Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9498/2025 10.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: X1) “bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Nümayəndə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları massivində yerləşən 3080 nömrəli bağ sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Nümayəndə, eyni zamanda İddiaçı nümayəndəsi Vəkil məhkəməyə ərizə ilə müraciət edərək əsl olmayan iddiaçı Nümayəndə əsl İddiaçı (bundan sonra - iddiaçı) ilə əvəz edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X1 (bundan sonra – üçüncü şəxs) iş üzrə 3-cü şəxs qismində zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 1156 nömrəli, xx.xx.1997-ci il tarixli “Vətəndaşların adlarına bağ sahələrinin bütünlüklə və ya bir hissəsinin sənədləşdirilməsi, bağ-tikinti kooperativlərinin tərkibindən ayrılması barədə” sərəncamı ilə iddiaçının adına Ləhiş BTK №233, bağ № 3080 bağ sahəsi ayrılmışdır. Həmin bağ sahəsinin ayrılmasına dair eyni məzmunda Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatının arxivinin xx.xx.2009-cu il tarixli, 36/278 nömrəli arxiv arayışı verilmişdir. Bağa hasar çəkilmişdir və hazırda həmin sahəyə dair hər hansı kənar mübahisə mövcud deyil. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Torpaq sahəsinə dair sərəncam verilərkən ölçüsü göstərilmədən vətəndaşın istifadəsinə ayrılmışdır. Cavabdehin xx.xx.2010-cu il tarixli məktubundan görünür ki, arxiv materiallarında Ləhiş bağları massivindəki 3080 saylı bağ sahəsinin iddiaçının adına olduğu göstərilmişdir. Həmçinin, texniki uyğunsuzluq səbəbindən torpaq sahəsinin yerləşmə mövqeyində əhəmiyyətli sayılmayacaq dərəcədə koordinat sürüşməsinin olması mümkündür və inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla iddiaçının həmin bağ sahəsinə dair hüquqlarının qeydiyyatını təmin etməlidir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən sahənin bir hissəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış “3081” saylı bağ sahəsinin ərazisinə uyğun gəlməklə, ondan bölünən **********90 reyestr nömrəli torpaq sahə ilə üst-üstə düşür. Bundan başqa, təqdim olunmuş Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamında torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. İddiaçının adına torpaq sahəsinin ayrılmasına dair idarənin arxivində order aşkar edilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə yazılı etirazla oxşar məzmunlu izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda Bakı Şəhər İcra Hakimiyyətinin arxiv fondu üzrə 1997-ci ilə dair arxiv sənədlərinin, o cümlədən xx.xx.1997-ci il tarixli, 1156 saylı sərəncamının Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi bildirilmişdir. Bakı şəhər İcra Hakimiyyət tərəfindən məhkəmə sorğusuna cavab məktubu ilə məhkəməyə təqdim edilən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 1156 nömrəli sərəncamdan çıxarışa əsasən iddiaçıya 233 saylı Ləhiş bağ-tikinti kooperativi tərkibində 3080 saylı bağ sahəsi ayrılmışdır. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan bağ sahəsinin **********90 reyestr nömrəli bağ sahəsi ilə üst-üstə düşdüyü, həmçinin dövlət reyestrində qeydiyyatdan keçməyən bağ sahələrinin ortofoto tərtibatının mümkün olmaması bildirilmiş və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3080 saylı bağ sahəsinin ilkin müayinə aktının, **********90 reyestr nömrəli daşınmaz əmlaka dair hüquq müəyyənedici sənədlərin təsdiq edilmiş surəti və ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********90 reyestr nömrəli çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3081 saylı bağ sahəsi üzərində xx.xx.2017-ci il tarixdə üçüncü şəxsin mülkiyyət hüquqları qeydə alınmışdır. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən Ləhiş bağ massivi, 3080 saylı bağ sahəsi faktiki 0.2460 ha təşkil edir. Sorğu əsasında məhkəməyə təqdim edilən mübahisəli əraziyə dair ortofoto görüntüsündən müəyyən edilir ki, 3080 saylı bağ sahəsinin bir hissəsi **********90 reyestr nömrəli bağ sahəsi ilə üst-üstə düşür. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 1156 nömrəli sərəncamı ilə iddiaçıya 233 saylı Ləhiş bağ-tikinti kooperativi tərkibində 3080 saylı bağ sahəsi ayrılmışdır. İddiaçı həmin bağ sahəsi üzərində mükiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdehin imtinasının əsasları ondan ibarət olmuşdur ki, göstərilən sahənin bir hissəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış “3081” saylı bağ sahəsinin ərazisinə uyğun gəlməklə, ondan bölünən **********90 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşür. Təqdim olunmuş Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamında torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. İddiaçının adına torpaq sahəsinin ayrılmasına dair idarənin arxivində order aşkar edilməmişdir. İlk öncə qeyd edilməlidir ki, iddiaçıya torpaq sahəsi ayrılması haqqında orderin nüsxəsinin idarənin arxivində olmaması imtina üçün əsas deyildir. Bu hal iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 1156 nömrəli sərəncamına əsasən iddiaçıya torpaq sahəsi ayrılmışdır və həmin sərəncamın arxiv nüsxəsində iddiaçının adı vardır. Digər tərəfdən, iddiaçıya məxsus bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi və torpaq sahəsinin ölçüsünün qeyd olunmaması iddiaçının təqsiri deyildir və bununla bağlı məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Belə ki, bu müvafiq orqanın səlahiyyətlərinə aid olan məsələdir. Eyni zamanda, **********90 reyestr nömrəli bağ sahəsinin (3081 saylı bağ sahəsi) mülkiyyətçisi olan şəxs də üçüncü şəxs kimi məhkəmə icraatına cəlb edilmiş və mübahisəli torpaq sahələrinə dair ortofoto görüntüsünün əldə edilməsi üçün cavabdehə sorğu göndərilmişdir. Sorğu əsasında məhkəməyə təqdim edilən mübahisəli əraziyə dair ortofoto görüntüsündən müəyyən edilmişdir ki, 3080 saylı bağ sahəsinin bir hissəsi **********90 reyestr nömrəli bağ sahəsi ilə üst-üstə düşür. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Belə ki, cavabdeh inzibati orqanın imtina əsası kimi göstərilən hallar formal xarakter daşıyır və yaranan hər-hansı ziddiyyətli halların aradan qaldırılması birbaşa cavabdehin vəzifəsidir. Bu hallar isə daşınmaz əmlak üzərində hüquqlarının yarandığını istisna etmir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, iddiaçının istifadəsində olan 3080 nömrəli bağ sahəsinin **********90 reyestr nömrəli bağ sahəsi ilə üst-üstə düşən hissəsi istisna edilməklə, qalan hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə olunmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, iddiaçının istifadəsində olan 3080 nömrəli bağ sahəsinin **********90 reyestr nömrəli bağ sahəsi ilə üst-üstə düşən hissəsi istisna edilməklə, qalan hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə) həvalə olunsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-9498/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9498/2025
10.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver