Məhkəmə qərarları › İş №e-2-1(112)-9483/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9483/2023

25.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9483/2023 25.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçınun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək "xxxx" MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti 3078 A ünvanında olan yaşayış binasının “D” korpusunun 2-ci mərtəbəsində yerləşən, 2 otaqdan ibarət, ümumi sahəsi 122,44 kv.m təşkil edən mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydiyyata alınması və buna dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 “A” ünvanda yerləşən çoxmərtəbəli binanın “D” korpusunun 2-ci mərtəbəsində, 2 otaqdan ibarət, ümumi sahəsi 122,44 kv.m təşkil edən mənzil "xxxx" MMC ilə iddiaçı arasında bağlanılmış 02 iyun 2003-cü il tarixli, 89 nömrəli müqaviləyə əsasən mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilərək satın alınmışdır. Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli Fərmanını nəzərə alınaraq, "xxxx" MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 “A” ünvanda yerləşən binanın 19 mart 2020-ci il tarixli 350 nömrəli qərarla dövlət tərəfindən istismarına icazə verilmişdir. Bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 “A” ünvanda yerləşən çoxmərtəbəli binanın “D” korpusunun 2-ci mərtəbəsində, 2 otaqdan ibarət, ümumi sahəsi 122,44 kv.m təşkil edən mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydiyyata alınması və buna dair dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə lazımi qaydada (ərizə, tələb edilən sənədlər) ilə müraciət edilmiş, lakin (35 gündən artıq) keçməsinə baxmayaraq cavabdeh tərəfindən bununla əlaqədar heç bir qərar qəbul edilməmişdir. Binaların sadələşdirilmiş şəkildə istismara qəbulu ilə bağlı Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli Fərmanının tələblərinə əsaslanaraq və mənafelərinə toxunan tərəfin vətəndaşlar olduğu nəzərə alınaraq məhdud məsuliyyətli cəmiyyətlər tərəfindən inşa olunmuş binalardakı mənzillərə MTK-lar kimi mövcud sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyata alınması qərara alınmışdır. Bu barədə məlumat Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin rəsmi internet səhifəsində dərc edilmişdir. Bununla yanaşı qeyd edilən qərar çərçivəsində "xxxx" MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 “A” ünvanda yerləşən binanın digər mənzil sahiblərinin hüquqları daşınmaz əmlakın dövlət reyestrində cavabdeh tərəfindən qeydə alınmış, həmçinin MMC-lər tərəfindən inşa edilmiş digər binalardakı mənzillər üzərində də hüquqların qeydiyyatı aparılır. Buna baxmayaraq sözügedən qurum tərəfindən iddiaçının mənzili üzərində dövlət reyestrində hüquqlarının qeydiyyatı ilə bağlı qanunla müəyyən edilmiş müddət ərzində heç bir qərar qəbul edilməmişdir. Belə olduğu halda isə iddiaçının hüquqları pozulur, inzibati orqan tərəfindən ayrı-seçkiliyə yol verilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddiaçı hesab edir ki, cavabdehin üzərinə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarımın qeydiyyata alınması və buna dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı müvafiq tələblə ********** daxil olma nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, X8 prospekti, məhəllə 3078A ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 350 saylı, xx.xx.2020-ci il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilmişdir. Qeyd olunan ünvanda yerləşən yaşayış binası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notarial qaydada təsdiq edilmiş müqavilə əsasında qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparıla bilər. Həmçinin təqdim edilən sənədlərdə mənzil barədə tam məlumat (mənzil nömrəsi) qeyd edilməmişdir. Məlumat üçün bildirilir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(005)-318/2019 saylı qərardadı ilə "xxxx" MMC-nin adına ünvan ünvanda yerləşən 0.5530 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Bundan başqa İdarənin mütəxəssisləri tərəfindən mənzilə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, mənzilin sənəd üzrə sahəsi 122.44 kv.m, faktiki sahəsi isə 104.6 kv.m-dir. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6, 8.0.9.2, 8.0.10.1, Azərbaycan Respublikası Tikinti və Şəhərsalma Məcəllənin 74.1, 79-80, 101.2-ci maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf sonradan iddia tələbinin həcmini azaltmış, tələbin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək "xxxx" MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti 3078 A ünvanında olan yaşayış binasının “D” korpusunun 2-ci mərtəbəsində yerləşən, 2 otaqdan ibarət, ümumi sahəsi 104,6 kv.m təşkil edən mənzil üzərində İddiaçı daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydiyyata alınması və buna dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək tələbin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti məhəllə 3078 A ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının D korpusunun 2-ci mərtəbəsində yerləşən mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizəsinə baxılmış və etirazın dəlillərinə uyğun məzmunda imtina cavabı verilmişdir. -İcraçı "xxxx" MMC ilə X3 arasında bağlanmış xx.xx.2003-ci il tarixli, 89 nömrəli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Atatürk prospekti 3078 “a” ünvanında inşa etdiyi yaşayış binasının “D” korpusu, 2-ci mərtəbə, 2 otaqdan ibarət, ümumi sahəsi 122,44 kv.m təşkil edən mənzili alıcı İsmayılova (Hacıəliyeva) Nailə İsmixan qızı əldə etmişdir. -Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, AZ-İ 552528 №-li nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 ilə X3 qızı arasında xx.xx.2009-cu il tarixdə nikah bağlanmışdır. Nikah bağlanandan sonra arvada “Hacıvəliyeva” soyadı verilmişdir. -"xxxx" MMC tərəfindən verilmiş kassa mədaxil orderinin qəbzlərinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2003-cü il tarixli müqaviləyə əsasən xx.xx.2003-cü il tarixdə 65993200 manat, xx.xx.2003-cü il tarixdə 16993200 manat, xx.xx.2003-cü il tarixdə 24500000 manat, xx.xx.2003-cü il tarixdə 24500000 manat vəsaiti kassaya mədaxil etmişdir. -"xxxx" MMMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, arayış X2 ondan ötəri verilmişdir ki, o həqiqətən "xxxx" MMC tərəfindən tikilən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, məhəllə 3078 A məhəlləsində yerləşən yaşayış binasında D korpusunun 2-ci mərtəbəsində 2 otaqdan ibarət ümumi sahəsi 122.44 kv.metr olan 3 saylı mənzilə sahiblik edir. Heç bir borcu yoxdur. -Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq olunan 19 mart 2020-ci il tarixli, 350№li icazə sənədindən görünür ki, "xxxx" MMCyə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, məhəllə 3078 A ünvanında yerləşən 8 girişli, 2 girişi zirzəmili, kürsülü, 17/18 mərtəbəli (blok A2 və A5); 2 girişli zirzəmili, kürsülü, 18 mərtəbəli (Blok E və A3); 2 girişi zirzəmli, kürsülü, 19 mərtəbəli (Blok B və A4); 2 girişli zirzəmili, kürsülü, 17 mərtəbəli (Blok C və D) yaşayış binası çoxmərtəbəli yaşayış binasının xx.xx.2020-ci il tarixdən istismarına icazə verilmişdir. Beləliklə, işdə olan sənədlər ilə müəyyən edilən hallar ondan ibarətdir ki, iddiaçı onunla "xxxx" MMC arasında bağlanan notarial qaydada təsdiq edilmiş xx.xx.2003-cü il tarixli 89 saylı müqavilə əsasında Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının D korpusu, 2-ci mərtəbəsində yerləşən, 2 otaqdan ibarət ümumi sahəsi 122.44 kv.metrdən ibarət olan mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Mülki Məcəllənin 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Həmin Qanunun: -8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatı üçün əsaslardan biridir; -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.24-ci maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək cavabdehin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının 1-ci bəndi ilə müəyyən edilmişdir ki, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: (1.1) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019-cu il yanvarın 1dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikintiquraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir; (1.2) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarında kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar göstərilmişdir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüququ münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatı həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yeni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci madəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasinin Qanununun 15.1-ci maddəsində deyilir: Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Cavabdeh inzibati orqan imtina məktubunda və iddiaya dair yazılı etirazında göstərdiyi dəlillər ondan ibarətdir ki, qeyd olunan ünvanda yerləşən yaşayış binası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra iddiaçı tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş müqavilə əsasında qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparıla bilər. Cavabdeh iddia ərizəsinə etiraz məktubunda o cümlədən qeyd etmişdir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(005)-318/2019 saylı qərardadı ilə "xxxx" MMC-nin adına ünvan ünvanda yerləşən 0.5530 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Məhkəmə göstərilən dəlillərlə bağlı qeyd edir ki, yaşayış binası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması və torpaq sahəsinin üzərinə həbs qoyulması halları iddiaçının təqsiri deyil və mübahisə predmeti olan mənzilə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz. Hazırkı halda "xxxx" MMC ilə iddiaçının mənzili notarial qaydada təsdiq edilmiş alqısatqı müqaviləsi əsasında aldığı müqavilə mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində qəbul edilməlidir. Bu əsasdan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsinin oxşar münasibətləri tənzimləyən norma kimi hazırkı iddiaya tətbiq edilməlidir. Həmçinin, cavabdeh inzibati orqan etirazda qeyd etdiyi digər dəlil ondan ibarətdir ki, mütəxəssislər tərəfindən mənzilə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, mənzilin sənəd üzrə sahəsi 122.44 kv.m olsa da, faktiki yaşayış sahəsi 104.6 kv.metr təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədən görünür ki, iddiaçı iddia tələbinin həcmini azaldaraq iddiaçının 104.6 kv.metr sahə üzərində mülkiyyət hüquqlarının Dövlət reyestrində qeydə alınaraq mənzilə çıxarışın verilməsini tələb edir. Beləliklə, məhkəmə araşdırması zamanı hazırkı iş üzrə iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək qeyd edilən əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun: -15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; -19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var. Ona görə də, "xxxx" MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti 3078 A ünvanında olan yaşayış binasının “D” korpusunun 2-ci mərtəbəsində yerləşən, 2 otaqdan ibarət, ümumi sahəsi 104,6 kv.m təşkil edən mənzil üzərində İddiaçı daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydiyyata alınması və buna dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. "xxxx" MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti 3078 A ünvanında olan yaşayış binasının “D” korpusunun 2-ci mərtəbəsində yerləşən, 2 otaqdan ibarət, ümumi sahəsi 104,6 kv.m təşkil edən mənzil üzərində İddiaçı daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydiyyata alınması və buna dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar