Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9504/2025 22.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “məxsusluq barədə arayışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı İddiaçı “Bakı şəhər, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 279 saylı, 600 kv.m torpaq sahəsinin mərhum X4 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-ci il tarixli, 1474 saylı sərəncamı ilə Səbail rayonu, Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün mərhum anası X4 600 kv.m torpaq sahəsi ayrılmışdır. Bundan sonra Səbail RİHB-nin Badamdar qəsəbə nümayəndəsi tərəfindən həmin torpaq sahəsinin yerləşmə cizgisi təqdim edilmiş, həmin cizgi Səbail RİHB-nin müavini tərəfindən təsdiq edilmişdir. Beləliklə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayaşış massivində 279 nömrəli torpaq sahəsi anasına verilmişdir. Bundan sonra həmin torpaq sahəsini haraslamış və hazıradək də torpaq sahəsi istifadəsindədir. X3 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Anası vəfat etdikdən sonra miras əmlaklara vərəsəlik hüquqlarının tanınması ilə bağlı sənədləşmə işlərinin aparılması zərurəti yaranmışdır və bununla bağlı qeyd edilən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixində cavabdehə rəsmi ərizə ilə müraciət etmişdir. Cavabdehin ona ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-21- 3-30/2-f-0117-8/2025 **********52 nömrəli məktubunda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Cavabdehin göstərilən hallara əsaslanmaqla imtinası əsassızdır. Belə ki, şərh olunduğu kimi, yuxarıda qeyd etdiyi kimi qanunvericiliyin tələblərinə uyğun olaraq sözü gedən torpaq sahəsi mərhum anama ayrılmış, həmin torpaq sahəsi ümumi 600 kv.m-dır və 30 ildən artıqdır ki, onların istifadəsindədir. Məhkəmənin xx.xx.2026-cı il tarixli protokol qərardadı ilə iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi hüquqi varisi olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə iş üzrə iddia tələbi Bakı şəhər, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 279 saylı, faktiki ölçüsü 570 kv.m torpaq sahəsinin mülkiyyət hüququ ilə mərhum X4 məxsus olması haqqında arayışın verilməsi kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı “Bakı şəhər, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 279 saylı, 600 kv.m torpaq sahəsinin mərhum X4 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********52 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinadlar, istinad məsafələri və perimetrik ölçülər qeyd edilməmiş, həmçinin cizgidəki konfiqurasiya ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Əlavə olaraq, torpaq sahəsinin sənəd üzrə ölçüsü 600,0 kv.m., faktiki isə 570,0 kv.m. təşkil edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Səbail Rayon İcra Hakimiyyəti Başçısının fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə xx.xx.1994-cü il tarixli 1454 nömrəli sərəncamından görünür ki, icra hakimiyyətinin nəzdində yaradılmış torpaq sahələri bölüşdürülməsi komissiyasının protokolunun təsdiq edilməsi, Badamdar qəsəbəsində 600 kv.m fərdi ev tikmək üçün X4 torpaq sahəsi ayrılması qərara alınmışdır. İddiaçı tərəfindən Azərbaycan Respublikası Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 1454 nömrəli sərəncamı ilə vətəndaş X4 ayrılmış Badamdar qəsəbəsi 3 yaşayış massivi, 279 nömrəli 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisinin notarial qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 1966 nömrəli xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, vərəsə-İddiaçı (etibarnamə əsasında nümayəndəsi: X6) Bakı şəhəri 9 saylı notariat ofisinə müraciət edərək, xx.xx.2024-cü ildə vəfat etmiş, ünvan 2 ünvanda qeydiyyatda olmuş xx.xx.1954-cü il təvəllüdlü-X1 miras qalmış əmlaka (AR Dövlət Arxivinin Bakı filialı tərəfindən xx.xx.2014cü il tarixli, 2511 №li Arxiv çıxarışı və Səbail rayon İHB-nin xx.xx.1994-cü il tarixli, 1454 №li Sərəncamına əsasən Bakı şəhəri, Badamdar qəsəbəsində 600 kv.m. torpaq sahəsi) vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Miras əmlakın üzərində (AR Dövlət Arxivinin Bakı filialı tərəfindən xx.xx.2014-cü il tarixli, 2511 №li Arxiv çıxarışı və Səbail rayon İHB-nin xx.xx.1994-cü il tarixli, 1454 №İi Sərəncamına əsasən Bakı şəhəri, Badamdar qəsəbəsində 600 kv.m. torpaq sahəsi) ünvanında yerləşən əmlaka, miras qoyan xx.xx.1954-cü il təvəllüdlü -X2 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında” Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adma tərtib edilmiş arayışı (forma 37), sorğunu təqdim edən vərəsə-İddiaçı (etibarnamə əsasında nümayəndəsi: X6) vasitəsi ilə verilməsinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının AZ-İİ seriyalı 423035 nömrəli xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası AZ-İİ seriyalı 016829 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Nümayəndə və İddiaçı xx.xx.2002-ci il tarixində nikah bağlamışlar. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı nümayəndəsi X5 ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-Ə- 0117-8/2025 **********52 nömrəli məktubundan görünür ki, təqdim edilmiş sənədlər surətdir. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinadlar, istinad məsafələri və perimetrik ölçülər qeyd edilməmiş, həmçinin cizgidəki konfiqurasiya ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Əlavə olaraq, torpaq sahəsinin sənəd üzrə ölçüsü 600,0 kv.m., faktiki isə 570,0 kv.m. təşkil edir.“Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3.2-ci bəndinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquqmüəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsi mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında həyata keçirilir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 5-19/2-622/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir ki, sözügedən Sərəncam və onun tərkib hissələri olan digər sənədlər (yerləşmə cizgisi və s.) Səbai Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı məhkəmənin sorğusuna cavab olaraq 3-48-2F/2-881/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir ki, vətəndaşlara, o cümlədən X4 torpaq sahəsi ayrılması barədə Səbail rayon İH-nin arxiv fondu üzrə xx.xx.1995-ci il tarixli, 1454 saylı sərəncamı Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncama cizgi əlavə edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-21115/2025 saylı xx.xx.2025-cü il tarixli məktub ilə təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-cü il tarixli müayinə (baxış) aktından görünür ki, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ərazisindəki torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə sərəncama əsasən sahəsi 600.0 kv.m., faktiki sahəsi isə 570.0 kv.m-dır. 30 kv.m azdır. Torpaq sahəsi giriş-çıxışı sərbəst olan ümumi ərazinin bir hissəsini təşkil etməklə, sözü gedən sahə üç tərəfdən qonşu sahələrin daş divarı, bir tərəfdən sərhədi şərti olaraq göstərildi. İcazəsiz tikili yoxdur. Torpaq sahəsinin yerləşmə cizgisində istinad məsafələri, perimetrik ölçülər qeyd olunmayıb. Göstərilən faktiki torpaq sahəsinin yerləşməsinə dair koordinatları akta əlavə olundu. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-33503/2025 saylı məktubu ilə torpaq sahəsinin qonşuluğunda yerləşən daşınmaz əmlaklara dair ilkin reyestr qeydiyyatına əsas olmuş sənədlər, o cümlədən 1994-1999-cu il tarixlərə dair Səbail Rayon İcra Hakimiyyəti başçısının sərəncamları təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. II. İddianın növü və mümkünlüyü İddianın növü öhdəliyin icrasına dair iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil, xx.xx.1994-cü il tarixli 1454 nömrəli torpaq ayırma sənədi ilə 600 kv.m torpaq sahəsi ayrılmış, həmin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinin cizgisi Səbail rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Torpaq sahəsinin faktiki olaraq ölçüsü 570 kv.m olmaqla iddiaçının istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil. İddiaçı məhz qanuni istifadəsində olan torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatını tələb edir. İddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmişAzərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; X12 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). X12 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının sözügedən sərəncamı ilə təsdiq edilmiş maddi maraq iddiaçının mülkiyyətini təşkil edir və iddiaçının torpaq sahəsinə faktiki ölçülərinə uyğun olaraq mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X12 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, hüquqmüəyyənedici sənədlə Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ərazisindəki torpaq sahəsi ölçüsü 600.0 kv.m olaraq qeyd olunsa da, faktiki ölçüsü 570.0 kv.m təşkil edir. İddiaçının hazırki tələbi isə faktiki istifadəsində olan faktiki 570 kv.m olan torpaq sahəsinin üzərində hüquqlarının qeydiyyata alınmasıdır. Odur ki, inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla Bakı şəhər, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 279 saylı, faktiki ölçüsü 570 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayış verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhər, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 279 saylı, faktiki ölçüsü 570 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Aysev Almazova