Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9502/2024 12.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyinat tarixinin dəyişdirilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyinat tarixinin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 80% pozulması”nın xx.xx.2021-ci il tarixdən təyin edilməsi haqqında qərar qəbul edilməsi və əlilliyə görə pensiyanın xx.xx.2021-ci il tarixdən başlayaraq təyin edilməsi və ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, peşəkar hərbi qulluqçu olmuşdur və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin kimya xidmətində qulluq etmişdir. 1997-2003-cü illər ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X1 xidmət dövründə icra etdiyi işlərlə əlaqədar olaraq güclü şüalandırma xüsusiyyətinə malik olan radioaktiv şüa mənbələri ilə işlədiyi üçün şüa xəstəliyinə tutulmuş və qeyd edilən səbəbdən yaranan xəstəlik nəticəsində 2009-cu ildə ordudan tərxis edilmişdir. Yüksək süalanma mənbəyi olması ilə əlaqədar olaraq həmin hərbi hissə ləğv edilərək tamamilə sökülmüş və söküntü materialları yüksək dərəcəli süalanma mənbəyi olduğu üçün utilizasiya poliqonunda basdırılmışdır. Xəstəliyi ilə əlaqədar olaraq 2010-cu ildə ona şüalanmadan yaranan əlillik diaqnozu qoyulmuş və əlillik pensiyası təyin edilmişdir. Qeyd olunur ki, şüalanma nəticəsində yaranmış xəstəlik heç bir vaxt sağalan və insan bədənindən çıxan deyil. 2010-cu ildən 2020-ci ilə qədər iddiaçı mütəmadi olaraq müalicə olunmuş və fasiləsiz olaraq hər il komissiyadan keçmişdir. Hər dəfə də əlilliyinin olması ilə bağlı cavabdehdən müsbət rəy almışdır. 2020-ci ildə isə xəstəxanda 3 (üç) gün stasionar müalicə aldıqdan sonra pandemiya səbəbindən xəstəxanalarda stasionar müalicə almaq qadağan olunduğu üçün xəstəxanadan çıxarılmışdır. Ona görə də həmin il tam stasionar müalicə ala bilməmişdir. 2021-ci ildə isə vəziyyət normallaşdığı üçün normal şəkildə stasionar şəkildə müalicə almış və sənədlərini növbəti dəfə cavabdehə təqdim etmişdir. Lakin xx.xx.2021-ci il tarixində cavabdeh qiyabi şəkildə sənədlərə baxdıqdan sonra iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir. Bundan sonra iddiaçı təşəbbüsü və israrı əsasında xx.xx.2021-ci il tarixndə əlilliyin təyini üçün əyani şəkildə müayinə edilmişdir. Müayinənin cavabının iddiaçıya SMS vasitəsi ilə bildiriləcəyi deyilmişdir. Lakin iddiaçı uzun müddət gözləsə də iddiaçıya cavab gəlmədiyi üçün o, DOST xidmətinə müraciət etmişdir. Ordan isə ona bildirdilər ki, onlara cavabdehdən heç bir cavab gəlməyib. İddiaçı xx.xx.2022-ci il tarixində əyani keçirilimiş müayinənin nəticəsini öyrənmək üçün yenidən cavabdehə müraciət edərkən ona bildilmişdir ki, yenə də ona müsbət cavab verilməmiş və əlilliyinin olmaması müəyyən edilmişdir. Bundan sonra iddiaçı əlilliyin təyin edilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulması haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə prossesinin gedişatı zamanı məhkəmənin təşəbbüsü ilə keçirilmiş əyani müayinə nəticəsində iddiaçıya müddətsiz olaraq üçüncü qrup əlillik təyin edilmişdir. İddia tələbində göstərilmiş tələb cavabdeh tərəfindən qismən də olsa təmin edildiyi üçün iddiaçı iddia ərizəsi və əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəməinin qərardadı əsasında iddia ərizəsi və əlavə edilmiş sənədlər ona geri qaytarılmışdır. Lakin əvvəllər iddiaçıya ikinci qrup əlillik təyin edildiyi üçün üçüncü qrup əlilliyin təyin edilməsini, həmçinin təyin edilmiş əlilliyə görə ödənişin iddiaçıya 2024-cü ilin əvvəlindən ödənilməsindən narazı olduğu üçün “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 80% pozulması”nın xx.xx.2021-ci il tarixindən təyin edilməsi haqqında qərar qəbul edilməsi və əlilliyə görə pensiyanın xx.xx.2021-ci il tarixindən başlayaraq “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 80% pozulması”na görə təyin edilməsi və ödənilməsi haqqında qərar qəbul edilməsi” ilə bağlı cavabdehə müraciət olunmuşdur. Lakin cavabdeh heç bir əsas olmadan xx.xx.2024-cü il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası tamamilə qeyri-qanuni və əsassızdır və onun hüquqlarını kobud şəkildə pozmuşdur. Odur ki, yuxarıda göstərdiyi halları və hüquqi əsasları nəzərə alaraq, onun iddia tələbi təmin edilməlidir.
3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, hərbi xidmət vəzifələrini yerinə yetirilməklə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 60% pozulmasının xx.xx.2024-cü il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilərək iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmasına baxmayaraq, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir yazılı münasibət (etiraz) təqdim edilməmişdir.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna əsasən təqdim edilmiş iddiaçının TSEK müayinə sənədlərinə əsasən: - iddiaçıya xx.xx.2016-cı il tarixdə 5 il müddətinə aparılmış əlillik təyinatının müddəti xx.xx.2021-ci il tarixində bitmişdir. Həmin tarixdə əlilliyin təyinatına əsas olan diaqnoz “Keçirilmiş radioson şualanmadan sonraki asteno-nevrotik təzahürlər, qarışıq tipli paroksizmlərlə və kəllə daxil hipetenziya sindrom ilə müşayət olunan İİ mər.dissirkulyator ensefalopatiya. OU-angiopatiya” olmuşdur. Sonradan xx.xx.2021-ci il tarixli müayinə əsasında “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşdırılmış müayinə və müalicə olunması məsləhət görülür”, xx.xx.2021-ci il tarixli müayinə əsasında isə “Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” əsası ilə imtina qərarları verilmişdir. Sonuncu dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2023-cü il tarixdə baxılmış, “Diaqnozun mətni: Dəqiqləşdirilməmiş ensefalopatiya, Radiasion şüalanmadan sonraki ensefalopatiya” xəstəliyi əsasında müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir.
8. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 21 dekabr 2023-cü il tarixli 3- 17-4/3-3-19796/2023 saylı qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 60 faiz pozulması barədə qərar qəbul edilmişdir.
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentlliyinin 26 aprel 2024-cü il tarixli 317-4/2-R- 1174/2024 saylı məktuba əsasən təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir.Hazırda səhhətində ağırlaşma əmələ gəlmişdirsə, hərbi həkimi komissiyasının xəstələnmənin səbəb əlaqəsi barədə qərarı əsasında dövlət tibb müəssisəsi tərəfindən sağlamlıq vəziyyətinin tam və ətraflı şəkildə əks etdirən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyətinin mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
10. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə haqqında iddia növünə aiddir.
11. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
13. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
14. Məcburetmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən müraciəti təmin edilmədiyindən aidiyyəti üzrə məhkəməyə müraciət etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
15. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
16. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddət bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatlar (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi- sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur.
19. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona əlillik dərəcəsinin təyin edilməsinə yönəlmişdir.
20. Bununla bağlı işin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə 5 il müddətinə aparılmış əlillik təyinatının müddəti xx.xx.2021-ci il tarixində bitmişdir. Həmin tarixdə əlilliyin təyinatına əsas olan diaqnoz “Keçirilmiş radioson şualanmadan sonraki astenonevrotik təzahürlər, qarışıq tipli paroksizmlərlə və kəllə daxil hipetenziya sindrom ilə müşayət olunan İİ mər.dissirkulyator ensefalopatiya. OU-angiopatiya” olmuşdur. Sonradan xx.xx.2021-ci il tarixli müayinə əsasında “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşdırılmış müayinə və müalicə olunması məsləhət görülür”, xx.xx.2021-ci il tarixli müayinə əsasında isə “Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” əsası ilə imtina qərarları verilmişdir. Sonuncu dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2023-cü il tarixdə baxılmış, “Diaqnozun mətni: Dəqiqləşdirilməmiş ensefalopatiya, Radiasion şüalanmadan sonraki ensefalopatiya” xəstəliyi əsasında müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir.
21. İddiaçı hazırda əlillik təyinatı müddətinin xx.xx.2021-ci il tarixdən təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinin tələblərinə görə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin tarixinin qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İddiaçının 5 illik müddətə müəyyən olunan əlilliyi xx.xx.2021-ci il tarixdə bitdiyindən və onun sonraki 6 ay müddətində əliliyi müəyyən olunmadığından, ona münasibətdə həmin maddənin norması tətbiq olunmur.
22. Göründüyü kimi, iddiaçının tələbinin əsassız olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə olan təqdirdə, iddiaçının tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.
23. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
24. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».
25. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.
26. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.
28. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X4 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.
29. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.
30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).
31. Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
33. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
34. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
36. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
37. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva