Məhkəmə qərarları › İş №e-2-1(112)-944/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-944/2022

01.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-944/2022 01.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı xx xxxxxx 1964-cü il tarixdə doğulmuşdur. 12 sentyabr 2008-ci il tarixdən 20 may 2019-cu il tarixədək məlhəm, pasta və yod istehsalı sexində qablaşdırıcı işləmişdir. Məlhəm, pasta və yod istehsalı sexində aşağıda adları göstərilən dərman preparatları istehsal olunur: Naftalan məlhəmi, solidol məlhəmi, yod, kükürd məlhəmi, sink məlhəmi, ammiak, ixtiol məlhəmi, “Teymurov” pastası, “Viprosal B” məlhəmi, kamfora yağı, kanfora spirti, kseroform məlhəmi, balzamlı liniment, salisil məlhəmi, leyner məlhəmi və s. Müvafiq siyahının 18-ci bəndində göstərilən preparatlardan həmin sexdə kükürdün üzvü birləşmələrdən – kükürd məlhəmi, metal üzvü birləşmələrdən, qurğuşun asetat birləşmələrindən cə sink oksidindən – Teymurov pastası, sink məlhəmi, viprosal “B” məlhəmi – ilan zəhərindən (gürzə) istifadə olunub. İddiaçı 10 il, 8 ay 8 gün zərərli iş stajına malikdir. 2 nömrəli siyahının 18-ci bölməsi (dərmanların, tibbi və bioloji preparatların və materialların istehsalı) 18.8 (a) Fəhlələr: açıq preparatları, çəkib bükməklə məşğul olan bükücü- qablayıcılar, tıxaclama ilə məşğul olan qablaşdırıcılar nəzərdə tutulur. Göründüyü kimi, iddiaçı 12 il 2 ay müddətində zərərli sahədə çalışmışdır. Ona görə də hesab edir ki, ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Cavabdeh təşkilata pensiyanın təyin edilməsi üçün müraciət etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Sonuncu müraciətinə isə, ümumiyyətlə cavab verilməmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqan tərəfindən onun hüquqları pozulmuşdur. 1 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər 1 avqust 1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin (a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» üzrə kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar – 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Azərbaycan Respublikasının «Vətəndaşların pensiya təminatı haqqında» Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Həmin Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. Münasibətlər yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2-ci bəndinə görə Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1-ci bəndo görə əmək kitabçası; 4.1.9-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarıilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan – neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısına əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1 -dək Qanunun 7 – 9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı"nın 2.4.1-ci bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş «İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları»nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Göstərilənlərə və İPM-in 2.2.2-ci maddəsinə əsaslanaraq, iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 29 iyun 2021-ci il tarixdə məhkəməyə daxil olmuş yazılı etirazında bildirilir ki, X1 iddiasına etiraz olunur. İddiaçı iddia edir ki, onun işləmiş olduğu peşələr ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün əsasdır. İddiaçının dəlili yersizdir. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsini iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, həmin maddəyə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 55 yaşı tamam olduğu tarixinədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 4 şərtə riayət edilməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında» 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarında göstərilməsi; 4) yetərli pensiya kapitalı. Hazırki iş üzrə 4-cü şərtə əməl edilməmişdir. "xxxx" ASC-nin 25 iyun 2020-ci il tarixli güzəştli arayışına əsasən iddiaçı 10 il güzəştli iş stajını 12 sentyabr 2018-ci il tarixdə tamamlamış, 55 yaşı isə 29 yanvar 2019-cu ildə tamam olmuşdur. «Əmək pensiyaları haqqında» Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. «Əmək pensiyaları haqqında» Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı – müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Həmin Qanunun 6.2-ci maddəsinə görə əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. Həmin Qanunun 6.3-cü maddəsinə görə əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. Sözügedən Qanunun 45-ci maddəsinə görə bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 2.11-ci bəndinə əsasən, gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) təşkil edir. Göründüyü kimi, iddiaçının iddia etdiyi güzəştli şərtlərlə pensiya hüququ üzrə pensiya yaşı 55 yaşdır. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçıya münasibətdə 43,200 manat hesablanmışdır. İddiaçının isə, cəmi pensiya kapitalı 22,874.57 manat təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Göstərilənlərə əsaslanaraq və İPM-in tələblərini rəhbər tutaraq, məhkəmədən İddiaçı iddiasının təmin olunmaması barədə qərar çıxarılması xahiş edilir. Məhkəməyə 29 aprel 2022-ci il tarixdə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia ilə bağlı 26 aprel 2022-ci il tarixli məktubu daxil olmuşdur. Məktubda bildirilir ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 19.037,41 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 7.227,20 manat olmaqla cəmi pensiya kapitalı 26.264,61 manat təşkil edir. «Əmək pensiyaları haqqında» Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq, İddiaçı 1 yanvar 2006- cı il tarixədək olan 23 il 4 ay 29 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 19.037,41 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 7.227,20 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə hazırda 47.040 manat (1 yanvar 2022-ci il tarixdən minimum aylıq əmək pensiyasının məbləğinin 240 manat müəyyən olunması ilə əlaqədar) hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26.264,61 manat təşkil edir. «Əmək pensiyaları haqqında» Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddia tələbinin dəyişdirilərək «iddiaçıya 1 iyul 2022-ci il tarixdən güzəşti şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verillmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi (vəkili) gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini (vəkilini) dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Əmək pensiyaları haqqında» Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. İş materiallarında olan AZE seriyalı ******** nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1964-cü il tarixdə doğulmuşdur və hazırda onun yaşayış yeri Bakı şəhəri, Nizami rayonu, Fərzəliyev küçəsi, 12 saylı evdir. İş materiallarında olan "xxxx" ASC-nin 31 oktyabr 2019-cu il tarixli 01/169 saylı arxiv arayışında bildirilir ki, “X3” ASC-nin hüquqi varisi "xxxx" ASC-nin arxv fondu sənədlərinin 1949-cu il T-2 formasına əsasən xx xxxxxx 1964-cü il təvəllüdlü İddiaçı haqqında aşağıdakı qeydlər aparılmışdır: 2 avqust 1982-ci il tarixdən Texniki nəzarət şöbəsinə 3-cü dərəcəli çilingər işləri üzrə nəzarətçi peşəsinə işə qəbul edilmişdir (193/k nömrəli 30 iyul 1982-ci il taroxli əmr). 1 avqust 1985-ci il tarixdən həmin sexdə 4-cü dərəcəli nəzarətçi (30 iyul 1985-ci il tarixli 173/k nömrəli əmr), 2 iyun 1993-cü il tarixdən 2 saylı Mexaniki yığma sexində anbardar (148/k nömrəli 8 iyun 1993-cü il tarixli əmr), 1 dekabr 1993-cü il tarixdən Texniki nəzarət şöbəsində 4-cü dərəcəli nəzarətçi (274/k nömrəli 1 dekabr 1993-cü il tarixli əmr), 3 fevral 1997-ci il tarixdən 5-ci dərəcəli nəzarətçi (28/k nömrəli 24 fevral 1997-ci il tarixli əmr), 16 dekabr 1999-cu il tarixdən Baş texnoloq şöbəsində anbar müdiri (162/k nömrəli 16 dekabr 1999-cu il tarixli əmr) işləmiş, 3 yanvar 2000-ci il tarixdən Alət istehsalat şöbəsinə (05/k nömrəli 25 yanvar 2000-ci il tarixli əmr), 1 iyul 2000-ci il tarixdən Alət bürosuna anbardar (21/k nömrəli 1 iyul 2000-ci il tarixli əmr) keçirilmiş, 6 avqust 2007-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən işdən azad olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin 25 iyun 2020-ci il tarixli güzəştli arayışında qeyd olunur ki, xx xxxxxx 1964-cu il tarixdə doğulmuş İddiaçı "xxxx" ASC-də keçmiş Bakı Kimya-Əczaçılıq Zavodunda aşağıdakı vəzifələrdə işləyib: 12 sentybar 2008-ci il tarixdən 20 may 2019-cu il tarixədək məlhəm, pasta və yod istehsalı sexində qablaşdırıcı (2 nğmrəli Siyahı, bölmə 18 Dərmanların, tibbi və bioloji preparatların və materialların istehsalı) punkt 18.8 (a) Fəhlələr: açıq preparatları, çəkib bükməklə məşğul olan bükücü-qablayıcılar, tıxaclama ilə məşğul olan qablaşdırıcılar). Məlhəm, pasta və yod istehsalı sexində aşağıda adları göstərilən dərman preparatları istehsal olunur: Naftalan məlhəmi, Solidol məlhəmi, Yod, Kükürd məlhəmi, Sink məlhəmi, Ammiak, İxtiol məlhəmi, Teymurov pastası, Viprosal «B» məlhəmi, Kamfora yağı, Kamfora spirti, Kseroform məlhəmi, Balzamlı liniment, Salisil məlhəmi, Leyner məlhəmi və s. 18-ci bölmədə göstərilən preparatlardan həmin sexdə kükürdün üzvü birləşmələrdən – Kükürd məlhəmi, Metal üzvi birləşmələrdən, qurğuşun asetat birləşmələrindən və sink oksidindən – Teymurov pastası, Sink məlhəmi, Viprosal «B» məlhəmi – ilan zəhərindən (gürzə) istifadə olunub. İddiaçı 10 il, 8 ay, 8 gün zərərli iş stajına malikdir. 2 nömrəli Siyahı, bölmə 18 (Dərmanların, tibbi və bioloji preparatların və materialların istehsalı) punkt 18.8 (a) Fəhlələr: açıq preparatları, çəkib bükməklə məşğul olan bükücü-qablayıcılar, tıxaclama ilə məşğul olan qablaşdırıcılar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin Siyahısı». İqtisadi İnkişaf Nazirliyinin 27 dekabr 2001-ci il tarixli 307 saylı əmrinə əsasən Bakı Kimya - Əczaçılıq Zavodu "xxxx" ASC-yə çevrilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 01/170 nömrəli 31 oktyabr 2019-cu il tarixli arxiv arayışında bildirilir ki, SSRİ Neftkimyamaşmqayırma Sənayesi Nazirliyinin 110 saylı 29 mart 1988ci il tarixli əmrinə əsasən “Ümumittifaqneftmaş” ÜSB-nin X3 “Bakneftmaş” İstehsalat birliyi adlandırılıb. “Azneftmaş” Konsernin 106 saylı 30 dekabr 1992-ci il tarixli əmrinə əsasən “Bakneftmaş” İB “Azneftmaş” X2 Zavodu adlandırılıb. Azərbaycan Respublikası Prezidentinin 551 saylı 03 may 1993-cü il tarixli Fərmanı ilə “Azneftmaş” X2 Zavodu "xxxx" Dövlət Şirkətinin X3 adlandırılıb. Azərbaycan Respublikası Prezidentinin 22 mart 2001-ci il tarixli Fərmanı ilə "xxxx" Dövlət Şirkətinin X3 "xxxx" ASC-nin “X3” X5 Cəmiyyəti adlandırılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 60 saylı 1 aprel 2009-cu il tarixli sərəncamına əsasən "xxxx" ASC-nin “X3” TASC "xxxx" TASC-nin ərazisinə köçürülmüş və ona qoşularaq yeni adla "xxxx" TASC adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 258 saylı 05 oktyabr 2018-ci il tarixli Sərəncamına əsasən "xxxx" TASC ləğv edilərək "xxxx" ASC yaradılmışdır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan sənədlərdəki məlumatların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübut olunmadığından, həmin sənədlər mötəbər sayılmalıdır. İşdə olan sübutlar əsasında aparılmış məhkəmə icraatında müəyyən edilir ki, İddiaçı 29 aprel 1964-cü il tarixdə doğulmuşdur, 1982-ci ildən hazırkı dövrədək ayrı-ayrı təşkilatlarda müxtəlif işlərdə 20 ildən artıq ümumi iş stajına, o cümlədən 10 ildən artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə – “açıq preparatları çəkib bükməklə məşğul olan bükücü-qablayıcılar” vəsifəsidə iş stajına malikdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəsi Filialına müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi imtinaya səbəb kimi, onun qanunla ələb olunan həcmdə sığorta kapitalı məbləğinin toplanmadığını əsas gətirmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsini tələb edir. «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəısinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2022-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: qadınlar – 55 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin 1 iyul 2022-ci il tarixdən (hal-hazırda) qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 Qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» təsdiq edilmiş və həmin Siyahının “18. Dərmanların, tibbi və bioloji preparatların və materialların istehsalı” bölməsində açıq preparatları çəkib bükməklə məşğul olan bükücü-qablayıcılar göstərilmişdir. Göründüyü kimi, əmək pensiyaları haqqında qanunvericiliyin hazırkı tərəflər arasındakı inzibati münasibətlərin yarandığı dövrdə, yəni 1 iyul 2022-ci il tarixədək olan dövrdə qüvvədə olmuş normaları 20 il ümumi iş stajına, o cümlədən azı 10 il güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR NK-nın 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) iş stajına malik qadınlar onların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. 1 iyul 2002-ci il tarixdən qüvvədə olan qanunvericilik normaları isə, həmin stajları toplamış qadınlara “müvafiq minimum məbləğdə sığorta kapitalını toplamaq” şərtini qoymur. Halbuki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı ilə bağı cavabdeh inzibati orqana müraciətindən imtina edildikdə, “müvafiq minimum məbləğdə sığorta kapitalını toplamaq” şərtinə riayət olunmadığnı əsas gətirsə də, hazırda, daha dəqiq desək 1 iyul 2022-ci il tarixdən sonra belə xüsusat imtina əsas kimi çıxış edə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, hazırkı iddiaçının 1 iyul 2022-ci il tarixə 20 ildən artıq ümumi staja, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə 10 ildən artıq staja malik olması müəyyən edilir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunu «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunuun 9.1-ci maddəsində dəyişikilik olunmuş (maddə yeni redaksiyada verilmiş) və 1 iyul 2022-ci il tarixdən qüvvəyə minmiş bu Qanunun 2-ci maddəsinin (Keçid müddəaları) 2.1-ci bəndinə nəzərdə tutulmuşdur ki, bu Qanunla «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Lakin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Odur ki, məhkəmənin qənaətinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbləri rəhbər tutulmaqla İddiaçı 1 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış olur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı 1 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 52, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 1 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar