Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9450/2023 16.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “şəhid statusu və şəhid ailəsi statusunun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “şəhid statusu və şəhid ailəsi statusunun verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı cinayət işinin istintaqı zamanı qanunsuz olaraq azadlıqdan məhrum edilmiş, işgəncələr görmüş, işgəncələr nəticəsində də vəfat etmişdir. Onun xidmət etdiyi hərbi hissə və faktiki xidmət yeri düşmənlə üzbəüz şəraitində olmuşdur. İddiaçı hesab edir ki, ona qarşı cinayətkar əməllər birbaşa Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyünə qarşı atılmış addım olmuşdur. Bu səbəbdən də iddiaçı hesab edir ki, ona şəhid ailəsi statusu, yoldaşına da şəhid statusu verilməlidir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının yoldaşı ölüm haqqında şəhadətnaməsinə əsasən Ağdam hərbi hospitalında onun arteriyaların emboliyası və trombozu diaqnozundan vəfat etdiyi və vəfatının xidməti vəzifəsi zamanı baş verməsi göstərilsə də, döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı olmaması səbəbindən müraciətinin təminindən imtina edilmişdir. İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: İddiaçıya ünvanlanan məktubdan görünür ki, yoldaşının ölüm haqqında şəhadətnaməsinə əsasən Ağdam hərbi hospitalında onun vəfat etdiyi və vəfatının xidməti vəzifəsi zamanı baş verməsi göstərilsə də, döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı olmaması səbəbindən müraciətinin təminindən imtina edilmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, iddiaçı arteriyaların emboliyası və trombozu diaqnozundan vəfat etmişdir. Xidməti dəftərçənin surətindən görünür ki, vəfatı hərbi xidmət vəzifəsinin icrası ilə bağlı olmuşdur. Hərbi Prokurorluğun məktubunda qeyd edilmişdir ki, iddiaçının həyat yoldaşının AR CM-nin 274-cü maddəsi və digər maddələri ilə təqsirli olması sübuta yetirilmədiyindən bəraətverici əsaslarla cinayət təqibinə xitam verilmişdir. İş materiallarında olan məhkəmə hökmündə qeyd edilmişdir ki, iddiaçının həyat yoldaşının meyitinin müayinəsi zamanı ekspert müəyyən etmişdir ki, ölümə səbəb olan xəsarətlər küt əşyanın bilavasitə təsirindən yaranmış, ölüm xəsarətlər yerinə yetirildikdən sonra deyil, müəyyən müddət keçdikdən sonra ölümün baş verməsini xəsarətlər nahiyəsində zədələnmiş damarlardan qanın bir hissəsinin yumşaq toxumalara sızması və sonradan orqanizmə sorulması nəticəsində poliorqan çatmazlığı, intoksikasiya ilə izah etmək olar. Qeyd olunmalıdır ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun: Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Maddə 2. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın: 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; https://e-qanun.az/framework/12184 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; https://e-qanun.az/framework/12184 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X2 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X1 Xidməti, X2 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Müdafiə Nazirliyinin zabit və gizir heyətinə münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən digər hərbi qulluqçulara (əsgər, matros və çavuş heyəti) münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi məqsədilə maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə də müraciət edə bilər. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının X2 Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edirlər. 4.2. Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı mübahisə iddiaçının həyat yoldaşının cinayət işinin istintaqı zamanı işgəncənin təsiri nəticəsində vəfat etməsinin onun şəhid statusu hesab edilməsi üçün əsas olub-olmaması ilə bağlıdır. İddiaçı hesab edir ki, həyat yoldaşının cinayət işinin istintaqı zamanı işgəncələrə məruz qalması onun şəhid statusunun mövcudluğunu təsdiq edir. Cavabdeh isə vəfat etmənin xidməti vəzifələrin icrası ilə bağlı olduğunu qeyd etsə də suverenlik, ərazi bütövlüyü Azərbaycan Respublikasının azadlığı ilə bağlı olmama halına istinad edərək müraciətin təminindən imtina edir. Məhkəmə hesab edir ki, AR İPM-nin 14-cü maddəsinin tələbinə əsasən cavabdeh tərəfindən iddianın təminini istisna edən faktiki şərtlərin mövcudluğu sübut edilmişdir. Belə ki, yuxarıda adıçəkilən qanunvericiliyin tələbindən də göründüyü kimi Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxs şəhid hesab edilir. Eyni zamanda, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilir. İşin faktiki hallarından isə görünür ki, iddiaçının vəfat etməsinə səbəb olan hal xidməti vəzifələrin icrası zamanı olsa da, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə, həmçinin də Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı olmamışdır. Qeyd edilməlidir ki, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində olan (bundan sonra – «Müdafiə Nazirliyi») Gədəbəy rayonunda yerləşən hərbi hissədə hərbi xidmətini yerinə yetirən əri X4 N yanvar 2006-cı ildə, hərbi hissənin düşmənlə üzbəüz olan postu ilə kəsilmiş rabitə əlaqəsinin bərpasına dair komandirdən verilmiş göstərişi icra edərkən qəflətən dağdan qopan qar uçqunu altında qalıb həlak olmuşdur. Mərhum ərinin adının əbədiləşdirilməsi barədə müraciətinə Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsinin Hərbi Rütbələr və Təltiflər Şöbəsi rəisinin 23 avqust 2007-ci il tarixli məktubu ilə imtina cavabı verilmişdir. Həmin məktubda Azərbaycan Respublikası Nazirlər Kabinetinin (bundan sonra – «Nazirlər Kabineti») 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın (bundan sonra – «Qaydalar») 1.2.6-cı bəndinə istinadən göstərilir ki, onun əri nə güllə yarasından, nə də minaya düşüb həlak olmadığından ona şəhid statusunun verilməsi mümkün deyildir. Bununla razılaşmayan K.Vəliyeva yuxarıda qeyd olunan məktubun qanunsuz hesab edilməsini və ərinə şəhid statusunun verilməsi vəzifəsinin Müdafiə Nazirliyinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Konstitusiya Məhkəməsi hesab etmişdir ki, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Konstitusiya Məhkəməsinin həmin Qərarında əks olunmuş hüquqi mövqeyindən də aydın olur ki, təkcə hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər yox, üsul, şərait və vəziyyətdən asılı olmayaraq digər həlak olma halları da şəhid statusunun verilməsini istisna etmir. Əsas həlak olmasının üsul, şərait və vəziyyəti yox, məhz vəfat etmə halının Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlılığıdır ki, iddiaçının həyat yoldaşına münasibətdə məhkəmə hesab edir ki, onun vəfat etməsinə səbəb olan hallar şəhid statusunun verilməsinə əsas kriteriyası kimi Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqəsinin mövcudluğu müəyyən edilmir. Bununla bağlı qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Ali Məhkəmənin: 2-1(102)-1096/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, mərhum X5 müddətdən artıq həqiqi hərbi xidmətdə olmaqla hərbi qulluqçu hesab edildiyindən onun ölüm səbəbi kimi “hərbi xidmət vəzifələrinin icrası” göstərilmişdir. Lakin yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri baxımından şəxsin şəhid hesab edilməsi üçün onun ölümü ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması (yəni döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi) arasında səbəbli əlaqə mövcud olmalıdır. 2-1(102)-1110/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Hazırkı qərarın 19-cu bəndində qeyd olunan müddəlarının mənasından göründüyü kimi, döyüş şəraitində olan hərbi hissələrdə xidmət edən hərbi qulluqçunun həlak olması, məhz, döyüş tapşırığının icrası zamanı və anında baş verməli və bu həlak olma hərbi hissənin arayışı ilə öz təsdiqini tapmalıdır ki, “şəhid” adı verilsin. Konkret halda isə yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunvericiliklə müəyyən edilən belə həlak olma faktı baş verməmişdir. Göründüyü kimi iddiaçının həyat yoldaşına şəhid statusunun verilməsinə əsas olan hallar müəyyən edilmir. Nə qədər ki, iddiaçının həyat yoldaşına şəhid statusunun verilməsini məhkəmə istisna edir, iddiaçıya şəhid ailəsi statusunun verilməsinə dair tələb də məhkəmə hesab edir ki, rədd edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia bütövlükdə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №e-2-1(112)-9450/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9450/2023
16.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver