Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9503/2024 15.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Binəqədi rayonu, Goradil kəndi, 255 F saylı ünvanda yerləşən torpaq sahəsində inşa edilən hündürlüyü 11.5 m olan A, B və C tikililərindən ibarət fərdi yaşayış binasına dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qovulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İddiaçı özünə məxsus həmin torpaq sahəsində özünün, ailə üzvlərinin və yaxın qohumlarının yaşamasını təmin etmək üçün çoxmənzilli bağ evini tikmək qərarına gəlmişdir. Bunun üçün qanunvericiliyin tələblərinə əsasən həmin torpaq sahəsində çoxmənzilli fərdi yaşayış binasının tikintisinin eskiz layihəsinin hazırlanması ilə əlaqədar SS PROJE MMC ilə müqavilə bağlanmış və səlahiyyətli şəxs tərəfindən ünvan 1də mövcud (layihədə göstərilən A, B və C saylı tikili) çoxmənzilli fərdi yaşayış binasının layihəsi tərtib edilmişdir. xx.xx.2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinə məlumatlandırma icraatı çərçivəsində ünvan 1 ünvanında yerləşən torpaq sahədə inşa edilən hündürlüyü 11.5 m olan fərdi yaşayış binasının tikintisinə icazə üçün məlumatlandırma göndərilmiş və bütün qanuni tələblər yerinə yetirilmişdir. İcra hakimiyyətindən etiraz olunmadığından həmin fərdi yaşayış binası inşa edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı BakıƏrazi İdarəsinə ərizə ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən torpaq sahədə inşa edilən hündürlüyü 11.5 m olan fərdi yaşayış binasına mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi xahiş edilmişdir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı BakƏı razi İdarəsinin cavab məktubu ilə tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün sənədlərin təqdim edilmədiyini əsas gətirərək müraciətimizdən imtina etmişdir. Həmin məktubda həmçinin (A, B və C tikililərində) fərdi yaşayış binasında təmirtikinti işlərinin tam başa çatdırılmadığının müəyyən edilməsi göstərilmişdir. Hesab edirik ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı BakıƏrazi İdarəsinin göstərilən əsaslarla imtina etməsi qanunsuz və əsassızdır. Belə ki, iddiaçı tərəfindən bütün hüquqmüəyyənedici sənədlər, yaşayış binasına məxsus sənədlər cavabdeh orqana təqdim edilsə də, həmin yaşayış sahəsinə dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsindən cavabdeh tərəfindən əsassız olaraq imtina edilmişdir. Bundan başqa, məhkəmənin nəzərinə çatdırırıq ki, sözügedən (A, B və C tikililərində) fərdi yaşayış binasında tikinti işləri tamamlanmış, hazırda tikililərin daxilində təmir işləri görülməkdədir. Cavabdeh tərəfdən verilmiş cavab məktubunda isə əsassız olaraq təmirtikinti işlərinin tam başa çatdırılmadığı barədə məlumat əks olunmuşdur. Ümumiyyətlə qeyd olunmalıdır ki, cavabdeh tərəfindən imtinaya əsas göstərilmiş hallar fərdi yaşayış binasının tikintisini təmzimləyən hər-hansı bir qanunvericilik normalarında göstərilmişdir. Yuxarıda sadalananlardan da göründüyü kimi, cavabdehin imtinası tamamilə əsassız və qanunsuzdur. Beləliklə də, ünvan 1 ünvanında yerləşən torpaq sahədə inşa edilən hündürlüyü 11.5 m olan fərdi yaşayış binasına (A, B və C tikililərinə) dair iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqla reyestrdən çıxarış və texniki pasport verilməlidir.
3. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı “ünvan 2 ünvanda yerləşən torpaq sahəsində inşa edilən hündürlüyü 11.5 m olan A, B və C tikililərindən ibarət fərdi yaşayış binasına dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********14 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, tikililər 3 mərtəbə və mansardadan ibarət fərdi yaşayış evi kimi layhələndirilsə də, faktiki olaraq daxili bölgülərinə əsasən çoxmənzilli yaşayış binası kimi inşa olunduğundan məlumatlandırma icraatı qaydasında deyil, tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün sənədlər təqdim olunmalıdır. Bundan başqa, “A”, “B” və “C” tikililərində təmir-tikinti işlərinin tam başa çatdırılmadığı müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - tikintiyə icazə verilməsi barədə qərar, tikinti obyektinin istismarına icazə təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Cavabdeh orqan yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, tikililər 3 mərtəbə və mansardadan ibarət fərdi yaşayış evi kimi layhələndirilsə də, faktiki olaraq daxili bölgülərinə əsasən çoxmənzilli yaşayış binası kimi inşa olunduğundan məlumatlandırma icraatı qaydasında deyil, tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün sənədlər təqdim olunmalıdır. Bundan başqa, "A”, “B" və “C" tikililərində təmir-tikinti işlərinin tam başa çatdırılmadığı müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - tikintiyə icazə verilməsi barədə qərar, tikinti obyektinin istismarına icazə təqdim edilməlidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4 2-ci maddəsinə əsasən sifarişçi tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasın! və təsdiqlənməsini təmin edir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq,“Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
5. Daşınmaz Əmlakın Dövlət Kadatsrı və Reyestri publik hüquqi şəxis Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2 sahədə yerləşən torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.
6. ünvan 2 sahədə yerləşən torpaq sahəsinə dair İddiaçı adına tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi iş materiallarına əlavə olunmuşdur.
7. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) Aktına əsasən torpaq sahəsinin sərhədləri 3 tərəfdən şərtidir. Faktiki olaraq A tikilisi yarımçıq (tamamlanmamış) tikilidir. B və C tikililəri layihədə 4 mərtəbəli göstərilsə də, faktiki olaraq 3+ mansard mərtəbəlidir. Hal-hazırda B və C tikilisinin daxili bölgüləri (arakəsmələri) inşa edilməmişdir. Layihədəki B tikilisinin bir hissəsi əlavə torpaq sahəsində inşa olunub. Hal-hazırda təmir-tikinti işləri davam etdirilir. B və C tikililərinin mansardla hündürlüyünü nəzərə alsaq 1-ci mərtəbənin döşəməsindən mansard sahəsinin daş hörgü hissəsinin qurtaracağına kimi H=11,6 metr, mansard sahəsinin tavan hissəsinin ən hündür səviyyəsinə kimi hündürlüyü H=13,6 metrdir.
8. İddiaçı tərəfindən Binəqədi Rayon İcra Hakimiyyətnə ünvanlanan ərizədə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq “Məlumatlandırma icraatı” qaydasında bildirilmişdir ki, mülkiyyətində (istifadəsində) olan Binəqədi rayonu, Goradil kəndi, 255F saylı sahədə yerləşən hündürlüyü 11.50 m olan fərdi yaşayış (bağ) evini inşa etmişdir.
9. "xxxx" MMC tərəfindən tərtib olunmuş “ünvan 2 sahədə mövcud çoxmənzilli fərdi yaşayış binası”na diar Eskiz layihə iş materiallarına əlavə olunmuşdur.
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, qeyd edilən fərdi yaşayış evləri təqdim edilən layihəyə uyğun inşa edilmişdir.
II. İddianın növü və mümkünlüyü
11. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
12. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
14. X1 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
15. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
16. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
17. X2 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
19. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
20. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
21. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;
23. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 74. Tikintisinə icazə tələb olunan tikinti obyektləri 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Maddə 80. Məlumatlandırma icraatı 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.
24. Mənzil Məcəlləsindən: 13.2. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. 13.3. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir.
25. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı ünvan 4 ünvanda yerləşən torpaq sahəsində inşa edilən hündürlüyü 11.5 m olan A, B və C tikililərindən ibarət fərdi yaşayış binasına dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsini tələb etmişdir.
26. İddiaçı A, B, C tikililərinə dair mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununun 8.0.10.2-ci maddəsinə istinad etmiş və həmin maddənin tələblərinə uyğun olaraq məlumatlandırma icraatına əməl etdiyini təsdiqləyən dəlilləri (icra hakimiyyətinə ünvanlanan ərizə, tikililərə dair eskiz layihə) məhkəməyə təqdim etmişdir.
27. Məhkəmə nəzərə alır ki, Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) Aktında qeyd edilmişdir ki, “faktiki olaraq A tikilisi yarımçıq (tamamlanmamış) tikilidir. B və C tikililəri layihədə 4 mərtəbəli göstərilsə də, faktiki olaraq 3+ mansard mərtəbəlidir. Hal-hazırda B və C tikilisinin daxili bölgüləri (arakəsmələri) inşa edilməmişdir. Layihədəki B tikilisinin bir hissəsi əlavə torpaq sahəsində inşa olunub. Halhazırda təmir-tikinti işləri davam etdirilir. B və C tikililərinin mansardla hündürlüyünü nəzərə alsaq 1-ci mərtəbənin döşəməsindən mansard sahəsinin daş hörgü hissəsinin qurtaracağına kimi H=11,6 metr, mansard sahəsinin tavan hissəsinin ən hündür səviyyəsinə kimi hündürlüyü H=13,6 metrdir.
28. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş layihədən görünür ki (hətta layihənin adında belə layihənin mövcud çoxmənzilli yaşayış binasın aid olduğu qeyd edilir), inşa edilmiş tikili çoxmənzilli fərdi yaşayış binasından ibarətdir. Belə ki, layihədən görünür ki, mülkiyyət hüquqlarının qeydə alınması tələb edilən tikili fərdi yaşayış evi olmamaqla, çoxsaylı mənzillərdən ibarət üç ayrıca binadan ibarətdir. Odur ki, həmin tikililərə məlumatlandırma icraatı deyil, tikintisinə icazə tələb olunan tikinti obyekti kimi tikintiyə icazə proseduru tətbiq edilməli idi.
29. Belə olan təqdirdə məhkəmə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən mülkiyyət hüquqlarının qeydiyyata alınması tələb olunan tikililər məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri deyil, tikintisinə icazə tələb olunan tikinti obyektləridir (hazırda A tikilisinin inşaatı başa çatmamışdır, tamamlanmamış tikilidir). Belə olan təqdirdə müvafiq tikililər üzərində mülkiyyət hüquqularının qeydiyyata alınması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununun 8.0.10.1-ci maddəsinə uyğun olaraq (tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün) torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi əsasında həyata keçirilməlidir.
30. Məhkəmə müəyyən edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununun 8.0.10.1-ci maddəsində nəzərə tutulmuş hüquqmüəyyənedici sənədlər mövcud deyil və iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
31. Beləliklə, məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən iddiaçının qeyd edilən tikililərə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” yoxdur.
32. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.
33. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
34. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva