Məhkəmə qərarları › İş №e-2-1(112)-9478/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9478/2023

19.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9478/2023 19.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaklara dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X17 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaklara dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı imtinanın qanunsuz hesab edilməsi və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsinin ½ hissəsinə; Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsində yerləşən 11 nömrəli evin ¼ hissəsinə və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İstiqlal küçəsində yerləşən 10 nömrəli evin ½ hissəsinə dair iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4964/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə X5 arasında bağlanmış, Bakı şəhəri 53 saylı saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş aşağıda göstərilən müqavilələr etibarsız hesab edilmişdir: 1. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin 1/2 hissəsinə dair xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi; 2. Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsində yerləşən 11-li evin 1/4 hissəsinə dair xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi; 3. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İstiqlal küçəsində yerləşən 10 №-li evin 1/2 hissəsinə dair xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi; 4. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Sahə 126 D ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin 1/2 hissəsinə dair xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi. Göstərilənlərə əsasən bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4964/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-25/2022 saylı qərarını da, əlavə etməklə qeyd edilən ona məxsus olan həmin daşınmaz əmlaklara, yəni qətnamədə göstərilən hissələrin dövlət qeydiyyatına alınmaları və bunun əsasında çıxarışların verilməsi üçün xx.xx.2023-cü il tarixdə aidiyyəti üzrə hazırkı iş üzrə cavabdehə rəsmi müraciət etmiş, lakin cavabdeh həmin ərizəsinə xx.xx.2023-cü il tarixdə 9-21-3-30/2-İ-01xx-xx/2023 **********03 saylı məktubla cavab verərək bildirmişdir ki, ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-25/2022 saylı qərarı ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4964/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-25/2022 saylı qərarını da, əlavə etməklə mülkiyyət hüququ ilə ona məxsus olan 1.) Bakı şəhəri,Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin 1/2 hissəsinə dair 2.) Bakı şəhəri,Səbail rayonu,10-cu Kiçik Qala küçəsində yerləşən 11-li evin 1/4 hissəsinə dair və 3.) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İstiqlal küçəsində yerləşən 10 №-li evin 1/2 hissəsinə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılmasından imtina edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)- 25/2022 saylı qərarı ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamasını əsas kimi göstərmək "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbayacan Respublikası qanununa və Mülki Məcəllənin tələblərinə ziddir və kobud qanun pozuntusudur.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-25/2022 saylı qərarının nəzərə alınaraq, daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması ilə bağlı xx.xx.2023-cü il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-25/2022 saylı qərarı ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Məlumat üçün bildirirlər ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0.03 ha ünvanında yerləşən torpaq sahəsi X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evi X1 (1/2 hissə) və X5 (1/2 hissə) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və halhazırda paylı mülkiyyətlərindədir. Bakı şəhəri, Xəzər rayonu, Mədəkan qəsəbəsi, İstiqlal küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evi X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023cü il tarixli 3-21-3-30/2-İ-01xx-xx/2023 **********03 nömrəli imtina məktubuna əsasən bildirilmişdir ki, ərizəyə əlavə edilmiş Azərbayca Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-25/2022 saylı qərarı ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. 8 . Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4964/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə X9 arasında bağlanmış, Bakı şəhəri 53 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş aşağıda göstərilən müqavilələrin etibarsız hesab olunması qərara alınmışdır: 1. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin 1/2 hissəsinə dair xx.xx.2018ci il tarixli bağışlama müqaviləsi; 2. Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsində yerləşən 11-li evin 1/4 hissəsinə dair xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi; 3. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İstiqlal küçəsində yerləşən 10 №-li evin 1/2 hissəsinə dair xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi; 4. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Sahə 126 D ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin 1/2 hissəsinə dair xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi.

9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-25/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən cavabdeh X9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 4964/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

11. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

13. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

14. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

15. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

16. Belə ki, məhkəmə araşdırması zamanı işin hallarından və iş materiallarına əlavə olunmuş qanuni qüvvəsini almış məhkəmə aktlarından müəyyən edilmişdir ki: - 02 may 2018-ci il tarixli, 2 V-46 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2017-ci il tarixdə ölmüş X2 vərəsələri övladları İddiaçı və X13 miras əmlakdan bərabər pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilən miras əmlak ƏDMK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə X3 verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Sahə 126 D ünvanında yerləşən ümumi shaəsi 0.12 ha torpaq sahəsindən ibarət olmuşdur. - 27 mart 2018-ci il tarixli, 2V-25 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.2017-ci il tarixdə ölmüş X2 vərəsələri övladları İddiaçı, X9 miras əmlakdan bərabər hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə X3 verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin mərhuma məxsus ½ hissəsindən; ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə X3 verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsindən; ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2015ci il tarixdə X4 verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.03 ha torpaq sahəsindən və ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2003-cü il tarixdə X3 verilmiş 30/8438 saylı qeydiyyat vəsiqəsinə əsasən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 69, kv.m olan fərdi yaşayış evindən ibarət olmuşdur.

17. İddiaçı vərəsəlik hüququ əsasında ona keçmiş əmlakları bağışlama müqavilələri əsasında bacısı X6 bağışlamış, sonradan həmin müqavilələr məhkəmə qərarlarına əsasən etibarsız hesab edilmişdir.

18. Bundan sonra iddiaçı həmin daşınmaz əmlaklar üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müracət etsə də, cavabdeh tərəfindən onun müraciətindən məhkəmə qərarı ilə onların üzərinə hər hansı bir öhdəlik qoyulmadığına istinad edilərək imtina edilmişdir.

19. Görüyündüyü kimi, iddiaçının əmlakları üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq imtina edilmişdir.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü və 8.0.4-cü maddəsinə əsasən (daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı və qanuni qüvvəyə minmiş məhkəmə qərarları) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin (Hüquqların dövlət qeydiyyatından imtina) tələblərinə əsasən: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

22. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və iddiaçı sözügedən daşınmaz əmlaklara dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etməkdə haqlı olmuşdur.

23. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

24. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

25. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

26. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

28. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X12 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

29. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.

30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).

31. Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

33. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

34. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

35. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsinin ½ hissəsinə; Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsində yerləşən 11 nömrəli evin ¼ hissəsinə və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İstiqlal küçəsində yerləşən 10 nömrəli evin ½ hissəsinə dair İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar