyişdirilməsi mümkün deyildir. Rusiya Federasiyası vətəndaşlığından imtina edilməsi qaydaları Sizə qəbulda olarkən qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin məsul əməkdaşı tərəfindən ətraflı izah edilmişdir “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. İş materiallarından müəyyən olunur ki, İddiaçı sonuncu dəfə xx.xx.2017-ci il tarixdə ünvan 5 ünvanına qeydiyyata alınaraq AZE-******** nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmiş və qeyd edilən ünvandan xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarıldığından şəxsiyyət vəsiqəsi fəaliyyətsizləşidirilmişdir. İddiaçı V.X2 adına ünvan 8 ünvana dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı və sonuncunun razılıq ərizəsini təqdim edərək daimi yaşayış yeri üzrə qeydiyyata alınmaqla yeni şəxsiyyət vəsiqəsinin verilməsini xahiş etmiş, DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi iddiaçının şəxsiyyət vəsiqəsinin müraciəti zamanı onun Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı Rusiya Fedrasiyasının vətəndaşı olmasının müəyyən edildiyini əsas gətirərək şəxsyyət vəsiqəsinin dəyişdirilməsindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin qeyd edilən imtinasını əsassız hesab edərək yeni şəxsiyyət vəsiqəsi ilə təmin edilməsini mübahisələndirir. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanunun: -1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. -6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər aşağıdakılardır: 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 2-1) 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı 3) Azərbaycan Respublikası vətəndaşının pasportu. -16-cı maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığına aşağıdakı hallarda xitam verilir: 1) Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq nəticəsində; 2) Azərbaycan Respublikasının vətəndaşlığını itirmək nəticəsində; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş digər əsaslar olduqda. -17-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığından çıxma bu qanunla müəyyənləşdirilmiş qaydada şəxsin vəsatəti üzrə həyata keçirilir. Azərbaycan Respublikası vətəndaşlığından çıxma haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; 3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi; 3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi; 4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsi bu Qanunun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir Göründüyü kimi Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsi ilə təmin edilmiş şəxs Azərbaycan Respublikası vətəndaşıdır və vətəndaşlığına xitam verilmədiyi sürəcə Azərbaycan Respublikası vətəndaşı hesab edilir. İşin hallarından görünür ki, İddiaçı xx.xx.1950-ci il təvəllüdlü olmaqla ilk dəfə xx.xx.2003-cü il tarixdə Nərimanov RPİ tərəfindən ünvan 6 ünvanına qeydiyyata alınmaqla AZE 01568318 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilmiş, ona növbəti dəfə Binəqədi RPİ tərəfindən xx.xx.2017-ci il tarixdə ünvan 7 ünvanı (Binəqədi RPİ inzibati binası) üzrə yaşayış yeri üzrə qeydiyyata alınaraq AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Sonuncu şəxsiyyət vəsiqəsi xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxma səbəbi ilə fəaliyyətsizləşdirilmişdir. Beləliklə, iddiaçı 2003-cü il tarixdən etibarən Azərbaycan Respublikası vətəndaşına aid şəxsiyyət vəsiqəsi ilə təmin edilərək Azərbaycan Respublikası vətəndaşı kimi qəbul edilmiş və 2022-ci il tarixədək şəxsiyyət vəsiqəsi ilə bağlı səlahiyyətli orqanlar tərəfindən hər hansı mübahisə açılmamışdır. Əksinə, vətəndaşlıq məsələləri üzrə dövlət nəzarətini həyata keçirən orqan-Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin məhkəmə sorğusuna verdiyi xx.xx.2023-cü il tarixli, cavabında İddiaçı “Vətəndaşlıq haqqında” Qanunun yuxarıda qeyd edilən normaların tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi, Azərbaycan Respublikasının vətəndaşlığından çıxma ilə bağlı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciətinin qeydə alınmadığı və onun Azərbaycan Respublikasının vətəndaşlığından çıxması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamının olmadığı bildirilmişdir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir (bundan sonra—şəxsiyyət vəsiqəsi). Azərbaycan Respublikasının hər bir vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildikdən sonra bir ay müddətində şəxsiyyət vəsiqəsi almalıdır. 15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşı şəxsiyyət vəsiqəsini onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin (bundan sonra – qanuni nümayəndəsinin), habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti əsasında almaq hüququna malikdir. -4-cü maddəsinə görə şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin ərizəsi, və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciətindən ən geci 10 gün keçənədək verilir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Əsasnamənin aşağıdakı bəndlərinə əsasən: -2.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. -2.2. Vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi 2.2-1. 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti ilə bu Əsasnamənin 2.2-ci və 2.23-cü bəndlərində nəzərdə tutulmuş sənədlər əsasında həyata keçirilir. 2.2-2. 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi üçün vətəndaşın əl-barmaq izləri götürülmür, həmçinin gözlərinin rəngi və boyu haqqında tibbi arayış tələb olunmur. 2.2-3. 15 yaşı tamam olmamış vətəndaşa verilən şəxsiyyət vəsiqəsində onun fotoşəkli yerləşdirilir, lakin şəxsi imzası göstərilmir. 2.2.3. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa); 2.2.4. vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış; 2.2.5. dövlət rüsumunun ödənilməsi barədə sənəd; 2.2.6. ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd. -2.5. Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək zərurəti yarandıqda, vəsiqə verən orqan şəxsin bu Əsasnamənin 2.2-ci bəndində nəzərdə tutulan sənədlərinin surətlərini və "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı barədə məlumatları təsdiq edən rəsmi sənədini (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə) araşdırılmaq üçün dərhal Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə göndərməlidir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həmin sənədlərə 10 gün müddətində baxaraq vəsiqə verən orqana şəxsin Azərbaycan Respublikasının vətəndaşı sayılıb-sayılmaması barədə yazılı cavab verir. Şəxs Azərbaycan Respublikasının vətəndaşı sayıldıqda, ona bu Əsasnamə ilə müəyyən edilmiş qaydada şəxsiyyət vəsiqəsi verilir. -2.23. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin bitməsi, yaxud vətəndaşın soyadının, adının, atasının adının dəyişməsi və ya şəxsiyyət vəsiqəsinin, o cümlədən onun elektron daşıyıcısının (çipin) yararsız hala düşməsi ilə əlaqədar şəxsiyyət vəsiqəsi dəyişdirilərkən bu Əsasnamənin 2.1-ci, 2.3-cü, 2.4-cü, 2.7-ci – 2.27-ci bəndlərində nəzərdə tutulmuş qaydalar tətbiq olunur və vətəndaşın fotoşəkli vəsiqə verən orqanda çəkilməklə və əl-barmaq izləri götürülməklə yalnız aşağıdakılar tələb edilir: 2.23.1. şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi haqqında ərizə-anket (2 nömrəli əlavə); 2.23.2. şəxsiyyət vəsiqəsi; 2.23.3. dövlət rüsumunun ödənilməsi barədə sənəd; 2.23.4. ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd. Göründüyü kimi qanunvericilik ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən inzibati orqana müraciət edən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək zərurəti yarandığı halda araşdırma üçün səlahiyyətli inzibati orqana- Dövlət Miqrasiya Xidmətinə müraciət etməli olduğunu, yalnız sonuncunun şəxsin Azərbaycan Respublikasının vətəndaşı sayılıb-sayılmaması barədə yazılı cavabından asılı olaraq şəxsiyyət vəsiqəsi ilə təmin edilib-edilməməsi barədə qərar qəbul etməyi (inzibati hərəkət) həvalə etmişdir. Şəxsiyyət vəsiqəsinin ilk dəfə verilməsindən fərqli olaraq şəxsiyyət vəsiqəsinin növbəti dəfə dəyişdirilmə zamanı vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı sənədin təqdim edilməli olmasına dair qanunvericilikdə birbaşa tələb yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə iddiaçının 2003-cü ildən şəxsiyyət vəsiqəsi ilə təmin edildiyini, onun Azərbaycan Respublikası vətəndaşı olmadığı, hüquqi vəziyyətində vətəndaşlıqdan çıxma, vətəndaşlığın itirilməsi ilə bağlı hər hansı halın səlahiyyətli müvafiq icra hakimiyyəti orqanı, məhkəmə tərəfindən müəyyən edilmədiyini, hazırkı cavabdehin isə şəxsiyyət vəsiqəsi verərkən rəhbər tutduğu normativ hüquqi aktda vətəndaşlıqla bağlı tələbin təkrar şəxsiyyət vəsiqəsi verilərkən yoxlanılmalı olmasına dair birbaşa tələbin olmadığını nəzərə alaraq hesab edir ki, cavabdehin iddiaçını təqdim etdiyi yaşayış yeri ünvanı üzrə qeydiyyata alaraq Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin dəyişdirilməsindən imtinası əsassız olmaqla oun qanunla qorunan hüquqlarını pozmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.1950-ci il təvəllüdlü İddiaçı şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. xx.xx.1950-ci il təvəllüdlü İddiaçı şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-9419/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9419/2023
22.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver